Məhkəmə qərarları › İş №2(103)-3375/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3375/2025

02.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3375/2025 02.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMMC-nin "xxxx" MTK mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" ASC-yə qarşı “sayğac komplektinin uçot nöqtəsinin iddiaçının adına rəsmiləşdirilməsi və s. öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli, e-2(006)-1013/2025 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yerləşən yaşayış binası müvafiq sərəncam əsasında hazırkı iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MTK tərəfindən tikilmiş, binanın elektrik enerjisi ilə təchiz edilməsi ilə bağlı texniki şərtlər və elektrik sayğac kompektləri (uçot nöqtələri və s.) MTK-nın adına qeydə alınmışdır. Həmin yaşayış binasının idarə edilməsi və binada kommunal xidmətlər göstərilməsi İddiaçı MMMC tərəfindən həyata keçirilir. Hazırda iddiaçı 816242M921721 nömrəli sayğac komplektinin 0 **********0003 nömrəli uçot nöqtəsinin MTK-nın adından çıxarılaraq öz adına rəsmiləşdirilməsinin, MMMC-yə ayrıca abonent kodu verilməsinin və elektrik enerjisinin alqı-satqısı ilə bağlı müqavilə bağlamaq öhdəliyinin cavabdeh "xxxx" ASC-yə həvalə edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı MMMC "xxxx" MTK mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yerləşən yaşayış binasında İddiaçı MMMC tərəfindən kommunal xidmətlər (lift, su, elektrik enerjisi təchizatı və s.) üçün elektrik enerjisi haqqının ödənildiyi və faktiki olaraq İddiaçı MMMC tərəfindən idarə olunan və istifadəsində olan 816242M921721 nömrəli sayğac komplektinin və 0 **********0003 nömrəli uçot nöqtəsinin "xxxx" MTK-nın adından çıxarılaraq İddiaçı MMMC-nin adına rəsmiləşdirilməsinin "xxxx" ASC-yə həvalə edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında "xxxx" MTK tərəfindən 6 blokdan ibarət hündürmərtəbəli yaşayış binası inşa edilmişdir. Bina üçün elektrik enerjisi qidalanmasına xx.xx.2007-ci il tarixdə TX-11- 0364 saylı texniki şərt verilmişdir. Verilmiş texniki şərtə əsasən binanın yaxınlığında 6/04 kv-lıq yarımstansiya quraşdırılıb istismara verilmişdir. Bina üçün yarımstansiyanın 0,4 kvlıq paylayıcı quruluşda 13 ədəd sayğac uçot komplekti istismardadır və hesabat həmin sayğaclarla aparılır. Bu sayğac komplektindən 816242M921721 nömrəli sayğacla İddiaçı MMMC-yə xidmət göstərilir. Qanunvericiliyin tələbinə əsasən inşası başa çatmış bütün yaşayış binalarının idarə edilməsi üçün mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılmalıdır. Bu tələbə əsasən mənzil mülkiyyətçiləri tərəfindən xx.xx.2022-ci il tarixində İddiaçı MMMC yaradılmışdır və həmin tarixdə Cəmiyyətin Nizamnaməsi Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Binanı elektrik enerjisi ilə təmin edən yarımstansiyada quraşdırılan 13 sayğac komplektində 1 ədəd sayğac komplekti binada ümumi istifadədə olan sahələr və avadanlıqların elektrik enerjisi ilə təmin edilməsi üçün İddiaçı MMMC-yə xidmət edir. Lakin MMMC-nin məlumatı olmadan "xxxx" MTK ilə "xxxx" ASC arasında uçot aparılır və külli miqdarda borc yaranmışdır ki, bu da onların işlərinə mənfi təsir göstərir. Belə ki, elektrik enerjisi təchizatı "xxxx" ASC tərəfindən tez-tez dayandırılır və nəticədə bina sakinlərinə göstərilən kommunal xidmətləri (lift, su, elektrik enerjisi təchizatı və s.) məhdudlaşdırılır. Bu da binada yaşayan 330 mənzil mülkiyyətçilərinin haqlı narazılıqlarına səbəb olur. Bina üçün elektrik enerjisinin haqqı İddiaçı MMMC-nin vəsaiti hesabına ödənilir. Həmin sayğacın uçot nöqtəsi 0 **********0003, sayğacın nömrəsi isə 816242M921721-dir. "xxxx" ASC tərəfindən şifahi olaraq MMMC-yə bildirilmişdir ki, yaşayış binasını elektrik enerjisi ilə qidalandıran sayğacların İddiaçı MMMC-nin adına rəsmiləşdirilməsi ilə əlaqədar “ASAN Kommunal” mərkəzlərinə müraciət edilməlidir. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə 2 saylı Bakı “ASAN Kommunal” mərkəzinə müraciət edildikdə isə iddiaçıya bildirilmişdir ki, “ASAN Kommunal” mərkəzlərində yalnız yeni texniki şərt verilir. Lakin iddiaçı bununla razı olmamış və xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-yə rəsmi qaydada müraciət etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MTK iddia ərizəsinə dair mülahizə təqdim edərək, tələbdə qeyd edilən sayğac komplektinin və uçot nöqtəsinin MTK-nın adından çıxarılaraq iddiaçı MMMC-nin adına rəsmiləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Eyni zamanda İddiaçı MMMC iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yerləşən yaşayış binasında İddiaçı MMMC tərəfindən kommunal xidmətlər (lift, su, elektrik enerjisi təchizatı və s.) üçün elektrik enerjisi haqqının ödənildiyi və faktiki olaraq İddiaçı MMMC tərəfindən idarə olunan və istifadəsində olan 816242M921721 nömrəli sayğac komplektinin 0 **********0003 nömrəli uçot nöqtəsinin "xxxx" MTK-nın adından çıxarılaraq İddiaçı MMMC-nin adına rəsmiləşdirilməsinin, İddiaçı MMMC-yə ayrıca abonent kodu verilməsinin və elektrik enerjisinin alqı-satqısı ilə bağlı müqavilə bağlamaq öhdəliyinin "xxxx" ASC-yə həvalə edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli, e-2(006)- 1013/2025 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı MMMC ilə elektrik enerjisinin alqı-satqı müqaviləsinin bağlanması və "xxxx" MMMC-yə abonent kodu verilməsi öhdəliyinin cavabdeh "xxxx" ASC-yə həvalə edilməsi və iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun 80 (səksən) manat hissəsinin cavabdeh "xxxx" ASC-dən alınaraq İddiaçı MMMC-yə verilməsi, qalan hissəsinin İddiaçı MMMC-yə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı 816242M921721 nömrəli sayğac komplektinin 0 **********0003 nömrəli uçot nöqtəsinin faktiki olaraq öz istifadəsində və idarəçiliyində olduğunu, lakin üçüncü şəxsin adına qeydiyyatda qalmasının problemlər yaratdığını bildirsə də, məhkəmə araşdırmaları zamanı cavabdeh tərəfindən təqdim edilmiş saldolardan həmin uçot nöqtəsinin iddiaçının adına qeydiyyata alınması müəyyən edilmişdir. İddiaçı qeyd olunan uçot nöqtəsinin öz adına olmadığını iddia etsə də, buna dair heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı üçüncü şəxs yazılı mülahizə təqdim edərək, uçot nöqtəsinin öz adından çıxarılaraq iddiaçının adına rəsmiləşdirilməsinə etiraz etmədiyini bildirmiş, cavabdeh isə uçot nöqtəsinin iddiaçının adına qeydə alındığını, üçüncü şəxsin elektrik enerjisi sərfiyyatı ilə bağlı mövcud borcunun ödənildikdən sonra iddiaçı ilə müqavilə bağlamaq və onun adına abonent kodu verilməsinə maneə qalmayacağını qeyd etmişdir. Məhkəmə araşdırmaları zamanı iddiaçı üçüncü şəxsin elektrik enerjisi sərfiyyatı ilə bağlı borcunu ödəməyə razı olması və buna təminat verməsi ilə bağlı yazılı sənədi məhkəməyə təqdim etmişdir. Məhkəmə iddia tələbinin “Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yerləşən yaşayış binasında İddiaçı MMMC tərəfindən kommunal xidmətlər (lift, su, elektrik enerjisi təchizatı və s.) üçün elektrik enerjisi haqqının ödənildiyi və faktiki olaraq İddiaçı MMMC tərəfindən idarə olunan və istifadəsində olan 816242M921721 nömrəli sayğac komplektinin 0 **********0003 nömrəli uçot nöqtəsinin "xxxx" MTK-nın adından çıxarılaraq İddiaçı MMMC-nin adına rəsmiləşdirilməsinin "xxxx" ASC-yə həvalə edilməsi” hissəsi ilə əlaqədar hesab etmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən sözügedən uçot nöqtəsinin iddiaçının adına qeydə alınması müəyyən edildiyindən və iddiaçının uçot nöqtəsinin öz adına qeydə alınmaması barədə dəlili heç bir mötəbər sübutla öz təsdiqini tapmadığından, tələbin bu hissəsi təmin edilməməlidir. İddia tələbinin “iddiaçıya ayrıca abonent kodu verilməsinin və elektrik enerjisinin alqı- satqısı ilə bağlı müqavilə bağlamaq öhdəliyinin cavabdeh "xxxx" ASC-yə həvalə edilməsi” hissəsi ilə bağlı isə məhkəmə hesab etmişdir ki, iş materiallarında olan sənədlər əsasında müvafiq ünvandakı yaşayış binasının idarə edilməsinin və kommunal xidmətlərin göstərilməsinin təmin edilməsinin iddiaçı tərəfindən həyata keçirilməsi müəyyən edildiyindən, iddiaçı bu tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, iddiaçı müvafiq binanı idarə edən təşkilat olduğundan, onun hazırkı tələbə subyektiv hüququ vardır. Cavabdeh isə elektrik enerjisinin alqı-satqısı ilə bağlı sahədə təbii inhisar subyekti olduğuna və istehlakçı ilə müqavilə bağlamaq, ona abonent kodu vermək hüququ iddiaçıya məxsus olduğuna görə, qeyd olunan öhdəliklərin cavabdehə həvalə edilməsi məqsədə müvafiqdir. Belə ki, cavabdehin etirazını doğuran hal eyni ünvan üzrə üçüncü şəxsin adına qeydə alınmış abonent kodundakı mövcud borcun ödənilməsi ilə bağlı olsa da, iddiaçı yazılı ərizə təqdim edərək, həmin borcu öz üzərinə götürdüyünü və ödəməyə təminat verdiyini bildirmişdir. Deməli, cavabdehin iddiaçı ilə müqavilə bağlamaqdan və ona abonent kodu verməkdən imtina etməsi üçün heç bir əsas mövcud deyildir. Üçüncü şəxs də iddia tələbinə dair heç bir etiraz irəli sürməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə təmin edilməli, İddiaçı MMMC ilə elektrik enerjisinin alqı-satqı müqaviləsinin bağlanması və "xxxx" MMMC-yə abonent kodu verilməsi öhdəliyi cavabdeh "xxxx" ASC-yə həvalə edilməlidir. Cavabdeh elektrik enerjisinin alqı-satqısı ilə bağlı sahədə təbii inhisar subyekti olduğuna görə məhkəmə hesab etmişdir ki, bu tələbin təmin edilməsi mülki qanunvericiliyin müqavilələr azadlığı, tərəflərin iradə sərbəstliyi prinsiplərinin pozulması və ya qarşı tərəfi müqavilə bağlamağa məcbur etmək kimi şərh edilməməlidir. Çünki hazırkı iş üzrə iddiaçının hüququnun pozulması təsdiq olunur, belə olan halda isə cavabdehin üzərinə öhdəlik qoyulması ilə bağlı hazırkı tələbin təmin edilməsi zərurəti meydana gəlir. Qətnamədən narazı qalan cavabdeh "xxxx" ASC tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh "xxxx" ASC ilə elektrik enerjisinin alqı-satqı müqaviləsinin bağlanması üçün ilkin olaraq “ASAN Kommunal” mərkəzinə müraciət etməmiş, həmçinin binanı inşa edən "xxxx" MTK-dan binaya dair texniki avadanlıqların o cümlədən transformatorların və sayğacların təhviltəslim edilməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir. Yuxarıda göstərilən bu və digər hallar bir daha onu deməyə əsas verir ki, məhkəmə aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, həmçinin bütün sübutların məcmusu üzrə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından sübutların qiymətləndirməsini düzgün aparmamış və bu hal öz növbəsində əsassız qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəf məhkəmə kollegiyasının iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin – iddia tələbinin təmin edilən hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 400.1. Əgər müqavilə tərəflərindən biri bazarda üstün mövqe tutursa, o, fəaliyyətin bu sahəsində kontragentlə müqavilə bağlamaqdan əsassız imtina etməməli, habelə kontragentə qeyri-bərabər şərtlərini təklif etməməlidir. Mənzil Məcəlləsi: 122.1 və 122.1.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin aşağıdakı hüquqları vardır: qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq. 137.5. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. 141.1. Çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları” 1.3-cü bənd. Enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarında olan İddiaçı MMMC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 105 nömrəli məktubdan görünür ki, iddiaçı müvafiq uçot nöqtələrinin və sayğac komplektlərinin elektrik enerjisinin hesabatının üçüncü şəxsin adından çıxarılaraq öz adına keçirilməsinə köməklik göstərilməsini xahiş etmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, uçot nöqtəsində ad dəyişikliyi edilməsi və ya yeni abunə kodunun açılması “ASAN Kommunal” mərkəzləri vasitəsilə həyata keçirildiyindən, tələb olunan müvafiq sənədlərlə mərkəzə müraciət edilməsi tövsiyə olunmuşdur. "xxxx" MTK tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 26/1 nömrəli məktubdan görünür ki, MTK müvafiq sayğac komplekti və uçot nöqtəsinin öz adından çıxarılaraq iddiaçının adına rəsmiləşdirilməsinə etiraz etməmişdir. "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il və sonrakı tarixli saldolarda bəzi sayğac və uçot nöqtələrinin qarşısında üçüncü şəxsin adı qeyd olunsa da, 816242M921721 nömrəli sayğac kompektinin və 0 **********0003 nömrəli uçot nöqtəsinin qarşısında iddiaçının adı qeyd olunmuşdur. İddiaçı MMMC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 11 nömrəli məktubdan görünür ki, iddiaçı "xxxx" MTK-nın "xxxx" ASC-yə (ötürülməyə əsasən) 47.454,10 manat məbləğində borc öhdəliyini öz üzərinə götürdüyünü və həmin borcun ödənilməsinə təminat verdiyini bildirmişdir. "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məlumatdan görünür ki, "xxxx" MTK-ya məxsus 07/1-28 kodu altında fəaliyyət göstərən 9 ədəd baş sayğac və uçot nöqtəsi vardır. Bu sayğaclardan 816242 nömrəli sayğac İddiaçı MMMC kimi qeyd olunmuşdur. İddiaçı MMMC-nin 0 **********0003 nömrəli uçot nöqtəsi "xxxx" MTK-nın kodu (07/1-28) altında olduğu, sərbəst kod və uçot nöqtəsi olmadığından, ayrıca borcunu əks etdirməyin mümkün olmadığı, "xxxx" MTK-nın enerji sərfiyyatı üzrə borcunun 47.454,10 manat olduğu bildirilmişdir. İş materiallarında, həmçinin, MMMC-nin nizamnaməsi, nizamnaməyə dəyişiklik edilməsinə dair sənəd, qeyri-kommersiya qurumlarının dövlət reyestrindən çıxarış, "xxxx" MMC ilə iddiaçı arasında elektrik şitləri, kabellər və s. avadanlıq və materialların təhvil-təslim edilməsinə dair xx.xx.2022-ci il tarixdə tərtib edilmiş akt, "xxxx" MTK-nın adına texniki şərt verilməsi ilə bağlı sənədlər, sərəncam, "xxxx" MTK ilə cavabdeh tərəfindən tərtib edilmiş elektrik enerjisindən istifadəyə görə xx.xx.2025-ci il tarixli üzləşmə aktı da vardır. İşin faktiki hallarından göründüyü kimi Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yerləşən yaşayış binası müvafiq sərəncam əsasında hazırkı iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MTK tərəfindən tikilmiş, binanın elektrik enerjisi ilə təchiz edilməsi ilə bağlı texniki şərtlər və elektrik sayğac kompektləri (uçot nöqtələri və s.) MTK-nın adına qeydə alınmışdır və elektrik enerjisinin hesablanması ilə bağlı müvafiq avadanlıqlar təhvil təslim aktına əsasən MMC-yə verilmişdir. Həmçinin iş materiallarında olan sənədlər əsasında müvafiq ünvandakı yaşayış binasının idarə edilməsinin və kommunal xidmətlərin göstərilməsinin təmin edilməsinin iddiaçı tərəfindən həyata keçirilməsi müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı müvafiq binanı idarə edən təşkilat olduğundan, onun hazırkı tələblə çıxış etməyə subyektiv hüququ mövcud olmuşdur. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, cavabdeh elektrik enerjisinin alqı-satqısı ilə bağlı sahədə təbii inhisar subyekti olduğuna və istehlakçı ilə müqavilə bağlamaq, ona abonent kodu vermək hüququ iddiaçıya məxsus olduğuna görə, qeyd olunan öhdəliklərin cavabdehə həvalə edilməsi məqsədə müvafiqdir. Bundan başqa birinci instansiya məhkəməsi baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı yazılı ərizə təqdim edərək, abonent kodundakı mövcud borcu öz üzərinə götürdüyünü və ödəməyə təminat verdiyini bildirmişdir. Deməli, cavabdehin iddiaçı ilə müqavilə bağlamaqdan və ona abonent kodu verməkdən imtina etməsi üçün heç bir əsas mövcud deyildir. Eyni zamanda üçüncü şəxs də iddia tələbinə dair heç bir etiraz irəli sürməmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, cavabdeh elektrik enerjisinin alqı-satqısı ilə bağlı sahədə təbii inhisar subyekti olduğuna görə bu tələbin təmin edilməsi mülki qanunvericiliyin müqavilələr azadlığı, tərəflərin iradə sərbəstliyi prinsiplərinin pozulması və ya qarşı tərəfi müqavilə bağlamağa məcbur etmək kimi şərh edilməməlidir. Çünki hazırkı iş üzrə iddiaçının hüququnun pozulması təsdiq olunur. Belə olan halda isə cavabdehin üzərinə öhdəlik qoyulması ilə bağlı hazırkı tələbin təmin edilməsi zərurəti meydana gəlir. Apellyasiya şikayətində isə cavabdeh iddiaçının ilkin olaraq “ASAN Kommunal” mərkəzinə müraciət etməsini, həmçinin binanı inşa edən "xxxx" MTK-dan binaya dair texniki avadanlıqların o cümlədən transformatorların və sayğacların təhvil-təslim edilməsi barədə sübutları məhkəməyə təqdim etməli olmasını bildirsə də, işin sadalanan halları ilə müəyyən edilmişdir ki, apellyasiya şikayətinin bu 2 dəlili tam əsasız olmuşdur. Belə ki, yuxarıda qeyd edildiyi kimi MMC tərəfindən "xxxx" ASC-yə müraciət olunmuş, həmçinin sayğac, transformator, eləcə də digər avadanlıqların (kabellər, şitlər və s.) təhvil verilməsi barədə akt tərtib edilmişdir. Bununla da Məhkəmə Kollegiyası hesab edir ki, işin faktiki halları ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmamışdır. Beləliklə də, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Həmçinin apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli, e-2(006)- 1013/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar