Məhkəmə qərarları › İş №2(103)-3391/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3391/2022

31.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3391/2022 31.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh MTK-ya qarşı “qeyri-yaşayış sahəsinə sahiblik, istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə aralarında bağlanmış 16 mart 2009-cu il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş Cavabdeh MTK-nın tikilməkdə olan binasının 1 mərtəbəsində yerləşən 120 kvadrat metr qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması və ondan istifadə etməyə yönəlmiş maneələrin aradan qaldırılması öhdəliyinin cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli qətnaməsi ilə (hakim S.Mehrəliyev, iş № 2(004)- 5944/17) iddia təmin edilmişdir. Qətnamədən hüquq və vəzifələrinə toxunan şəxs X3 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 16 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Kazımov - sədrlik edən və məruzəçi, T.Səmədov və İ.Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər Ə.Nurməmmədov-sədrlik edən və məruzəçi, İ.Xələfov və A.Hüseynov, iş № 2(102)-1036/22) kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandılmışdır ki, bu günə qədər şəxsi vəsaitilə aldığı qeyriyaşayış sahəsinə dair hüquq müəyyənedici sənədlər əldə edə bilməmişdir. Buna görə də onun mülkiyyət hüququ tanınmalıdır. İddiaçı ərizəsinin sonunda mübahisəli 120 kvm qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınmasını və həmin sahədən istifadəsinə yönəlmiş maneələrin aradan qaldırılması öhdəliyinin cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Qətnamə ilə maraqlarına toxunan V.Abıyev apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, Cavabdeh MTK ilə bağladığı 24 yanvar 2013-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində tikilməkdə olan MTK binasının birinci mərtəbəsində yerləşən 135 kvm qeyri-yaşayış sahəsinin pay dəyəri olan 135000 manatı tam ödəmiş və bu barədə ona maliyyə arayışı təqdim olunmuşdur. MTKnın təminatına görə qeyri-yaşayış sahəsini 2 ildən gec olmayaraq ona təhvil verməli idi. Dəfələrlə MTK-ya müraciət edərək, həmin qeyri-yaşayış sahəsinin ona təhvil verilməsini tələb etmişdir. Lakin MTK-nın rəhbərliyi və təmsilçiləri tərəfindən kobudluqla qarşılaşmış və həmin sahənin heç bir əsas olmadan ona təhvil verilməsi ləngidilmişdir. 2017-ci ilin dekabr ayında həmin sahə MTK-nın əşyalarından boşaldılıb ona təhvil verilmiş, bir neçə həftədən sonra ona məlum olmuşdur ki, MTK vəzifəli şəxsləri həbs olunmuşlar. Bundan bir neçə gün sonra isə naməlum şəxslər ona verilmiş sahənin giriş qapısının sındırmış və qıfılı dəyişmişlər. MTK bu barədə onlara heç bir məlumat verməmişdir. Məlum olmuşdur ki, 2017-ci ildə Cavabdeh MTK-nm rəhbərliyi ilə qanunsuz sövdələşməyə gedərək iddiaçı məhkəmədə iddia qaldırmış və qanunsuz qətnamə çıxarılmasına nail olmuşdur. İddiaçının təqdim etdiyi sənədlərin həqiqiliyinə də ciddi şübhələr var, məhkəmə tərəfindən onlar ümumiyyətlə araşdırılmamışdır. Məhkəmə iddiaya baxarkən digər şəxslərin hüquqlarının qorunması və hüquqi müəyyənlik baxımından fərdi müəyyən olunan əşyanı digər oxşar və başqalarına aid əşyalardan fərqləndirməyə belə cəhd etməmişdir. Məhkəmə qətnaməsi ilə iddiaçı Kərimova aid sahə 120 kv.m göstərildiyi halda, MTK təfindən ona təqdim olunmuş 135 kv.m-lik sahəni mənimsəmək cəhdi də məhz məhkəmənin səhvə yol verməsi ucbatından baş vermişdir. Sahələrin qismən üst-üstə düşməsi halında belə məhkəmə onun və ya digər hüquqlu şəxslərin iştirakı olmadan və hüquqlarının toxunulmazlığına yol vermədən işə baxa bilməzdi. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İddiaçı hazırkı iddianı 13 iyun 2017-ci ildə qaldırmışdır. O, iddia tələbinin əsası kimi Cavabdeh MTK ilə bağladığı “Yaşayış binasında mənzil tikintisi haqqında” 16 mart 2009cu il tarixli müqaviləyə istinad etmişdir. Müqaviləyə əsasən MTK Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş Cavabdeh MTK-nın tikilməkdə olan binasının 1 mərtəbəsində yerləşən 120 kvadrat metr qeyri-yaşayış sahəsini iddiaçıya verməyi, iddiaçı isə mənzili qəbul edib 168000 manat pay haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. MTK tərəfindən verilmiş 16 mart 2009-cu il tarixli maliyyə arayışına əsasən, iddiaçı tərəfindən mənzilin dəyəri tam ödənilmiş və hazırda MTK-yə borcu qalmamışdır. İddiaçı iddia ərizəsində bu günə qədər şəxsi vəsaitilə aldığı qeyri-yaşayış sahəsinə dair hüquq müəyyənedici sənədlər əldə edə bilməməsindən şikayət edərək 120 kvm qeyriyaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınmasını və ondan istifadə etməyə yönəlmiş maneələrin aradan qaldırılması öhdəliyinin cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmişdir. Qətnamə ilə maraqlarına toxunan şəxs X3 apellyasiya şikayəti vermiş və MTK ilə bağladığı “Yaşayış binasında mənzil tikintisi haqqında” 24 yanvar 2013-cü il tarixli müqaviləni təqdim etmişdir. Həmin müqaviləyə əsasən MTK 135 kvm qeyri-yaşayış sahəsini alıcıya verməyi, alıcı isə həmin sahəni qəbul edib 135000 manat pay haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. MTK tərəfindən verilmiş 24 yanvar 2013-cü il tarixli maliyyə arayışına əsasən qeyri-yaşayış sahəsinin pay dəyəri maraqlı şəxs tərəfindən ödənilmişdir. Apellyasiya instansiyası məhkəməsi 16 avqust 2019-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. İşə kassasiya qaydasında baxan Ali Məhkəmənin Mülki Kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq həmin qətnaməni ləğv etmiş və işi yeni apellyasiya baxışına qaytarmışdır. Kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunan göstərişlər əsasən aşağıdakılardan ibarətdir: - işə baxan məhkəmələr iddiaçının iddia tələbinin faktiki əsası kimi istinad etdiyi halları araşdırmamış, iddiaçı ilə MTK arasında müqavilə bağlandığı halda sahiblik və istifadə hüququnun tanınmasının məhkəmədə təsdiq edilməsinin hansı zərurətdən irəli gəlməsi, eyni zamanda MTK tərəfindən iddiaçıya hansı manelərin yaradılması müəyyən edilməmişdir. - işə baxan məhkəmələr iddiaçının hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə hansı hüququnun təsdiq edilməsini, MTK ilə aralarında müqavilə bağlandığı və pay haqqı ödənildiyi halda hansı hüququn pozulmasını araşdırmamış, həmçinin mübahisəli qeyri-yaşayış sahəsinə dair iddiaçıya cavabdeh MTK tərəfindən hər hansı bir maneə yaradıldığı da müəyyən edilməmişdir. - apellyasiya instansiyası məhkəməsi maraqlı şəxsin iddia tələbinə etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etmədiyini qeyd etmiş, təqdim edilmiş müqavilələrdən MTK ilə iddiaçı ilə arasında bağlanmış müqavilənin daha əvvəl böağlandığını qeyd etmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, maraqlı şəxs iddiaçı ilə MTK arasında bağlanmış müqavilənin saxtalığını irəli sürmüş və həmin sənəd üzərində ekspert tədqiqatının aparılmasına dair məhkəməyə vəsatət vermişdir. Apellyasiya instansiyası məhkəməsi müqavilənin əsli təqdim edilməsə də, notarial qaydada təsdiq edilmiş surətinin təqdim edildiyini göstərməklə kifaytələnmişdir. Maraqlı şəxs birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində iddiaçı ilə cavabdeh MTK arasında bağlanmış müqavilənin tarixində düzəliş edildiyini qeyd etmişdir. - məhkəmə maraqlı şəxsin vəsatətini təmin edərək ekspertizanın keçirilməsini təmin etsə də, həmin müqavilədəki tarix yerində düzəliş edilib-edilməməsini müəyyən etmək və digər hallarla bağlı kompleks məhkəmə sənədlərin texniki və tikintitexniki ekspertizası təyin etmiş, lakin iş üzrə yalnız məhkəmə mühəndis-texniki ekspertizası keçirilmiş, bu səbəbdən də müqavilədəki tarix yerində düzəlişin edilib-edilməməsi həmin ekspertin səlahiyyətinə aid olmadığı üçün rəy verilməkdən imtina olunmuşdur. Belə olan halda qeyd edilən fakt araşdırılmamış qalmış, məhkəmə sübutların qiymətləndirilməsi ilə bağlı MPM-in 88-ci maddəsinin tələblərini pozmuşdur. - məhkəmə həmçinin ibtidai istintaq orqanında aparılmış araşdırma ilə bağlı sənədlərə istinad edərək MPM-in 82.4 və 88-ci maddələrinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən müxtəlif vaxtlarda daxil olmuş məktublarda qeyd edilmişdir ki, Cavabdeh, “Yüksəliş-C” və “Badu- Kübər” tikinti şirkətlərinin vəzifəli şəxsləri tərəfindən saxta sənədlər əsasında mənzillərin satılmaqla vətəndaşların pul vəsaitlərinin talanması və digər qanunsuzluq faktları üzrə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2, 313, 320.2 və 322.1-ci maddələri ilə ********* N-li cinayət işi istintaq olunur. 120 kvadrat metr qeyri-yaşayış sahəsinin “Yeni Yasamal MTK-nın rəhbərliyi tərəfindən 16 mart 2009-cu il tarixli müqavilə və 168000 manatın ödənilməsi haqqında maliyyə arayışı əsasında İddiaçı, 24 yanvar 2013-cü il tarixli müqavilə və 135000 manatın ödənilməsi haqqında maliyyə arayışı əsasında X1 müəyyən edilmişdir. Əvvəlki apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə mühəndis-texniki və tikintitexniki ekspertizasının 1567 saylı 28 iyun 2019-cu il larixli rəyində qeyd edilmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsinin (market) ərazisi faktiki olaraq 135 kvadrat metr təşkil edir. İddiaçı ilə cavabdeh MTK arasında 16 mart 2019-cu il tarixdə bağlanmış müqavilədə göstərilən 120,0 kvadrat metr qeyri-yaşayış sahəsinə dair verilmiş plan-sxemlə ekspertə təqdim olunmuş sahənin üst-üstə düşdüyü müəyyən edilir. Lakin maraqlı şəxs ilə MTK arasında 24 yanvar 2013-cü tarixdə bağlanmış müqavilədəki qeyri-yaşayış sahəsinə dair plan-sxem əlavə olunmadığı üçün həmin qeyri-yaşayış sahəsinin birinci mərtəbədə hansı hissədə yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası işin tam, hərtərəfli, obyektiv araşdırılmasını və apellyasiya şikayətinin dəlilləri üzrə ətraflı araşdırma aparılmasını təmin etmək məqsədilə, eləcə də iddiaçı ilə MTK arasında bağlanmış müqavilənin etibarlılığının maraqlı şəxs tərəfindən mübahisələndirildiyini nəzərə alaraq yeni apellyasiya baxışı zamanı sənədlərin məhkəmə texniki ekspertizasını təyin etmişdir. Məhkəmə texniki ekspertizasının xx.xx.2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış 16 mart 2009-cu il tarixli müqavilənin yuxarı sağ tərəfindəki tarix hissəsində olan “2009” rəqəmlərində olan ikinci “0” rəqəminin yerində “1” rəqəmi, “cu” hərflərdəki “u” hərfinin yerində “ı” hərfi olmuş, sonradan qələm vasitəsilə əlavə cizgi artırılmaqla indiki rəqəm və hərf yazılmışdır, “2009” rəqəmlərində olan “9” rəqəmi həmin rəqəmlərin qarşısına sonradan yazılmışdır, yəni “2009-cu il” tarix göstəricisinin yerində “201-cı il” çap mətni olmuşdur. İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış 16 mart 2009-cu il tarixli müqavilənin ikinci sətrində olan “Əli Bayramlı” sözündəki “B” hərfinin yerində kiçik “b” hərfi olmuş, sonradan üzərindən indiki hərf yazılmışdır. Müqavilədə “sədri” qrafasındakı imzası əvvəl icra edilmiş, sonra isə möhür əksi vurulmuşdur. Müqavilənin mətni əvvəl çap edilmiş, sonra isə möhür əksi vurulmuşdur, yəni mətn əvvəl çap edilmiş, sonra “sədri” qrafasındakı imza icra edilmiş, daha sonra isə möhür əksi vurulmuşdur. Göründüyü kimi, ekspert rəyi ilə iddiaçının təqdim etdiyi müqavilənin 2009-cu ildə tərtib olunmadığı təsdiq olunur. Onun çap mətni belə ilin tarixi “201”-lə başladığından yalnız 2010-cu ildən sonrakı dövrə aid ola bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə əsasən “..istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir”. Azərbaycan Respublikası Konstitusiyasına əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur (maddə 13). Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (maddə 29). Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər (maddə 152). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2). Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (mübahisə yaranan zaman qüvvdə olan redaksiya). (maddə 178.8). Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərlə yanaşı onu da qeyd edir ki, İddiaçı hazırkı iddianı hansı məqsədlə qaldırdığı işdən aydın görünmür. Belə ki, iddia ərizəsində cavabdeh kimi göstərilmiş Cavabdeh MTK-nın nümayəndəsi birinci instansiya məhkəməsində işə baxılarkən iddianı qəbul etmiş və onun təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Bu baxımdan iddiaçı ilə Cavabdeh MTK arasında hər hansı mübahisə olduğu, MTK tərəfindən iddiaçının hər hansı hüququnun pozulduğu işdən görünmür. İddia ərizəsinin məzmunundan göründüyü kimi, əslində İddiaçı MTK-dan deyil, DƏDRX-nin Bakı Ərazi İdarəsindən, həmin İdarə tərəfindən ona hüquqmüəyyənedici sənədlər veürilməməsindən narazıdır. İddiaçı iddia ərizəsinin məzmununda mülkiyyət hüququnun tanınması tələbi təmin olunmaqla DƏDRX-nin Bakı Ərazi İdarəsinin üzərinə qeydiyyat vəsiqəsi və texniki pasportun verilməsi öhdəliyinin qoyulmalı olduğunu göstərsə də, sonda 120 kvm qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması və ondan istifadə etməyə yönəlmiş maneələrin aradan qaldırılması öhdəliyinin cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbinin hüquqi əsası kimi də Mülki Məcəllənin 146.2, 146.6, 152, 157-ci maddələrinə, yəni mülkiyyət hüququnun tanınması və qeydiyyatı ilə bağlı normalara istinad etmişdir. Göründüyü kimi, iddia ərizəsinin məzmunu ziddiyyətli olmaqla iddia tələbinə uyğun əsaslandırılmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş, əksinə tələbin faktiki əsası kimi təqdim etdiyi müqavilədə düzəliş olunduğu təsdiq olunmuş, onun etibarlı olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. MPM nəzərdə tutur ki, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (385.1.1). Ona görə də apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia rədd olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh MTK-ya qarşı qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması və ondan istifadə etməyə yönəlmiş maneələrin aradan qaldırılması öhdəliyinin cavabdeh MTK-nın üzərinə qoyulması tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar