Məhkəmə qərarları › İş №2(103)-3392/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3392/2025

02.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3392/2025 02.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı cavabdehlər "xxxx" Mənzil-Tikinti Kooperativinə və Cavabdeh2nə qarşı “liftlərin sərbəst işləmə rejiminə qaytarılması, su, qaz, işıq enerjisinin kəsilməsinin cavabdehlərə qadağan edilməsi, mənəvi ziyan və sair” tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 166/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadından cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı Cavabdeh "Maşınqayıran” Mənzil Tikinti Kooperativinin vəkili və nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək Nizami Rayon Məhkəməsinin 2(007)-166/2025 saylı, xx.xx.2025ci il tarixli qərardadı ilə "Maşınqayıran” MTK-ya tətbiq edilən 1500 manat cərimənin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-166/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizənin rədd edilməsi qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 126, 127-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 24 fevral 2025-ci il tarixli 2(007)-166/2025 saylı qərardadı qanuni və əsaslıdır, qərardadın ləğv edilməsi üçün əsaslar yoxdur, ərizə isə əsassızdır. Məhkəmə 24 fevral 2025-ci il tarixli qərardadında "Maşınqayıran” MTK-nın və "Dom Service” MMC-nin cərimə olunmaları ilə bağlı qənaətə ona görə gəlmişdir ki, "...İş üzrə cavabdehlər "Maşınqayıran” Mənzil-Tikinti Kooperativinə və "Dom Service” Məhdud Məsuliyyətli Cəmiyyətinə məhkəmə tərəfindən rəsmi sorğu verilərək, sənədlərin məhkəməyə təqdim olunması tələb olunmuşdur. Mənzil Tikinti Kooperativinin nümayəndəsi sənədlərin təqdim ediləcəyini bildirmişdir. Lakin Mənzil Tikinti Kooperativi tərəfindən məhkəmənin sorğusunda tələb olunan sənədlər təqdim edilməmişdir. İşin mahiyyətinə bilavasitə təsir edən sənədlərin cavabdehlər tərəfindən məhkəməyə təqdim edilməsi üçün məhkəmə hazırlıq iclaslarını bir neçə dəfə təxirə salmışdı. Bu da prosessual qənaət prinsipi baxımından mülki işin lüzumsuz uzanmasına səbəb olmuşdur. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, iş üçün əhəmiyyətli olan sübutlar üzürsüz səbəbdən məhkəməyə təqdim edilmədiyi üçün cavabdehlər "Maşınqayıran” Mənzil-Tikinti Kooperativi və "Dom Service” Məhdud Məsuliyyətli Cəmiyyəti Mülki Prosessual Məcəlləsinin 78ci maddəsinə əsasən cərimə edilməlidir Apellyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi Cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi şikayət vermiş, Nizami rayon məhkəməsinin 2(007)- 166/2025 saylı, 04 aprel 2025-ci il tarixli qərardadını ləğv edib, “Maşınqayıran" MTK-ya tətbiq edilən 1500 manat cərimənin götürülməsini təmin edilməsini, əks təqdirdə, şikayəti işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mənzil Məcəlləsi Mülki Prosessual Məcəlləsinin 9, 14, 77, 88, 185, 217-ci maddələrinə istinadən qeyd edilmişdir ki, bu iş üzrə məhkəmə yekun akt qəbul edərək, iddianı qismən təmin etmiş və iddia tələbinin yalnız “Bakı şəhəri, Nəsimi rayonu, Vladislav küçəsi 16 nömrəli binanın 24 nömrəli mənzilinə verilən su, qaz, elektrik enerjisinin kəsilməsinin qadağan edilməsi" hissəsində təmin edilmiş, digər tələblər rədd edilmişdir. Məhkəmə tələbləri rədd edərkən bu cür əsaslandırma etmişdir ki, “Qaşqay küçəsi 33, Vladislav Plotnikov küçəsi 14/1 ünvanında (Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, R.Axundov, M.Qaşqay və V.Plotnikov küçələrinin kəsişməsi) Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 291 nömrəli Tikintiyə icazə sənədi əsasında “Məhkəmə iddia tələbinin “Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi 16, Mirəli Maşınqayıran" MTK tərəfindən inşa edən çoxmənzilli yaşayış binasının “D" blokunun hər iki liftində cavabdehlər tərəfindən quraşdırılmış maqnit oxuyucular cavabdehlər tərəfindən sökülərək liftlərin əvvəlki sərbəst işləmə rejiminə qaytarılması və bu məhdudiyyətin gələcəkdə tətbiqinin cavabdehlərə qadağan edilməsi"; “sözügedən ərazi üzrə təsdiq olunmuş baş plana əsasən baş verəcək hər hansı fövqəladə hal zamanı sakinlərin təxliyəsi və xüsusi texnikaların əraziyə daxil olması üçün nəzərdə tutulmuş həyətə giriş-çıxışlarda və həyətin uşaqlar üçün nəzərdə tutulan oyun meydançasında cavabdehlər tərəfindən qanunsuz inşa edilən bütün tikinti obyektlərinin cavabdehlər tərəfindən sökülməsi və həyətin abadlaşdırılması" hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir." Belə olan təqdirdə qərardad qəbul edilməsi və cərimə tətbiq edilməsi əsassızdır. Çünki məhkəmə həmin sübutları məhz bu iddia tələbi ilə bağlı tələb edirdi. Məhkəmədə yekun olaraq iddianı rədd etdiyi üçün həmin sübutların işə aidiyyatı olması, iş üçün əhəmiyyətli olması müəyyən olunmur. Digər tərəfdən, Mülki prosessual məcəllənin 78.2-ci maddəsinə əsasən, “İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz paya (səhmə) malik olan işdə iştirak edən şəxs vəsatətdə işdə iştirak edən digər şəxsdə (hüquqi şəxsdə və ya onun adından çıxış edən şəxsdə) olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.4-cü maddəsində nəzərdə tutulan hallarla bağlı bütün sənədlərin (konkret sənəd göstərilmədən) və ya məlumatların təqdim edilməsinin təmin olunmasını məhkəmədən tələb edə bilər. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir." Göründüyü kimi cərimənin tətbiq olunmasından əvvəl prosessual mərhələlər müəyyən edilmişdir. Bunlardan birincisi proses iştirakçısının zəruri sübutları müstəqil əldə etmək imkanı olmamasıdır. Halbuki indiki halda belə imkanın olub-olmaması araşdırılmamış, qiymət verilməmişdir. Sorğuda qeyd edilən tikinti layihələri həm FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində, həm də Dövlət Şəhərsalma və Arxitektura Komitəsində mövcuddur.Tərəf müraciət edib həmin layihələri həmin qurumlardan əldə edə bilərdi. Əgər edə bilməsəydi, bununla bağlı rəsmi imtina məktubu və müvafiq vəsatətlə məhkəməyə müraciət edilsəydi, bundan sonra məhkəmə həmin vəsatəti təmin edərək sübutları tələb edə bilər. İndiki halda bu qaydalara əməl olunmamış, iddiaçının hər hansı vəsatəti olmadan, məhkəmə öz təşəbbüsü ilə birbaşa cavabdehə sorğu verilərək müvafiq layihə sənədləri tələb etmişdir. Eyni zamanda və ən vacib məqam olaraq qeyd edilməlidir ki, sözügedən yaşayış kompleksi 7 girişli (bloklu) binadır. Bu bloklardan beşi üzrə işlər başa çatdırılmış və istismara qəbul edilmişdir. B u səbəbdən də sakinlər mülkiyyət hüquqlarını qeydə aldıraraq çıxarış əldə edə bilmişlər. Lakin binanın tikintisini həyata keçirlən mənzil-tikinti kooperativinin əvvəlki təsisçilər tərəfindən maliyyə səbəblərindən iki blok üzrə işlər başa çatdırıla bilməmiş, 2023-cü ildə mənzil-tikinti kooperativi hazırki təsisçilərə keçmişdir. Məhz bundan sonra həmin iki blok üzrə işlərə başlanılmış və tikintinin yekunlaşdırılması nəzərdə tutulmuşdur. Lakin təhvil- təslim zamanı layihə sənədləri yeni təsisçilərə təqdim edilməmişdir. Həmin sənədlərin təsdiq olunmuş nüsxəsi yuxarıda qeyd olunan müvafiq dövlət orqanlarındadır. Yəni, cavabdeh MTK sorğu üzrə tələb olunan sənədləri bilərək deyil, özündə olmadığı üçün verə bilməmişdir. Birinci instansiyası məhkəməsi prosessual qanunvericiliyə uyğun müəyyən olunmuş qaydaya riayət etməmiş, iddiaçının bu sübutları müstəqil əldə etməsi imkanının olub-olmaması araşdırılmadan, müvafiq vəsatət olmadan sübutları tələb etmiş, daha sonra da əsassız olaraq cəriməni tətbiq etmişdir. Cavabdehin həmin sübutları təqdim etmək imkanının olub-olmaması nəzərə alınmamışdır. Halbuki həmin sübutlar müvafiq dövlət orqanlarında saxlanılır, cavabdehdə olmadığı üçün təqdim edə bilməmişdir. Buna görə də cavabdehin birbaşa təqsiri müəyyən olunmur. Nizami Rayon Məhkəməsinin 2(007)-166/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi: Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Diqqətə çatdırılmalıdır ki, apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri birinci instansiya məhkəməsinin qəbul etdiyi məhkəmə aktlarının qanuniliyinin yoxlanılmasından ibarətdir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası şikayəti araşdırıb Azərbaycan Respublikası Konstitusiyasının 24(İİİ), 80, “X3 haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 63-67 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 3, 4, 14,76- 88,126-127, 267-269, 385, 387, 397-ci maddələrinə əsasən hesab edir ki, şikayət qismən təmin edilməli və qərardad ləğv edilməli, mülki prosessual qanunvericiliyə müvafiq ərizəyə qiymət verilməsi üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 126.1. Məhkəmə cərimələri bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda və miqdarda məhkəmə tərəfindən qoyulur. 126.2. İşin məhkəmə baxışında iştirak edən və iştirak etməyən dövlət orqanlarının, hüquqi şəxslərin və digər təşkilatların vəzifəli şəxslərinə qanunla nəzərdə tutulmuş vəzifələrini pozmağa görə məhkəmə tərəfindən qoyulan cərimə onların şəxsi vəsaitlərindən tutulur. 126.3. Cərimə qoyulması barədə qərardad cərimənin qoyulması barədə işə aiddir və həmin işə tikilir. 126.4. Cərimə qoyulması barədə qərardadın surəti cərimə qoyulan şəxsə göndərilir. 127.1. Üzərinə cərimə qoyulmuş şəxs, cərimə qoymuş məhkəmədən qərardadı aldıqdan sonra iyirmi gün ərzində cərimənin götürülməsini və ya onun miqdarının azaldılmasını xahiş edə bilər. 127.2. Bu ərizəyə məhkəmə iclasında baxılır və əlaqəli olduğu işin materiallarına tikilir. Üzərinə cərimə qoyulmuş şəxs iclasın vaxtı və yeri haqqında xəbərdar edilir. Onun gəlməməsi məhkəmənin ərizəyə baxmasına mane olmur. 127.3. Cəriməni götürməkdən və ya onun miqdarını azaltmaqdan imtina edilməsi barədə qərardaddan apellyasiya qaydasında şikayət verilə bilər. Diqqətə çatdırılmalıdır ki, məhkəmə prosessual qanunvericilikdə nəzərdə tutulmayan şəkildə tərəflərin (ərizəçinin) iştirakı olmadan cərimənin götürülməsi barədə ərizəyə məhkəmə iclasından kənar qaydada ərizəçini məlumatlandırmadan (iş səh.191-192) baxaraq, ərizənin rədd edilməsi qənaətinə gəlmişdir. Bundan əlavə, Mülki prosessual Qanunvericiliyin tələblərinə əsasən, cərimənin götürülməsi barədə qərardadı aldıqdan sonra iyirmi gün ərzində cərimənin götürülməsini və ya onun miqdarının azaldılmasının xahiş edilməsi nəzərdə tutulmuşdur ki, iş materiallarından qeyd edilən qərardadın şikayət verən-cavabdeh tərəfindən nə vaxt əldə edildiyi müəyyən edilmir (iş səh.176-177), məhkəmə qeyd edilən xüsusatlara, yəni cavabdeh tərəfindən müddətin ötürülüb-ötürülməməsinə qiymət vermədən ərizəyə mahiyyəti üzrə qiymət vermişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, qərardadın ləğv edilməsi üçün əsaslar vardır, cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-166/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, ərizəyə yenidən baxılması üçün iş Nizami rayon məhkəməsinə göndərilməlidir. İş üzrə ərizəyə (onun mümkünlüyünə) yenidən baxılması zamanı qeyd edilən xüsusatlar öz səlahiyyəti daxilində əhatəli araşdırımalı və müvafiq qiymət verilməlidir. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən, hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 395-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-166/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin və ərizəyə (mümükünlüyünə) baxılması üçün iş Nizami Rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar