Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3341/2025 04.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “pulun tutulması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1463/2025 nömrəli 09 aprel 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları,iş üzrə məhkəmə icraatı
1. ödəniş kartı üzrə çıxarışdan görünür ki, İddiaçı tərəfindən özünə məxsus Leobank kart hesabından 523915****3069 nömrəli kart hesabına 3010 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Həmin məbləğin 10 manatı komissiya xərci olmaqla, iddiaçının hesabından tutulmuşdur.
2. Milliön elektron ödəmə sistemi vasitəsilə xx.xx.2024-cü il tarixdə ödənilmiş qəbzdən görünür ki, Fi**** Gu***** Sə**** oğ** adına olan kart hesabına 1200 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan kart hesabına köçürmə haqqında çıxarışdan görünür ki, ***3069 nömrəli kart hesabına 1851 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən məlum olur ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 15, 32 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə X7 adına daşınmaz əmlakın dövlət reyestrində tam hissəsində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır.
4. İcarəyə verən X7 ilə icarəçi Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanılmış icarə müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 41.3 kv.m olan mənzilin 13 kv.m hissəsi Mehriban Qəhrəman qızına icarəyə verilmişdir. İcarə haqqı 150 manat müəyyən olunmuşdur.
5. xx.xx.2025-ci il tarixdə Bakı şəhəri 43 saylı notariat ofisində xx.xx.2025-ci il tarixdə təsdiq edilmiş X4 və İddiaçı tərəfindən verilmiş ərizədən görünür ki, Ə.Əsgərova və İddiaçı ərizədə X8 tərəfindən onlara dəymiş 1200 manat maddi ziyanın tam olaraq ödənildiyini, ona qarşı şikayət və tələblərinin olmadığını və gələcəkdə də heç bir dövlət orqanları qarşısında iddia qaldırmayacaqlarını qeyd etmişlər.
6. “Whatsapp” yazışmalarından və CD disk səs yazısından məlum olur ki, Cavabdeh ona məxsus və ya istifadəsində olan “Whatsapp” mesajlaşma mübadilə sistemində +**********88 mobil nömrə vasitəsilə qeydiyyatdan keçməklə həmin profildən istifadə etmiş, həmin yazışmalardan və səs yazılarından məlum olur ki, hazırki iş üzrə İddiaçı tərəfindən ****3069 nömrəli bank hesabına 1851 manat məbləğində pul vəsaiti köçürülmüş və həmin tarixdə 523915******3069 nömrəli kart hesabından 409858******8685 nömrəli kart hesabına 851 manat məbləğində pul vəsaiti geri qaytarılmışdır.
7. “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, +**********88 mobil nömrə Cavabdeh adına qeydiyyatdan keçmişdir.
8. Leobank tərəfindən verilmiş xx.xx.2025-ci il tarixdən hesabın mövcudluğu haqqında arayışdan görünür ki, 4098********8685 nömrəli kart hesabı İddiaçı adınadır və hazırda aktivdir.
9. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Polis şöbəsi tərəfindən İddiaçı müraciətinə baxılmış və bildirilmişdir ki, araşdırma aparılarkən ünvan 3 ünvanında yerləşən M.Dacosta adlı gözəllik salonunu icarəyə götürərkən Cavabdeh ilə aralarında yaranmış mübahisəli məsələnin mülki xarakterli məsələdir və bu səbəbdən də dəymiş maddi-mənəvi ziyanla bağlı mülki iddia formasında aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Nəsimi RPİ-nin 19-cu PŞnin polis polkovnik-leytenantı cənab Samir Haşımov tərəfindən izahatı alınmış Cavabdeh izahatından görünür ki, Cavabdeh izahatında İddiaçı tərəfindən onun kart hesabına 3000 manat və 1000 manat olmaqla, ümumilikdə 4000 manat məbləğində pul vəsaitinin köçürüldüyünü bildirmişdir. Həmçinin izahatda qeyd edilmişdir ki, Cavabdeh əvvəllər tanıdığı Əfsanə adlı xanımla telefon vasitəsilə danışmış, daha doğrusu Əfsanə adlı xanım ona zəng edərək sözügedən salonu yenidən icarəyə götürmək istədiyini bildirmiş, Cavabdeh ilə Əfsanə adlı şəxs arasında olan razılaşmaya əsasən ona məxsus və salona aid əşyaları salonda qoymaq, özünə aid əşyaları isə çıxartmaq şərtilə 4000 manat müqabilində həmin salonun icarəyə verilməsini razılaşdırmışlar. 01 noyabr 2024-cü il tarixdə Əfsanə adlı xanımın qızı tərəfindən onun bank kartına 3000 manat ödəniş edilmiş, 5 gün keçdikdən sonra isə 1000 manat Əfsanə xanım tərəfindən ödəniş edilmişdir. Hazırda həmin pul vəsaiti geri tələb olunur, maddi imkanı olmadığından həmin pulu qaytara bilmir.
Birinci instansiya məhkəməsindəki icraat
10. İddiaçı cavabdehlər X6 və Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 1200 manat və Cavabdeh 4000 manat olmaqla, cəmi 5200 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlərin hər ikisini tanıyır. Belə ki, Mehriban xanım Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev 15 ünvanında yerləşən «E.M.Dakatos» gözəllik salonunun kosmetoloqu, digər cavabdeh X8 isə onda olan məlumata əsasən həmin gözəllik salonun sahibidir. Sözügedən gözəllik salonunu götürüb işlətməyi ona Mehriban xanım təklif etmiş və təklif ona uyğun olduğu üçün qəbul edərək salonu götürüb işlətmək qərarına gəlmişdir. Lakin salonun işlədilməsi ilə bağlı cavabdehlərlə aralarında hər hansı bir rəsmi razılaşma olmasa da, şifahi razılaşma olmuş, həmin razılaşmaya əsasən salon bütün əşyaları ilə birlikdə ona təhvil verilməli idi. Yerin sahibi olan X8 ona bildirmişdir ki, 1200 manat verin, girin salonu işlədin və o, da cavabdehlərin səmimiyyətinə inanaraq xx.xx.2024-cü il tarixdə aralarında hər hansı bir rəsmi sənəd imzalamadan 1200 manat pul vəsaitini yerin sahibi olan X6 məxsus kart hesabına, elə həmin tarixdə də 3000 manat pulu isə Cavabdeh kart hesabına köçürtmüşdür. Köçürtmə etdikdən sonra cavabdehlərdən Mehriban xanım salonu ona təhvil verməmişdir ki, bəs 1000 manat da əlavə pul verməlidir. 1000 manat pulu anası xanımın kart hesabına köçürtmüşdür. Ümumiyyətlə salonu götürüb işlətməyi üçün 1200 manat Fikrət Quliyevin kartına, 4000 manat isə Mehriban xanım Əmirəlizadənin kartına mədaxil edilmişdir. Cavabdehlərə ümumilikdə 5200 manat məbləğində pul verilmişdir. Cavabdehlərə pulu verdikdən 1-2 gün sonra o, salona gəlmiş, lakin salonun əşyalarının salonda olmamasının şahidi olmuşdur. Cavabdehlərlə əlaqə saxlamış, lakin onlar ona cavab belə vermək istəməmişlər. O, artıq onların onu aldatdıqlarını və pulu mənimsədiklərini başa düşmüşdür. Bu da onu göstərir ki, cavabdehlər onun səmimiyətindən istifadə edərək, onu aldadaraq aralarında olan razılığa məhəl qoymayaraq, salonu bütün əşyaları ilə birlikdə ona təhvil verəcəklərinə söz vermələrinə baxmayaraq, sözlərinə əməl etməmişlər, ondan 5200 manat məbləğində pulu aldıqdan sonra salonun bütün əşyalarını çıxarıb aparmışlar. Dəfələrlə cavabdehlərdən pulun qaytarılmasını tələb etsə də, bunun heç bir nəticəsi olmamışdır. Cavabdehlərin ona qarşı olan bu cür hərəkətləri ilə bağlı ərazi üzrə polisə müraciət etmişdir, lakin ona məsələ mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi bildirilmişdir. O, da bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, hesab edir ki, cavabdehlərdən 5200 manat məbləğində pul vəsaiti alınaraq, ona ödənilməlidir.
12. İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsində cavabdeh X6 qarşı tələb olunan pul vəsaiti cavabdeh F.Quliyev tərəfindən ödənildiyindən, ona qarşı hər hansı iddia və tələbinin olmadığını, digər Cavabdeh qarşı olan iddia tələbinin qüvvədə olduğunu bildirərək, Cavabdeh 4000 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən hazırki iş üzrə cavabdeh X8 cavabdehlər sırasından çıxarılmışdır.
13. Cavabdeh iddia ərizəsinə qarçı yazılı etiraz ərizəsi təqdim edərək, onunla əsaslandırmışdır ki, iddiaçı Banu xanım və cavabdeh Mehriban xanım arasında nə yazılı, nə də ki şifahi müqavilə mövcud deyildir və olmamışdır, bu hal Mehriban xanımın Polis Şöbəsində verdiyi izahatla da təsdiq olunur. İddiaçı tərəfindən şifahi razılaşma olduğu iddia edilsə də, bu razılaşmanın məzmunu, şərtləri və tərəflərin öhdəlikləri heç bir sübutla təsdiq edilmir. İddiaçı iddia edir ki, salon təhvil alınarkən içərisində əşyaların olmadığı müəyyən olunmuşdur. Halbuki, bu barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Salon iddiaçının anası Əfsanə xanıma təhvil verilən zaman bütün avadanlıqlar yerində olmuşdur. O, salonu bir müddət idarə etdikdən sonra Banu xanımın anası Əfsanə xanıma 4000 manat müqabilində salonu ona qaytarmışdır. İddiaçı Banu xanımın cavabdeh Mehriban xanımdan hər hansı pul tələb etmək üçün heç bir hüquqi əsası yoxdur. Salonun bütün əşyaları təhvil verilən zaman yerində olmuş və iddiaçının anası orada təxminən bir ay fəaliyyət göstərmişdir. Bundan əlavə, mübahisəyə səbəb olan əşyalar hal-hazırda da salonda qalmaqdadır. Yuxarıda qeyd olunan hüquqi və faktiki əsaslar göstərir ki, iddiaçının məhkəməyə təqdim etdiyi tələbin heç bir hüquqi əsası yoxdur. Nəticə olaraq iddiaçı Banu xanım ilə onun arasında nə yazılı, nə də ki şifahi müqavilə yoxdur və olmamışdır. Salona aid əşyalar yerində qalmaqdadır. Şahid (Sevinc xanımın) ifadəsi cavabdeh Mehriban xanımın dediklərini təsdiq edə bilər. Bu səbəbdən, iddianın təmin olunmaması və cavabdeh Mehriban xanımın hüquqlarının qorunması tələb olunur. Bu səbəbdən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
14. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1463/2025 nömrəli 09 aprel 2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 4000 (dörd min) manat məbləğində pul vəsaiti və 72 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edilmişdir. (hakim X9)
15. Məhkəmə iddia tələbini təmin edərkən belə qənaətə gəlmişdir ki, mülki işin materialları, tərəflərin məhkəmə iclasında verdiklər izahatlar, cavabdeh tərəfin Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsində verdiyi izahat, cavabdehə məxsus whatsapp yazışmaları və səs yazıları ilə təsdiq edilir ki, İddiaçı tərəfindən Cavabdeh bank hesabına 3000 manat və 1000 manat olmaqla, ümumilikdə 4000 manat məbləğində pul vəsaiti köçürülmüş, lakin cavabdeh tərəfindən həmin məbləğ hazırki günədək iddiaçıya geri qaytarılmamışdır. Cavabdeh tərəf öz etirazında bir sıra dəlillər irəli sürsə də, həmin dəlilləri əsaslı edəcək hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, cavabdehin nümayəndəsi təmsil etdiyi şəxslə hazırki iddiaçı arasında hər hansı bir razılaşmanın olmamasına, iddiaçının anası Əfsanə xanımla Cavabdeh arasında sözügedən salonun icarəyə götürülməsi barədə razılığın olmasına, pul vəsaitinin iddiaçı tərəfindən cavabdehə göndərilməsinə baxmayaraq, tərəflər arasında hər hansı nə yazılı, nə də ki şifahi müqavilə münasibətlərin olmamasına əsaslanaraq, əslində iddiaçının əsl iddiaçı ilə, yəni anası ilə əvəz edilməli olmasını, hazırki iddia tələbinin iddiaçının anası tərəfindən irəli sürülməli olmasını bildirmişdir. Həmin hal, yəni iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi məsələsi tərəflərlə müzakirə edilmiş, iddiaçı tərəf pul vəsaitinin məhz onun tərəfindən göndərilməsini və cavabdehlə onun arasında salonun icarəyə götürülməsi barədə razılığın olmasını əsas gətirərək razı olmadığını, cavabdehin nümayəndəsi isə əvəz edilmə olduğu təqdirdə belə iddianın əsaslı olmadığını, tərəflər arasında icarə deyil, biznes planın satışı müqabilində 4000 manat məbləğində pul vəsaitinin cavabdehə ödənilməsini bildirsə də, yenə də həmin halı təsdiq edəcək mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 386.1-ci, 1091-ci, 1092-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 52.2-ci, 119.1-ci, 191.3-cü, və 220.4-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
17. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tam rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun İddiaçı ilə iş birliyi olmayıb, onun iddiaçı ilə nə yazılı,nə də ki şifahi müqaviləsi olub. İş birliyi iddiaçının anası Əfsanə xanım ilə olub, bunu o Polis Şöbəsində verdiyi izahatda da bildirmişdir. İddiaçı əsl iddiaçı ilə əvəz olunmayıb ona görə də iddia təmin oluna bilməzdi. İddiaçı tərəfindən pretenziya qaydasın ariayət olunmayıb, məhkəmə də bu hala qiymət verməyib. Hətta Pretenziya qaydasın ariayət olunmuş olsaydı belə, yenə də pretenziya iddiaçı tərəfindən deyil, onun anası Əfsanə xanım tərəfindən ona göndərilməliidi. Pretenziya qaydasına riayət olunmayan da məhkəmələr iddianı geri qaytarır,səhvən iddianı icraata qəbul edən də isə iddianı baxılmamış saxlayır, lakin Binəqədi Rayon Məhkəməsi nə iddianı geri qaytarmışdır, nə də ki iddianı baxılmamış saxlamışdır. Binəqədi Rayon Məhkəməsi sübutları obyektiv qiymətləndirməmişdir. X1 ifadəsini təhrif etmişdir. Binəqədi Rayon Məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş videogörüntülərə, səs yazılarına heç bir qiymət verməmişdir. Həmin videogörüntüdən və səs yazılarından aydın olur ki gözəllik salonunda olan əşyalar orada qalmaqdadır və bütün danışıqlarını o Əfsanə xanımla aparmışdır. Binəqədi Rayon Məhkəməsi isə bu ifadələri, videoları, səs yazıları qətnamədə nəzərə almamış, onların məzmununu təhrif etmişdir, düzgün olmayan qətnamə çıxarmışdı.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətini qəbul etməyərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
21. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Kollegiya işə cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab edir.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər;
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
25. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
26. Hazırki apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın tam rədd edilməsi xahiş olunduğundan, qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
28. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırkı işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, cavabdeh tərəfin Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsində verdiyi izahat, cavabdehə məxsus whatsapp yazışmaları və səs yazıları ilə təsdiq edilir ki, İddiaçı tərəfindən Cavabdeh bank hesabına 3000 manat və 1000 manat olmaqla, ümumilikdə 4000 manat məbləğində pul vəsaiti köçürülmüş, lakin cavabdeh tərəfindən həmin məbləğ hazırki günədək iddiaçıya geri qaytarılmamışdır.
30. Apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh hazırki iddiaçı arasında hər hansı bir razılaşmanın olmamasına, iddiaçının anası Əfsanə xanımla Cavabdeh arasında sözügedən salonun icarəyə götürülməsi barədə razılığın olmasına, pul vəsaitinin iddiaçı tərəfindən cavabdehə göndərilməsinə baxmayaraq, tərəflər arasında hər hansı nə yazılı, nə də ki şifahi müqavilə münasibətlərin olmamasına əsaslanaraq, əslində iddiaçının əsl iddiaçı ilə, yəni anası ilə əvəz edilməli olmasını, hazırki iddia tələbinin iddiaçının anası tərəfindən irəli sürülməli olmasını bildirmişdir. Həmin hal, yəni iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi məsələsi birinci instansiya məhkəməsi zamanı tərəflərlə müzakirə edilmiş, iddiaçı tərəf pul vəsaitinin məhz onun tərəfindən göndərilməsini və cavabdehlə onun arasında salonun icarəyə götürülməsi barədə razılığın olmasını əsas gətirərək razı olmadığını, cavabdehin nümayəndəsi isə əvəz edilmə olduğu təqdirdə belə iddianın əsaslı olmadığını, tərəflər arasında icarə deyil, biznes planın satışı müqabilində 4000 manat məbləğində pul vəsaitinin cavabdehə ödənilməsini bildirsə də, yenə də həmin halı təsdiq edəcək mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.
31. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçıya dəymiş ziyanın əvəzinin cavabdehdən tutulması nəticəsinə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və bu səbəbdən təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
32. Hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1463/2025 nömrəli 09 aprel 2025ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan dərhal qanuni qüvvəyə minir.