Məhkəmə qərarları › İş №2(103)-3382/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3382/2022

25.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3382/2022 25.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, cavabdehdən öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar dəyən maddi zayana görə 39750 manat, mənəvi ziyana görə ******* manat pul məbləğinin onun xeyrinə tutulması, məhkəmə qaydasında mənəvi ziyan üçün tutulacaq pul məbləğinin ödənilməsinin gecikdirilməsi üçün həmin məbləğdən onun xeyrinə dəbbə pulun (faizlərin) tutulması, kompensasiyaların hesablamalarını beynəlxalq ədalət mühakiməsi sistemində aparılan elmi-praktiki qaydalar əsasında həyata keçirilməsi, cavabdehdən hazırki iddia ərizəsinin, əlavə edilən sənədlər nəzərə alınmaqla, hazırlanması ilə bağlı xərclərinin əvəzinin ödənilməsi üçün 9 (doqquz) manat pul məbləğinin və gələcəkdə məhkəməyə təqdim edəcəyi digər zəruri xərclər üzrə məbləğlərin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ü.Yusifova, iş №2(007)-3174/21) iddia rədd edilmişdir. İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, hazırkı iş üzrə iddia ərizəsi istehlakçı hüquqularının müdafiəsi haqqında tələb kimi iddiaçının yaşadığı yer üzrə Nizami Rayon Məhkəməsinə verilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının tələbi istehlakçı hüquqlarının müdafiəsi ilə əlaqədar yaranmış tələb deyildir. Belə ki, iş materiallarından, iddia tələbindən də aydın görünür ki, tərəflər arasında istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı məhkəmə mübahisəsi yekunlaşmış, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.09.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh maddi ziyana görə 200 manat, mənəvi ziyana görə 100 manat, cəmi 300 manatın alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Qətnamə qüvvəyə minmiş və icraya yönəldilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qanuni qüvvəyə minmiş qətnamə icraya yönəldikdən və icra məmuru tərəfindən icraata qəbul edildikdən sonra tərəflər arasında münasibətlər yeni mərhələyə keçmişdir. Belə ki, tərəflər arasındakı yeni münasibətlər “tələbkar” – “borclu” münasibətlərinə çevrilmişdir və bu münasibətlərdən yaranan mübahisələrə dair iddia ərizələri ümumi qaydada verilməlidir. Hazırda iddiaçı 300 manat pul tutulması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin cavabdeh tərəfindən icra olunmaması nəticəsində məruz qaldığı zərərin əvəzinin ödənilməsini tələb etmiş və müvafiq iddia ərizəsi ilə yaşadığı yer üzrə məhkəməyə Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir (maddə 35.1). İstehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər (maddə 36.9). Prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, iddia ərizəsi bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Bununla yanaşı, qanun iddiaçının seçimindən asılı olaraq istehlakçının hüququnun müdafiəsi haqqında iddiaların iddiaçının yaşadığı yerə görə verilməsinin mümkünlüyünü də nəzərdə tutmuşdur. Baxılan iş üzrə iddiaçı tələbin istehlakçının hüququnun müdafiəsi ilə əlaqədar olduğuna istinad edərək yaşadığı yer üzrə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Halbuki, iddiaçının hazırkı tələbi qətnamənin cavabdeh tərəfindən icra olunmaması nəticəsində məruz qaldığı zərərin əvəzinin ödənilməsi ilə bağlıdır ki, bu tələbə də cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsində baxılmalıdır. Birinci instansiya məhkəməsi isə qeyd edilən tələbi icraatına qəbul edərək baxmaqda haqlı olmamışdır. İşdə olan sənədlərdən görünür ki, Cavabdeh Tanrıverdi oğlu Bakı şəhəri, Binəqədi rayonu ərazisində rəsmi qeydiyyatdadır və qnuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası da həmin rayonun icra şöbəsində həyata keçirilir. Göründüyü kimi, iddiaçı hazırkı iddia ərizəsi ilə cavabdehin rəsmi qeydiyyatda olduğu yer üzrə məhkəməyə müraciət etməmiş, iddia ərizəsi icraata qəbul edilərkən ərazi aidiyyəti qaydalarına əməl olunmamışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, qətnamə ləğv olunmalı və mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 44, 45, 384.0.4, 385.1.1, 402-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. Mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar