Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3357/2024 04.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı oğlunun Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “borc və sair tələbi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı oğlunun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi və vəkili X1 iştirakları ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-614/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı oğlu Cavabdeh qarşı borc və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia ərizəsi olunla əsaslandırılmışdır ki, İddiaçı oğlu Cavabdeh ilə xeyli vaxtdır ki, tanışdır, cavabdeh iddiaçının bacısının keçmiş həyat yoldaşıdır. Əvvəllər tərəflərin münasibətləri yaxşı olmuş, qohum kimi Rövşən Şirvanın etibarını qazanmışdır. Bir neçə il bundan əvvəl Cavabdeh elektrik avadanlıqlarının satışı ilə məşğul olduğu mağazada şərikli fəaliyyət göstərməyi, bunun üçün mal alınmasından ötrü vəsait lazım olduğunu İddiaçı bildirmiş, əldə olunacaq gəliri bərabər şəkildə iki yerə böləcəklərini, bundan əlavə şəriklikdən çıxanda da qoyduğu vəsaiti Şirvana qaytaracağını demişdir. Şirvan Rövşənə etibar etdiyi üçün, onun uğurlu sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu düşündüyünə görə əvvəlcə 25.000 ABŞ dolları, daha sonra hisşə-hissə olmaqla əlavə 23000 ABŞ dollarını, cəmi 58000 ABŞ dollarını Rövşənə vermişdir. Həmin puldan ticarət fəaliyyətində istifadə edən Cavabdeh ona 2020-ci ildə cəmi 10000 manat gəlir vermişdir. Daha sonra Cavabdeh ona hissə-hissə olmaqla cəmi 20000 ABŞ dolları qaytarmışdır. 2020-ci ilin noyabr ayında atası xəstələndiyi üçün pula ehtiyacı olduğundan Rövşən Şirvana 3000 ABŞ dolları qaytarmış, qalan pulları hissə hissə olmaqla 2020-ci ilin sonunda qaytaracağına söz vermişdir. Amma daha sonra Cavabdeh Şirvanın bacısından ayrıldığı və münasibətlərinin pisləşdiyi üçün müxtəlif bəhanələrlə bu günə kimi onun 25000 ABŞ dolları pulunu qaytarmır. Bununla bağlı tərəflərin səs yazıları və şahidlər vardır. Şirvan dəfələrlə Rövşənlə görüşüb söhbət etsə də, bu söhbətlərin heç bir müsbət nəticəsi olmamışdır. Ona görə də Şirvan mülki qaydada pul tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh onun pulunu mənimsəyərək əsassız varlanmaqla qazanc əldə etmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində aralarında şifahi olaraq razılaşmalarına əsasən 25000 ABŞ dolları əsas vəsaitdən, iki il ərzində Mərkəzi Bankın faiz dərəcəsinə uyğun olaraq həmin vəsaitin 5 faizindən, yəni 2500 ABŞ dolları olmaqla cəmi 27500 ABŞ dolları vəsaitdən iddia məhrum olmuş, yəni cavabdeh tərəfındən iddiaçıya 27500 ABŞ dolları məbləğində maddi ziyan vurulmuşdur. Ona görə də Cavabdeh oglundan əsas borca görə 25000 ABŞ dollarının, iki il ərzində Mərkəzi Bankın faiz dərəcəsinə uyğun olaraq əsas vəsaitin 5 faizinin, yəni 2500 ABŞ dollarının, cəmi 27500 ABŞ dollarının Mərkəzi Bankın bu günə olan məzənnəsi ilə 46750 manat pulun və dövlət rüsumuna görə 230,25 manatın iddiaçı X3 xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş etmişdir.
3. Binəqədi Rayon Məhkəməsinin 2(001)-614/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Səadət Səlimova) iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh borca görə 19117,7 ABŞ dolları, ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, İddiaçı oğlunun xeyrinə tutulması, Cavabdeh dövlət rüsumuna görə 230,25 manatın İddiaçı oğlunun xeyrinə tutulması və iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. İddiaçı qətnaməni mübahisələndirməmişdir.
5. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
6. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək bildirmişdir ki, iddiaçı pulun hamısını dollarla verməmişdir. O, xaricdən mal sifariş etmir və dollarla ödəniş etmir. Ölkə daxilində topdansatış yerlərindən mal alır və ödənişi manatla həyata keçirir, xarici şirkətlərlə əməkdaşlıq etmir. İddiaçı özü ona pul qoyub qazanc götürməyi təklif etmişdir, o da bunun üçün 150000 manat civarında pul lazım olduğunu bildirmiş, iddiaçı isə o qədər pulu verməyə imkanı çatmadığını, 50000 manat pul qoymağı və həmin məbləğə görə də xeyrini götürməyi təklif etmişdir və aralarında 50000 manata razılığa gəlmiş, iddiaçı özü xarici ölkədə olduğu üçün, iddiaçının həyat yoldaşı evdə olan 25000 ABŞ dollarını ona 2014-cü ildə vermişdir. Yerdə qalan məbləğləri iddiaçı Rusiyadan göndərmiş, həmin göndərişlər var. 2014-cü ilin oktyabr ayının 29 da iddiaçı Rusiyadan ona 4900 ABŞ dolları göndərmişdir. Həmin sənəd məhkəməyə təqdim edilmişdir. Yerdə qalan məbləği, 5000 manat civarında pulu isə manatla ödəmişdir. Bütün ödəniş iddiaçı tərəfindən ona 2014-cü ildə verilmiş və o da bütün ödənişləri 2020-ci ilin əvvəlinə qədər hamısını geri qaytarmışdır. 2014-cü ildə iddiaçıdan bir dəfə 25000 ABŞ dolları, 4900 ABŞ dolları və 5000 manat civarında pul almışdı. İddiaçıya 2018-ci ildə, 2019-cu ildə və 2020-ci ilin əvvəlində pulu qaytarmış və onunla da yekunlaşmışdır. Pulları qaytaranda onu təsdiq edən rəsmi sənəd almamışdır. Çünki bilmirdi ki, sonradan həyat yoldaşı ilə olan münasibəti pozulacaq, buna görə də iddiaçının ona qarşı münasibəti dəyişəcək. Aralarında razılığa gəlmişlər ki, iddiaçı 50000 manat məbləğində cavabdehə pul verəcək, iddiaçı pulu dollarla verib, cavabdeh də həmin pulu manata çevirmişdir. İddiaçı onun (cavabdehin) Azərbaycan Respublikasında iş gördüyü halda niyə dollarla razılığa gəlməli idi. Pul vəsaitinin dollarla verilməsi o demək deyildir ki, dollarla razılaşmışlar. Səs yazılarından da göründüyü kimi burada heç bir razılaşmadan söz gedə bilməz. Əksinə olaraq bu barədə fikirlərini dəfələrlə bildirmişdir, iddiaçı isə təkrarən pulu dollarla verdiyini qeyd etmiş, lakin belə razılaşma olub-olmadığına heç bir münasibət bildirməmişdir. Qanunvericiliyin də tələbinə əsasən razılıq olduğu halda borc xarici valyutada qaytarıla bilər. Məhkəmə isə bu hala nəzər yetirməmişdir. Pulun dollarla ödənilməsi o demək deyil ki, razılaşma dollarla olubdur. Məhkəmə maddi hüquq normalarının, xüsusən də iddia müddəti ilə bağlı maddi hüquq normalarını düzgün tətbiq etməyib. Odur ki, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
7. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək və şikayəti müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, iddiaçı ilə aralarında olan razılığa əsasən iddiaçı vəsait qoymaqla qazanc götürməyi təklif etmişdir, bundan sonra iddiaçı ona 2014-2015-ci ilərdə 53000 dollar, dolların o vaxtkı məzənnəsi ilə 42.000 manat pul vermişdir. Həmin vaxt pulun ona dollarla verilməsi, onların dollarla razılaşmaları anlamına gələ bilməz. Bundan sonra qazanc əldə edilməmiş, 2016cı ildə onlar öz aralarında belə razılığa gəldilər ki, birgə əməkdaşlığı sonlandırırlar, o, iddiaçının 53.000 dollarını hissə-hissə qaytarmalıdır. Həmin vaxt onlar pulun hansı müddətə qaytarılmasını razılaşdırmadılar. O, bütün pulu hissə-hissə iddiaçıya qaytardı, lakin aralarında qohumluq münasibəti olduğundan pullar qaytarılan zaman hər hansı sənədlə bunu təsdiq etməmişlər, sonradan o, iddiaçının bacısı ilə boşanmış, iddiaçı da indi onu incitmək üçün belə iddia vermişdir. Həmçinin bildirdi ki, keçmiş qayınatası öləndə iddiaçıya verdiyi 3000 manat pul bu borcla bağlı olmayıb. Onlar hələ iddiaçının bacısı ilə evli olanda mənzil almaq üçün iddiaçı onlara 7000 manat kömək üçün vermiş, nikah pozulandan sonra iddiaçı həmin məbləği də ondan tələb etmiş, o da 2020-ci ildə 3000 manatı qaytarmışdır. Yəni rayon məhkəməsinin borcdan məhz 2020-ci ildə həmin ödənişə görə iddia müddətinin keçməməsi barədə mövqeyi əsaslı deyil. Qeyd olunanlara əsasən şikayətin təmin edilməsini və qətnamənin ləğv edilməsini xahiş etdi.
8. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili M.İsayev apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək göstərdi ki, tərəflər arasında yaxın qohumluq münasibətləri olmuş, tərəflər ilkin olaraq birgə əməkdaşlığa dair razılaşmış, 2016-ci ildə isə qarşılıqlı qaydada razılaşmışlar ki, birgə əməkdaşlığa son qoyulur və razılığa gəlmişlər ki, iddiaçının verdiyi 42.000 manatın ekvivalenti olan pul vəsaiti borc olaraq qəbul olunur və cavabdeh də həmin pulu müddət müəyyən olunmadan hissə-hissə olmaqla qaytarmağı öhdəsinə götürmüşdür. Hazırda cavabdehin şikayətinin iki əsas dəlili var ki, bunlardan biri rayon məhkəməsi tərəfindən borcun xarici valyuta ilə hesablanmasının doğru olmaması, digəri isə iddia müddətinin ötürülməsinin düzgün müəyyən edilməməsi ilə bağlıdır, rayon məhkəməsinin bu hallara dair qənaəti əsaslı olmamışdır, ona görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, bildirdi ki, həqiqətən də tərəflər qohum olmuşlar, tərəflər arasında ilikin mərhələdə birgə əməkdaşlıqla bağlı razılaşma olmuş, sonradan tərəflər qarşılıqlı olaraq razılığa gəlmişlər ki, bu münasibətlərinə son qoyulur və cavabdehin iddiaçıdan aldığı pul vəsiti borc kimi qəbul olunur və cavabdeh həmin borcu hissə-hissə olmaqla qaytarmağı öhdəsinə götürür, bu vaxt borcun qaytarılması müddəti müəyyən olunmamışdır, belə olan halda da məlum olur ki, şikayətin hər iki dəlili əsassızdır, çünki cavabdeh özü də etiraf edir ki, pul vəsaiti ona ABŞ dolları ilə verilmişdir, müddətə gəldikdə isə müddət də ötürülməmişdir, ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Sübutların tədqiqi:
10. İddiaçının izahatı, cavabdehin izahatı, iddiaçı tərəfindən məhkəməyə təqdim olunan tərəflər arasında telefonda borca dair aparılmış danışığın səs yazısı.
11. Birinci instansiya məhkəmə iclasında şahid X2 ifadəsində göstərmişdir ki, o, İddiaçı oğlunun ailəsini 30 ildir tanıyır. Şirvanın atası Rahim onunla çox yaxın dost opmuş, onlar birlikdə hava limanında işləmişlər. Rahimin oğlu Şirvan Sibirdə meyvə tərəvəz ticarəti ilə məşğul olmuş, o, da hava limanında mühafizə sistemində işləmişdir. O, Rahimin qızı ilə Rövşənin toylarında iştirak etmiş, sonradan Rövşənin mərmər mağazasında satıcı işləməsini öyrənmişdir. Bir müddət sonra Şirvan ona Rövşəni işlədiyi yerdən çıxardıb, maliyyələşdirib, Ayna Sultanova yaxınlığında elektrik malları mağazası açmaq istədiyini demiş, mağazanı ona da göstərmişdir. Daha sonra Rövşənlə həyat yoldaşı arasında problemlər yaranmış və onlar boşanmışlar. Şirvan Rövşənin ona borcu olmasını və pulu vermədiyini ona demiş, bundan sonra o, Şirvanla birlikdə Rövşənin mağazasına gedib bu barədə söhbət etmişlər. Həmin vaxt Rövşən ona pulun çox hissəsini mallara qoymasını, bir hissəsini qaytarmasını, iki maşın almasını, maşınları satıb pulları verəcəyini demişdir. O, 2 dəfə Rövşənin yanına getmişdir. Rövşənin heç nəyi olmamış, bütün işləri Şirvan bacısına görə Rövşən üçün etmişdir. Bildiyimə görə Şirvan Rövşənə 50000 ABŞ dollarına yaxın pul vermişdir. Şirvan Rövşənə pul verərkən o, iştirak etməmişdir. Onlar onun yanında söhbət edərkən Rövşən pulun bir qisminin malda olmasını, bir qisminə də maşın almasını demişdir. Bu söhbətlər 2 il əvvəl olmuşdur. O, 2 il əvvəl X6 mağazasında olmuş, sonradan bilmişdir ki, həmin mağaza Şirvanla şəriklidir, malın pulunu Şirvan vermişdir. Rövşən həyat yoldaşı ilə boşanmalarına baxmayaraq, Şirvan münasibətləri davam etdirirdi ki, bacısının uşaqlarının çörəyi olsun. Şirvan ondan ağsaqqal kimi Rövşənlə danışmağı, onları ortaq məxrəcə gətirməyi xahiş etmiş, həmin vaxt Rövşən ona Şirvana borcunun olmasını, pulun bir qismini qaytarmasını, maşınlarından birini satıb pulun qalan hissəsini də qaytaracağını demişdir. Rövşənin Şirvana nə qədər borcu qalmasını bilmir, amma Şirvanın Rövşənə 50000 ABŞ dollarına yaxın pul verdiyini bilir. Şirvan təxminən 12-15 il əvvəl Rövşənə 50000 ABŞ dolları pul vermişdir. O, Rövşən tərəfindən pulun qaytarılması illərini xatırlamır, Rövşən pulu hissə-hissə qaytarmışdır. Şirvanın dediklərindən belə aydın oldu ki, pulları Rövşənə borc vermişdir. Rövşən iki maşını olmasını, çöldə saxladığı Prado markalı maşının ona məxsus olmasını demişdir. Rövşənlə onun söhbəti Rahim vəfat edəndən sonra olmuşdur. Rahim yazda vəfat etmiş, Rahim ağır vəziyyətdə xəstəxanada yatanda Şirvanın pulu qurtarmışdı.
12. Binəqədi Rayon Məhkəməsinin 2(001)-351/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən məlum olur ki, iddiaçı X7 ilə Cavabdeh arasında olan nikahın pozulması qərara alınmışdır. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
13. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
14. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
15. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir.
16. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
17. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
18. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.
21. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.
22. Maddə 439.1. Pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Maddə 439.2. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır.
23. Maddə 439.7. Əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir.
24. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada)
25. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada)
26. Maddə 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada)
27. Maddə 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada)
28. Maddə 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada). Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
34. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
35. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
36. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
37. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
38. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
39. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
40. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
41. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
42. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
43. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
44. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən - iddia tələbinin təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
45. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
46. Belə ki, yuxarıda qeyd edilən halları ilə müəyyən edilmişdir ki, qohumluq münasibətlərində olmuş tərəflərin birgə biznes fəaliyyəti ilə məşğul olmaları üçün iddiaçı cavabdehə 2014-2015-ci illərdə ümumən 53000 ABŞ dolları pul vermiş, bir müddət iddiaçının verdiyi vəsaitdən istifadə edən cavabdeh əldə etdiyi gəlirdən iddiaçıya qazanc olaraq 10000 manat vermiş, bundan sonra 2016-cı ildə tərəflər birgə əməkdaşlığa son qoymaq qərarına gəlmiş və iddiaçının cavabdehə verdiyi pulun borc olaraq qəbul olunmasına dair razılaşmışlar, həmçinin də həmin borcun hissə-hissə qaytarılması barədə razılaşmışlar, lakin borcun qaytarılmalı olduğu müddəti müəyyən etməmişlər. Həmin razılaşmadan sonra cavabdeh iddiaçıya 20000 ABŞ dolları, 2020-ci ilin noyabr ayında isə 3000 ABŞ dolları qaytarmış, iddiaçı qazanc olaraq cavabdehdən aldığı 10000 manatı da qaytarılmış borc məbləğinə daxil edir.
47. Hazırda tərəflər arasında borc münasibətlərinin olması mübahisələndirilmir, iddiaçı iddia edir ki, cavabdeh ona borcunu bir hissəsini qaytarsa da, onun ödənilməyən 27.500 ABŞ dolları borcu qalmış. Dəfələrlə bu barədə cavabdehə bildirməsinə, onunla danışmasına və müzakirələr aparmasına baxmayaraq, cavabdeh öhdəliyin icrasından yayınmışdır.
48. Cavabdeh apellyasiya şikayətində pulu ABŞ dolları ilə almasını etiraf edir, lakin həmin pulun ABŞ dolları ilə qaytarılmasına dair iddiaçı ilə arasında şərt olmadığından borcun AZN ilə hesablanmalı olduğunu, belə hesabata əsasən də borcu tam olaraq qaytarmasını bildirir. Başqa sözlə, cavabdeh qətnamə ilə ondan tutulan pulun məbləğinin (az və ya çox olmasını) mübahisələndirmir, ümumən borcunun qalmadığını, borc öhdəliyini tam icra icra etdiyini iddia edir.
49. Cavabdeh həmçinin bildirir ki, iddiaçıdan aldığı vəsaitin bir hissəsini manatla, bir hissəsini isə dollarla almış, 2020-ci ilin fevral, mart, daha sonra dəqiqləşdirərək, 2020-ci ilin yanvar ayında alınmış vəsaiti tam olaraq qaytarmışdır. Cavabdeh eyni zamanda bildirir ki, hazırkı halda iddiaçı iddia müddətini ötürmüşdür. Həmçinin 2020-ci ildə iddiaçıya verilən 3000 ABŞ dollarının həmin puldan yox, ona mənzil almağa görə yardım kimi verilmiş 7000 məbləğdən onun payına düşən hissə olduğunu qeyd edir.
50. Kollegiya cavabdehin 2020-ci ildə ödədiyi pulun tərəflər arasındakı borcla bağlı deyil, başqa öhdəliklə bağlı olmasına dair fikrinə münasibətdə qeyd edir ki, iddiaçı həmin məbləğin hazırda iddiaçının tələb etdiyi 27.000 ABŞ dolları borca görə yox, başqa öhdəliklə bağlı olması barədə MPM-in 77.1-ci maddəsinə əsasən heç bir sübut təqdim etməmişdir. Halbuki, bu halı sübut etmək vəzifəsi onun üzərinə düşür. MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Kollegiya onu da qeyd edir ki, tərəflərin izahatları ilə müəyyən olunur ki, tərəflər 2016-cı ildə birgə əməkdaşlığa son qoymaqla verilən pulun borc kimi qəbul olunması və həmin borc öhdəliyinin də hissə-hissə icra edilməsi barədə razılığa gələn zaman, borcun hansı müddətə qaytarılması barədə razılaşmamışlar, başqa sözlə desək, tərəflər öhdəliyin icrası müddətini müəyyənləşdirməmişlər.
52. Mülki Məcəllənin 427.2-ci maddəsinə görə, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.
53. Göründüyü kimi, tərəflər arasında pulun qaytarılması ilə bağlı müddət razılaşdırılmadığından cavabdehin istinad etdiyi müddətin axımı iddiaçının tələb etdiyi vaxtdan hesablanmalıdır. Cavabdeh özü də israrla bildirir ki, yalnız iddiaçının bacısını boşadıqdan sonra iddiaçı ondan borcunu tələb etməyə başlamışdır. Belə olan halda isə məlum olur ki, iddiaçının hazırkı tələbinə münasibətdə müddətin axımı cavabdehin özünün də bildirdiyi kimi, onun iddiaçının bacısını boşaması ilə bağlı münaqişə yarandığı zaman, iddiaçının borcunu tələb etdiyi vaxtdan başlanmışdır. Cavabdeh iddiaçının bacısı ilə nikahının pozulması ilə bağlı ixtilafın 2021-2022-ci illərdə yarandığını bildirmişdir.(cavabdehin iddiaçının bacısı R.Rzayyeva ilə olan nikahı Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur). İddia ərizəsindən (iş /v 3- 6) məlum olur ki, iddiaçı hazırkı tələbi ilə bağlı məhkəməyə xx.xx.2023-cü il tarixində müraciət etmişdir. Belə olan halda isə müəyyən olunur ki, bu cür tələblərlə bağlı qanunla müəyyən olunmuş 3 illik iddia müddəti ötürülməmişdir.
54. Eyni zamanda rayon məhkəməsi baxışı zamanı tədqiq olunan səs yazısından müəyyən olunur ki, cavabdeh iddiaçının ona ABŞ dolları ilə verdiyi pulun həmin dövr üçün 1 ABŞ dollarının Azərbaycan manatına nisbətdə 0,785 manat məzənnə ilə hesabladığını, iddiaçıdan aldığı pulun əvvəl 53000, daha sonra 42000, daha sonra 50000 olmasını, ABŞ dolları ilə aldığı pulu AZN çevirməklə xərcləməsini danışıqlarda qeyd etmişdir.
55. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 14 may 2015-ci il tarixli qərarındakı mövqeyinə görə, ...kredit və əmanət müqaviləsi üzrə verilmiş pul kredit verənin (əmanətçinin) mülkiyyətində olan istənilən valyutada ola bilir və müqavilənin predmetini təşkil etməklə qaytarılmalı olan mülkiyyət kimi çıxış edir.
56. Bu baxımdan, kollegiya hesab edir ki, iddiaçı pulu cavabdehə ABŞ dolları ilə verdiyindən, rayon məhkəməsi cavabdehdən tutulmalı məbləği onun verildiyi xarici valyuta ilə müəyyən etməkdə və borcun ödənildiyi gün ABŞ dollarının manata olan məzənnəsi ilə tutulması barədə düzgün qənaətə gəlmişdir.
57. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, araşdırma zamanı cavabdeh səs yazısında iddiaçıdan pulu ABŞ dolları ilə almasını etiraf etdiyindən, cavabdeh iddiaçıdan aldığı ABŞ dollarının və ya bu vəsaitin həmin dövrün məzənnəsi ilə manata uyğun dəyərini səs yazısında dəqiq bildirmədiyindən, cavabdehin nümayəndəsinin izahatı ilə cavabdehin səs yazısında qeyd olunan məbləğlər arasında ziddiyyət olduğundan, tərəflər arasında borcun qaytarılması müddəti müəyyən olunmadığından, cavabdeh borcu tam olaraq qaytardığını bildirməsinə baxmayaraq, bunu sübuta yetirə bilmədiyindən, iddia ərizəsi qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə ödənişin icra edildiyi gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla tutulması barədə rayon məhkəməsi düzgün nəticəyə gəlmişdir. Nəticə:
58. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə mahiyyət etibarı ilə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
59. MPM-in 385.2-ci maddəsinin tələbinə görə də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
60. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.
61. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-614/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.