Məhkəmə qərarları › İş №2(103)-336/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-336/2025

28.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-336/2025 28.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı “mənzilin təmirinə xəcləmiş pul” tələbinə dair ilk iddia və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “vurulmuş maddi ziyan” tələbi barədə mülki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-292/2024 nömrəli, 27 iyun 2024-cü il tarixli qətnaməsindən ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7500/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində (Ukrayna dairəsində) "xxxx" MTK tərəfindən tikilmiş yaşayış binasının 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 115,3 kv.metr olan, 2 otaqdan ibarət olan 163 saylı mənzilə dair İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixdə bağlanmış müqavilə etibarsız hesab edilmiş və həmin qətnamə əsasında verilmiş icra vərəqəsi xx.xx.2023-cü il tarixdə icra edilərək, həmin tarixdə mənzil Cavabdeh təhvil verilmişdir. Mübahisəli mənzilin qanuni sahibi Cavabdehdır. Bundan başqa mənzil İddiaçı istifadəsində olarkən onun tərəfindən təmir etdirilmişdir. Hazırda ilk iddia üzrə İddiaçı mənzilin təmir işlərinə xərclənmiş 70.000 (yetmiş min) manat pulun Cavabdeh onun xeyrinə tutulmasını xahiş edir. Cavabdeh isə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ona məxsus mənzildə qanunsuz yaşadığına görə 11.300 manat vurulmuş ziyanın İddiaçı onun xeyrinə tutulmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər Cavabdeh və "xxxx" MMC-yə qarşı “mənzilin alınması üçün ödənilmiş və mənzilin təmirinə xərclənmiş pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında olan yaşayış binasındakı 1-ci giriş, 16-cı mərtəbədə yerləşən 2 otaqlı, 163 saylı mənzilin alınması üçün ödənilmiş 57.000 (əlli yeddi min) manat məbləğində pulun cavabdeh "xxxx" MMC-dən və mənzilin təmir işlərinə xərclənmiş 70.000 (yetmiş min) manat pulun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla "xxxx" MMC arasında bağlanmış xx.xx.2007-ci il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə əsasən ünvan 2 ünvanında olan yaşayış binasındakı 1-ci giriş, 16-cı mərtəbədə yerləşən 2 otaqlı, 163 saylı mənzilini cavabdeh "xxxx" MMC-dən 57.000 manat pul ödəməklə almışdır. Həmin vaxt mənzil tam təmirsiz və yaşayış üçün yararsız vəziyyətdə olmuşdur. Mənzili aldıqdan sonra mənzilin təmir işləri həyata keçirilməyə başlanılmış və mənzil yaşayış üçün tam yararlı vəziyyətə gətirilmişdir. Mənzilin tam təmir olunması üçün tərəfindən 70.000 manat pul xərclənmişdir. Bildirir ki, ünvan 2 ünvanında yerləşən sözügedən mənzilə köçüb orada yaşamağa başladıqdan az müddət sonra ona məlum olmuşdur ki, onun "xxxx" MMC-yə 57.000 manat tam dəyəri ödənilməklə əldə etdiyi mənzilə dair onunla müqavilə bağlanmazdan əvvəl Cavabdeh ilə müqavilə bağlanmış və mənzil həmin şəxsə satılmışdır. Bundan sonra iddiaçı Cavabdeh "xxxx" MMC-yə və ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən onun adına verilmiş xx.xx.2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, ailə üzvləri ilə birlikdə həmin mənzildən məcburi çıxarılmaları və mənzilin təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 7500/2017 saylı 19 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunaraq, onunla "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixə bağlanmış müqavilənin etibarsız sayılması, onun Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində (Ukrayna dairəsində) "xxxx" MTK tərəfindən tikilmiş yaşayış binasının 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 115,3 kv.metr olan 2 otaqdan ibarət 163 saylı mənzildən çıxarılması, həmin mənzilin və giriş qapısının açarlarının Cavabdeh təhvil verilməsi öhdəliyinin "xxxx" MMC-nin üzərinə qoyulması qət edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7500/2017 saylı 19 oktyabr 2017-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. "xxxx" MMC ilə sözügedən mənzilə dair müqavilə bağlanan zaman həmin mənzilin ondan əvvəl başqa şəxsə satılmasından məlumatsız olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7500/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə onun vicdanlı alıcı olması öz təsdiqini tapmışdır. Cavabdeh ilk əvvəl təmirə çəkilmiş xərclərin onun tərəfindən ödənilməsi ilə bağlı onunla razılığa gələcəyinə söz versə də, sonradan vədinə əməl etməyərək, həmin məbləğin məhkəmə vasitəsi ilə tələb etməsini məsləhət görmüşdür. ünvan 2 ünvanında olan yaşayış binasında yerləşən eyni mənzillərin müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərə satılmasında təqsirkar olan şəxslər barəsində cinayət işi başlanılmış və həmin şəxslərə məhkəmənin hökmü ilə cəza təyin edilmişdir. Göründüyü kimi "xxxx" MMC tərəfindən aldadılması nəticəsində həm sözügedən mənzilin əldə edilməsi üçün MMCyə ödənilmiş 57.000 manat məbləğində puldan,həm də hazırda həmin mənzilin təmir olunması üçün tərəfindən xərclənmiş 70.000 manat puldan məhrum olmuşdur. Sahibkarlıq fəaliyyəti olan "xxxx" MMC mülki qanunvericiliyin tələblərinə zidd olaraq öz vəzifələrini vicdanla həyata keçirməmiş, nəticədə MMC-nin təqsirli hərəkəti nəticəsində o, mənzilindən məhrum olmuş, lakin mənzilin alınması üçün tərəfindən ödənilmiş 57.000 manat MMC tərəfindən ona qaytarılmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkməsinin 2(011)-7500/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunaraq, onunla "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixdə bağlanmış müqavilə etibarsız hesab edilmişdir. Hazırda qüvvədə olan həmin qətnamədən görünür ki, məhkəmə hesab etmişdir ki, cavabdehlər göstərilən mənzillərə görə pul vəsaitlərinin ödənilməsini təsdiq edən sənədlərin əsillərini məhkəməyə təqdim etmədiklərindən, o cümlədən ödədikləri pulları hazırki araşdırma zamanı cavabdeh "xxxx" MMC-dən tələb etmədiklərindən, mübahisəli mənzillərə dair cavabdehlər arasında bağlanmış müqavilə etibarsız hesab edilsə də, onlardan irəli gələn məsələlər həll edilmədən saxlanılmalıdır. Lakin bu hal cavabdehlərin həmin məbləğləri digər cavabdeh olan "xxxx" MMC-dən tələb etmək hüququnu məhdudlaşdırmır. Göründüyü kimi onunla "xxxx" MMC arasında 04 fevral 2017-ci il tarixdə bağlanmış müqavilə etibarsız hesab edilsə də, onun Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbindən çıxış edərək, MMC-yə ödənilmiş 57.000 manat məbləğində pulun qaytarılmasını tələb etmək hüququ vardır. Daha sonra ilk iddia üzrə İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, mənzilin alınması üçün ödənilmiş 57.000 manat pulun "xxxx" MMC-dən tutulması hissəsində iddia tələbini müdafiə etmir, qalan hissədə isə iddiasını müdafiə edir. Cavabdeh İddiaçı qarşı “vurulmuş maddi ziyan” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilərək, 18 ay 25 gün x 600 manat = 11.300 manat vurulmuş ziyan, ödənilmiş dövlət rüsumunun əvəzi 120+1300 manatın 0,3 faizi=124 manat, vəkilə ödənilmiş 200 manat qonorar olmaqla,11623,9 manat pul məbləğinin cavabdeh İddiaçı alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ilk iddia tələbini qəbul etmir. Belə ki, Xətai Rayon Məhkəməsinin 2(011)-7500/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən İddiaçı qeyd olunan ünvanda yerləşən 163 saylı mənzildən çıxarılması qət olunmuş, qətnamə xx.xx.2019-cu il tarixdə qanuni qüvvəsini almış, icra prosesinə başlanılmış, lakin İddiaçı mənzildən çıxmaqdan imtina etmişdir. Ona vurulmuş ziyanla bağlı ona qarşı Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Nizami Rayon Məhkəməsinin 2(007)-437/2022 saylı 28 yanvar 2022-ci il tarixli qətnaməsinə əsasən X4 xx.xx.2019-cu il tarixdən xx.xx.2021 ci il tarixə qədər olan dövr üçün ona vurulmuş ziyana görə 18517,20 manat və ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması qət edilmişdir. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilməmiş, qətnamə icraya yönəldilmiş, lakin bu günə qədər cavabdeh həmin məbləği ödəməmişdir. Cavabdeh çoxsaylı məcburi icra hərəkətlərindən sonra xx.xx.2023-cü il tarixdə ona məxsus mənzildən çıxarılmış və mənzil ona təhvil verilmişdir. Pul məbləği isə ödənilməmiş qalmışdır. Hazırda o, cavabdehə qarşı 2022ci ilin yanvarından mənzildən çıxan günə qədər, yəni xx.xx.2023-cü il tarixə qədər vurulmuş ziyanın əvəzini tələb edir. Belə ki, əvvəllər ona məxsus mənzildə kirayədə yaşamaq üçün kirayə haqqı 530 manat təşkil etdiyi halda, hazırda 600 manat təşkil edir. 2022-ci il üzrə 12 ay, 2023-cü il üzrə 6 ay 25 gün kirayə haqqını 600 manatdan hesablasalar, aşağıdakı məbləğ alınır:18 ay 25 gün x 600 manat =11.300 manat. Ödənilmiş dövlət rüsumu 120+1300 manatın 0,3 faizi=124 manat. Vəkilə ödənilmiş qonorar-200 manat, cəmi 11.623,9 manat. Cavabdehin təqsirindən 2017-ci ildən 2 otağı üç otağa genişləndirdiyi üçün ona məxsus mənzildən istifadə etmək hüququndan məhrum olmuşdur. Həmin mənzili almaqda məqsədi ondan ibarət olmuşdur ki, mənzili kirayəyə verib kirayə haqqı ilə ailəsini dolandırsın. Göstərdiyi kimi cavabdeh mənzili zəbt edib yaşadığından 2017-ci ildən xx.xx.2023-cü ilə kimi əmlakından məhrum olmaqla, əldə edəcəyi gəlirdən də məhrum olmuşdur. Göstərdiyi bu hallar iddia ərizəsinə əlavə etdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə tam sübuta yetirilir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-292/2024 nömrəli, 27 iyun 2024-cü il tarixli qətnaməsi ilk iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə təmirə çəkilmiş xərcə görə 34.141 (otuz dörd min yüz qırx bir) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 204 (iki yüz dörd) manat tutulması, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, cavabdeh İddiaçı Cavabdeh xeyrinə vurulmuş maddi ziyana görə 10.288 (on min iki yüz səksən səkkiz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 111 manatın tutulması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində vəsaitin 50 (əlli) manatı İddiaçı, 50 (əlli) manatı isə Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli mənzilin iddiaçı tərəfindən təmir edilməsi və yaşayış üçün əlverişli şəraitə salınması, lakin mübahisəli mənzilin hazırda Cavabdeh sahibliyində və istifadəsində qalması nəticəsində sonuncu əsassız olaraq varlanmışdır. Bu səbəbdən məhkəmə iddia tələbini mübahisəli mənzilin təmirinə çəkilmiş xərclərin Cavabdeh tutulmasını əsaslı hesab etmişdir. Təmirə çəkilmiş xərclərin dəyərinə gəldikdə isə, məhkəmə ekspert rəyini mötəbər sübut kimi nəzərə alaraq, belə qənaətə gəlmişdir ki, iddia bu hissədə qismən təmin edilməli, mənzilin təmirinə çəkilmiş xərcə görə 34.141 manat məbləğində vəsait ilk iddia üzrə Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. İlk iddia üzrə cavabdeh tərəfindən məhkəməyə evə dair fotoşəkillər təqdim edilərək, iddiaçının məcburi icra vasitəsi ilə mənzildən çıxarılarkən mənzildə olan bütün aksessuarları qəsdən, qərəzli şəkildə divar bərabərində kəsib aparıldığı və təmirə ziyan vurulması qeyd edilmiş olsa da, məhkəmə bu arqumentlərlə bağlı qeyd etmişdir ki, Cavabdeh bunları təsdiq edəcək hər hansı mötəbər sübutu (təhvil təslim aktı və sair) məhkəməyə təqdim edə bilməmişdir. Halbuki həmin mənzilin təhvil alınması icra vərəqəsinin icrası zamanı icra məmurunun və hal şahidlərinin iştirakı ilə baş tutmuş və həmin vaxt aktın tərtib edilməsi imkan xaricində olmamışdır. Bundan əlavə, həmin fotoşəkillərin hansı tarixdə çəkilməsi ilə bağlı sübutların məhkəməyə təqdim edilməsi Cavabdeh təklif edilsə də həmin sübutlar məhkəməyə təqdim edilməmiş, bununla da fotoşəkillərin hansı tarixdə çəkildiyi müəyyən olunmamışdır. Həmçinin, aksessuarlar ayrıla bilən əşyalar (yaxşılaşdırma) olduğundan, onların aparılması iş üçün hər hansı əhəmiyyət kəsb etmir. Ekspert də rəy verərkən həmin materialların qiymətini hesablamamışdır. Məhkəmə qarşılıqlı iddia tələbi ilə, yəni məhkəmə qətnaməsi mövcud olduğu təqdirdə İddiaçı ona məxsus mənzildə yaşadığına görə 18 ay 25 gün x 600 manat = 11.300 manat vurulmuş ziyanın İddiaçı onun xeyrinə tutulması ilə əlaqədar isə aşağıdakıları qeyd etmişdir ki, Cavabdeh mübahisəli mənzilin qanuni sahibidir, cavabdeh isə sözügedən mənzildə hər hansı hüquqi əsas olmadan yaşamağa davam etməklə, Cavabdeh milli və beynəlxalq qanunlarla müəyyən edilmiş mülkiyyət hüquqlarını pozmuş olduğundan, onun pul tələbi barədə iddiası əsaslı hesab edilir. İş materiallarından göründüyü kimi, mübahisəli mənzilin xx.xx.2023-cü il tarixə qədər İddiaçı sahibliyində olması, onun ailə üzvləri birlikdə həmin mənzildə yaşaması işin mübahisəsiz halıdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli qətnaməsi ilə ona xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək dəymiş ziyan hesablanaraq, İddiaçı tutulmuş, lakin xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində də, yəni 17 ay 27 gün müddətində cavabdeh tərəfindən mənzilin təhvil verilməməsi ilə əlaqədar maddi ziyan dəymişdir. Mübahisəli mənzil üzrə kirayə haqqı məhkəmə tərəfindən keçirilmiş ekspertiza rəyləri nəzərə alınmaqla, ortalama qiymət kimi 575 manat ((600+550):2=575) müəyyən edilməli və dəymiş zərər aşağıdakı qaydada hesablanmalıdır: 17 ay x 575 manat = 9775 manat, 27 gün üçün 513 manat. 9.775 manat+513 manat=10.288 manat. Məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçıya dəymiş maddi ziyanın tutulması hissəsində iddia qismən təmin edilməli və 10.288 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq, Cavabdeh ödənilməlidir. Həmin qətnamədən ilk iddia üzrə İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi və ilkin iddia təlbi üzrə ünvan 3 ünvanında olan yaşayış binasının 1-ci giriş , 16-cı mərtəbəsində yerləşən 163 saylı mənzilin təmir işlərinə 34.141 manat məbləğində pulun və 204 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq ona verilməsi hissəsində dəyişdirilməsi və iddia tələbinin tam təmin edilməsi, eyni zamanda qarşılıqlı iddia tələbi üzrə vurulmuş maddi ziyana görə 10.288 (on min iki yüz səkksən səkkiz ) manat ,ödənilmiş dövlət rüsumu 111 manat pul İddiaçı tutularaq Cavabdeh verilməsi hissəində ləğv edilməsi və həmin hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsində icraat: Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, Cavabdeh hər hansı formada məqsədli ziyan vurmamış, vicdanlı şəxs kimi mənzil almış və təmir edib mənzilə köçüb yaşamışdır. Bu hal zərər vurma kimi qiymətləndirilə bilməz. Bundan başqa birinci instansiya məhkəməsi onun tərəfindən mübahisəli mənzilin təmirinə çəkdiyi vəsaitin məbləğini dəqiqləşdirilməsi üçün araşdırma aparmamışdır. Belə ki, ekspertiza tərəfindən mənzilin təmiri barədə tərtib edilmiş smetada ayaqaltıların quraşdırılması, döşəmənin beton məhlulu ilə üzlənməsi, tavanın yığılması və alçipan vurulması, divarların və tavanın şpaklyofka ilə astarlanması və hamarlanması, divar kağızlarının vurulması, divarlara gips lepkaların vurulması, tavanın künc lepkaların vurulması, döşəmənin yığılması, dikt, laminat vurulması, tavana asma tavanın vurulması, kafelmetlaq vurulması, elektrik işlərinin görülməsi, santexnik işlərinin görülməsi, pəncərələrə dəmir torun çəkilməsi, inşaat materiallarının 16-cı mərtəbəyə daşınması, əlavə xərclər (materialların taksi ilə gətirilməsi, avtomaşınlara yüklənməsi və s.) hissəsində çəkilən vəsait az göstərilmişdir. Bu faktları təsdiq edə biləcək şəxslərtəmirçilər məhkəmə prosesinə dəvət edilməmiş və təmirlə bağlı izahatları alınmamışdır. Həmçinin təmirə çəkilmiş vəsaitlər-mənzilin elektrik sayğacının, qaz sayğacının, su sayğacının çəkilməsinə böyük vəsait sərf etməsinə baxmayaraq nəzərə alınmamışdır. Mənzilin “rozetka və açarının” alınmasına sərf edilmiş vəsait ekspertin tərtib etdiyi smetada göstərilməmişdir. Ona görə hesab edir ki, mübahisəli iş üzrə keçirilmiş ekspertiza yarımçıqdır və onun mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5037/2024 saylı, 09 sentyabr 2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə əlavə məhkəmə tikintitexniki və məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 fevral 2025 ci il tarixli 3-16-16/2-10/7840-9/8102/2024 saylı məktubu ilə ekspert rəyi məhkəməyə daxil olmuş və işin dayandırılmasına səbəb olmuş hallar aradan qaldığından iş üzrə icraat təzələnmişdir. Proses iştirakçılarının izahatı: Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İlk iddia üzrə cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə ilkin iddia tələbinin təmin edilməyən və qarşılıqlı iddia tələbinin təmin edilən hissələrində yoxlanılmalıdır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 1091-ci maddəsinin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. (maddə 1091.2). 1092.1.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyatorun apellyasiya şikayəti qismən təmin edilərək qətnamə ilkin iddia tələbinə münasibətdə dəyişdirilməli, qalan yoxlanılan hissədə isə dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 7500/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində (Ukrayna dairəsində) "xxxx" MTK tərəfindən tikilmiş yaşayış binasının 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 115,3 kv.metr olan, 2 otaqdan ibarət olan 163 saylı mənzilə dair 23 avqust 2008-ci il tarixdə X7 ilə "xxxx" MTK arasında bağlanmış müqavilənin, X7 barəsində "xxxx" MTK-nın üzvlüyünə qəbul, mənzillərin və qeyri-yaşayış sahələrinin payçılar arasında şəxsi razılıq ilə bölüşdürülməsi barədə kooperativ üzvlərinin ümumi yığıncağının xx.xx.2008-ci il tarixli qərarının, İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi, İddiaçı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində (Ukrayna dairəsində) yerləşən, "xxxx" MTK tərəfindən tikilmiş yaşayış binasının 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 115,3 kv.metr olan, 2 otaqdan ibarət olan 163 saylı mənzildən çıxarılması və həmin mənzilin və giriş qapılarının Cavabdeh təhvil verilməsi öhdəliyinin "xxxx" MMC-nin üzərinə qoyulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(103) 5682/2018 saylı qətnaməsindən görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7500/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-976/2019 saylı qərarından görünür ki, "xxxx" MMC tərəfindən verilmiş kasassiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)-437/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı vurulmuş maddi ziyana görə 18.517.20 manat Cavabdeh xeyrinə, X5 18.517.20 manatın X3 xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədə qeyd edilmişdir ki, cavabdehlər başqasına (iddiaçılara) məxsus mənzilləri təhvil verməməklə, onlara maddi ziyan vururlar. İddiaçılar uzun müddətdir ki, onlara məxsus mənzillərdən istifadə edə bilmirlər. Qətnamə 07 fevral 2019-cu il tarixdən qanuni qüvvəsini almışdır və xx.xx.2022-ci il tarixinədək (hazırki qətnamə qəbul edilən günədək) 34 ay 28 gün müddət ərzində icra edilməmişdir. Qeyd olunan mənzillər üzrə kirayə haqqı 530 manat təşkil etdiyindən dəymiş zərər bu qaydada hesablanmalıdır: 34 ay x 530 manat=18020 manat, +28 gün üçün 497.70 manat. 18020 manat+497.70=18517.20 manat. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab etmişdir ki, hər bir iddiaçıya dəyən maddi ziyan hissəsində iddia qismən, 18.517.20 manat hissədə təmin olunmalıdır. Qətnamədən cavabdeh X10 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-3577/2022 saylı qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007) 437/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2465/2023 saylı qərarından görünür ki, cavabdeh X10 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-3577/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin 27 may 2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərardan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011) 7500/2017 saylı 19 oktyabr 2017-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinə xitam verilmişdir. Həmin qərardan və eləcə də xx.xx.2023-cü il tarixli akta əsasən "xxxx" MTK tərəfindən tikilmiş yaşayış binasının 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 115.3 kv.metr olan 2 otaqdan ibarət olan 163 saylı mənzil Cavabdeh etibarnamə üzrə nümayəndəsi X6 təhvil verilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 0110 nömrəli hesabatdan görünür ki, ünvan 1 ünvanında olan yaşayış binasındakı 1-ci giriş, 16-cı mərtəbədə yerləşən ümumi sahəsi 115 kv.m olan 163 saylı mənzilinin 2022-ci ilin yanvar ayından 2023-cü ilin iyul ayına olan müddətdə orta aylıq kirayə haqqı tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təqribən 600 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 mart 2024-cü il tarixli rəyindən görünür ki, ünvan 1 ünvanında olan yaşayış binasının 1-ci giriş, 16-cı mərtəbəsində yerləşən 163 saylı mənzildə təmir işlərinin aparıldığı müəyyən edilmişdir. Həmin mənzil üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin mövcud bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 34.141 manat məbləğində olduğu müəyyən edilmişdir. ünvan 1 ünvanında olan yaşayış binasının 1-ci giriş, 16-cı mərtəbəsində yerləşən 163 saylı mənzilin aylıq icarə haqqı-orta bazar qiyməti təxminən 550 manat məbləğində müəyyən olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Birinci instansiya məhkəməsi ilk iddia tələbinə münasibətdə qeyd etmişdir ki, mübahisəli mənzilin iddiaçı tərəfindən təmir edilməsi və yaşayış üçün əlverişli şəraitə salınması, lakin mübahisəli mənzilin hazırda Cavabdeh sahibliyində və istifadəsində qalması nəticəsində sonuncu əsassız olaraq varlanmışdır. Bu səbəbdən məhkəmə iddia tələbini mübahisəli mənzilin təmirinə çəkilmiş xərclərin Cavabdeh tutulmasını əsaslı hesab etmişdir. Təmirə çəkilmiş xərclərin dəyərinə gəldikdə isə, məhkəmə ekspert rəyini mötəbər sübut kimi nəzərə alaraq, belə qənaətə gəlmişdir ki, iddia bu hissədə qismən təmin edilməli, mənzilin təmirinə çəkilmiş xərcə görə 34.141 manat məbləğində vəsait ilk iddia üzrə Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərindən biri də ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi onun tərəfindən mübahisəli mənzilin təmirinə çəkdiyi vəsaitin məbləğini dəqiqləşdirilməsi üçün araşdırma aparmamışdır. Göründüyü kimi ilk iddia üzrə İddiaçı mənzilin təmir işlərinə xərclənmiş 70.000 (yetmiş min) manat pulun Cavabdeh onun xeyrinə tutulmasını tələb edir. Birinci instansiya məhkəməsi isə iddia tələbini qismən təmin etməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 mart 2024-cü il tarixli rəyinə istinad etmişdir. Bununla belə mənzilə çəkilmiş təmir xərclərinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən, eləcə də ilk iddia üzrə İddiaçı birinci instansiya məhkəməsi baxışı zamanı təyin edilmiş eskpertizanın rəyini mübahisələndirməklə, məhkəmə kollegiyasına təqdim etdiyi vəsatətdə və apellyasiya şikayətində göstərilən hissələrin ekspert tərəfindən nəzərə alınmadığını bildirdiyindən hazırki mülki iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparılması məqsədi ilə əlavə məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 fevral 2025-ci il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 1-ci giriş, 16-cı mərtəbəsində yerləşən 163 saylı mənzildə yerinə yetirilmiş tikinti-təmir işlərinin mövcud bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 34141,0 manat məbləğində olduğu müəyyən edilmişdir. İddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş vəsatətdə göstərilən və sadalanan (Aynabənd güzgülü yaşıl şüşə, evə telefon xəttinin çəkilməsi, mənzilə elektrik açarlarının və rozetkanın quraşdırılması) işlərə çəkilmiş xərcin dəyəri yuxarıda göstərilən 1 nömrəli Smetada (34141,0 manat) öz əksini tapmışdır. ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 1-ci giriş, 16-cı mərtəbəsində yerləşən 163 saylı mənzilin giriş qapısının blok hissədən kənarlarına və döşəməsinə vurulmuş kafel-metlax işlərinin mövcud bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 978,0 manat məbləğində olduğu müəyyən edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən apellyasiya şikayətində istinad etdiyi dəlillər, yəni ekspert tərəfindən hesabalama aparılarkən nəzərə alınmayan hissələrlə birlikdə tikinti-təmir işlərinin mövcud bazar qiyməti ümumildə 35.119 manat olması (34141+978) müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən halın, yəni mənzildə yerinə yetirilmiş tikinti-təmir işlərinin mövcud bazar qiymətlərinin müəyyən edilməsi xüsusi bilik tələb etidiyinən və həmin ekspert rəyini şübhə altına alan və ala biləcək hər hansı hal müəyyən edilmədiyindən cavabdehdən tutulmalı olan vəsaitin müəyyən edilməsi zamanı apellyasiya baxışı zamanı təqdim edilmiş ekspert rəyi əsas götürülməlidir. Digər tərəfdən iddiaçı tələbində eləcə də apellyasiya şikayətində mənzilin tam təmir olunması üçün tərəfindən 70.000 manat pul xərclənməsini, eləcə də mənzilin elektrik sayğacının, qaz sayğacının, su sayğacının çəkilməsinə böyük vəsait sərf etməsini bildirsə də, həmin halları təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmçinin də nəzərə alınmalıdır ki, mənzilin elektrik sayğacının, qaz sayğacının, su sayğacının çəkilməsi dövlət tərəfindən əvəzsiz həyata keçirilir və iddiaçı bunlara görə kimə və ya kimlərəsə ödədiyi pulları cavabdehdən tələb etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən mənzildə yerinə yetirilmiş tikinti-təmir işlərinin mövcud bazar qiymətlərinin 35.119 manat olması müəyyən edildiyindən, eləcə də həmin vəsaitin tutulması əsası cavabdeh tərəfindən mübahisələndirilmədiyindən, məhz cavabdehdən tutulmalı olan vəsaitin məbləği mübahisələndirildiyindən iddiaçının dəlilləri həmin hissədə qismən əsaslı olmuşdur. Bundan başqa məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin Cavabdeh hər hansı formada məqsədli ziyan vurmamasını, vicdanlı şəxs kimi mənzil almasını və təmir edib mənzilə köçüb yaşamasını bildirməklə, bu halın zərər vurma kimi qiymətləndirilməməsinə dair dəlillərini əsassız hesab edir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(011)-7500/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi xx.xx.2023-cü il tarixdə icra edilməklə "xxxx" MTK tərəfindən tikilmiş yaşayış binasının 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 115.3 kv.metr olan 2 otaqdan ibarət olan 163 saylı mənzil Cavabdeh etibarnamə üzrə nümayəndəsi X6 təhvil verilmişdir. Göründüyü kimi, mübahisəli mənzil xx.xx.2023-cü il tarixə qədər İddiaçı sahibliyində olmuşdur. Bundan başqa Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək dəymiş ziyan hesablanaraq, İddiaçı tutulmuş, lakin xx.xx.2022-ci il tarixdən xx.xx.2023cü il tarixədək olan dövr ərzində də, yəni 17 ay 27 gün müddətində də cavabdeh tərəfindən mənzilin təhvil verilməməsi ilə əlaqədar maddi ziyan dəymişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisəli mənzilə münasibətdə vicdanlı alıcı olması halı müəyyən edilmədiyindən, eləcə də iddiaçının mübahisəli mənzildən məhz qanuni qüvvəsini almış məhkəmə aktına əsasən çıxarılması müəyyən edildiyindən, lakin iddiaçı xx.xx.2023-cü il tarixə qədər mübahisəli mənzildə hər hansı əsas olmadan yaşadığından qarşılıqlı iddia tələbinin mahiyyəti üzrə əsaslı olması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Eyni zamanda mübahisəli mənzil üzrə kirayə haqqı birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspertiza rəyləri nəzərə alınmaqla, ortalama qiymətin 575 manat ((600+550):2=575) hesablanması və dəymiş zərərin 10.288 manat müəyyən edilməsinə dair düzgün nəticəyə gəlmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən qarşılıqlı iddia üzrə iddiaçıya dəymiş maddi ziyanın tutulması hissəsində iddianın qismən təmin edilməsi və 10.288 manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq, Cavabdeh ödənilməsi barədə mövqeyi ilə razılaşır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək qətnamə ilkin iddia tələbinin təmin edilən hissəsində dəyişdirilməklə Cavabdeh İddiaçı xeyrinə təmirə çəkilmiş xərcə görə tutulmalı olan vəsait 35.119 manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməli, həmçinin apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-292/2024 nömrəli, 27 iyun 2024-cü il tarixli qətnaməsi ilkin iddia tələbinin təmin edilən hissəsində-təmirə çəkilmiş xərcə görə cavabdehdən tutulmalı olan məbləğ hissəsində dəyişdirilsin. Cavabdeh İddiaçı xeyrinə təmirə çəkilmiş xərcə görə 35.119 (otuz beş min yüz on doqquz) manat tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, qətnamə İddiaçı rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar