Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3400/2024 01.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 3 saylı Notariat Kontoruna qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və "xxxx" MMC mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) iş üzrə (Açar sözlər: alq-satqı müqaviləsinin etibarsız hesab edilməsi, iddia müddətinin tətbiqi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X9 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 3 saylı Notariat Kontoruna qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və "xxxx" MMC mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və digər” tələblərə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-216/2024 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 22 saylı evin, 13 saylı, 2 otaqlı mənzilinin 16 kv.m. yaşayış, 10.8 kv.m yardımçı sahədən ibarət bir otağı Cavabdeh1 paylı mülkiyyətində olmuşdur. xx.xx.1999-cu il tarixli, 095826 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan həmin əmlakı 8.000.000 manata Cavabdeh2 satmışdır. Bundan sonra həmin əmlaka dair Cavabdeh2 mülkiyyət hüququ xx.xx.2000-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrinin məlumatına əsasən həmin 1 otaq (y/s - 16,8 kv.m, k/s – 12,9 kv.m) hazırda da Cavabdeh2 mülkiyyətindədir (y/s 15,5 kv.m, k/s – 9,7 kv.m olan digər otaq X5 mülkiyyətindədir). Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 318 saylı müqaviləyə əsasən Cavabdeh2 mülkiyyətində olan bu əmlakı (29,7 kv.m. faktiki sahəsi olan) sökülməsi üçün həmin cəmiyyətə təhvil verməyi, cəmiyyət isə bunun müqabilində həmin ünvanda inşa ediləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının C blokunun, 5 mərtəbəsində 55 kv.m sahəsi olan təmirli mənzili ona təhvil verməyi öhdəsinə götürmüşdülər. Mənzil cəmiyyətə təhvil verilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 3 saylı Notariat Kontoruna qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) iddia və iddia ərizəsinə əlavə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1la cavabdeh X7 arasında xx.xx.1999-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilənin X13 bağlanmış hesab edilməsi, göstərilən müqavilə əsasında reyestr xidməti tərəfindən cavabdeh X4 verilmiş çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən 13 saylı mənzilə X14 mülkiyyət hüququnun tanınması və "xxxx" MMC ilə X7 arasında ünvan 2 ünvanında yerləşən 13 saylı mənzilin sökülməklə sonuncuya yeni yaşayış sahəsinin verilməsi barədə xx.xx.2023-cü il tarixli müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçılar tələbini onunla əsaslandırmışdırlar ki, onlar hazırda dünyasını dəyişmiş ailə başçıları X15 ilə birlikdə 1992-ci ildə məlum səbəblərdən Cəbrayıl rayonundan məcburi köçkün kimi Bakı şəhərinə köçmüşlər. 1999-cu ildə X15 Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 22 saylı evin 13 saylı mənzilinin 1 otağını almaq qərarına gəlmişdir. Lakin, həmin vaxt (məcburi köçkün olduğunu nəzərə alaraq) müxtəlif sənədlərində problemlər olduğu üçün, habelə məcburi köçkün kimi ev növbəsində olduğuna görə alqı-satqı müqaviləsini arvadının (hazırda İddiaçı2) bacısı Cavabdeh2 (hazırda cavabdeh) adına rəsmiləşdirmişdir. Cavabdeh2 hər zaman qeyd etmişdir ki, ev onun adına rəsmiləşsə də, evin həqiqi mülkiyyətçisi Qurban Həsənovdur və evi onun qızlarına bağışlayacağını vəd etmişdir. xx.xx.1999-cu il tarixdə hazırki cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında 3 saylı Notarial Kontorda 095826 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə üzrə alıcı qismində de-yure X10 çıxış etsə də, de-fakto alqı-satqı məbləği X15 tərəfindən ödənilmişdir. Həmin gün X15, ailə üzvləri, yəni onlarla birlikdə həmin mənzilə köçmüşlər və hazırki günədək orada yaşayırlar. Mənzillə bağlı kommunal müqavilələr X15 ilə bağlanmışdır. X15 xx.xx.2005-ci il tarixdə beyin daxili qansızması səbəbindən vəfat etmişdir. Bundan sonra kommunal xidmətlərə görə müqavilələr arvadı İddiaçı2 adına dəyişmişdir. Ailə başçısının vəfatından sonra ailə üzvləri miras əmlakı faktiki qəbul etdiyini zənn edərək, vərəsəliyə müraciət etməmişdilər. 2022-ci ilin sonlarında özünü "xxxx" MMC-nin əməkdaşları kimi təqdim edən şəxslər onların evinə gələrək, həmin binanın şəhərin abadlaşdırılması və yenidənqurma planına düşdüyünü, evin söküləcəyini və əvəzinə yeni mənzilin veriləcəyini bildirmişlər. Bunu eşidən Cavabdeh2 onlara bildirmişdir ki, ev onundur, heç kimə heçnə verməyəcək, “Qurban çoxdan ölüb, siz heç nə sübut edə bilməzsiniz, yeni mənzil mənə çatmalıdır!”. Cavabdeh2 heç bir zaman mülkiyyətində olan evdə olmamış və yaşamamışdır. Satıcı Cavabdeh1 bildirir ki, o yalnız Qurban Həsənovu tanıyır, pulu ondan alıb evi ona satıbdır. Bütün qonşular şahidlik eləməyə hazırdırlar ki, bu evin həqiqi sahibi kimi, məhz onların ailəsini bilmişlər. Bütün kommunal xidmətlərə görə müqavilələr, ödənişlər bunu isbat edir. Göründüyü kimi, xx.xx.1999-cu il tarixli alqı-satqı müqaviləsi, digər, yəni mənzilin faktiki olaraq Həsənov Qurban tərəfindən alınması əqdini pərdələmək məqsədi ilə bağlanmışdır. X15 məcburi köçkün olaraq mənzil növbəsinə götürülmüş və ümid edirdi ki, dövlət onun ailəsini evlə təmin edəcəkdir. Ona görə 1 otaqlı mənzili öz adına almamışdır.
4. Bundan sonra Cavabdeh2 iddiaya qarşı yazılı etiraz təqdim edərək, mənzilin Qurban Həsənova məxsus olmadığını, iddiaçılar tərəfindən bu barədə hər hansı sübutun təqdim edilmədiyini, mənzilin iddiaçılara bağışlanması barədə hər hansı vəd vermədiyini, ötən dövr ərzində, o cümlədən Qurban Həsənovun sağlığında müqavilənin mübahisələndirilmədiyini, yalnız 24 il sonra belə bir iddianın qaldırıldığını, buunla da iddia müddətinin ötürüldüyünü, Qurban Həsənovun məcburi köçkün olması və bu baxımdan kommunal ödənişlərdən azad olması səbəbindən mənzilə kommunal xidmətlərin göstərilməsi ilə bağlı müqavilələrin onun adına rəsmiləşdirilməsinə və müvəqqəti olaraq onların mənzildə yaşamasına icazə verdiyini, məhz kommunal xidmətlərin göstərilməsi və digər məsələlərin həll edilməsi üçün iddiaçıların mənzilə dair çıxarışın ondan götürdüklərini və sonradan qaytarmadıqlarını, bu səbəbdən dövlət reyestrindən yeni çıxarış almaq məcburiyyətində qaldığını, iddiaçıların Qurban Həsənovun vərəsəsi olmadıqlarını və onun ölümündən sonra vərəsəlik şəhadətnaməsi almadıqlarını, bu baxımdan ümumiyyətlə iddianın subyektiv hüququ olmayan şəxslər tərəfindən qaldırıldığını bildirmiş və hazırki iddianın iddia müddəti tətbiq edilməklə rədd edilməsini xahiş etmişdir.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 216/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim X11)
6. Məhkəmə iddia tələbinin müqavilənin etibarsız hesab edilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, hazırki mübahisə üzrə ilk növbədə xx.xx.1999-cu il tarixli, 095826 saylı alqı-satqı müqaviləsinin etibarlı olub-olmadığı müəyyən edilməlidir. Belə ki, bütün digər tələbləri bu müqavilənin etibarlılığından asılıdır. Müqavilə etibarsız olduğu halda iddia tələblərinin digər hissədə dəyərləndirilməsinə ehtiyac qalmır. Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış müqavilədə nəzərdə tutulan şərtlərdən fərqli olaraq X15 ilə Cavabdeh1 arasında əmlakın mövcud olan hər hansı bir razılaşma əsasında özgəninkiləşdirilməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapmamış, tərəflər arasında belə bir sövdələşmə barədə niyyət müəyyən edilməmişdir. Cavabdeh1 (satıcı) ilə Cavabdeh2 (alıcı) arasında bağlanmış müqavilədə sonuncunun pulu verməyi və satıcının pulu qəbul etməyi öz imzaları ilə təsdiq etmişlər. Cavabdeh1 bu halı etiraf etsə də, bu etiraf özlüyündə əqdin etibarsızlığı üçün kifayət deyil, müqavilənin digər tərəfi isə bu halı subuta yetirmək məcburiyyətində deyil. Təqdim edilmiş kommunal ödəniş qəbzlərinə və qeydiyyat barədə arayışlara münasibətdə məhkəmə qeyd etmişdir ki, bunlar Cavabdeh2 legitim mülkiyyət hüququnu şübhə altına alacaq qədər əsaslı dəlil hesab edilə bilməz. Bu qəbzlərə və arayışlara əsasən bağlanmış əqdin yalan olduğu qənaətinə gəlmək olmaz. Məhkəmə şahid ifadələri barədə qeyd etmişdir ki, ifadə vermiş şahidlərin hər ikisi tərəflərin qonşusu olmuşdur, lakin hazırki mübahisə bağlanmış əqdin etibarsızlığı barədə olmuşdur. Hər iki şahid bu halın faktiki şahidi olmamışdır, ümumiyyətlə onlar heç vaxt əmlakın sənədinin kimə məxsus olması barədə məlumatlı olmamışlar.
7. Məhkəmə iddia tələbinin digər hissələrinə münasibətdə qeyd etmişdir ki, prosessual qənaət prinsipi baxımından iddia tələbi müqavilənin etibarsız hesab edilməsi hissəsində əsassız olduğundan, qalan hissələrə qiymət verilməsi üçün əsas yoxdur, bu səbəbdən də iddia tələbi qalan hissələrdə də əsassız hesab edilməli və rədd edilməlidir.
8. Məhkəmə iddia müddətinin tətbiqi barədə ərizəyə də münasibət bildirirərək qeyd etmişdir ki, iddiaçının iddiasının özü əsassız hesab edildiyindən iddia müddətinin tətbiqinə dair ərizəyə münasibət bildirilməsinə zərurət qalmamışdır. Lakin məhkəmə yenə də qeyd etmişdir ki, iddia tələbi xx.xx.1999-cu il tarixində bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığı ilə əlaqədar olduğundan, mübahisənin həlli üçün isə həmin tarixdə qüvvədə olan qanunvericilikdə 3 il ərzində məhkəməyə müraciət edilməsi nəzərdə tutulduğundan, bu mübahisə üzrə iddia əsaslı olsa idi belə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı iddia tələbi təmin edilməyəcəkdi. Məhkəmə hesab etmişdir ki, 1964-cü il sentyabrın 11-də qəbul olunmuş və 2000-ci il sentyabrın 1-dən qüvvədən düşmüş Azərbaycan Respublikası Mülki Məcəlləsinin əqdlərlə bağlı bölməsində hazırda qüvvədə olan Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddətlərə bənzər müddətlər nəzərdə tutulmadığından bunun iddia tələbinə tətbiqi də mümkün olmayacaqdı. Digər tərəfdən formalaşan məhkəmə təcrübəsi də göstərir ki, bu qəbildən mübahisələrdə kəsici müddətin tətbiqini Konstitusiya Məhkəməsi Plenumu da əsaslı hesab etmir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin 39-cu, 53-cü, 228-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü, 373-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77-ci, 88-ci, 217-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2022- ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli qərarlarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı1 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
11. İddiaçı1 apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə əsassız və qeyri-obyektiv olaraq, şahidləri tam dindirməmiş, əqdin bağlanmasında iştiakçısı olan, hadisələrdən məlumatı olan əsas şahidi isə ümumiyyətlə heç bir əsas olmadan zaldan kənarlaşdırmışdır. Mənzilin əvvəlki sahibinin məhkəməyə verdiyi ifadəsindən də məlum olur ki, İddiaçı2 və mərhum Qurban Həsənov tərəfindən mənzilə əyani baxış keçirilmiş, sonuncu isə mənzilin dəyərini Cavabdeh1 ödəmişdir. Həmin ifadəyə əsasən həmçinin müəyyən edilir ki, mərhum Qurban Həsənov mənzilin qiyməti və alqı-satqı barədə Cavabdeh1la razılaşmış, bununla bağlı müqavilə üzrə iradə ifadəsini həyata keçirmiş, alqı-satqı müqaviləsi isə formal olaraq Cavabdeh2 ilə bağlanmışdır. Mübahisə predmeti olan mənzil MTK tərəfindən qanunsuz olaraq söküldüyündən, orada olan əmlaklar məhv edildiyindən bəzi sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsi mümkün olmamışdır. Hazırda bəzi sübütlar tərəflərindən yenidən aşkar edilmişdir. Belə ki, hadisənin şahidi olmuş (iddiaçı və cavabdehin böyük bacısı) mərhum X6 mənzilin dəyərinin Qurban Həsənov tərəfindən ödənilməsini əks etdirən video və səs yazısı olan CD diski məhkəmədə təqdim ediləcək. Həmçinin hadisə barədə məlumatı olan iddiaçı və cavabdeh Ağakiyevaların bacısı X3 şahid qismində məhkəmədə dindirilməsi barədə vəsatət birinci instansiya məhkəməsi tərəfindən heç bir əsas olmadan rədd edilmişdir.
12. İddiaçı2 da həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
13. İddiaçı2 apellyasiya şikayətini iddia ərizəsinin və digər İddiaçı1 apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. İştirak etdikləri məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 və onların nümayəndəsi və vəkili X16 apellyasiya şikayətlərini müdafiə edərək, apellyasiya şikayətlərinin və iddia ərizəsinin məzmununa uyğun izahat vermişlər və apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etmişdirlər.
16. İştirak etdiyi məhkəmə iclasında İddiaçı3 iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etmişdir.
17. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etməmişlər və iddiaya qarşı etirazın məzmununa uyğun izahat verərək, eyni zamanda iddia müddətinin tətbiq edilməsi barədə mövqelərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdirlər.
18. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirmişdir ki, mübahisəli mənzil onun tərəfindən 1999-cu ildə satılmış, bundan sonra da həmin mənzilin yerləşdiyi həyətə gedib-gəlmişdir. Lakin Cavabdeh2 həmin həyətdə heç vaxt görməmiş, İddiaçı2 isə görmüşdür. Mənzilin satılması zamanı həmin mənzilə baxmaq üçün Qurban Həsənov və onun arvadı İddiaçı2 gəlmişdir. Mənzili də məhz onlara satmışdır. Mənzillə bağlı beh və mənzilin alqı-satqı müqaviləsi üzrə dəyəri də ona Qurban Həsənov tərəfindən ödənilmişdir.
19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən cavabdeh Bakı şəhəri 3 saylı Notariat Kontoru, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və "xxxx" MMC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə həmin cavabdehin və üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
20. xx.xx.1965-ci il tarixdə qüvəyə minmiş və xx.xx.2000-ci il tarixədək qüvvədə olan Azərbaycan SSR-nin Mülki Məcəlləsinin: 39-cu maddəsinə əsasən vətəndaşların və təşkilatların mülki hüquqlarının və ya vəzifələrinin əmələ gəlməsinə, dəyişməsinə və ya xitam edilməsinə yönəldilmiş hərəkətləri əqd hesab edilir. Əqdlər birtərəfli, iki və ya çoxtərəfli (müqavilələr) ola bilər; 53-cü maddəsinə əsasən hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, yalnız görünüş üçün bağlanan əqd etibarsızdır. Əqd, başqa əqdi pərdələmək üçün bağlanmışdırsa, tərəflərin əslində nəzərdə tutduqları əqdə aid qaydalar tətbiq olunur; 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir; 76-cı maddəsinə əsasən iddia müddətinin keçməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tədbiq olunur; 77-ci maddəsinə əsasən iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur; 78-ci maddəsinə əsasən iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir; 82-ci maddəsinə əsasən iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi iddia müddətinin keçməsi səbəbini üzrlü hesab etdikdə, pozulmuş hüquq müdafiə edilməlidir; 228-ci maddəsinə əsasən alqı-satqı müqaviləsi üzrə satıcı əmlakı alıcının mülkiyyətinə verməyi, alıcı isə əmlakı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəssinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
23. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
24. Hazırkı apellyasiya şikayətlərində qətnamənin ləğv olunaraq iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Lakin mübahisəyə hüquqi qiymət verərkən hüquq normalarını düzgün tətbiq etməmişdir. Bu səbəbdən apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları tədbiq edilməklə rədd edilməlidir.
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən ilk növbədə qeyd edir ki, Cavabdeh2, İddiaçı2 bacısı, digər iddiaçıların isə xalasıdır. xx.xx.2005-ci il tarixdə beyin daxili qansızma səbəbindən ölmüş X15 iddiaçı Cavabdeh2 əri, digər iddiaçıların isə atası olmuşdur. Tərəflər arasında yaranmış mübahisənin əsasında xx.xx.1999-cu il tarixdə cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsi durur. Həmin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olmaqla Bakı şəhəri, Təbriz küçəsində yerləşən 22 saylı evin, 13 saylı mənzilinin (16 kv.m, y/s, 10.8 kv.m k/s) bir otağını Cavabdeh2 satmışdır. Bundan sonra həmin əmlaka dair Cavabdeh2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən (dövlət reyestrində aparılmış qeydə əsasən hazırda y/s 16.8 kv.m; k/s 12.9 kv.m) isə Cavabdeh2 yeni mənzilin inşa edilib təmirli şəkildə ona təhvil verilməsi şərti ilə mülkiyyətində olan həmin əmlakı (27,9 kv.m.) sökülməsi üçün qeyd edilən cəmiyyətə təhvil vermişdir.
27. Hazırda iddiaçılar mübahisəli mənzilin həqiqətdə X15 tərəfindən və məhz onun vəsaiti hesabına alındığını və ona məxsus olduğunu, lakin məcburi köçkün olduqları üçün növbəlik qaydasında dövlətdən mənzil almaq imkanı olduğundan bu hüquqlarının təmin edilməsi məqsədi ilə mənzilə dair alqı-satqı müqaviləsinin xalaları Cavabdeh2 ilə rəsmiləşdirildiyini, həmin mənzilin onların istifadə və sahibliyində olduğunu, kommunal xidmətlərin göstərilməsi ilə bağlı bütün müqavilələrin X12, o vəfat etdikdən sonra İddiaçı2 adına bağlanıldığını, atalarının vəfatından sonra miras əmlakı faktiki qəbul etdiklərini zənn edərək, vərəsəlik işinin açılması üçün notariusa müraciət etmədiklərini bildirir. Bununla belə, iddiaçılar bu mənzilin həqiqətdə X15 tərəfindən alındığını və xx.xx.1999-cu il tarixli müqavilə ilə məhz X15 ilə Cavabdeh1 arasında mənzilin alqı satqısından irəli gələn münasibətlərin pərdələndiyini iddia edirlər və həmin müqavilənin etibarsız hesab edilməsini tələb edir və bu hüquqi nəticəyə uyğun olaraq digər aidiyyəti tələblər də irəli sürürlər (çıxarışın ləğvi, mənzilə münasibətdə mülkiyyət hüququnu tanınması, xx.xx.2023cü il tarixli müqavilənin ləğvi və sair).
28. Cavabdeh1 da mübahisəli mənzilin X15 tərəfindən alındığını, mənzilin dəyərinin də onun tərəfindən ödənildiyini bildirir. Cavabdeh2 isə iddianı qəbul etmir və tamamilə əks mövqedən çıxış edərək, mənzilin onun vəsaiti hesabına alındığını və ona məxsus olduğunu, iddiaçıların məcburi köçkün olmaları səbəbindən onlara müvəqqəti olaraq mənzildə yaşamağa icazə verdiyini, mənzilin onlara bağışlanması barədə hər hansı vəd vermədiyini, məcburi köçkünlər kommunal xidmətlərin ödənilməsindən azad olduğundan kommunal müqavilələrin X12 adına rəsmiləşdirildiyini, həm bu, həm də digər məsələlərlə bağlı mənzilin çıxarışını iddiaçılara verdiyini, lakin sonradan sonuncular tərəfindən qaytarılmadığını vurğulayır. Eyni zamanda, hazırki iddiaçıların həm iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmadıqlarını, həm də iddianın iddia müddəti ötürülməklə verildiyini qeyd edir və məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etməklə, iddianın rədd edilməsini xahiş edir.
29. Məhkəmə kollegiyası iddiaçıların mövqeyini, o cümlədən həmin mənzildə yaşamalarını, habelə mənzilə göstərilən kommunal xidmətlər üzrə abonent kimi X12, onun ölümündən sonra isə İddiaçı2 qeydə alınmasını, sonuncunun X12 arvadı, digər İddiaçı1 isə qızı olmasını nəzərə alıb, iddiaçıların hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmaması barədə Cavabdeh2 mövqeyi ilə razılaşmır.
30. Məhkəmə kollegiyası bu cavabdehin iddianın iddia müddəti tətbiq edilməklə rədd edilməsi barədə mövqeyi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, mübahisəli hüquq münasibətləri müddət etibarı ilə xx.xx.1999-cu il tarixdə yarandığından hazırki mübahisəyə xx.xx.1965-ci il tarixdə qüvəyə minmiş və xx.xx.2000-ci il tarixədək qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin aidiyyəti müddəaları tətbiq edilməlidir. Bu da ilk növbədə hazırki iddiaya iddia müddətinin tətbiq edilməli olub-olmaması məsələsinə hüquqi qiymət verilməsi zərurətini yaradır.
31. Bununla bağlı məhkəmə kollegiyası vurğulayır ki, mübahisəli müqavilənin bağlandığı vaxt qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsində hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsindən fərqli olaraq, keçməsindən və tərəflərin bildirməsindən asılı olmayaraq, iddia müddətinin məhkəmə tərəfindən, yəni məhkəmənin təşəbbüsü ilə tətbiq edilməsi təsbit edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası, cavabdeh tərəfin bununla bağlı ərizə təqdim edilib-edilməməsindən asılı olmayaraq, iddia müddətinin tətbiqi ilə bağlı məsələni həll etməlidir. Məhkəmə kollegiyası da mübahisəli hüquq münasibətlərinin məhz həmin məcəllənin qüvvədə olduğu zaman yarandığını və bu Məcəllədə əqdlərin etibarsızlığı ilə bağlı xüsusi iddia müddətinin şərtləndirilmədiyini nəzərə alıb, belə qənaətə gəlir ki, iddiaya həmin Məcəllədə nəzərdə tutulmuş ümumi, yəni 3 illik iddia müddəti tətbiqi edilməli və iddia məhz bu əsasla rədd edilməlidir.
32. Məhkəmə kollegiyası iddiaçıların mövqeyini, o cümlədən izahatlarını nəzərə alıb, iddia müddətinin axımı ilə bağlı qeyd edir ki, iddiaçılar mənzilin reallıqda X15 tərəfindən alınmasına və müqavilə üzrə mənzilin dəyərinin onun tərəfindən ödənilməsinə baxmayaraq, məcburi köçkün kimi növbəlik qaydasında dövlətdən mənzil almaq hüququnu itirməmək üçün müqavilədə alıcı qismində X12 əvəzinə Cavabdeh2 Abdül qızının göstərildiyini bildirirlər. Buna baxmayaraq, həmin məsələnin reallıqda mövcud olmasını (bununla bağlı aidiyyəti üzrə müraciət, bu qaydada mənzilin əldə edilibedilməməsi, müraciətin, əldə etmənin və ya imtinanın tarixləri), ümumiyyətlə X12 müqavilə bağlandığı xx.xx.1999-cu il tarixdən dünyasını dəyişdiyi xx.xx.2005-ci il tarixədək həmin müqavilənin etibarsızlığını mübahisələndirmək üçün imkanının olmadığını, habelə Cavabdeh2 mübahisəli mənzili iddiaçılara bağışlaması barədə vəd verdiyini təsdiq edən hər hansı sübut təqdim edilmir. Başqa sözlə, iddiaçıların mövqeyinə əsasən X15 xx.xx.1999-cu il tarixli müqavilə bağlanan zaman (hətta bundan əvvəl) onun başqa əqdi pərdələmək üçün bağlanmış əqd olduğunu bilmiş və nə X15, nə də ki, sonrakı dövrdə iddiaçılar (ümumilikdə ötən 24 il ərzində) onu mübahisələndirməmişlər. Qeyd edilənlər hazırki iş üzrə iddia hüququnun məhz müqavilə bağlandığı tarixdən əmələ gəldiyini, lakin bu hüquqdan müəyyən edilmiş 3 illik müddət ərzində istifadə edilmədiyini təsdiq edir. Mövcud vəziyyətdə müddətinin keçməsi səbəbini üzrlü hesab etmək üçün də hər hansı bir hal müəyyən edilmir.
33. Bununla belə, hazırki iddia qaldırılana qədər iddia müddəti artıq keçmişdir. Onun keçməsi səbəbini üzürlü hesab etmək üçün də hər hansı əsas mövcud deyil. Lakin birinci instansiya məhkəməsi iddianı rədd etsə də, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Mülki Məcəllənin bu məsələləri tənzimləyən normalarının tələblərinə riayət etməmiş və bilavasitə tədbiq etməli olduğu halda, iddia müddətini tətbiq etməklə iddianı rədd etməmişdir. Bu da öz növbəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə çıxarılmaqla iddianın iddia müddəti tədbiq etməklə rədd edilməsini şərtləndirir.
34. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, xx.xx.1999-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi əsas tələbdir və digər tələblər hüquqi nəticə etibarı ilə bu tələbə münasibətdə törəmə tələbdir. Onların təmin edilib-edilməməsi bilavasitə əsas tələbin təmin edilib-edilməməsindən asılıdır. Bu baxımdan əsas tələbin rədd edilməsi iddia üzrə irəli sürülmüş bütün digər tələblərin də rədd edilməsini şərtləndirir.
35. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia iddia müddəti tədbiq edilməklə rədd edilməlidir. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorların özlərinə aid edilməlidir.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 216/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia rədd edilsin. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları iddiaçılar İddiaçı1 və İddiaçı2 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.