Məhkəmə qərarları › İş №2(103)-3344/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3344/2024

10.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3344/2024 10.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Emin El MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışın etibarsız hesab edilməsi, şəxslərin yaşayış sahəsindən çıxarılması, evin boşaldılması, yaşayış sahəsinin təhvil verilməsi, mülkiyyət hüququnun tanınması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Ülviyyə Hadi qızı Məmmədlinin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh3, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 Rüfət oğlunun iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-140/2024 nömrəli 13 fevral 2024cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan icraçı Emin-El MMC ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilənin surətindən müəyyən olunur ki, icraçı Bakı şəhəri 8-ci mkr, Şövkət Məmmədova küçəsi 5 saylı binanın qarşısında inşa edilən binanın Vİ sol mərtəbəsində ümumi sahəsi 130 kv.m. olan mənzili hər kv.m. 650 manat, ümumi dəyəri 84.500 manat olmaqla tikinti işləri başa çatdıqdan sonra payçıya təhvil verməyi öhdəsinə götürmüşdür.

2. Emin-El MMC-nin xx.xx.2009-cu il tarixli arayışının surətindən müəyyən olunur ki, Bakı şəhəri 8-ci mkr, Şövkət Məmmədova küçəsi 5 saylı binanın qarşısında inşa edilən binanın Vİ sol mərtəbəsinin ümumi sahəsi 130 kv.m olan sahənin pay kimi verilməsi barədə İddiaçı ilə bağlanmış xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən, Emin-El MMC tərəfindən Qanuni nümayəndə 84500 manat məbləğində pul vəsaiti qəbul edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-93/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, maraqlı şəxslər X18, X6 və X1 apellyasiya şikayətləri təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilərək iddiaçı X33 iddiasının təmin edilməməsi, İddiaçı iddiasının qismən təmin edilməsi, iddiaçı X7, X19, Abbasov Sərraf oğlunun, X8, X20, Cavabdeh3, X9, X21, X24, X4, X11 və X25 iddialarının qismən təmin edilməsi, Emin-El MMC tərəfindən Bakı şəhəri 8 mkr, Şövkət Məmmədova küçəsində 5 nömrəli binanın qarşısında inşa edilmiş 10 mərtəbəli (9 yaşayış mərtəbəli) 36 mənzildən ibarət binanın X12, X26, X22, X13, X27, Cavabdeh3, X14, X28, X30, X10, X23 və X31 bağlanmış müqavilələrə uyğun mənzillərin təhvil verilməsi vəzifəsinin Emin-El MMC-yə həvalə edilməsi, iddiaçı X7, X19, X15, X8, X20, Cavabdeh3, X5, X21, X24, X4, X11 və X29 iddialarının qalan hissədə təmin edilməməsi, İddiaçı ilə Emin-El MMC arasında bağlanılmış xx.xx.2009-cu il tarixli müqavilənin qismən İddiaçı Bakı şəhəri 8-ci mkr, Şövkət Məmmədova küçəsində 5 nömrəli binanın qarşısında inşa edilmiş 10 mərtəbəli (9 yaşayış mərtəbəli) binanın 6-cı sol mərtəbəsində ümumi sahəsi 106 kv.m. olan iki otaqlı mənzilin MMC tərəfindən verilməsinə münasibətdə etibarsız hesab edilməsi, Bakı şəhəri 8-ci mkr, Şövkət Məmmədova küçəsində 5 nömrəli binanın qarşısında inşa edilmiş 10 mərtəbəli (9 yaşayış mərtəbəli) binanın 6-cı sol mərtəbəsində ümumi sahəsi 106 kv.m. olan iki otaqlı mənzilin X2 təhvil verilməsi vəzifəsinin cavabdeh Emin-El MMC-yə həvalə edilməsi, İddiaçı iddiası qismən təmin edilərək Bakı şəhəri 8-ci mkr, Şövkət Məmmədova küçəsində 5 nömrəli binanın qarşısında inşa edilmiş10 mərtəbəli (9 yaşayış mərtəbəli) binanın 6-cı sol mərtəbəsində ümumi sahəsi 130 kv.m olan mənzilin təhvil verilməsi vəzifəsinin cavabdeh Emin-El MMC-yə həvalə edilməsi qət edilmişdir.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(102)- 3068/15 nömərli qərarından müəyyən olunur ki, iddiaçı X7, müstəqil tələb irəli sürən üçüncü şəxslər X32 və İddiaçı ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-93/2015 nömrəli işi üzrə xx.xx.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin xx.xx.2016-cı il tarixli qərarından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-93/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədi tam icra edildiyindən Bakı Apellyasiya Məhkəməsinə geri qaytarılmışdır.

6. Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli 17/68- 494 saylı məktubundan müəyyən olunur ki, ... icra sənədinin icrasını təmin etmək məqsədi ilə xx.xx.2016-cı il tarixdə bildiriş tərəflərə göndərilmiş, xx.xx.2026-cı il tarixdə icra sənədində göstərilən Bakı şəhəri 8 mkr, Ş.Məmmədova küçəsində inşa etdiyi 5 nömrəli bianın qarşısında inşa edilmiş 10 mərtəbəli (9 yaşayış mərtəbəli) binanın 6-cı sol mərtəbəsində ümumi sahəsi 106 kv.m. olan iki mənzili X2 təhvil verilmiş, bu barədə akt tərtib edilmiş və tələbkardan müvafiq qəbz alınmış, digər tələbkar İddiaçı Bakı şəhəri 8-ci mkr, Ş.Məmmədova küçəsində inşa etdiyi 5 nömrəli binanın qarşısında inşa edilmiş 10 mərtəbəli (9 yaşayış mərtəbəli) binanın 6-cı sol mərtəbəsində ümumi sahəsi 130 kv.m. olan mənzilin təhvil alınması üçün icra yerinə gəlməmiş, bu səbəbdən icra sənədi xx.xx.2019-cu il tarixdə geri qaytarılmışdır.

7. İddiaçı Bakı Apellyasiya Məhkəməsinə xx.xx.2019-cu il tarixdə təqdim etdiyi ərizəsinin surətindən müəyyən olunur ki, Binəqədi rayon İcra şöbəsinin icra məmuru S.Abbasov tərəfindən icra sənədi ona deyilmədən Bakı Apellyasiya Məhkəməsinə geri qaytarıldığı üçün həmin icra sənədinin yenidən Binəqədi rayon İcra və probasiya şöbəsinə geri qaytarılmasını xahiş etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-93/2015 saylı məktubundan müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kolegiyasının 2(103)-93/2015 saylı xx.xx.2015-ci il tarixli icra vərəqəsi tələbkar İddiaçı aid hissədə icra edilməsi üçün Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinə göndərilmişdir.

9. Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli qərarından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-93/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədi üzrə icraata başlanılaraq borclu Emin-El MMC-yə icra sənədinin könüllü icrası üçün 5 gün vaxt təyin edilmişdir.

10. Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli bildirişindən müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-93/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərar və bildirişi borclu Emin-El MMC-nin rəhbəri T.P.Əliyev xx.xx.2020-ci il tarixdə qəbul etmişdir.

11. İş materiallarına əlavə edilmiş 6-cı Binəqədi MMC-nin Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubdan müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu 8-mkr, Ş.Məmmədova küçəsi 5 nömrəli binanın qarşısında inşa edilmiş 10 mərtəbəli (9 yaşayış mərtəbəli) binanın 6-cı sol mərtəbəsində sahəsi 130 kv.m olan mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışa əsasən Cavabdeh1 mülkiyyətindədir və ona məxsusdur.

12. İcraçı Emin-El MMC ilə payçı Cavabdeh2 arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, icraçı Bakı şəhəri 8-ci mkr, Şövkət Məmmədova küçəsi 5 saylı binanın qarşısında inşa edilən binanın Vİ sol mərtəbəsində ümumi sahəsi 130 kv.m. olan mənzili hər kv.m. 650 manat, ümumi dəyəri 84500 manat olmaqla tikinti işləri başa çatdıqdan sonra payçıya təhvil verməyi öhdəsinə götürmüşdür.

13. Binəqədi-6 MMC-nin xx.xx.2019-cu il tarixli 573006 nömrəli maliyyə arayışından müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən binanın 6-cı sol mərtəbəsində sahəsi 130 m2 olan 18 saylı mənzilə dair Cavabdeh2 xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən Emin-El MMC tərəfindən 84500 manat pul vəsaiti qəbul edilmiş, Binəqədi-6 MMC mövcud müqaviləyə əsasən payçının tam ödənişini təsdiq edir və borcun olmaması ilə dövlət reyestrdən çıxarışın alınmasına etiraz etmir.

14. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən olur ki, Bakı şəhəri Binəqədi rayonu Şövkət Məmmədova küçəsi 5B, sahəsi 129,20 m2 olan 18 saylı mənzilə (yeni qaydalarla: AZ1124, Bakı şəhəri Binəqədi rayonu Şövkət Məmmədova küçəsi 59, M6, m 2) dair Cavabdeh2 xüsusi mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır.

15. Satıcı Cavabdeh2 ilə alıcı Cavabdeh1 arasında bağlanmaqla 12 saylı notariat ofisinin xüsusi notariusu R.İ.Bağırzadə tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, satıcı mülkiyyətində olan Binəqədi rayonu Şövkət Məmmədova küçəsi 5b, sahəsi 129,20 m2 olan 18 saylı mənzili (yeni qaydalarla AZ1124 Bakı şəhəri Binəqədi rayonu Şövkət Məmmədova küçəsi 59, M6, m2) alıcıya 102000 manata satmışdır.

16. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən olur ki, Bakı şəhəri Binəqədi rayonu Şövkət Məmmədova küçəsi 5B, sahəsi 129,20 m2 olan 18 saylı mənzilə (yeni qaydalarla: AZ1124, Bakı şəhəri Binəqədi rayonu Şövkət Məmmədova küçəsi 59, M6, m 2) dair Cavabdeh1 xüsusi mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır.

17. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Katastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, №3-21-3-30/2-7411/2023, **********11 nömrəli məktubundan müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Şövkət Məmmədova küçəsi 5B saylı evin 18 saylı mənzili Binəqədi-6 MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışına, xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən, ilkin olaraq 28.09 2019-cu il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmiş, Əmlak Xidmətlər Məkanında yerləşən 12 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 4Ə-27 reyestr nömrəli daşınmaz əmlakın alqı-satıqı müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

18. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Emin El MMCyə qarşı Bakı şəhəri 8-ci mkr, Şövkət Məmmədova küçəsində inşa edilmiş 5 nömrəli binanın qarşısında inşa edilmiş, 10 mərtəbəli (9 yaşayış mərtəbəli) binanın 6-cı sol mərtəbəsində ümumi sahəsi 130 kv.m. olan mənzili barəsində Emin-EL MMC ilə Cavabdeh2 arasında, o cümlədən Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanılmış alqısatqı müqavilələrinin etibarsız hesab edilməsinə, onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsinə, Cavabdeh1, həmin evdə yaşayan hər hansı şəxsin məcburi qaydada ona məxsus yaşayış sahəsindən çıxarılmasına, evin boşaldılmasına, yaşayış sahəsinin ona təhvil verilməsinə, onun mülkiyyət hüququnun tanınmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

19. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddiaçı X34 münasibətdə iddia qismən təmin edilərək, Bakı şəhəri 8-ci mikrarayon, Şövkət Məmmədova küçəsində inşa olunan 5 nömrəli binanın qarşısında inşa edilmiş, 10 mərtəbəli (9 yaşayış mərtəbəli) binanın 6-cı mərtəbəsində ümumi sahəsi 130 kv.m olan mənzilin təhvil verilməsi vəzifəsi cavabdeh Emin-EL MMC-yə həval edilməsi qərara alınmışdır. Daha sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli qərarı ilə, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi, iddiaçı X34 münasibətdə qüvvədə saxlanaraq, qüvvəyə minmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsi xx.xx.2015-ci il tarixli icra vərəqəsi verərək, qətnamənin qanuni qüvvəyə mindiyindən, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə göndərərk, icra olunması tələb olunmuşdur. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi (icra məmuru Səvxan Abbasov), Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli icra vərəqəsini icraata qəbul edərək, xx.xx.2015-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmişdir. Bundan sonra, icra məmuru X34 münasibətdə icra sənədinin icra olunmadan, xx.xx.2016-cı il tarixdə geri qaytarılması barədə qəbul etmişdir. İcra sənədi icra olunmadığından İddiaçı xx.xx.2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət edərək, məhkəmə qərarı üzrə icra sənədinin, icra olunması üçün, yenidən Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə göndərilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli məktubu ilə, icra sənədi, icra olunması üçün yenidən, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə göndərilmişdir. 6-cı Binəqədi MMC tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş məktubla qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmasına baxmayaraq, mənzilin başqa şəxsə satıldığı bildirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin DƏDRXnın, 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilən çıxarışın surəti və texniki pasportun surəti ilə, İddiaçı mülkiyyətində olan yaşayış evinin qanunsuz olaraq Cavabdeh1 satıldığı, ona verildiyi göstərilmişdir. Qanunu qüvvəyyə minmiş məhkəmə qərarı ilə, iddiaçının mülkiyyəti hesab olunan daşınmaz əmlak, qeyri-qanuni və qanunsuz üsullarla, sənədləşdirmələr aparılaraq, cavabdeh şəxslər arasında alqı-satqı müqavilələri bağlanaraq özgənkiləşdirilmiş, sonuncu dəfə isə Cavabdeh1 mülkiyyətinə keçmişdir. Ona görə də Bakı şəhəri 8-ci mkr, Şövkət Məmmədova küçəsində inşa edilmiş 5 nömrəli binanın qarşısında inşa edilmiş, 10 mərtəbəli (9 yaşayış mərtəbəli) binanın 6-cı sol mərtəbəsində ümumi sahəsi 130 kv.m. olan mənzili barəsində cavabdehlər Emin-EL MMC ilə Cavabdeh2 arasında, o cümlədən Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanılmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə, onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsinə, Cavabdeh1, həmin evdə yaşayan hər hansı şəxsin məcburi qaydada iddiaçıya məxsus yaşayış sahəsindən çıxarılmasına, evin boşaldılmasına, yaşayış sahəsinin iddiaçıya təhvil verilməsinə, iddiaçının mülkiyyət hüququnun tanınmasına qətnamə çıxarılması xahiş olunmuşdur.

20. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iddiaya etiraz ərizəsi ilə məhkəməyə müraciət etmiş və etirazını onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan Bakı şəhəri Binəqədi rayonu Şövkət Məmmədova küçəsi 5B, 18 saylı mənzil Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfındən verilmiş ********** saylı xx.xx.2020-ci il tarixli çıxarışına əsasən Cavabdeh1 mükiyyətindərdir. Cavabdeh1 mənzili digər Cavabdeh2 AN- 10828259 saylı xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən almışdır. Cavabdeh2 isə mənzili Emin El MMC ilə bağladığı xx.xx.2008-ci il tarixli müqavilə əsasında almış, həmin mənzilə ödənişin olunması barədə xx.xx.2008-ci il tarixli arayış təqdim olunmuşdur. Bu sənədlərin və qanunvericliyin tələbləri əsasında Cavabdeh2 **********4 qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarış əldə etmiş və həmin mənzili Cavabdeh1 alqısatqı yolu ilə satmış, mənzil artıq 2 ildən çoxdur ki, onun mülkiyyətindədir. İddiaçı iddia ərizəsində göstərilən qətnamə və qərarlardan ümumiyyətlə onların xəbəri olmamışdır. İddia ərizəsində göstərilən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015- ci il tarixli qətnaməsi ilə İddiaçı özü bela razılaşmayaraq kassasiya şikayəti və hətta əlavə kassasiya şikayəti vermiş və şikayətlərinində Nərimanov Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi icraya yönəldikdən sonra mənzillər təhvil verilərkən mübahisə etdiyi mənzilin Cavabdeh2 məxsus olmasını, ona sahəsi 106 kv.m olan mənzilin təhvil verilməsini etiraf etmişdir. Ona görə 130 kv.m. mənzil Cavabdeh2 vicdanlı alıcı kimi verilməli idi. Lakin Cavabdeh2 iş üzrə məhkəməyə maraqlı şəxs qismində cəlb olunmamış və işə onun iştirakı və xəbəri olmadan baxılamaqla onun prosessual və mülki hüquqları pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin qətnamasində qeyd edilən və xx.xx.2009-cu il tarixli müqavilədə göstərilən 6-cı mərtəbənin sol tərəfində dəyəri 84500 manat, sahəsi 130 kv.m olan mənzilin Cavabdeh2 məxsus olması Emin-El MMC-nin Qanuni nümayəndə tərəfindən tərtib edilmiş cədvəldə öz əksini tapmışdır. Göründüyü kimi İddiaçı bundan qabaq halhazırda mübahisə etdiyi mənzilin ona məxsus olmamasını özü etiraf edir və vicdanlı alıcı kimi Cavabdeh2 mülkiyyətində olduğunu da rəsmi şəkildə qeyd edir. Hətta işin halları və müqavilələrdən də müəyyən olunur ki, mənzilə dair ilk müqaviləni bağlayan həmin mənzilin mülkiyyətçisi Cavabdeh2dur. Cavabdeh2 ilə Emin El MMC arasında xx.xx.2008-ci il tarixdə müqavilə bağlanılmış və eyni tarixli maliyyə arayışı verilmişdir. İddiaçı isə bildirdiyinə görə həmin mənzilə dair müqaviləni xx.xx.2009-cu il tarixdə bağlamışdır. Cavabdeh2 xx.xx.2008-ci il tarixdə müqavilə və eyni tarixli maliyyə arayışı əsasında hüquqların dövlət qeydiyyatına dair çıxarış əlda etmiş, daha sonra həmin çıxarış əsasında Cavabdeh1 ilə alqı-satqı müqaviləsi bağlamışdır. Cavabdeh2 ilə Emin El MMC arasında xx.xx.2008- ci il tarixdə müqavilə ləğv edilməmiş və hal-hazırda qüvvədədir. Belə olan təqdirdə İddiaçı iddiası tam qanunsuz və əsassızdır. Bundan başqa iddia ərizəsindən göründüyü kimi qətnamə və qərarlar icra olunmadan geri qaytarılmışdır. Keçən bu dövr ərzində İddiaçı bu barəda Cavabdeh1 bu barədə nə yazılı nədə şifahi olaraq heçnə bildirməmiş və əsassız olaraq 7 ildən artıq müddət keçdikdən sonra belə bir iddia irəli sürmüşdür. Ona görə də, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Emin El MMC-yə qarşı alqı-satqı müqaviləsi və onun əsasında yaranmış çıxarışın etibarsız hesab edilməsinə, cavabdehin ona məxsus yaşayış sahəsindən çıxarılmasına, evin boşaldılmasına, yaşayış sahəsinin ona təhvil verilməsinə və mülkiyyət hüququnun tanınmasına dair iddia ərizəsinin rədd olunmasına dair qətnamə qəbul edilməsi xahiş olunmuşdur.

21. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-140/2024 nömrəli 13 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim Səadət Səlimova) iddianın rədd edilməsi qət edilmişdir.

22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 140, 144.1, 144.2, 144.2-1, 144.3, 148.3, 149.2, 152.1, 324.1, 337.1, 337.2, 337.3, 337.4, 567, 568.1, 568.2, 646.1, 646.2, 648.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7, 14.2, 77.1, 88-ci maddələrinə, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli, Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli qərarına, S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

23. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, məhkəmə hazırki, iş üzrə mülki mübahisəyə vicdanlı alıcı normalarının müddəalarını tətbiq edərək, iddiaçının, əmlakına heç bir hüququnun qalmadığını bildirmiş, həmçinin qeyd etmişdir ki, cavabdehlər iş materialları ilə təsdiq olur ki, həmin əmlakın iddiaçının mülkiyyətinə verilməsi, iddiaçıya məxsus olması, eyni zamanda, iş üzrə qəbul olunmuş Bakı Apellyasiya və Ali Məhkəmənin qanuni qüvvəyə minmiş qərarları olsa da, həmin qərarlardan, faktlardan xəbərləri olmamış, həmin şəxslərin iddiaçının mənzilini ələ keçirilməsində qəsd yox, məlumat bilgisizliyi olmuşdur. Vicdanlı alıcı adlandıraraq cavabdehi məsuliyyətdən yayındırmaq məqsədi daşıyan məhkəmə, cavabdeh şəxslərin məhkəmə iclaslarında verdikləri izahat və ifadələri, dönə-dönə, təkrar-təkrar təhrif edərək, işin nəticəsində şəxsən maraqlı olduğunu açıq aydın büruzə verdirmişdir. Belə ki, video çəkilişlə gedən məhkəmə proseslərinin disklərinə baxış keçirərkən, açıq aydın görmək olur ki, cavabdehlər uzun müddət gedən məhkəmə proseslərini daim izləmiş, bəzi cavabdehlər həmin qərarlardan, öz mənafelərinə uyğun olmayan hissədə Ali Məhkəməyə kassasiya şikayətləri vermiş, işin halları ilə bağlı detallı şəkildə məlumatları olmuşdur. Eyni zamanda məhkəmə cavabdehlərdən Cavabdeh2 ilə bağlı mübahisəli daşınmaz əmlaka 2008-ci il tarixdə müqavilə bağlanmasını qeyd etsə də, həmin şəxsin niyə 2019-cu il tarixdə, digər cavabdehlə əlbir olaraq yaşayış evinə çıxarış almağı məsələsini diqqətdən yayındıraraq, həmin məsələni, işin mahiyyətindən uzaqlaşdırmışdır. məhkəmə qeyd edir ki, iddiaçı Binəqədi Rayon İcra Şöbəsinə getməmiş, işi ilə maraqlanmamış, icra məmurunun çağırışlarına gəlməmiş, icra orqanından qərarının icrasını tələb etməmişdir. Göründüyü kimi bu yalan sözlər, fikirlər, iş materiallarında olan sübutlar, dəlillər, icra orqanı tərəfindən təqdim edilən materiallar, o cümlədən, Bakı Apellyasiya Məhkəməsi tərəfindən sorğu ilə göndərilən iş materialları ilə tam şəkildə təkzib olunur, o cümlədən, icra məmuru tərəfindən hər hansı məlumat, bildiriş, icra hərəkətləri ilə bağlı hər hansı tədbirlərin iddiaçıya təqdim olunması, göndərilməsi, ünvanına çatdırılması barədə Məlumatlar olmamışdır. Eyni zamanda iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsində göndərilən, verilən çoxsaylı ərizə və Müraciətlərdən görünür ki, İddiaçı, guya onunla bağlı icra sənədinin icra olunması ilə bağlı hər hansı icra hərəkətlərinin olması ilə bağlı uydurma hərəkətlərdən, Bakı Apellyasiya Məhkəməsinə rəsmi qaydada ərizə vermiş, onun xeyrinə çıxmış məhkəmə qərarının icrası ilə bağlı icra şöbəsindən hər hansı tədbir görülmədiyi, icra sənədinin yenidən icraya göndərilməsi və icra olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan təkrar icra olunması ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin məktubundan görünür ki, iddiaçının xeyrinə çıxarılmış qərarın icra olunması tələb olunur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Proses iştirakçılarının izahatı

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

28. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 Rüfət oğlu apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

29. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən mülki qeyd edilən digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyasının

30. 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

31. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

32. 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

33. Maddə 5.3 mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

34. Maddə 140 reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

35. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.

36. Maddə 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir.

37. Maddə 144.2-1. Sərəncam verən tərəfin sərəncam hüququnun və öhdəliklərinin, eləcə də əmlakın mövcud yüklülüyünün daşınmaz əmlakın dövlət reyestrində yoxlanılması bu Məcəllənin 148.3-cü maddəsinə uyğun olaraq təmin olunur.

38. Maddə 144.3. Daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair notariat qaydasında təsdiq edilmiş müqavilənin informasiya sistemləri vasitəsilə real vaxt rejimində X17 Sistemi üzərindən ötürülmüş elektron nüsxəsi əsasında müvafiq hüquqlar daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur.

39. Maddə 148.3. Daşınmaz əmlak barəsində notariat hərəkətlərinin aparılması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindən daşınmaz əmlaka dair çıxarışın, həmin əmlakın təsvirinin, bu əmlak üzərində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair məlumatların notarius və ya qanunla müəyyən edilmiş hallarda notariat hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən əldə edilməsini, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş və həmin əmlak barəsində qeydiyyatın aparılması üçün əsas hesab edilən sənədin təsdiqləndikdən dərhal sonra elektron formada daşınmaz əmlakın dövlət reyestrinə ötürülməsini təmin etmək məqsədilə notariuslarla və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslərlə daşınmaz əmlakın dövlət reyestri arasında elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində məlumat və sənəd mübadiləsi imkanı, onların həmin sistemlər vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə birbaşa çıxışı təmin olunmalıdır.

40. Maddə 149.2 əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

41. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

42. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

43. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

44. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

45. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

46. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

47. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

48. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

49. Maddə 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur.

50. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.

51. Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.

52. Maddə 648.1. Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun:

53. Maddə 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

57. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

58. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

59. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

60. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

61. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

62. Məhkəmə kollegiyası izahatları, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-140/2024 nömrəli 13 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

63. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

64. İş materialları ilə müəyyən edilir ki, iddiaçı cavabdehlərin bağladıqları əqdlərin etibarsız olmasını iddia etsə də, məhkəmə araşdırması zamanı iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Əksinə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı tələbkar olduğu icra sənədinin icrası ilə uzun müddət maraqlanmamış, təyin olunmuş icra yerinə gəlməmiş, məhkəmə aktına əsasən, ona təhvil verilməsi qət edilən mənzilə dair başqa şəxslə bağlanmış müqavilənin olmasını, mənzilin başqa şəxs tərəfindən təmir edilməsini bilmiş, lakin buna etirazını bildirməmiş, mənzili əldə edən mülkiyyətçilərə məhkəmə aktının mövcudluğu ilə bağlı hər hansı bir məlumat verilməmişdir.

65. Məhkəmə kollegiyası qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: 1.güvənli nəticəyə gəlməkdən ötürü bir yox, bir neçə sübut olmalıdır; 2.sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; 3.bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4.bu sübutlar birlikdə dəyərləndirilməlidir.

66. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür.

67. Məhkəmə baxışı zamanı işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı tələbinin əsasını sübut edə bilməmişdir.

68. Kollegiya qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.

69. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

70. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

71. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).

72. S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir.

73. Kollegiya apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, mübahisəli əmlakın qeyri-qanuni üsullarla Cavabdeh1 adına rəsmiləşdirildiyi qeyd olunsa da, bu halı təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Əksinə, iş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi rayonu Şövkət Məmmədova küçəsi 5B saylı evin 18 saylı mənzili Binəqədi-6 MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışına, xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən, ilkin olaraq 28.09 2019-cu il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmiş, Əmlak Xidmətlər Məkanında yerləşən 12 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 4Ə-27 reyestr nömrəli daşınmaz əmlakın alqı-satğı müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Mənzilin özəlləşdirilməsi zamanı müvafiq dövlət orqanları tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi müəyyən olunmamış və Cavabdeh1 vicdanlılığını istisna edən hər hansı mötəbər sübut mövcud deyildir.

74. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

75. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

76. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

77. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

78. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-140/2024 nömrəli 13 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar