Məhkəmə qərarları › İş №2(103)-3375/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3375/2023

26.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3375/2023 26.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndələri Vəkil3 və Vəkil1, Cavabdeh, cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələbi: İddia ərizəsində maddi zərərin əvəzi kimi 115.000 ABŞ dolları tələb olunub. Tələb onunla əsaslandırılıb ki, tərəflər ər-arvad olublar, cavabdehin ürəyi xəstə olduğuna görə 2019-cu ildə Belarus Respublikasındakı tibb müəssisəsində ürək transplantasiyası keçirmiş və ürəyi cərrahi əməliyyatla donor ürəklə əvəz edilmişdir. Tibbi xərclərin ödənilməsi üçün pul tələb olunmuşdur. Həmin vaxt cavabdeh Belarusda olmuş, iddiaçıya zəng edərək borc pul tapmasını israr etmişdir. İddiaçı 115.000 ABŞ dollarını ailə dostları Rəna Cəfərovadan borc almış, Rəna Cəfərova həmin pulu xx.xx.2019-cu ildə bank vasitəsilə Belarusdakı tibb müəssisəsinin bank hesabına göndərmişdir. Tibbi əməliyyat uğurla keçmiş, cavabdeh geri qayıtmış, lakin borcu qaytarmaqdan boyun qaçırmışdır. Borc iddiaçı tərəfindən alındığına görə iddiaçı qohum və dostlarından 115.000 ABŞ dolları toplayaraq Rəna Cəfərovanın ailəsinə qaytarmışdır. Cavabdehin etirazı: Cavabdeh iddiaya etiraz edib. Etiraz onunla əsaslandırılıb ki, cavabdehin maddi vəziyyəti kifayət qədər yaxşı olub, başqasından borc almağa zərurət olmayıb. Cavabdehin mülkiyyətində daşınmaz əşyalar olmuş, bundan başqa, Belarusa gedərkən evində 500.000 manat pul olmuşdur. Cavabdeh evdə pul olduğunu bildiyinə görə cərrahi əməliyyat üçün Belarusa gedib. Cavabdeh iddiaçıdan pul göndərməsini tələb edəndə iddiaçı müxtəlif bəhanələrlə pul göndərməyi yubadırdı. Çox təkiddən sonra nəhayət 2019cu ilin avqust ayında iddiaçı başqa şəxsin – Rəna Cəfərovanın adından cavabdehə 115.000 ABŞ dolları göndərmişdir. Bu pul cavabdehin öz pulu olmuşdur. Lakin həmin zaman cavabdeh pulun başqa şəxsin adından ona göndərilməsindən şübhələnməmişdir. Sonradan cavabdehə məlum olmuşdur ki, o, ölkə xaricində olduğu müddətdə iddiaçı nikah müddətində əldə edilmiş əmlakların satılmasını və övladlarının adına başqa daşınmaz əmlaklar almasın təşkil etmişdir. Bundan sonra cavabdeh iddiaçının əsl niyyətini başa düşmüşdür. Rəna Cəfərovanın həmin dövrdə 22 yaşı olmuş, onun həmin məbləğdə pulu ola bilməzdi. Bundan başqa, Rəna Cəfərovanın atası ilə cavabdehin münasibətləri pis olmuş, həmin şəxsin cavabdehə 7.000 ABŞ dolları borcu olmuş, bu vaxta kimi borcu qaytarmamışdır. İddia tələbinin həlli: Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Qətnamə onunla əsaslandırılmışdır ki, birinci, iddiaçı 115.000 ABŞ dollarını öz vəsaiti hesabına Rəna Cəfərovaya qaytardığını sübut edə bilmir, ona görə də həmin pulun ər-arvadın ümumi vəsaiti hesabına qaytarıldığı ehtimalı qüvvədədir; ikinci, cavabdeh tibbi əməliyyat üçün ölkə xaricində olduğu zaman 3 mənzillin satışından əldə edilən 545.029 manat pul iddiaçının sərəncamında olmuşdur, belə olduğu halda 115.000 ABŞ dollarının ər-arvadın ümumi vəsaiti hesabına Rəna Cəfərovaya qaytarıldığı ehtimalı qüvvədədir; üçüncü, arvad tərəfindən ərin müalicəsi üçün alınmış borc arvada dəymiş zərər kimi qiymətləndirilə bilməz. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndələri Vəkil3 və Vəkil1 apellyasiya şikayətinin əsaslı olduğunu, Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil2 isə apellyasiya şikayətinin əsassız olduğunu bilirdilər. Qətnamənin yoxlanıılması: Tərəflər keçmiş ər-arvaddır. Onların nikahı xx.xx.1995-ci ildə bağlanıb, Nərimanov RM-nin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulub. xx.xx.2019-cu ildə Rəna Cəfərova tərəfindən bank vasitəsilə Belarusdakı tibb müəssisəsinin bank hesabına cavabdehin ürək transplantasiyasına görə 115.000 ABŞ dolları pul köçürüldüyüvmüəyyən olunur. Bu barədə ödəniş tapşırığı var (iş v. 25). Rəna Cəfərova birinci instansiya məhkəməsinə ərizə verərək bildirib ki, iddiaçı həyat yoldaşının ürək əməliyyatı üçün ondan aldığı 115.000 ABŞ dollarını geri qaytarıb (iş v. 74). İddia 3 səbəbdən əsassızdır. Birinci, Rəna Cəfərova 115.000 ABŞ dollarını iddiaçıya verməyib, tibb müəssisəsinə aid bank hesabına köçürüb. Borc müqaviləsinin anlayışına görə, borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi öhdəsinə götürür (Mülki Məcəllə, maddə 739.1). Tibb müəssisəsinin bank hesabına köçürülmüş pula mülkiyyət hüququ iddiaçıya keçməyib. Ona görə də həmin pul iddiaçıya borc verilmiş pul sayılmır. Bu hal öhdəliyin üçüncü şəxs tərəfindən icrası hesab olunur. Belə ki, tibbi xərcləri ödəmək pasiyentin öhdəliyidir. Lakin mülki qanunvericilik həmin öhdəliyin üçüncü şəxs tərəfindən də icrasına imkan verir (Mülki Məcəllə, maddə 431.1). Rəna Cəfərova həmin ödənişi edərkən cavabdehin əvəzinə öhdəliyi icra etdiyini bilib. Çünki ödəniş tapşırığının məzmununda ödənişin məhz cavabdehin ürək transplantasiyasına görə tibb müəssisəsinin bank hesabına köçürüldüyü qeyd olunub. İkinci, yuxarıda göstərilən səbəbdən iddiaçının 115.000 ABŞ dollar pulu Rəna Cəfərovaya qaytarmaq öhdəliyi olmayıb. Buna baxmayaraq, iddiaçı həmin pulu öz təşəbbüsü ilə Rəna Cəfərovaya qaytarıbsa, bu hal cavabdeh tərəfindən iddiaçıya zərər vurulması kimi qiymətləndirilə bilməz. İddiaçı hazırkı iddia tələbini cavabdehin ona zərər vurması ilə əsaslandırıb. Halbuki, zərərin əsasında hüququn pozulması, əmlakdan məhrum olma və ya əmlakın zədələnməsi dayanır (Mülki Məcəllə, maddə 21.2). Cavabdeh iddiaçının hüququnu pozmayıb, onu əmlakından məhrum etməyib və ya onun əmlakını zədələməyib. Üçüncü, əgər iddiaçı 115.000 ABŞ dollarını Rəna Cəfərovaya qaytarıbsa, bunu şəxsi vəsaiti hesabına qaytardığını sübut etməlidir. Rəna Cəfərova birinci instansiya məhkəməsinə ərizə verərək bildirib ki, iddiaçı həyat yoldaşının ürək əməliyyatı üçün aldığı 115.000 ABŞ dollarını geri qaytarıb. Lakin həmin ərizədə pulun hansı tarixdə qaytarıldığı qeyd olunmayıb. Tərəflərin nikahı Nərimanov RM-nin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulub. Hazırkı iddia ərizəsi isə bundan əvvəl – xx.xx.2022-ci ildə məhkəməyə verilib. Bu isə onu təsdiq edir ki, əgər pul qaytarılıbsa, onun qaytarılması nikah dövründə həyata keçirilib. Nikah dövründə ərin tibbi ehtiyacları üçün xərclənən pul ailənin mənafeyi üçün xərclənən pul sayılır. Əgər bu xərclərin qarşılanması üçün nikah dövründə başqa şəxsdən pul alınıbsa və həmin pul nikah dövüründə ər-arvaddan biri tərəfindən geri qaytarılıbsa, pulun şəxsi vəsait hesabına qaytarıldığı sübut edilənə qədər ehtimal olunur ki, pul ərarvadın ümumi vəsaiti hesabına qaytarılıb. Bu qayda Ailə Məcəlləsinin 32 və 33-cü maddələrinin mahiyyətindən irəli gəlir. İddiaçı 115.000 ABŞ dolları pulu Rəna Cəfərovaya şəxsi vəsaiti hesabına qaytardığını sübut edə bilmir. Beləliklə, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar