Məhkəmə qərarları › İş №2(103)-3386/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3386/2025

29.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3386/2025 29.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1745/2025 saylı, 11 mart 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 470 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1745/2025 saylı, 11 mart 2025-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardaddan iddiaçı şikayət verərək, onun ləğv edilməsini, işin məhkəmə icraatına qəbul edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, hazırda iş üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi faktiki olaraq, Xəzər rayonun ərazisində yerləşməkdədir. Bu səbəbdən işə müvafiq rayon məhkəməsində baxılmalıdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1745/2025 saylı, xx.xx.2025-ci il tarixli saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilərək qərardad ləğv edilməli və iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinin həlli üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən öz mövqeyini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi özü-özlüyündə dövlət orqanı deyildir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəsmi qeydiyyat ünvanı isə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 2 ünvanıdır. Göründüyü kimi, cavabdeh dövlət orqanıdır və hüquqi ünvanı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə yerləşmir. Bu səbəbdən də, cavabdehin hüquqi ünvanı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə yerləşmədiyindən, iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılmalı deyildir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq ilk növbədə qeyd edir ki, AR Nazirlər Kabinetinin “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında” xx.xx.2007-ci il tarixli Qərarının 21.1.2.1-ci maddəsinə görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi inzibati orqan kimi təsnifata daxil edilmişdir. Bundan əlavə cavabdeh inzibati orqan olmaqla iddiaçının iddia tələbindən görünür ki, iddiaçının tələbi inzibati orqan tərəfindən hüquqlarının pozulmasının aradan qaldırılması ilə bağlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmçinin həmin Məcəllənin 2.2-ci maddəsində inzibati məhkəmələrin baxdığı iddiaların dairəsi qeyd edilmişdir. Belə ki, 2.2.7-ci maddəyə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmələrdə baxılır. Bu isə o deməkdir ki, cavabdeh inzibati orqan olmaqla ona qarşı qaldırılmış hazırki iddia mahiyyəti üzrə həmin orqanın hərəkəti nəticəsində iddiaçıya dəymiş zərərin ödənilməsi ilə bağlıdır və bu halda həmin orqanın yerləşdiyi ünvanın hansı rayonda olmasından asılı olmayaraq, iddianın mümkünlüyünə ərazi aidiyyatı üzrə deyil, məhkəmə aidiyyatına dair normalara əsasən qiymət verilməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddia ərizəsini qeyd edilən əsasla geri qaytarmaqda haqlı olmamışdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 395, 397, 398.0.2 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qərara aldı: Şikayət təmin olunsun. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1745/2025 saylı, 11 mart 2025-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş, iddia ərizəsi üzrə məhkəmə icraatının başlanılmasının mümkünlüyü məsələsinin həlli üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar