Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3369/2025 10.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-3369/2025 (Açar sözlər: pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili X3, Cavabdehin nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2072/2025 nömrəli 18 mart 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 10 iyun 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. 07.12.2017-ci il tarixli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş liseynziyadan görünür ki, tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsinin həyata keçirilməsinə "xxxx" MMC-yə icazə verilmişdir.
2. X1, X5 və X4 iştirakı ilə İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı borc müqaviləsini yuxarda adları şahid kimi qeyd olunanların iştirakı ilə tərtib edərək, Cavabdeh 340.000 manat pul məbləğini ona təqdim etdiyi layihəyə əsasən, Abşeron rayonu, X9 ərazisində yerləşən sahəsi 0.03 ha olan torpaq sahəsi üzərində qeyri-yaşayış sahəsinin tikintisinə xərcləməsi üçün xx.xx.2019-cu il tarixdə borc verir. Tikintinin təhvil verilmə tarixi pulu verdiyi gündən etibarən (xx.xx.2019-cu ildən) 3 il müddətində xx.xx.2022-ci il tarixədək tam təmirli vəziyyətdə təhvil verilməlidir. Tikinti qeyd olunan vaxtda təhvil verilmədikdə borc alana heç bir xəbərdarlıq (pretenziya) edilmədən borcun real pul şəklində qaytarılması şərti ilə məhkəməyə müraciət olunacaqdır. İstənilən halda borclu öhdəliyi tam yerinə yetirərək, müqaviləni nəzərdə tutulmuş vaxtdan tez dayandıra bilər. Cavabdeh 340.000 (üç yüz qırx min) manat pul məbləğini xx.xx.2019-cu il tarixdə İddiaçı, təqdim etdiyi layihəyə əsasən qeyri-yaşayış sahəsinin tikilməsi üçün borc olaraq qəbul edir. Pulu aldığı gündən etibarən (xx.xx.2019-cu ildən) 3 il müddətində xx.xx.2022-ci il tarixədək tikintini tam təmirli vəziyyətdə təhvil verməyi öhdəsinə götürmüşdür.
3. İddiaçı tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziyadan görünür ki, iddiaçı aralarında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və İddiaçı öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 340.000 manat borc, 17.000 manat əlavə 5% hesablanmaqla faiz məbləği, 50.000 manat əldən çıxmış fayda, 10.000 manat mənəvi zərər və iddia ərizəsinin verilməsinə görə 707 manat dövlət rüsumu olmaqla, cəmi 417.707 manat pul məbləğinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir
5. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, o, iş üzrə Cavabdeh ilə xx.xx.2019-cu ildə yazılı formada borc müqaviləsi bağlayaraq 3 il müddətinə (xx.xx.2022-ci il tarixədək) tikintini tam təmirli vəziyyətdə təhvil verilməsi öhdəliyini üzərinə götürdüyü üçün ona 340 000 manat pul vermişdir. Müqavilədə göstərilən vaxtdan 5 il 6 ay keçməsinə baxmayaraq, cavabdeh nə tikintini təhvil vermiş, nə də ona verdiyi 340.000 manat pulu qaytarmışdır. Onun cavabdehə pulu verdiyi gündən aralarında olan razılaşmadakı 3 il müddətə heç bir tikinti aprılmamışdır. Cavabdehlə bu barədə çoxlu sayda söhbətləri olsa da, heç bir nəticə verməmişdir. Hər dəfə də bildirmişdir ki, layihənin olmasına baxmayaraq o, hələ də icra hakimiyyətindən icazə ala bilməmişdir. 3 il müddət bitmişdir və onun cavabdehdən öhdəliyi yerinə yetirmədiyinə görə nağd pulunu almaq müddətinin ötürülməsinə çox az vaxt qalmışdır. Ona görə də, pulu cavabdehdən məhkəmə yolu ilə almaq məcburiyyətində qalmışdır. Bu barədə cavabdehə pretenziya məktubu da göndərmişdir. Cavabdehin növbəti yalanlarına məruz qalmaq istəmir. Hesab edir ki, Cavabdeh 340.000 manat borca görə əlavə 5% hesablanmaqla, 17.000 manat məbləğində vəsaiti, habelə əldən çıxmış faydanı şəxsən ödəməlidir. Çünki borclunun icranı gecikdirməsi, pul və hesablanmış faizləri qaytarmaması özgənin vəsaitlərindən qanunsuz istifadə halı yaradır. Cavabdeh onu aldadaraq bu günə kimi müxtəlif bəhanələrlə pulunu qaytarmır. İddia ərizəsinin verilməsinə görə məhkəmənin hesabına ödənilmiş rüsum, digər xərclər cavabdehin qeyri-qanuni əməli nəticəsində yarandığından, həmin pulu da cavabdeh ödəməlidir. Dəfələrlə cavabdehlə telefon əlaqəsi saxlamış, hər dəfə onun yalanlarını dinləmişdir. Bundan əlavə, cavabdehin qanunazidd hərəkətləri əsəblərinə toxunmuş, əsəb, sarsıntı və iztirab keçirmişdir. Bu səbəbdən, hesab edir ki, ona 10.000 manat mənəvi zərər dəymişdir və cavabdeh bu zərəri qarşılamalıdır.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, cavabdeh iddiaçıdan tikinti işləri görmək məqsədilə 340.000 manat pul almışdır. Bu barədə yazılı formada müqavilə də bağlamışlar. Lakin cavabdeh həmin məbləği iddiaçıya qaytarmışdır. Tərəflər arasında inam, etibar olduğu üçün pulun qaytarılmasını təsdiq edən rəsmi sənəd yoxdur, lakin həmin məbləğ cavabdeh tərəfindən 2021-ci ilin may ayında qaytarılmışdır.
7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 18 mart 2025-ci il tarixli 2(008)-2072/2025 nömrəli qətnaməsi ilə (hakim Həqiqət Mahmudova) iddianın qismən təmin edilməsi, Cavabdeh 340.000 manat məbləğində borc və 630 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli borc müqaviləsindən görünür ki, Cavabdeh müqaviləyə görə iddiaçıya təqdim etdiyi layihəyə əsasən, Abşeron rayonu, X9 ərazisində yerləşən sahəsi 0.03 ha olan torpaq sahəsi üzərində qeyri-yaşayış sahəsinin tikintisinə xərcləməsi üçün xx.xx.2019-cu il tarixdə iddiaçıdan 340.000 manat pul məbləğində borc götürmüşdür. Lakin müqavilənin şərtlərini pozaraq xx.xx.2022-ci il tarixədək qeyri-yaşayış sahəsinin tikintisini tam təmirli vəziyyətdə təhvil verməmiş, həmçinin borc götürdüyü 340.000 manat pul məbləğini qaytarmamışdır. Cavabdeh yuxarıda göstərilən öhdəliyini vaxtında və lazımınca yerinə yetirməyərək, iddiaçıdan aldığı borcu qaytarmamışdır.
9. Məhkəmə hesab etmişdir ki, cavabdeh iddiaçıya 340.000 manatın qaytarıldığını bildirməklə, həmin məbləği qəbul etdiyini etiraf etmiş olur və bununla da iddiaçını həmin məbləğdə pulu cavabdehə borc verməsini sübut etmək yükündən azad edir.
10. Məhkəmə, tələbin 340.000 manat borcun iddiaçıya qaytarılmadığı üçün əlavə 5% hesablanmaqla 17.000 manat pulun və 50.000 manat əldən çıxmış faydanın tutulması hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçı qarşı tərəfin pul öhdəliyinin vaxtında icra edilməməsi nəticəsində ona nə kimi zərər dəydiyini, eləcə də, qarşı tərəfin bundan hansı formada faydalandığını göstərməmiş və buna dair hər hansı təsdiqedici sübutları məhkəməyə təqdim etməmişdir.
11. İddiaçı mənəvi zərərlə bağlı tələbinin əsası kimi cavabdehin qanunazidd hərəkətlərinin onda narahatlıq yaratması nəticəsində əsəb, sarsıntı və iztirab keçirməsi ilə əsaslandırmış, bunun nəticəsi olaraq cavabdehdən 10.000 manat mənəvi zərərin tutularaq ona ödənilməsini tələb etmişdir. Lakin iddiaçı məhkəmə araşdırması zamanı öz tələbinin əsası kimi istinad etdiyi halları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi mənəvi zərər hissəsində də öz təsdiqini tapmamışdır.
12. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 385.1, 425.1, 427.3, 442, 739.1, Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 119.1 216-220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə cavabdehin pulu almasına dair etirafını iddiaçının sübutetmə yükündən azad olması kimi qiymətləndirsə də, cavabdehin iddiaçıya pulu qaytarmasını sübut etməsinə dair dəlili olmaması səbəbilə işi yekunlaşdırmış hesab etmiş və nəticəyə gəlmişdir ki, alınan pul qaytarılmalıdır. Cavabdeh birinci instansiyada pulun almasını səmimi olaraq etiraf etmişdir və gözləmişdir ki, iddiaçı da səmimi olaraq pulun qaytarılmasını etiraf edəcək və iddia tələbindən imtina edəcəkdir. Lakin iddiaçı pulun qaytarılmasını etiraf etmədiyindən məhkəmə cavabdeh tərəfindən qaytarılan pulun təkrarən yenidən iddiaçıya ödəmək məcburiyyətində buraxmışdır. Pulun qaytarılmasından xeyli müddət keçdiyi üçün iddiaçı və cavabdehin görüş yerlərinin video görüntüsünü almaq mümkün olmamışdır. Məhkəmə 340000 manat pulun verilməsini cavabdehin etirafını qəbul etməklə iddiaçını sübutetmə yükündən azad etsə də, həmin tarixlərdə iddiaçı tərəfindən əmlak vəziyyətinin dəyişməsi, eləcə də borc pulun verilməsinə iddiaçının birgə nikahda olduğu həyat yoldaşının razılığının olması, eləcə də qaytarılmasında xəbərinin olmasına aydınlıq gətirilməsi üçün həyat yoldaşını üçüncü şəxs qismində işə cəlb edə və mübahisəyə aydınlıq gətirilə bilərdi. Müddətin bir hissəsi pandemiya dövrünə düşmüşdür, işlərin görülməsi mümkün olmamışdır, lakin sonradan bu pul qaytarılmışdır. Pulun qaytarılmasını bir-birilərinə inam olduğu üçün aralarında hər hansı bir sənəd imzalanmamışdır. Pulun verilməsində şahidlər olsa da, qaytarılmasında şahidlər cəlb etməmişdir. Bütün bunlar qeyd etdiyi kimi, iddiaçı ilə aralarında əvvəllər olan səmimiyyətdən irəli gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
16. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətinə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməklə, iddianın rədd edilməsini xahiş etmişdir.
17. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
18. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
19. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 20.Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 21.Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 22.Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
23. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
24. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
25. Maddə 753.1 Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
26. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
31. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 32.Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
35. Qətnamə cavabdehin apellyasiya şikayətinə münasibətdə - iddianın təmin edilən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv edilməlidir.
37. Kollegiya əvvəla qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə düzgün nəticəyə gəlsə də, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və mübahisəyə borc müqaviləsi kimi qiymət vermişdir, bu hal isə qətnamənin həmin hissədə ləğvi üçün əsasdır.
38. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinin tələbinə görə isə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
39. Baxılan iş üzrə müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli borc müqaviləsinə əsasən Cavabdeh müqaviləyə görə iddiaçıya təqdim etdiyi layihəyə əsasən, Abşeron rayonu, X9 ərazisində yerləşən sahəsi 0.03 ha olan torpaq sahəsi üzərində qeyriyaşayış sahəsinin tikintisinə xərcləməsi üçün xx.xx.2019-cu il tarixdə iddiaçıdan 340.000 manat pul məbləğində borc götürmüşdür. Lakin müqavilənin şərtlərinə pozaraq xx.xx.2022-ci il tarixədək qeyri-yaşayış sahəsinin tikintisini tam təmirli vəziyyətdə təhvil verməmiş, həmçinin borc götürdüyü 340.000 manat pul məbləğini qaytarmamışdır. Cavabdeh yuxarıda göstərilən öhdəliyini vaxtında və lazımınca yerinə yetirməyərək, iddiaçıdan aldığı borcu qaytarmamışdır.
40. Müqavilənin adı “Borc müqaviləsi” kimi göstərilsə də, onun mahiyyətindən də göründüyü kimi iddiaçı cavabdehə ona Abşeron rayonu, X9 ərazisində yerləşən sahəsi 0.03 ha olan torpaq sahəsi üzərində qeyri-yaşayış sahəsinin tikintisinə xərcləməsi üçün pul vermiş, lakin son nəticədə müqavilədə nəzərdə tutulmuş qeyriyaşayış sahəsi cavabdeh tərəfindən inşa edilməmişdir.
41. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
42. Göründüyü kimi tərəflər müqavilə bağlayarkən məqsəd pulun verilməsi və olduğu kimi müqavilə müddətinin sonuna kimi geri alınması deyil, qeyri-yaşayış sahəsinin inşası ilə bağlı cavabdehə muzdun verilməsi olmuşdur.
43. Kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə onun məzmunundan göründüyü kimi podrat müqaviləsidir. Podrat müqaviləsinə görə podratçı (cavabdeh) müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi (iddiaçı) isə podratçıya razılaşdırılmış muzdu ödəməyi öhdəsinə götürmüşdür.
44. Sifarişçi müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmiş, lakin podratçı tərəfindən öhdəliklər yerinə yetirilməmişdir. Cavabdeh heç bir iş görmədiyi halda bu məqsədlə aldığı pulu da qaytarmaq istəmir.
45. Cavabdeh pulu aldığını mübahisələndirməsə də, onun qaytarıldığını iddia edir.
46. Kollegiya bu dəlilə münaibətdə qeyd edir ki, pulun iddiaçıya qaytarılmasını istinad edən cavabdeh buna dair nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatında hər hansı sübut təqdim etməmişdir.
47. Cavabdehin apellyasiya şikayətində “həmin tarixlərdə iddiaçı tərəfindən əmlak vəziyyətinin dəyişməsi, eləcə də borc pulun verilməsinə iddiaçının birgə nikahda olduğu həyat yoldaşının razılığının olması, eləcə də qaytarılmasında xəbərinin olmasına aydınlıq gətirilməsi üçün həyat yoldaşını üçüncü şəxs qismində işə cəlb edə və mübahisəyə aydınlıq gətirilə bilərdi” dəlilinə münasibətdə kollegiya qeyd edir ki, qeyd edilən məsələ nə iddiaçı, nə onun arvadı, nə də kreditorları tərəfindən mübahisələndirilmədiyinə görə hər hansı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsinə və iddiaçının əmlak vəziyyətinin öyrənilməsinə zərurət yoxdur.
48. Belə olan halda Kollegiya hesab edir ki, yoxlanılan hissədə iddia tələbi təmin edilməli və 340000 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
49. İddia tələbinin digər hissələri iddiaçı tərəfindən mübahisələndirmədiyindən, apelyasiya baxışının predmeti olmamışdır.
50. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
51. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddianın qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulur.
52. Belə olduqda isə 630 (390 + (240000x0,1:100=630) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2072/2025 nömrəli iş üzrə 18 mart 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin edilən hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən edilsin. Cavabdeh 340.000 manat məbləğində pul və 630 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.