Məhkəmə qərarları › İş №2(103)-3346/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3346/2024

03.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3346/2024 03.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: “delikt nəticəsində dəymiş zərər, qonşuluq hüququ”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-12/2024 saylı, 09 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 01a ünvanında yerləşən bağ sahəsi İddiaçı məxsusdur. Həmin bağ sahəsinin qonşuluğunda Cavabdeh tərəfindən tikinti işləri aparılarkən İddiaçı məxsus olan anbarın və hasarın dağıdılması nəticəsində həmin tikililər sökülmüşdür.

2. İddiaçı müraciəti əsasında olan şikayət üzrə Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin təhqiqatçısı, baş leytenant Elvin Hacıyevin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

3. Sözügedən təsərrüfat tikilisinə dəymiş zərərin həcmi və dəyəri "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə görə bazar qiymətləri nəzərə alınmaqla 6456,4 manat (işçilik və material xərci daxil olmaqla); "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə görə isə 7677,9 manat təşkil edir.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi, eləcə də iddia tələbinin dəqiqləşdirilməsinə və azaldılmasına dair ərizələrlə məhkəməyə müraciət edərək, yekun olaraq ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 01 A ünvanında yerləşən bağ evinə və hasara Cavabdeh vurduğu maddi ziyana görə 6456 (altı min dörd yüz əlli altı) manat, vəkil xidmət haqqı olaraq 800 manat, mütəxəssis rəyi üçün ödədiyi 250 (iki yüz əlli) manat, məhkəməyə müraciət üçün ödədiyi 30 (otuz) manat olmaqla, ümumilikdə 7536 (yeddi min beş yüz otuz altı) manatın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Tələbdə göstərilir ki, Ələkbərova X1 olan bağ evi ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, onun Xəzər rayonu, Mərdəkan qəsəbəsi 01 A saylı bağ evi ona məxsusdur və çıxarışı, sənədləri hər biri rəsmi olaraq onun adınadır. xx.xx.2021-ci ildə Xudu Məmmədov ev 34, mənzil 30 ünvanında yerləşən öz evində idi. Saat 17:00-18:00 radələrində qonşu Çərkəz adlı şəxs ona zəng edərək ona məxsus olan zaborun traktor vasitəsilə dağıdıldığını və 3-4 nəfər şəxs tərəfindən söküntü işləri aparıldığını bildirib. Bunu bildikdən sonra səhər bağ evinə gedib və zaborun dağıdıldığının şahidi olub. Mühəndis ona Cavabdeh tərəfindən tapşırıq alaraq bu işi etdiyini bildirib. Bununla əlaqədar, Xəzər Rayon Polis İdarəsinə şikayət etsə də cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilib. Hal-hazırda çox çarəsiz vəziyyətdə qalmışdır. Fermanın yan hissəsi ilə birlikdə zabor da sökülmüşdür. Belə olan halda bağdakı əşyaları tamamilə açıqda, çöldə qalıb. Hər an, hər gün əşyalarının oğurlanma ehtimalı vardır. Bu məsələ ilə bağlı cavbdehlə danışarkən öz evinin tikintisi bitdikdə guya onun da zaborunu düzəltdirəcəyinə söz vermişdir. Lakin bu qədər vaxtı gözləyə bilmir. İcazəsi olmadan ona məxsus olan evin zaborunu sökmək və özünə uyğun olan vaxtda düzəltdirəcəyəni demək tamamilə hüquqlarını pozmaq deməkdir. Bundan əlavə Cavabdeh verdiyi vədlərə inanmır. Düşünür ki, bu ziyanı vuran şəxs, çətin ki, vurduğu ziyanı ödəsin və verdiyi sözün üstündə dursun. Buna görə də vurduğu maddi və mənəvi ziyana görə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Çünki bununla bağlı dəfələrlə müraciət etsə də, nəticə verməmişdir. Çox əzab-əziyyət çəkmişdir. Bütün günü yollarda qalmışdır. Sənədləri toplamaq, ekspertizaya getmək və vəkil yanına dəfələrlə getmək onu çox yorub.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-12/2024 saylı, 09 fevral 2024cü il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia tələbinin qismən təmin edilərək Cavabdeh 2658,0 (iki min altı yüz əlli səkkiz) manat maddi ziyana görə pul, vəkilə ödənilmiş 500 (beş yüz) manat xidmət haqqı, mütəxəssis rəyi üçün ödənilmiş 250 manat olmaqla, cəmi 3408 manatın və 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, iddia tələbi qalan hissədə təmin olunmaması, tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 200 manat məbləğində pulun Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi, qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 300 manat məbləğində pulun Cavabdeh "xxxx" MMC-nin hesabına keçirilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 01a ünvanında yerləşən bağ sahəsi İddiaçı məxsusdur. Həmin bağ sahəsinin qonşuluğunda Cavabdeh tərəfindən tikinti işləri aparılarkən, iddiaçıya məxsus olan anbarın və hasarın dağıdılması nəticəsində həmin tikililər sökülmüşdür. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 avqust 2023-cü il tarixli 10/3895-9/4111 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 01A ünvanında yerləşən bağ sahəsinin qonşuluğunda inşa olunmuş hasar tikilisinə bitişən hissədə iddiaçıya məxsus anbar və hasar tikililərində müxtəlif qüsurlar mövcuddur. Aparılmış hesablamalar nəticəsində də həmin bağ sahəsində olan anbarda və bağ evinin hasarında yaranmış qüsurların aradan qaldırılması üçün tələb olunan vəsaitin məbləği mövcud bazar qiymətlərinə uyğun olaraq, təqribən 2658,0 manat məbləğində müəyyən olunur. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyi ilə mübahisəli sahəyə dəymiş zərərin həcmi və dəyərinin (işçilik və material xərci daxil olmaqla) məbləği bazar qiymətləri nəzərə alınmaqla 6456,4 manat təşkil etdiyi müəyyən olunmuşdur. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi ilə həmin sahəyə dəymiş ziyanın həcmi və dəyərinin (işçilik və material xərci daxil olmaqla) məbləği bazar qiymətləri nəzərə alınmaqla 7677,9 manat təşkil etməsi müəyyən edilmişdir. Hazırda məhkəmədə mübahisələndirilən hal ondan ibarətdir ki, iddiaçı ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 01 A ünvanında yerləşən bağ evinə və hasara Cavabdeh vurduğu maddi ziyanın əvəzinin ödənilməsini xahiş edir. Cavabdeh isə iddia tələbini qəbul etmir, qeyd olunan ərazidə ona məxsus əmlakın olmadığını, tikinti və söküntüdə iştirak etmədiyini, həmin əmlaka heç bir aidiyyətinin olmadığını, əksinə iddiaçının özünün qanunazidd hərəkətləri nəticəsində iddia edilən hadisəyə səbəb olduğunu bildirir. Mülki hüquq pozuntusu nəticəsində maddi məsuliyyətin yaranması və zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Göründüyü kimi, hazırda iddiaçıya məxsus bağ evinin anbarına və hasara cavabdeh tərəfindən maddi ziyanın vurulduğu, həmin maddi ziyanın cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulduğu və bu hərəkətlərlə ziyanın arasındakı səbəbli əlaqənin mövcudluğu sübut olunur. Belə ki, mülki iş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 25 avqust 2023-cü il tarixli ekspert rəyindən göründüyü kimi Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 01A ünvanında yerləşən bağ sahəsinin qonşuluğunda inşa olunmuş hasar tikilisinə bitişən hissədə iddiaçıya məxsus anbar və hasar tikililərində müxtəlif qüsurlar aşkar edilmişdir. Həmin qüsurların aradan qaldırılması üçün tələb olunan vəsaitin məbləği mövcud bazar qiymətlərinə uyğun olaraq, təqribən 2658,0 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edib ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edib ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 avqust 2023-cü il tarixli 10/3895-9/4111 nömrəli ekspert rəyi ilə müəyyən edilmiş iddiaçıya aid yaşayış evinə məxsus anbarda və bağ evinin hasarında yaranmış qüsurların aradan qaldırılması üçün tələb olunan məbləğ mövcud bazar qiymətlərinə uyğun olaraq, iddiaçı tərəfindən cavabdehə vurulmuş maddi zərərin əvəzi olaraq 2658 manat ödənilməlidir. Məhkəmə, cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 etiraz ərizəsinə münasibətdə qeyd edib ki, etiraz ərizəsində əksi bildirilsə də, Cavabdeh Xəzər RPİ-nin 1-ci PŞ-də verdiyi izahatında Mərdəkan qəsəbəsində yerləşən 2K saylı bağ evinin özünə məxsus olduğunu, həmin torpaq sahəsində olan hasarın qəzalı vəziyyətdə olduğu üçün onu sökmək istədiyini etiraf etmişdir. Cavabdeh tərəf məhkəmədən cavabdehin əsl cavabdehlə əvəz olunmasını xahiş etsə də, cavabdeh tərəfindən həmin torpaq sahəsinin ona məxsus olmaması barədə məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Məhkəmə qeyd olunanları uzun məhkəmə çəkişmələrindən sonra cavabdehin məsuliyyətdən yayınma cəhdləri kimi qiymətləndirir. Eyni zamanda məhkəmə cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 etirazının “tikintinin (yüksək təhlükə mənbəyi) aparılmasında heç bir iştirakı və sifarişi olmamışdır.”, “təhqiqatçının, müstəntiqin və ya istintaqın qərarının mülki iş üzrə məhkəmədə heç bir preyudisial əhəmiyyəti yoxdur.” dəlillərinə münasibətdə qeyd edir ki, ilk növbədə tikinti və söküntüyə dair işlərin onun sifarişi deyil, məhz üçüncü şəxslərin sifarişi ilə olması barədə hər hansı sübut təqdim etməmişdir. Bundan əlavə məhkəmə, polis orqanlarında şəxsin verdiyi izahatlarını preyudisial əhəmiyyət kəsb edən hal kimi deyil, yazılı sübutların bir növü kimi qiymətləndirir. Eyni zamanda şəxsin polis orqanlarında verdiyi izahatların mötəbərliliyi məhkəmədə şübhə doğurmadığı üçün, deliktin törədilməsində Cavabdeh təqsiri sübuta yetmişdir. Cavabdeh etirazının dəlili kimi istinad etdiyi - iddiaçıya məxsus olan anbarın (deponun) özbaşına tikili olması, habelə digər mülkiyyətçiyə mübahisəli tikilinin sökülməsinə haqq qazandıran halların mövcudluğu ilə bağlı sübutlar təqdim etməmiş, mülahizə xarakterli izahatlara əsaslanmışdır. Bundan əlavə özbaşına tikili olduğu qeyd olunan anbar iddiaçının istifadəsi və sahibliyində olmuş, sözügedən anbarda özünəməxsus əşyalarını saxlamışdır. Həmin anbarın və anbardakı əşyaların iddiaçıya məxsusluğu hazırda cavabdeh tərəfindən mübahisələndirilmir. Onun yerləşdiyi torpaq sahəsinin iddiaçıya məxsus olmadığı mübahisələndirilir ki, bu isə hazırki mübahisənin predmetini təşkil etmədiyindən, məhkəmə, bu hissədə də etirazın dəlilini əsaslı hesab etmir. Belə olan halda iddiaçının belə bir iddia qaldırmaqda subyektiv hüququnun olması mübahisəsizdir. Bundan əlavə qeyd olunmalıdır ki, cavabdehin həmin ərazidə adına hər hansı əmlakının olmaması, sonuncunun deliktin törədilməsində təqsirsiz olması mənasına gəlmir. Qeyd edildiyi kimi, cavabdeh hasarın və ona bitişik olan anbarın sökülməsini öz izahatları ilə etiraf etmiş, başqa hər hansı şəxsin göstərişi ilə hərəkət etməsi isə işin müəyyən edilmiş faktiki halları ilə öz təsdiqini tapmamışdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, qiymətləndirmə tədqiqatının dəyəri 250 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, “vəkilə ödənilmiş 800 manat xidmət haqqı” ödənilməsi hissəsində iddia tələbinin qismən təmin edilməsi qənaətinə gəlir. Belə ki, hazırki mülki iş üzrə göstərilmiş hüquqi yardım üçün cavabdehdən iddiaçının xeyrinə 500 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir. Bundan başqa məhkəmə hesab edir ki, məhkəmə tərəfindən təyin edilmiş tikintitexniki ekspertizası tədqiqatının dəyəri 200 manat məbləğində pul, habelə qiymətləndirmə tədqiqatının dəyəri 300 manat cavabdehdən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh (nümayəndəsi və vəkili Vəkil2) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş edib şikayətində göstərmişdir ki, Cavabdeh qeyd olunan ərazidə heç bir mülkiyyət sahibi deyil, həmin mülkiyyət başqa şəxsə məxsusdur. Bunu iddiaçının özü dəqiqləşdirməli idi. Məhkəmə portalda Cavabdeh adına olan əmlaklara baxış keçirsə bir daha məlum olacaq ki, Cavabdeh Mərdəkan qəsəbəsində heç bir mülkiyyəti və ya sahibliyində olan əmlakı mövcud deyildir. İddiaçı təhqiqatçının cinayət işinin rədd edilməsinə dair qərarına istinad edir. Əmlak cavabdehə yaxın bir xanıma məxsus olduğu üçün, onun xahişi ilə polis orqanında araşdırma zamanı cavabdeh iştirak etmişdir və məsələyə dair manipulyasiya xarakterli məlumat vermişdir. O, bunun haqqıdır və hər hansı bir mülki məsələnin detallarını polisə deməli deyil və polis mülkiyyətçini araşdırmaya cəlb edə bilərdi. Digər tərəfdən təhqiqatçının, müstəntiqin və ya istintaqın qərarının mülki iş üzrə məhkəmədə heç bir preyudisial əhəmiyyəti yoxdur. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən isə cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olubolmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Cinayət təqibi ilə bağlı ancaq qüvvəyə minmiş məhkəmə aktının hərəkətlərin olubolmaması, qarşılıqlı münasibətlərə nisbətdə preyudisial əhəmiyyəti vardır. İbtidai istintaq orqanları tərəfindən cinayət işi üzrə qəbul olunmuş qərarlar məhkəmənin icraatında olan mülki iş üçün preyudisial əhəmiyyət kəsb etmədiyindən mülki iş üzrə icraatın dayandırılmasına səbəb ola bilməz. Ümumiyyətlə hazırki prosesdə cavabdeh kimi qoyulmayan xanımın adına olan əmlak sənədindən göründüyü kimi, onunla hazırki xanımın ayırd edici divarları arasında müəyyən məsafə vardır. Orda yol olmuşdur. İddiaçı oranı zəbt edərək, digər xanımın divarına bitişik depo tikmişdir. Bu isə özbaşınalıq olmaqla bərabər özbaşına tikili hesab edilir. Şəxs öz hasarını bərpa edən zaman qanunsuz olaraq onun hasarına bərkidilmiş depoya, anbara dəyən zərərə görə qanunən məsuliyyət daşımamalıdır. Zərərin həcmi, qiyməti də mübahisə doğurur. Mülki Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Qanunun mənasından göründüyü kimi yüksək təhlükə mənbəyinə qanunsuz yiyələnən şəxsin deliktə görə özünün məsuliyyəti vardır. İddiaçı xanım özü qanuna zidd özünə aid olmayan ərazini zəbt edərək, qonşunun divarında özü üçün anbara bənzər tikili etmişdir. Qonşusu ilə öz hasarını yeniləmək hüququna malikdir və qanunsuz zəbt olunmuş əraziyə dəyəcək hər hansı bir zərərə görə məsuliyyət qanunla mümkün deyildir. AR MMnin 1096-cı maddəsinə görə Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Cavabdeh mülkiyyətçi olmamışdır, tikinti və söküntüdə iştirak etməmişdir, həmin əmlaka heç bir aiddiyyəti yoxdur, əksinə iddiaçı özü qanunazidd hərəktələr nəticəsində iddia edilən hadisəyə səbəb olmuşdur və beləliklə özünün pozuntularına görə, qanunsuz tikilisinə görə heç kimə qarşı iddia qaldıra bilməz. Yol hesab edilən boş sahə zəbt edilmiş, qonşunun hasarında anbara bənzər tikili inşa etmişdir. İddiaçı məhkəmə prosesi vaxtı özü də etiraf etdi ki, həmin boş ərazi onun özünə məxsus deyil, hətta iddia etdi ki, həmin ərazi oğluna məxsusdur. Delikt institunda -nullus commodum capere potest de injura sua propria- prinsipinə görə heç kim özünün qanuna zidd əməlinə görə maddi zərər tələb edə və üstünlük qazana bilməz. Bu şərt eyni zamanda mülki qanunvericiliyin vicdanlılıq prinsipinə də uyğundur

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

9. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

10. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etmir və səbəb(lər)i barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosesual Məcəllənin 376.2-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

13. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.

14. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

16. Apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin iddia tələbinin təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

17. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

18. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

19. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə təmin edilən hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia təmin edildiyi hissədə haqlı sayılır.

21. Əvvəla, maddi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. İddiaçıya məxsus tikiliyə qeyd olunan tarixdə və vaxtda söküntü nəticəsində zərər dəyməsi işin mübahisəsiz halına çevrilib. Yəni, hansısa şəxs fakt olaraq bu hadisəni mübahisələndirmir. Mübahisələndirilən hal həmin zərərin yetirilməsində cavabdehin təqsiri olub-olmaması yaxud təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranıb-yaranması ilə bağlıdır. Çünki Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir.

22. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehin iddia tələbinə olan etirazının hər bir dəlili üzrə hüquqi dəyərləndirmə aparılmış və mübahisələndirilən hissə üzrə düzgün nəticəyə gəlinmişdir. Lakin cavabdeh bu nəticə ilə razılaşmayıb eyni dəlilləri apellyasiya şikayətindədə göstərib. Həmin dəlilərlə bağlı məhkəmə tərkibi də aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

23. Əvvəla, iddiaçıya məxsus tikilinin qonşuluğunda cavabdehin mülkiyyətində yaxud sahibliyində əmlakının olmaması onun mülki hüquqi məsuliyyətdən azad edilməsi üçün əsas ola bilməz. Çünki heç iddiaçı da bəyan etmir ki, zərər bilavasitə cavabdehə məxsus daşınmaz əmlak vasitəsilə vurulub. Zərər cavabdehin tikinti ilə bağlı digər fəaliyyətinin həyata keçirilməsi nəticəsində vurulub. Bu da Mülki Məcəllənin 1108.1-ci maddəsinin dispozisiya şərtləri ilə uzlaşır. Demək, mütləq deyil ki, cavabdeh həmin zərəri vurmaq üçün yüksək təhlükə mənbəyinin mülkiyyətçisi yaxud qanuni əsaslarla sahiblik edən şəxs olsun. Yetər ki, zərərin bilavasitə cavabdeh tərəfindən vurulduğu təsdiq edilmiş olsun.

24. İddiaçının şikayəti əsasında cinayət təqibi qaydasında aparılan araşdırma zamanı cavabdeh izahatında bağ evinin ona məxsus olub-olmaması barədə manipulyasiya xarakterli məlumatlar verə bilər. Ancaq söküntünün onun göstərişi ilə aparıldığını təkzib etmir. Onun bu cür izahatının birinci instansiya məhkəməsi yazılı sübut növü kimi qiymətləndirmişdir. Lakin cinayət işinin başlanmasının rədd edilməsi qərarını hazırki iş üzrə preyudisial qərar kimi nəzərə almamışdır. Ona görə də şikayətin bu dəlili də onu əsaslı etmir.

25. Bundan əlavə, iddiaçıya məxsus tikilinin özbaşına olması həqiqi olsa belə, bu hal da cavabdehə əsas vermirdi ki, o, da özbaşına olaraq həmin tikilinin sökülməsinə dair müstəqil qərar versin. Bu halda cavabdeh qanunla müəyyən edilmiş qaydalara uyğun fəaliyyəti həyata keçirməli idi. Əks halda istənilən şəxsin, istədiyi hərəkəti etməsi xaos yaradar ki, bu da yolverilməz sayılır.

26. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-12/2024 saylı, 09 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-12/2024 saylı, 09 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar