Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3387/2021 31.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Elşən Cələddin oğlu Kazımov və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-111/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə dair mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin yaşadığı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 57 ünvanında yerləşən 22 saylı mənzildən su sızması nəticəsində ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 57 ünvanında yerləşən 19 saylı mənzilə dəymiş maddi ziyana görə 4000 manatın, mənəvi ziyana görə 3000 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 57, 19 saylı mənzilin mülkiyyətçisidir. Yuxarı mərtəbədə yerləşən 22 saylı mənzildə isə Cavabdeh yaşayır. 2015-ci ildən bu evə köçəndən cavabdeh onun mənzilinə günlərlə su axıdır. Nəticədə qonaq otağı, dəhliz, mətbəx, hamam daxil olmaqla mənzilin böyük bir hissəsinə xeyli ziyan dəymiş, içərisində olan avadanlıqlar və mebel yararsız hala düşmüşdür. Artıq bir dəfə mənzili təmir etməklə yanaşı cavabdehin də balkonunu öz vəsaiti hesabına təmir etdirmişdir ki, su axmasın. Bir müddət su axıntısı olmasa da, çox vaxt keçmədən yenidən axmağa başladı. Səbəbin nə olduğunu araşdırmaq üçün bir neçə dəfə baxmağı xahiş etsə də, mənzilə daxil olmağa icazə verməmişlər. Dəfələrlə cavabdehə onun mənzilindən su axıdılması ilə bağlı iradlarını bildirsə də, bir dəfə də olsun üzr istəməmiş və bununla bağlı heç bir tədbir görməmişdir. Axıdılan suya görə mətbəxi nəm çəkib, kif basdığından mətbəxdə yemək bişirmək mümkün deyil. Ona görə qazı işlədə bilmir. Əvəzində neçə ildir ki, elektrik plitədən istifadə etmək məcburiyyətindədir. Bu səbəbdən də elektrik enerjisinə də xeyli xərc çəkmişdir. Ürəyindən və bronxlarından müalicə alır. Anası isə ödündən və qara ciyərindən ağır əməliyyat keçirmiş 64 yaşlı ürək və təzyiq xəstəsidir. Atası rəhmətə gedəndən sonra maliyyə vəziyyəti pisləşidiyindən yenidən təmirə xərcləməyə pulu yoxdur. Su axıntısı ilə bağlı yerli MKİS-ə də müraciət olunub və xx.xx.2019-ciil tarixdə akt tərtib edilmişdir və cavabdeh bu barədə xəbərdardır. Suyun axıdılması nəticəsində mənzilinə xeyli maddi ziyan vurulmaqdadır. Su elektrik naqillərin üzərinə axır, qısaqapanma baş vermiş və nəticədə patron sıradan çıxmışdır. Ancaq cavabdeh buna heç bir məhəl qoymur və qanunsuzluğunun qarşısını almır. Mənzilin yararsız hala düşmüş hissələrinin bərpa edilməsi üçün təxminən 4000 manat məbləğində vəsait tələb edilir. Eyni zamanda cavabdehin su qovşağının da təmirə ehtiyacı var ki, bu vəzifə də onun üzərinə qoyulmalıdır. Bundan başqa, cavabdehin qanunsuz hərəkətləri ilə ona və valideylərinə vurulmuş mənəvi ziyanın (fiziki və mənəvi iztirablar) ödənilməsini tələb edir. Dəymiş ziyanla bağlı məhkəmə onun fərdi xüsusiyyətləri ilə əlaqədər fıziki və mənəvi əzablar dərəcəsıni də nəzərə almalıdır. Bir halda ki, cavabdehin təqsiri üzündən mənzilin yararsız hala düşmüş hissələrinin istifadə etdikdə mənəvi əzablar çəkdiyi üçün, həmçinin cavabdehin üzərinə qiymətləndirdiyi 3000 manat dəyərində mənəvi ziyan kompensasiyası düşür. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-111/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh dəymiş maddi zərərə görə 2056 (iki min əlli altı) manat və ödənilmiş dövlət rüsumunun 15 (on beş) manat hissəsi tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, iddia tələbində cavabdeh düzgün qoyulmamışdır. Məhkəmə isə prosessual hüquq normasını pozaraq, əsassız olaraq iddianı icraata götürmüş və cavabdehdən pul tutulmuşdur. Beləki, iş materiallarında da qeyd edilir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 57 ünvanında yerləşən 22 saylı mənzil cavabdehin deyil, mənzil X1 xüsusi mülkiyyətindədir. Cavabdeh hesab edir ki, iddia tələbində cavabdeh o deyil, X4 olmalı və ziyan varsa, ondan tələb olunmalıdır. İkincisi, hətta cavabdeh məhkəmə prosesində onun həmin mənzildə müvəqqəti qaldığını və bununda səbəbinin əsl cavabdeh olmalı olan şəxs X1 onun mənzilinə qanunsuz sahib çıxmaması səbəbindən həmin mənzildə müvəqqəti qalmış və həmin mənzil üzrə heç bir öhdəlik (hətta yaşadığı dövrdə təmir işləri aparmaq öhdəliyi) götürməmişdir. Bunu cavabdeh məhkəmə dövründə də bildirib və hazırda məhkəmə qərarı ilə öz mənzilinə köçürülməyi barədə artıq qətnamədə olduğunu da bildirdi. Məhkəmə isə buna ümumiyyətlə toxunmamış və araşdıraraq qiymət qoymamışdır. Üçüncüsü, məhkəmə işin araşdırılması üçün məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. Ekspertiza əməkdaşı isə cavabdehin mənzilinə baxış keçirmədən, sızmanın və hadisəyə səbəb ola biləcək suyun hardan axmasını və səbəbini müəyyən etmədən yalnız MKİS-nin aktına əsasən rəy tərtib edərək məhkəməyə göndərmişdir. Məhkəmə isə bunada qiymət vermədən rəydə yazılmış təmir bərpaya çəkilə biləcək məbləğin ondan tutulması qənaətinə gəlmişdir ki, bu hissədə də qətnamə əsassızdır və ona münasibətdə iddia tələbi tam olaraq rədd edilməlidir. Birinci instansiya məhkəməsi isə mübahisə edilən mənzilin ümumiyyətlə mülkiyyətçisinin kim olmasını müəyyən etməmiş, onu işə cəlb etmədən qanunsuz olaraq əsassız qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etdi və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığınımübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-111/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 57 ünvanında yerləşən 19 saylı mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2316 nömrəli kitabının, 215593 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon 85 saylı Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, İddiaçı ərizəsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 57 ünvanında yerləşən 22 saylı mənzilə baxış keçirilərkən məlum olmuşdur ki, həmin mənzil X3 məxsusdur və mənziildə Cavabdeh yaşayır. Mənzilin su və kanalizasiya xətlərində olan nasazlıqlar nəticəsində 19 saylı mənzilə su axmış və nəticədə iddiaçının mənzilinə maddi ziyan dəyməsi müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun məzmunundan müəyyən olunur ki, iddiaçının mənzilinin su basması ilə bağlı ərizəsinin araşdırılması zamanı məsələnin mülki xarakterli olması ilə əlaqədar ərizəçiyə mülki qaydada məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara görə birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur. Kollegiya iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülkidövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (MM-nin 21.2-ci maddəsi). Göründüyü kimi MM-nin 21-ci maddəsi ümumi normakimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ,delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzininödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərhedilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər social və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyriəmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və yazərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-nin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-nin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyükimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkətvə yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Kollegiya hesab edir ki, iddiaçının ona vurulmuş maddi zərərlə bağlı irəli sürdüyü halların məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdiyi qənaətinə gəlmək mümkündür və iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Kollegiya apellyatorun onun cavabdeh olmaması, mənzil mülkiyyətçisi olan X4 olması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, mənzildə mülkiyyətçi deyil, hazırki iş üzrə cavabdeh yaşadığından, zərər də onun tərəfindən yetirilmişdir. Belə ki, MM-nin 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, cavabdehin yaşadığı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 57 ünvanında yerləşən 22 saylı mənzildən iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 57 ünvanında yerləşən 19 saylı mənzilə su sızması nəticəsində iddiaçının mənzilinə maddi ziyan vurulmuşdur. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsaslanaraq kollegiya hesab edir ki, cavabdeh törətdiyi mülki hüquq pozuntusuna (deliktə) görə iddiaçının qarşısında mülki məsuliyyət daşıyır və iddiaçı ona dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Dəymiş zərərin həcmi və məbləğinin müəyyən edilməsinə dair kollegiya qeyd edir ki, bu məsələ iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası rəyinə uyğun həll edilməli və rəydə göstərilən zərərin həcmi və məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Belə ki, mübahisənin mahiyyəti üzrə düzgün həll olunması məqsədilə iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının nəticəsi üzrə qəbul olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, 19314 saylı ekspertiza rəyinə əsasən aparılmış tədqiqatla, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 57 ünvanında yerfəşən 19 saylı mənzilin yuxarıda göstərilən tikililərinin konstruktiv elementlərinin (divar, tavan. döşəmə və s.) üzərində müxtəlif həcmdə qüsurların mövcudluğunu və həmin qüsürtarın su sızmaya aid oiduğu müəyyən edilmişdir. Mənzillərin planlı yerləşməsini, 19 saylı mənzilin üst mərtəbəsində 22 saylı mənzilin yeriəşdiyini və tərtib olunmuş aktın göstəricilərini nəzərə alaraq 19 saylı mənzilə 22 saylı mənzildən su axıdıldığı, nəticədə yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 2056 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göründüyü kimi, ekspert rəyi ilə cavabdehin yaşadığı mənzildən iddiaçıya məxsus mənzilə su axıdılması halı müəyyən olunmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanunəsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, “dəymiş mənəvi zərərin əvəzi olaraq 3000 manat məbləğində pulun cavabdehdən tutulması” hissəsində iddia tələbi iddiaçı tərəfindən kifayət qədər əsaslandırılmadığından və həmin tələbi təsdiq edən mötəbər sübutlar təqdim edilmədiyindən təmin edilməməlidir. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Mənəvi zərərlə bağlı iddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, nonneganti, incumbitprobation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Həmçinin məhkəmə, məhkəmə xərclərini Prosessual Qanunvericiliyin tələblərinə uyğun düzgün həll etmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)- 111/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Elşən Kazımov Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-3387/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3387/2021
31.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver