Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3356/2024 31.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, İddiaçı1, onun vəkili və nümayəndəsi Mirkəbir Salmanlının və İddiaçı2 qanuni nümayəndəsi (atası) Sərxan Şərəfovun iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-178/2024 nömrəli qətnaməsindən Cavabdeh MMC-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, cavabdehdən 1-ci İddiaçı1 xeyrinə ümumilikdə 17.365 manat, 2-ci İddiaçı2 xeyrinə ümumilikdə 2.250 manat pul tutulsun. 1-ci İddiaçı1 xeyrinə tələb olunan 17.365 manatın tərkibinə göstərilən məbləğlər daxildir: 1) iddiaçının müayinə və müalicəsinə çəkilmiş xərcin əvəzi kimi 8.205 manat; 2) 6 ay müddətində iddiaçının əmək qabiliyyətini itirməsi nəticəsində məhrum olduğu əmək haqqının əvəzi kimi 2.160 manat; 3) 6 ay müddətində iddiaçının qulluğunda duran şəxsə çəkilmiş xərcin əvəzi kimi 3.000 manat; 4) mənəvi zərərin əvəzi kimi 4.000 manat. 2-ci İddiaçı2 xeyrinə tələb olunan 2.250 manatın tərkibinə göstərilən məbləğlər daxildir: 1) iddiaçının müayinə və müalicəsinə çəkilmiş xərcin əvəzi kimi 250 manat; 2) mənəvi zərərin əvəzi kimi 2.000 manat. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin olunub və göstərilənlər qət olunub: 1) cavabdehdən 1-ci İddiaçı1 xeyrinə sağlamlığa dəymiş zərərin əvəzi kimi 8.205 manat, onun məhrum olduğu əmək haqqının əvəzi kimi 2.073,01 manat, mənəvi zərərin əvəzi kimi 500 manat, cəmi 10.778,01 manat tutulsun; 2) cavabdehdən 2-ci İddiaçı2 xeyrinə sağlamlığa dəymiş zərərin əvəzi kimi 150 manat, mənəvi zərərin əvəzi kimi 500 manat, cəmi 650 manat tutulsun. Qətnamə ilə iddanın qalan hissəsi rədd edilib, habelə dövlət rüsumunun əvəzi kimi 125 manatın cavabdehdən iddiaçıların xeyrinə tutulması qət edilib. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilən hissəsində ləğv edilsin və iddia həmin hissədə rədd olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı1, onun vəkili və nümayəndəsi Mirkəbir Salmanlı və İddiaçı2 qanuni nümayəndəsi (atası) Sərxan Şərəfov apellyasiya şikayətinin əsassız olduğunu bilirdilər. Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməyib. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: İddiaçılar nənə-nəvədir. xx.xx.2022-ci ildə, saat 22 radələrində ünvan 1 ünvanında yerləşən 17 mərtəbəli binanın 4-cü blokunda quraşdırılmış yük liftində nasazlıq olduğuna görə lift 4-cü mərtəbədən aşağıya yüksək sürətlə düşüb əvvəlcə 2-ci mərtəbədə zərblə dayanmış, daha sonra 1-ci mərtəbənin astanasından 0,32 metr keçib yenidən zərblə dayanmış, nəticədə liftdə olan bina sakinləri – iddiaçılar sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri almışlar. Hadisənin baş verməsinə səbəb Cavabdeh MMC-nin komendantının işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi olmuşdur. Bununla əlaqədar həmin şəxs məhkəmə hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi (səhlənkarlıq) ilə təqsirli bilinərək məhkum olunmuşdur. Göründüyü kimi, mülki hüquq pozuntusu (delikt) törədilib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096 və 1097-ci maddələrinin göstərişlərinə əsasən, iddiaçılar delikt nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilərlər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə görə, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Ona görə də Cavabdeh MMC öz işçisinin (komendantın) təqsiri nəticəsində vurulmuş zərərin əvəzini ödəməlidir. 1-ci İddiaçı1 xeyrinə sağlamlığa dəymiş zərərin əvəzi kimi 8.205 manat tutulması düzgündür. Belə ki, ödəniş qəbzlərinə görə, iddiaçı “Medika Hospital T.A.”da “bud başının osteosintezi” və “bel fəqərələrinin fiksasiyası” cərrahi əməliyyatları keçirmiş, cərrahi əməliyyatlar üçün 6.500 manat, cərrahi əməliyyatda istifadə olunmuş 2 sayda implant üçün 1.450 manat, “Rezonans Klinikası”nda diz və bel-oma MRT üçün 255 manat ödəmişdir. Bu məbləğlərin cəmi 8.205 manat təşkil edir. 1-ci İddiaçı1 xeyrinə onun məhrum olduğu əmək haqqının əvəzi kimi 2.073,01 manat tutulması düzgündür. Belə ki, o, Azərbaycan Tibb Universitetinin X1 Stomotoloji yardım şöbəsində sanitar vəzifəsində çalışır, aylıq vəzifə maaşı 360 manat təşkil edir. Xəstəlik vərəqəsinə əsasən o, xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək işdə olmamış, həmin dövr üçün klinika tərəfindən ona 86,99 manat ödənilmişdir. 6 ay ərzində iddiaçının məhrum olduğu əmək haqqının məbləği 2.073,01 manat (360 manat x 6 ay = 2.160 manat – 86,99 = 2.073,01 manat) təşkil edir. 1-ci İddiaçı1 xeyrinə mənəvi zərərin əvəzi kimi 500 manat tutulması düzgündür. Belə ki, iddiaçının olduğu liftin sürətlə aşağı düşməsi, iki dəfə zərblə dayanması, həmin an iddiaçının qorxu və təlaş içərisində olması, yıxılması, bədən xəsarətləri alması, cərrahi əməliyyat olunması və əməliyyat olunduqdan sonra ağrılarının olması onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuş, nəticədə o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Bu, iş üzrə keçirilmiş məhkəmə-psixoloji ekspertizanın rəyi ilə də təsdiq olunub. Mənəvi zərərin məbləğinin 500 manat müəyyən edilməsi ağlabatandır. 2-ci İddiaçı2 xeyrinə sağlamlığa dəymiş zərərin əvəzi kimi 150 manat tutulması düzdür. Belə ki, ödəniş qəbzlərinə görə, iddiaçının “X2”da müayinə və müalicəsinə 150 manat ödənilib. 2-ci İddiaçı2 xeyrinə mənəvi zərərin əvəz kimi 500 manat tutulması düzdür. Belə ki, iddiaçının olduğu liftin sürətlə aşağı düşməsi, iki dəfə zərblə dayanması, həmin an iddiaçının qorxu və təlaş içərisində olması, yıxılması, bədən xəsarətləri alması və ağrılarının olması onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuş, nəticədə o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Bu, iş üzrə keçirilmiş məhkəmə-psixoloji ekspertizanın rəyi ilə də təsdiq olunub. Mənəvi zərərin məbləğinin 500 manat müəyyən edilməsi ağlabatandır, bu məbləğin maddi zərərin məbləğində artıq olması qanuna zidd sayılmır. Sürətlə aşağı düşən liftə qalan şəxsə vurulan mənəvi zərər (qorxu, təlaş və s.) maddi zərərdən daha çox olur, belə hadisələr nəticəsində şəxs hətta maddi zərər çəkmədiyi halda da mənəvi zərərin əvəzinin ödənilməsini tələb edə bilər. O cümlədən nəzərə alınmalıdır ki, iddiaçı xx.xx.2018-ci il təvəllüdlüdür, hadisə baş verən vaxt 4 yaş olub, belə hadisələr nəticəsində böyüklərlə müqayisədə uşaqlar daha çox mənəvi zərər çəkir. Qətnamə iddianın rədd edilməsinə aid hissədə mübahisələndirilmədiyinə görə həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)- 178/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3356/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3356/2024
31.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver