Məhkəmə qərarları › İş №2(103)-3391/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3391/2021

26.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3391/2021 26.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı, cavabdeh X1 nümayəndəsi və vəkili X2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci tarixli, 2(001)-4728/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən sürücülük vəsiqəsi almaq üçün 1200 manat, avtomobil almaq üçün 2700 manat, mebel almaq üçün 3000 manat, borc olaraq 2200 manat, torpaq sahəsi almaq üçün 10.000 manat, mənəvi zərərə görə 5000 manat və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 24.130 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci tarixli, 2(001)-4728/2020 nömrəli qətnaməsi ilə Cavabdeh 2700 (iki min yeddi yüz) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh Məhəmməd oğlu ilə qızı X3 xx.xx.2016-cı il tarixdə ailə quraraq nikaha daxil olmuşdurlar. Lakin Cavabdeh dələduzluq xarakterli əməllərlə pulunu mənimsəməsi və ailəsinə qarşı laqeyd münasibəti nəticəsində qızı cavabdehdən boşanmaq qərarına gəlmişdir. Cavabdeh təxminən 2 ildən uzun müddətdir ki, qızından ayrı yaşamaqdadır. Cavabdeh qızı ilə evli olduğu vaxtda isə cavabdeh hər dəfə fərqli bəhanələrlə ondan xeyli miqdarda pullar almışdır. Göründüyü kimi, Cavabdeh Məhəmməd oğlunun qanunsuz əməlləri nəticəsində ona xeyli miqdarda ziyan vurulmuşdur. Binəqədi Rayon Məhkəməsində məhkəmə araşdırması gedən dövrdə cavabdeh tərəfindən iddia tələbinin 2700 manat avtomobil alınması üçün verilən hissəsinə dair etiraf edici xarakterli ərizə verilmişdir. Belə ki, cavabdeh guya həmin pulun da onun tərəfindən hədiyyə kimi ona verildiyini bildirmişdir. Məhkəmə isə yalnızca etiraf edilmiş hissədə iddia ərizəsini təmin etməklə kifayətlənmişdir. Halbuki iddia ərizəsində qeyd etdiyi digər məbləğlərdəki pul da cavabdeh tərəfindən ondan alınmışdır. Cavabdeh isə yalnızca 2700 manatlıq hissəni etiraf etməklə haqlı iddia tələbinin yaradacağı hüquqi məsuliyyətdən yayınmaq məqsədi vardır. Halbuki həmin məbləğdən əlavə Cavabdeh sürücülük vəsiqəsini almaq adı ilə 1200 manat pulu da ondan almışdı. Cavabdeh tərəf isə məhkəmə prosesində sürücülük vəsiqəsi üçün yalnızca imtahan puluna 45 manat pul xərclədiyini bildirmişdir. Bu isə heç bir halda ondan sürücülük vəsiqəsi almaq adı ilə əsassız məbləğdə pul almasını təkzib etmir. Belə ki, cavabdeh həmin məbləğləri ondan müxtəlif bəhanələrlə almışdır və həmin pullar böyük ehtimalla heç alınma səbəbinə belə uyğun xərcləməmişdir. Cavabdeh bundan əlavə bir dəfə mebel almaq adı ilə 3000, bir dəfə isə borc adı ilə 2200 manat pulunu da mənimsəmişdir. Lakin birinci instansiya məhkəməsi bu kimi xüsusatlara düzgün hüquqi qiymət verməmişdir. Cavabdeh torpaq sahəsi almaq adı ilə də ondan 10.000 manat məbləğində pul da almışdır. Məhkəmə prosesi vaxtı isə cavabdeh bütün bunları inkar etmişdir. Sözügedən torpaq sahəsi onun hazırda yaşadığı sahədir və cavabdeh həmin pulu onu aldadaraq, guya torpaq sahəsini real qiymətindən dəfələrlə baha məbləğə rəsmiləşdirdiyini bildirərək almışdır. Bundan əlavə vurulmuş maddi zərərlərdən əlavə 5000 manat məbləğində qiymətləndirdiyi mənəvi zərərlə bağlı iddia tələbi də məhkəmə tərəfindən təmin edilməmişdir. Halbuki cavabdeh ondan müəyyən məbləğdə pul aldığını etiraf etmişdir. Bu isə ona məxsus pul məbləğlərinin ondan alınmasına və dəfələrlə tələb etməyinə baxmayaraq qaytarılmamasına görə ona ağır mənəvi zərərin vurulmasını da sübuta yetirir. Belə ki, yuxarıda da qeyd etdiyi kimi cavabdeh onun keçmiş kürəkənidir və cavabdehin ailəsində bu kimi xoşagəlməz hallara yol verməsi onu dərin mənəvi əsəb stressləri keçirməyinə səbəb olmuşdur. Birinci instansiya məhkəməsi isə mənəvi zərərlə bağlı iddia tələbinə ümumiyyətlə münasibət bildirməmişdir. Hesab edir ki, ona vurulan mənəvi zərərlə bağlı iddia tələbi də apellyasiya instansiyası tərəfindən tam və hərtərəfli araşdırılaraq təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı bildirdi ki, cavabdehlə barışıq mümkün deyil. Qızı ilə də boşanıblar. Cavabdehin etdiklərini sübut etmək üçün səsyazısını yazmalı olmuşdu. Bu yaşında ona yaraşmır ki, yalan danışsın. Lakin cavabdeh heç bir məhkəmə iclasında iştirak etmir, gəlib özü demir ki, tələb etdiklərini ona verməmişdir. Gəlsin onun üzünə qarşı desin. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi X4 bildirdi ki, cavabdeh maşın almaq üçün verilən pulu etiraf edib. Lakin bu pul ona borc kimi yox, toydan sonra hədiyyə kimi verilib. Cavabdehə bildirdi ki, bu pulu etiraf etsə, qarşı tərəf onu tələb edəcək. Lakin cavabdeh bildirdi ki, həmin pulu aldığını etiraf edir. Cavabdeh məhkəmə iclasına gəlsə də, yazılanları deyəcək. Cavabdehə iddiaçı deyib ki, ailəsi piyada gəzməsin deyə avtomobil alması üçün ona pulu iddiaçı verib. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən qənaətini belə əsaslandırmışdır ki, Cavabdeh avtomobil üçün ona İddiaçı tərəfindən 2700 manat pulun verilməsini, lakin həmin pulun borc kimi deyil toy hədiyyəsi olaraq, maşın almaq üçün verməsi barədə yazılı formada verdiyi izahatını etiraf kimi qiymətləndirir. Belə ki, cavabdeh həmin 2700 manat pul məbləğini iddiaçı tərəfindən ona verilməsini qəbul edir. Lakin cavabdeh həmin pulun ona toy hədiyyəsi olaraq verilməsini sübuta yetirə bilməmiş və buna dair heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Ona görə də iddia tələbi qismən təmin edilməli, 2700 manat pul məbləği Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin qalan hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı Ə. Mikayılov məhkəməyə heç bir sübut təqdim etməməklə, tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər iddianın təmin edilməyən hissəsində qətnamənin ləğvi və iddianın tam təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İddiaçının apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilməməsi hissəsi, (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) şikayətin predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən qətnamə yalnız mübahisələndirilən hissələrdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələbinin təmin edilməyən hissəsinin faktiki əsası (faktiki hallar) tələbin həmin hissələrdə qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, iddiaçı göstərdiyi halları sübut etməlidir. Çünki, iddia üzrə istinad etdikləri halları sübut etmək yükü onun üzərinə düşür. Lakin iddiaçı bu barədə məhkəməyə mötəbər sübut təqdim etməmiş, istinad etdiyi halları sübut edə bilməmişdir. Bu barədə yalnız onun izahatı mövcuddur. İkincisi, maddi və mənəvi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Hazırkı iş üzrə cavabdehin iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməsi yaxud iddiaçının cavabdehin təqsirli hərəkəti yaxud hərəkətsizliyi nəticəsində zərər çəkməsi müəyyən edilməmişdir. İddiaçı cavabdehin ona mənəvi zərər ödəməli olduğunu iddia etsə də, bu barədə onun izahatından başqa işdə hər hansı bir mötəbər sübut mövcud deyildir. Onun izahatı isə işdə olan digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir ki, belə bir sübut da onun tərəfindən təqdim edilməmişdir. Mülki Prosessual Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissələrdə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci tarixli, 2(001)- 4728/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar