Məhkəmə qərarları › İş №2(103)-3373/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3373/2022

10.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3373/2022 10.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-205/2022 saylı, 15 fevral 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərər tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, 1.500 (bir min beş yüz) manat məbləğində maddi ziyanın, 1000 (bir min) manat məbləğində mənəvi zərərin, ümumilikdə isə 2.500 (iki min beş yüz) manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, yaşadığı Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 108, 41 saylı mənzil təmirli və çox səliqəlidir. Belə ki, cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 108, 44 saylı mənzildə 5 nəfərdən ibarət oğlan olmaqla kirayəçi saxlayır. Həmin kirayəçilərin məsuliyyətsizliyi və təqsiri ucbatından su borusu açıq qalmış, davamlı su axını nəticəsində mənzilin tavan hissəsi və divar kağızı yararsız vəziyyətə düşmüşdür. Qeyd edir ki, belə hallar dəfələrlə təkrarlanmışdır. Onlara xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir nəticə olmamışdır. Hətta onların təqsiri ucbatından sərgidə asılmış bəzi geyim əşyaları yararsız vəziyyətə düşdüyü üçün atmış, bəzilərini isə təmizləmə yerlərinə verərək öz pulu ilə yuduzdurmuşdur. Cavabdehin belə hərəkətlərindən 57 saylı MKİS-ə müraciət etmişdir. MKİS-in məsul şəxsləri tərəfindən mənzilə yerində baxış keçirilmiş və müvafiq akt tərtib edilmişdir. Qeyd edir ki, cavabdehin təqsiri ucbatından ona 1500 manat maddi ziyan dəymişdir. Mənəvi zərər isə heç bir meyar ilə ölçülə bilməz. Lakin mənəvi zərəri 1000 manat məbləğində qiymətləndirir. Belə ki, cavabdeh tərəfindən hüquqları kobud surətdə pozulduğu üçün məcburiyyət qarşısında qalaraq məhkəməyə şikayət etmək qərarına gəlmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-205/2022 saylı, 15 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 1.429 manat maddi ziyanın tutularaq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pulun 28,58 Cavabdeh, 21,42 manatı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, 44 saylı mənzildən 41 saylı mənzilə su axıdılması o, həmin mənzili alana qədər baş verib və buna görədə o, mənzili alan kimi su borularını dəyişdirib. İddiaçıya su və kanalizasiya borularını köhnəlib sıradan çıxdığına görə onunla bir yerdə yenisi ilə əvəzlənməsini və təmir edilməsini təklif etmiş, iddiaçı onunla raılaşmadığına görə su və kanalizasiya borularını yenisi ilə əvəzləndirərək öz hesabına təmir etdirmişdir. Məhkəmədə fikirlərini belə bildirsədə məhkəmə dediklərini təhrif etmişdir. Həmçinin məhkəmədə ekspertizanın rəyi ilə razı olmadığını və 44 saylı mənzildən 41 saylı mənzilə suyun nə vaxt axmasını müəyyənləşdirilməsi üçün yenidən ekspertiza təyin edilməsini xahiş etsədə məhkəmə vəsatətini təmin etməmişdir. Lakin məhkəmə göstərilənləri nəzərə almamış, suyun mənzildən mənzilə axıdılması vaxtını müəyyənləşdirilməsi üçün yenidən eksperiza təyin etməmiş və nəticədə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. İddiaçıya birbaşa ziyan və zərər vuran heç bir təqsirli və ya hüquqa zidd əməl törətməmiş, bucür əməl 44 saylı mənzilin ona qədər olan mülkiyyətçisi X2 tərəfindən törədilmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-205/2022 saylı, 15 fevral 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh apelyasiya şikayətini müdafiə etdiyini bildirdi və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-205/2022 saylı, 15 fevral 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və iddia ərizəsində göstərdiklərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-205/2022 saylı, 15 fevral 2022-ci il tarixli qətnaməsinin dəyişdirilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməndən narazı qalaraq, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmalıdır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Seriya MH № 182435 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, 8-ci km. qəsəbəsi, M.X.Şərifli küçəsindəki 108 saylı evin 41 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 325 №-li Reyestr kitabında 47057 səhifəsində 30N20991 № ilə 06 avqust 1998-ci il tarixdə qeydiyyat aparılmışdır.(İ.vər. 7) İş materiallarında olan, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin 07 sentyabr 2019-cu il tarixli 089-23304C-3221 saylı məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 108 nömrəli evin 44-cü mənzilinin sahibi 18.03.1967-ci ildə Ağstafa rayonunda anadan olmuş, ünvan 1 ünvanında pasport qeydiyyatında olan Cavabdehdır.(İ.vər. 8) İş materiallarında olan, Bakı şəhəri 57 saylı MKİS-nin əməkdaşları tərəfindən 16 avqust 2021-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, E.Süleymanov küçəsi, ev 108, məznil 41-in sahibi İddiaçı onlara şikayət ərizəsi ilə müraciət etmişdir. Ərizədə şikayətçinin mənzilinin üst qonşusu tərəfindən suya basılması bildirilir. Şikayətçinin mənzilinə baxış keçirilmiş və mənzilin giriş dəhlizinin tavanında, həmçinin yataq otağı kimi istifadə olunan otağın tavanında sudan saralmalar, eyni zamanda divar kağızlarının bir neçə dəfə yerdə qopması müşahidə olunmuşdur. Bunun haqqında üst qonşu, mənzil 44-ün sahibinə irad və təkliflərini bildirmişlər. Qeyd edirlər ki, belə hal mənzil 44-də yaşayanlar tərəfindən bir neçə dəfə təkrarlanmışdır. Aktın doğruluğunu imzalarla təsdiq etmişlər.(İ.vər. 9) İş materiallarında olan, Bakı şəhəri 57 saylı MKİS-nin əməkdaşları tərəfindən 01 may 2018-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, E.Süleymanov küçəsi, ev 108, məznil 41də yaşayan İddiaçı tərəfindən şikayət ərizəsi daxil olmuşdur. Şikayətə əsasən bildirlir ki, mənzilə üst qonşu tərəfindən su axıntısı var. Tərəflərindən mənzilə baxış keçirilmiş və E.Süleymanov küçəsi, ev 108, məznil 44-dən şikayətçinin mənzilinə su axıntısı, yəni dəhlizin tavanında sızma müşahidə olunmuşdur. Aktın doğruluğunu imzalarla təsdiq etmişlər.(İ.vər. 71) İş materiallarında olan, X2 ilə Cavabdeh arasında 05 yanvar 2019-cu il tarixdə Bakı şəhəri 50 saylı notariat ofisində bağlanaraq reyestrdə 4Ə-107 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın alqı-satqısına dair seriya AN-İ № ******* saylı müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsindəki 108 saylı evin 44 saylı mənzilini Cavabdeh sataraq, onun mülkiyyətinə vermişdir.(İ.vər. 56 - 57) İş materiallarında olan, Bakı şəhəri 57 saylı MKİS-nin 358 saylı, 21 avqust 2021-ci il tarixli arayışından görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır.(İ.vər. 6) İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/6027 nömrəli, 30 dekabr 2021-ci il tarixli rəyindən görünür ki, baxış zamanı əldə olunmuş, eləcə də, mülki iş materialında olan aktın göstəricilərini, cavabdehin mənzilinin iddiaçının mənzilindən yuxarı hissədə yerləşməsini, cavabdehin mənzilinin 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşdiyini, cavabdehin hamam otağının təmirİiİik dərəcəsini, iddaçının 41 saylı mənzilinin konstruktiv elementləri (divar, tavan və s.) üzərində müxtəlif həcmdə qüsurların mövcudluğunu və həmin qüsurların su sızmaya aid olduğunu nəzərə alaraq iddiaçının 41 saylı mənzilinə cavabdehin 44 saylı mənzilindən suyun sızması müəyyən olunur. Su sızmanın səbəbi cavabdehin mənzilinin hamam otağının təmirlilik dərəcəsi nəzərə alınmaqla hamamdan otağından istifadə zamanı suyun müəyyən hissəsinin iddiaçının mənzilinə sızması istisna olunmur. Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 108 saylı evin 41 saylı mənzildə əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir işlərinin təqribi dəyərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq 1429 manat məbləğində olduğu müəyyən edilmişdir.(İ.vər. 44 - 46) Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, İddiaçı məxsus mənzilə Cavabdeh məxsus mənzildən su sızmasının baş verməsi və bunun nəticəsində iddiaçının mənzilində qüsurlar yaranması və maddi ziyan dəyməsi tədqiq edilmiş digər iş materialları ilə yanaşı, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə tam təsdiq olunur və sübuta yetirilir, maddi ziyanın yetirilməsi ilə bağlı ekspertizanın qeyd edilən rəyinin şübhə altına alınması üçün hər hansı bir əsas yoxdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1097.1 və 1115-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və apelyatorun maddi zərərin düzgün müəyyən edilməməsi barədə dəlilini qətnamənin ləğvi üçün əsaslı hesab etmir. Məhkəmə kollegiyası, Cavabdeh apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə görə zərərin əvəzinin öədənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllnin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakndan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllnin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmasıdır. Həmin Məcəllnin 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllnin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qeyd olunan maddi hüquq normalarına əsasən, məhkəmə kollegiyası birinci inistansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, cavabdeh təqsirli hərəkətləri nəticəsində İddiaçı ziyan dəyməsi, ekspert rəyi və digər sübutlarla tam təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Bu baxımdan məhkəmə kоllegiyası hesab edir ki, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 108 saylı evin, 41 saylı mənzilinə üst mərtəbədə yerləşən 41 saylı mənzildən su sızması baş verməsi nəticəsində iddiaçıya maddi zərər vurulmasını, həmin faktın Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/6027 nömrəli 30 dekabr 2021-ci il tarixli ekspert rəyi ilə təsdiq edilməsini əsas götürərək birinci instansiya məhkəməsi iddia tələbini ekspert rəyində göstərilən məbləğdə təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh apelyasiya şikayətində Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 108 saylı evin 44 saylı mənzilindən 41 saylı mənzilinə su axıdılmasının o, həmin mənzili alana qədər baş verdiyini və buna görədə o, mənzili alan kimi su borularını dəyişdirdiyini, 44 saylı mənzildən 41 saylı mənzilə suyun nə vaxt axmasını müəyyənləşdirilməsi üçün yenidən ekspertiza təyin edilməsini xahiş etsədə məhkəmə vəsatətini təmin etmədiyini, qətnamənin maddi və prosessual hüquq normalarının pozulması, düzgün tətbiq və təfsir edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmaması ilə qəbul edilməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun olmamasını bildirsə də, göstərilən hallarla bağlı məhkəmə kollegiyasına heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Belə ki, Cavabdeh təqsirli hərəkətləri nəticəsində İddiaçı ziyan dəyməsi Bakı şəhəri Nizami rayonu 57 saylı MKİS tərəfindən tərtib edilmiş aktlar, ekspert rəyi və iş materiallarında olan digər mötəbər sübutlarla tam təsdiqini tapmışdır. Odur ki, məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin həmin dəlilləri ilə bağlı əlavə araşdırma aparılmasını, həmçinin təkrar ekspertiza keçirilməsini zəruri hesab etmir və həmin dəlilləri əsassız hesab edir. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq və təfsir etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə məhkəmə kollegiyası qeyd edilənlərə əsasən Cavabdeh apelyasiya şikayətinin dəlilləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apelyasiya şikayəti faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz və formal mülahizələrdən ibarətdir. Buna görə də apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd olunan normadan görünür ki, qanunvericilikdə yalnız mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. İşdə olan iddia ərizəsindən görünür ki, hazırki iş üzrə iddiaçı tərəfindən tələb olunan iddianın qiyməti beş min manatdan az, yəni 2.500 (iki min beş yüz) manat təşkil edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-205/2022 saylı, 15 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar