Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3342/2022 19.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Babayev Fuad Fikrət oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Nəsimi Rayon Məhkəməsinin 2(006)-425/2022 saylı, 04.02.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdehnə qarşı «qeyri-yaşayış sahəsinin daxilindən keçən havalandırma borusunun həmin sahədən çıxarılmaqla başqa sahəyə köçürülməsi və bununla bağlı dəymiş ziyanın ödənilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan ünvan 1 ünvanında yeni inşa edilmiş çoxmənzilli yaşayış binasında yerləşən 18.0 kv.m qeyri-yaşayış sahəsinin daxilindən keçən havalandırma borularının cavabdehin hesabına həmin ərazidən çıxarılaraq başqa əraziyə keçirilməsini və həmin boruların yaratdığı maneə nəticəsində 24600 (iyirmi dörd min altı yüz) manat zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-425/2022 saylı, 04.02.2022-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir, belə ki, 1024 məhəllə ünvanında yeni inşa edilmiş çoxmənzilli yaşayış binasında yerləşən 18.0 kv.m qeyri-yaşayış sahəsinin daxilindən keçən sinkləşdirilmiş borulardan hazırlanmış vintelyasiya boruları AzDTN2.12-2, SNiP 2.08.01. SNiP 31-02, SNİP 31-01 2003 və SNiP 2.08.01-89 tələblərinə uyğun deyildir. Sözügedən zirzəmi mərtəbəsində İddiaçı məxsus qeyri-yaşayış sahəsi “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun deyildir. Həmin sahənin qeyriyaşayış sahəsi kimi istifadəsi tikinti norma və qaydalarının tələblərinə ziddir məhkəmə qeyd edilən zərərin kimin təqsirli hərəkətləri nəticəsində yaranması hallarını dəqiq araşdırmamışdır. Göstərilənlərə əsasən, rayon məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: İddiaçı ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında bağlanmış 11.06.2008-ci il tarixli müqaviləyə əsasən iddiaçının əldə etdiyi qeyri-yaşayış sahəsi öz təyinatına görə qarajdır. İddiaçılə X4 arasında 01 avqust 2019-cu ildə ilkin müqavilə imzalanmışdır. Müqaviləyə əsasən iddiaçı ünvan 1 ünvanında yeni inşa edilmiş çoxmənzilli yaşayış binasında yerləşən 18.0 kv.m qeyri-yaşayış sahəsini alııcın mülkiyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası “X2” MMC-in 31 mart 2021-ci il tarixli 156 nömrəli rəyinə əsasən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin daxilindən keçən sinkləşdirilmiş borulardan hazırlanmış vintelyasiya boruları AzDTN2.12-2, SNiP 2.08.01. SNiP 31-02, SNİP 31-01 2003 və SNiP 2.08.01-89 tələblərinə ziddir. İddiaçı ilə Hüseynov Azay arasında bağlanmış 01 noyabr 2019-cu il tarixli, 01/20 nömrəli icarə müqaviləsinə əsasən iddiaçı həmin qeyri-yaşayış sahəsini icarəyə verməyi, icarəçi isə bunun əvəzində ona icarə haqqı ödəməyi öhdəsinə götürür. Həmçinin yeni inşa edilmiş çoxmənzilli binada yerləşən 18.0 kv.m qeyri-yaşayış sahəsi “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası qanunun tələblərinə uyğun deyildir. Ekspertizanın nəticəsinə görə boruların təsdiq edilmiş layihə əsasında binanın digər sahəsinə keçirilməsi mümkündür. Qeyri-yaşayış sahəsinin orta bazar qiyməti təxminən 20 000 manat, bir aylıq kirayə haqqı isə 100 manat müəyyən edilmişdir. Rayon məhkəməsində iddiaya qarşı verdiyi etirazından göstərilmişdir ki, iddiaçı ilə bağlanmış müqaviləyə əsasən ona verilmiş 18.0 kv.m. sahə binada qaraj sahəsi kimi layihəhləndirilib, əlavə edilən sənədlərlə də təsdiq olunur ki, həmin sahə avtodayanacaq qaraj sahəsidir və onun qaraj kimi təyinatına uyğun istifadə olunmasında heç bir maneə yoxdur, həmin sahəyə istənilən ölçüdə avtomobil daxil ola bilər. İddiaçının məqsədi qarajın təyinatını dəyişmək, binanın çöl divarını sökərək həyətə çıxış açmaq və onu ofis kimi istifadə etməkdir. İddiaçının sökülməsinin istədiyi qarajın havalandırma sistemi həm də yanğından mühafizə sisteminin bir hissəsidir, iddiaçının ərizəsində istinad etdiyi yeganə sənəd özünün əldə etdiyi rəydir ki, həmin rəy də sifarişli olmaqla həm də birtərəflidir, əsaslı deyildir. Havalandırma boruları ilə yanaşı bu qeyri-yaşayış sahəsindən kanalzasiya boruları da keçir, bunlar isə qarajdan təyinatı ilə istifadəyə heç bir məhdudiyyət yaratmır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən qətnaməni iddiaçının apellyasiya şikayətinə əsasən rayon məhkəməsinin qətnaməsi ilə iddianın təmin edilən hissəsində tam yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin mübahisəsiz halı kimi müəyyən olunmuşdur ki, iddiaçını müqavilə əsasında əldə etdiyi sahə binanın layihə sənədlərinə əsasən təyinatına görə avtodayanacaq- qarajdır və onun təyinatına uyğun istifadəsinə hər hansı maneə mövcud deyildir, qeyri-yaşayış sahəsinin yerləşdiyi bina dövlət komissiyası tərəfindən qəbul edilmiş, bununla bağlı müvafiq akt da tərtib olunmuşdur və iddiaçının sübut kimi istinad etdiyi “X2”nin rəyində göstərildiyi kimi, mübahisəli qeyri-yaşayış sahəsinin daxilindən keçən havalandırma borusunun quraşdırılması zamanı tikinti norma və qaydalarının pozulmasına dair aktda hər hansı qeyd-şərt öz əksini tapmamışdır. Həmçinin müəyyən olunmuşdur ki, iddiaçı hazırkı iddianı qaldıraraq qarajın təyinatına uyğun olmayan məqsədlərlə oradan istifadə etmək istəyir və tələbinin əsası kimi də istinad olunan rəyi məhkəməyə təqdim etmişdir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçını öz sifarişi ilə əldə etdiyi həmin rəy onun hazırkı iddia tələbinin təmin edilməsi üçün əsas ola bilməz və cavabdehin etiraz dəlilləri tam əsaslı olmuşdur. İddiaçının digər –boruların yaratdığı maneə nəticəsində vurulmuş zərərə dair tələbi törəmə olmaqla, həmin tələbi də əsassız olmuşdur. İddiaçı S.X3 adlı şəxslə mübahisəli qeyri-yaşayış (qaraj) sahəsinə dair bağladığı- ilkin olaraq alğı-satqı, sonradan isə icarə müqaviləsi əsasında əldə edə bilmədiyi gəlirə görə zərərin əvəzinin ödənilməsi tələb edir. Daşınmaz əmlaklarla bağlı müqavilələrin bağlanması qaydası qanunla müəyyən olunmuşdur, bu cür əqdlər notariat qaydasında bağlandıqda və müvafiq qaydada qeydə alındıqda etibarlı olur.İddiaçının bel bir sübutu yoxdur. Həmçinin, iddiaçıya vurulmuş ziyanın məbləğinin məhz 24600 manat təşkil etməsini təsdiq edən hər hansı bir mötəbər sübut sonuncu tərəfindən məhkəməyə təqdim olunmamışdır. Belə olan halda, məlum olur ki, rayon məhkəməsi iddia tələbini həmin hissədə də təmin etməməklə iş üzrə düzgün qənaətə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsinin əsasları arasında zərərin vurulması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Hazırkı iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, İddiaçı ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında bağlanmış 11.06.2008-ci il tarixli müqaviləyə əsasən iddiaçının əldə etdiyi qeyri-yaşayış sahəsi öz təyinatına görə qarajdır. Həmin qeyri-yaşayış sahəsinin daxilində quraşdırılmış havalandırma borusu isə qeyd olunan sahənin qaraj (avtodayanacaq) kimi istifadəsinə maneçilik yaratmır. Həmin hal rayon məhkəməsi tərəfindən göstərilən sahəyə yerində baxış keçirilərkən də öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə də müəyyən olunur ki, iddiaçının hazırkı iddia tələbləri aşkar əsassızdır və rayon məhkəməsi iddia tələblərini təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, Kollegiya rayon məhkəməsinin hazırkı iş üzrə gəldiyi mövqe ilə razılaşır və əlavə olaraq qeyd edir ki, iddiaçının ona zərər vurduğunu bildirdiyi havalandırma boruları həmin qeyri-yaşayış sahəsinin təyinatı üzrə qaraj kimi istifadə edilməsinə mane olmadığından, iddia tələbi əsassızdır, rayon məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur, bu səbəbdən apellyasiya şikayəti təmin edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, 404-1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Nəsimi Rayon Məhkəməsinin 2(006)-425/2022 saylı, 04.02.2022-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Fuad Babayev Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-3342/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3342/2022
19.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver