Məhkəmə qərarları › İş №2(103)-3376/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3376/2024

07.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3376/2024 07.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Leyla Məmmədovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma və həmin sahənin təhvil verilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(007)-467/2024 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, cavabdeh ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılsın və həmin sahə iddiaçıya təhvil verilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsaslı oduğunu bildirdi. Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 82F ünvanında yerləşən, ümumi sahəsi 590,6 olan qeyri-yaşayış sahəsi X1 (iddiaçının arvadının əmisinin) mülkiyyətində olub. Mülkiyyətçi xx.xx.2022ci ildə ölub. O, sağlığında - xx.xx.2017-ci il tarixdə həmin qeyri-yaşayış sahəsinin 63 kv.m hissəsinə dair cavabdehlə icarə müqaviləsi bağlayıb. Müqavilədə icarə müddəti xx.xx.2025-ci ilədək müəyyən edilib. Daha sonra icarə müqaviləsi dəyişdirilərək icarə müddəti xx.xx.2030-cu ilədək müəyyən edilib. Mülkiyyətçi öldükdən sonra qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ iddiaçıya keçib, onun mülkiyyət hüququ xx.xx.2022-ci ildə dövlət reyestrində qeydə alınıb. Qeyri-yaşayış sahəsinin mülkiyyətçisinin dəyişməsi icarə münasibətinin xitamına səbəb olmur, icarə münasibətində hüquq varisliyi baş verir, yəni ölmüş mülkiyyətçini yeni mülkiyyətçi əvəz edir və o, icarəyəverən sayılır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2-ci maddəsinə görə, icarəçinin (cavabdehin) qeyri-yaşayış sahəsindən istifadə hüququ əmlak hüququ sayılır. Bu Məcəllənin 158.3-cü maddəsinə görə isə əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Yeni mülkiyyətçi (iddiaçı) qeyri-yaşayış sahəsinin icarədə olduğunu bilib, çünki icarə müqaviləsini əvvəlki mülkiyyətçinin etibarnamə əsasında nümayəndəsi kimi özü imzalayıb. Əgər iddiaçı icarə müddəti bitmədən cavabdehi qeyri-yaşayış sahəsindən çıxarmaq istəyirsə, qanunvericilikdə müəyyən edilmiş qaydada icarə müqaviləsinin ləğvini tələb etməlidir. İcarə müqaviləsi ləğv edilmədən cavabdeh sahədən çıxarıla bilməz, çünki bu hal onun əmlak hüququnun pozulması sayılacaq. Mülki Məcəllənin 158.4-cü maddəsinə görə, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlib. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(007)-467/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar