Məhkəmə qərarları › İş №2(103)-3403/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3403/2025

03.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3403/2025 03.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Nizami Rayon Məhkəməsinin 2(007)-851/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsi Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən "Nizami-14" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 2684.79 manat, işsizlikdən sığorta fonduna olan 176.24 manat, İcbari Tibbi Sığorta Fonduna olan 550.67 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində (doğulduğu tarixxx.xx.1977, doğulduğu yer-Azərbaycan, Abşeron, Saray qəsəbəsi, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi-xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan "Nizami-14" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (VÖEN:**********) Dövlət Sosial Müdafiə Fonduna 2684.79 manat, İcbari Tibbi Sığorta Fonduna 550.67 manat, işsizlikdən sığorta fonduna 176.24 manat olmaqla, ümumilikdə 3411.7 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********933800, xx.xx.2024-cü il tarixli **********917400, xx.xx.2024-cü il tarixli **********510400 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Qeyd olunanlarla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna 2684.79 manat, İcbari Tibbi Sığorta Fonduna 550.67 manat, İşsizlikdən sığorta fonduna 176.24 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (doğulduğu tarixxx.xx.1977, doğulduğu yer-Azərbaycan, Abşeron, Saray qəsəbəsi, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi-xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-7681/2024 nömrəli qərardadı ilə Maraqlı şəxs icra orqanın rəhbəri olduğu hüquqi şəxs "Nizami-14" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti qeyri-kommersiya təşkilatı olduğundan, dövlət büdcəsinə ödənilməli olan borcu maraqlı şəxsin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi nəticəsində yaranmadığından, bu mübahisəyə dair işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olması səbəbindən ərizənin geri qaytarılması qərara alınmışdır. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ünvan 1 ünvanında yaşayır. Nizami Rayon Məhkəməsinin 2(007)-851/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim Starə Əliyeva) ilə ərizə təmin edilməmişdir. Ərizəçi qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Ərizəçi qətnamədən apellyasiya şikayəti vermiş və qeyd etmişdir ki, vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə nəzər salındıqda görünür ki, ərizə üzrə tələb olunan borc tam şəkildə ödənilməmiş qalmaqdadır. Belə ki, şəxsi hesab vərəqəsindən də göründüyü kimi, vergi ödəyicisinin Dövlət Sosial Müdafiə Fonduna 514,79 manat, İcbari Tibbi Sığorta Fonduna 400 manat ödənilməmiş borcu vardır. Məhkəmə ölkədən getmə hüququnun məhdudlaşdırılması ilə bağlı qanunvericilik normalarını nəzərə almamışdır, halbuki, fiziki şəxsin və hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmə hüququnun məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət edərkən iki mühüm amil əhəmiyyət kəsb edir: 1) Vergi ödəyicisinin dövlət büdcəsinə borcunun olması; 2) Maraqlı şəxsin hüquqi şəxsin icra orqanının rəhbəri olması. Qeyd edilənlərə baxmayaraq məhkəmə kollegiyası tərəfindən bu amillərə diqqət yetirilməmiş, maraqlı şəxsin ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması üçün bütün şərtlər mövcud olsa da, ərizə təmin edilməmişdir. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmiş, yalnız maraqlı şəxs məhkəməyə göndərdiyi ərizədə səhhəti ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini bildirmiş, odur ki, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Nizami-14” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ünvanlanmış 16 iyul 2024-cü il tarixli, **********1 nömrəli bildirişdən görünür ki, onun xx.xx.2024-cü il tarixinə ümumilikdə 2681.20 manat borcu olması, Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən borcunu 5 gün müddətində ödəməsi, əks təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Nizami-14” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ünvanlanmış 16 iyul 2024-cü il tarixli, **********7 nömrəli bildirişdən görünür ki, onun xx.xx.2024-cü il tarixinə ümumilikdə 175.99 manat borcu olması, Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən borcunu 5 gün müddətində ödəməsi, əks təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Nizami-14” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ünvanlanmış 17 iyul 2024-cü il tarixli, **********1 nömrəli bildirişdən görünür ki, onun xx.xx.2024-cü il tarixinə ümumilikdə 462.25 manat borcu olması, Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən borcunu 5 gün müddətində ödəməsi, əks təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsi tərəfindən təsdiq edilmiş “Hüquqi şəxs haqqında məlumat”dan görünür ki, “Nizami-14” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixdə 1122-MM9-0237 nömrəli qeydiyyat sənədi verilmiş, rəhbəri Maraqlı şəxsdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsi tərəfindən təsdiq edilmiş “Nizami-14” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin şəxsi hesab vərəqəsi əlavə edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə edilməsi Baş İdarəsi tərəfindən “Nizami-14” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ünvanlanmış “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” xəbərdarlıqdan görünür ki, “Nizami-14” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin 3519.07 manat məbləğində borcu olması, həmin borcu 15 gün müddətində ödənilməsi, əks təqdirdə Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər X1 üzrə Baş İdarəsi Xidmət Mərkəzi ilə “Nizami14” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti arasında bağlanılmış “vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı məlumat” mübadiləsinə dair xx.xx.2022-ci il tarixli müqavilə forması əlavə edilmişdir. "Nizami-14" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən həyata keçirilmiş ödənişlərə dair qəbzlər əlavə edilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbayan Respublikasının Konstitusiyası Maddə 28. İİİ. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. 71.İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. 73.İ. qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı protokolun: 2-ci maddəsinin 2-ci hissəsinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. 2-ci maddəsinin 3-cü hissəsinə əsasən bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsi 1.4. həmin Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. 24.0.2-1. vergi orqanı vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. 77.1. vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.3. vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1. vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 (X3) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il 26 may tarixli qərarında qeyd edilmişdir ki: “Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, borclunun, o cümlədən mütəmadi icra edilməli olan öhdəliklər üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan əsaslar və mütənasiblik prinsipindən irəli gələn meyarlar kifayət qədər aydındır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarında da icra icraatı zamanı mütənasiblik prinsipinə riayət olunmasının, tələbkarın və borclunun hüquq və qanuni maraqlarının balansının təmin edilməsinin vacibliyi vurğulanmışdır. Bu hüquqi mövqe həm də baxılan məsələyə şamil olunur. Yuxarıda qeyd edilən məqsədə nail olmaq üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda icra məmurunun təqdimatında olan məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında da göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (məs. Battista İtaliyaya qarşı, № 43978/09, 2014-cü il 2 dekabr tarixli qərarı; Xlyustov Rusiyaya qarşı, № 28975/05, 2013-cü il 11 iyul tarixli qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Xlyustov Rusiyaya qarşı iş” üzrə qərarında göstərilmişdir ki, həmin mövqeyə görə, dövlət orqanları fərdi borclulara qarşı çıxarılmış məhkəmə qərarlarının icrasında kreditora lazımi köməklik göstərməyə borcludurlar (Xlyustov Rusiyaya qarşı, № 28975/05, 2013-cü il 11 iyul tarixli qərarı, § 92) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Battista İtaliyaya qarşı iş” üzrə qərarında göstərilmişdir ki, məhkəmələr ərizəçinin şəxsi vəziyyətinin və ya ödənilməli olan məbləğləri ödəmək qabiliyyətinin araşdırılmasını zəruri hesab etməmiş, avtomatik olaraq mübahisələndirilən tədbiri tətbiq etmiş, mübahisələndirilən hüquqları tarazlaşdırmaq cəhdi etməmişlər (Battista İtaliyaya qarşı, № 43978/09, 2014-cü il 2 dekabr tarixli qərarı, § 44). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Reiner Bolqarıstana qarşı iş” üzrə qərarında göstərilmişdir ki, hakimiyyət orqanları fiskal orqanların borcun digər vasitələrlə alınması üçün ağlabatan səylər göstərib-göstərmədiyini, borclunun ölkəni tərk etməsinin borcu yığmaq şansını sarsıda biləcəyi ehtimalını vaxtaşırı yenidən qiymətləndirmədən fərdin hərəkət azadlığına məhdudiyyətləri uzun müddət saxlamaq hüququna malik deyildirlər. Fiskal orqanlar aktiv olaraq borcun tutulmasına çalışmamış, xüsusilə də ərizəçinin ölkədaxilində hər hansı aktivinə və ya daşınar əmlakına həbs qoyulması üçün heç bir yeni səy göstərilməmişlər. Ərizəçinin xaricdə olan resurslarına dair sorğu etmək imkanı fiskal orqanlar tərəfindən heç vaxt nəzərdə tutulmayıb. Dövlət orqanlarının borcun ən azı bir hissəsinin tutulması üçün aşkar vasitələrdən istifadə etməməsi cavabdeh Hökumətin səfər qadağasının borcun ödənilməsi üçün zəruri olaraq qalması və ya ərizəçinin azadlığına qoyulmuş geniş məhdudiyyətə mütənasib olması barədə mövqeyini sarsıdır (Reiner Bolqarıstana qarşı № 46343/99, 2006-cı il 23 may tarixli qərarı, §§ 124-125). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qoçev Bolqarıstana qarşı iş” üzrə qərarında göstərilmişdir ki, işin faktları ərizəçinin əvvəldən avtomatik xarakterli tədbirə məruz qaldığını göstərir. Sözügedən tədbir direktor tərəfindən ərizəçinin şəxsi vəziyyəti və hətta borclarının ödənilməməsi ilə bağlı hallar barədə izahat tələb edilmədən və qərarında bu məsələlərə baxılmadan təyin edilib. Qabaqlayıcı tədbirin effektivliyi çox vaxt onun icra sürətindən asılı olduğuna baxmayaraq, bu, müvafiq yerli orqanı tədbir tətbiq edildikdən sonra müvafiq məlumat toplamaq öhdəliyindən azad etmir. Hazırkı işdə direktor öz qərarlarını verməzdən əvvəl ərizəçiyə sadəcə olaraq onun kreditorlarına təminat verib-vermədiyini bildirmək təklif etmişdir. Beləliklə, inzibati orqan ərizəçinin hərəkət azadlığının məhdudlaşdırılmasının işin halları baxımından əsaslı və mütənasib olmasını təmin etmək üçün bütün müvafiq məlumatları nəzərə almamışdır (QoçevBolqarıstana qarşı, № 34383/03, 2009-cu il 26 noyabr tarixli qərarı, §53). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi və Mustafayev Azərbaycana qarşı iş” üzrə qərarında göstərilmişdir ki, nə vergi orqanları, nə də ölkədaxili məhkəmələr ərizəçiyə səfər qadağası tətbiq etmədən öncə sözügedən vergi borcunu almağa cəhd etmiş, xüsusilə də iddia edilən vergi borcunun ərizəçilərin bank hesablarında olan puldan tutulmasını və ya ərizəçinin məhkəmə prosesində açıq-aydın tələb etməsinə baxmayaraq ona məxsus hər hansı digər aktivlərə həbs qoyulmasını düşünmüşlər. Hökumət ərizəçinin 7,385 manat pulun bank hesablarında olmasına dair məlumatına etiraz etməmişdir (Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi və Mustafayev Azərbaycana qarşı, № № 74288/14 və 64568/16, 2021-ci il 14 oktyabr tarixli qərarı, § 93). Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 9. Məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 355-5.1. vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-7.4. vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri: Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini ərizəçinin şikayətinə əsasən tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi dəyərləndirmə: Ərizəçinin apellyasiya şikayətinin əsas dəlili borc məbləğinin ərizəçi tərəfindən tam ödənilməməsinə əsaslanmaqla iddia tələbinin təmin edilməli olması ilə bağlıdır. Belə ki, ərizəçi maraqlı şəxsin Dövlət Sosial Müdafiə Fonduna 514,79 manat, İcbari Tibbi Sığorta Fonduna 400 manat ödənilməmiş borcu olmasına istinad edir. İddia tələbini təmin etməyən rayon məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, ərizəçi tərəfindən maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün hazırki ərizə ilə müraciət etməsi üçün əsas olmuş borc məbləğinin böyük hissəsi ödənildiyindən Maraqlı şəxs əsas konstitusion hüquqlarından olan hərəkət azadlığı hüququnun müvəqqəti məhdudlaşdırılması qalıq borc məbləği ilə mütənasiblik təşkil etmir. Belə ki, rayon məhkəməsində işə baxılarkən təqdim edilmiş ödəniş qəbzlərinin şəxsi hesab vərəqəsi ilə birlikdə tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, maraqlı şəxs tərəfindən İşsizlikdən sığorta fonduna olan 176.24 manat borc tam şəkildə, Dövlət Sosial Müdafiə Fonduna 2684.79 manat borc məbləğindən 1800 manat, İcbari Tibbi Sığorta Fonduna 550.67 manat borc məbləğindən 150 manat ödəniş edilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, “Nizami-14” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti qeyri-kommersiya təşkilatı olub, əsas fəaliyyət növü çoxmənzilli binaların idarə edilməsi olduğundan onun əsas vəsaiti çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi ilə formalaşır. Maraqlı şəxs tərəfindən öhdəliklərin yerinə yetirilməsi sahə mülkiyyətçiləri tərəfindən öz öhdəliklərinin vaxtında yerinə yetirilməsi ilə səbəbli əlaqəlidir. Lakin müəyyən edilmişdir ki, “Nizami-14” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti öhdəliklərin icrasından yayınmayaraq müvafiq xəbərdarlıqdan sonra bildirişdə tələb edilən məbləğin böyük hissəsini hissə-hissə ödəmişdir. Digər tərəfdən, vergi orqanının hazırkı işlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün hansı tədbirlər görməsi (tələb olunan vəsaitin MMMC-nin hesablarından silinməsi üçün müvafiq banklara müraciət etməsi, onlardan vəsaitin çatışmazlığına dair cavablar alması, MMMC-nin əmlakının üzərinə ixtisaslaşdırılmış açıq hərracdan satılması məqsədilə həbs qoyulması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi) iş materiallarından görünmür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi və Mustafayev Azərbaycana qarşı iş” üzrə Qərarında göstərilmişdir ki, nə vergi orqanları, nə də ölkədaxili məhkəmələr ərizəçiyə səfər qadağası tətbiq etmədən öncə sözügedən vergi borcunu almağa cəhd etmiş, xüsusilə də iddia edilən vergi borcunun ərizəçilərin bank hesablarında olan puldan tutulmasını və ya ərizəçinin məhkəmə prosesində açıq-aydın tələb etməsinə baxmayaraq ona məxsus hər hansı digər aktivlərə həbs qoyulmasını düşünmüşlər. Hökumət ərizəçinin 7,385 manat pulun bank hesablarında olmasına dair məlumatına etiraz etməmişdir (Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi və Mustafayev Azərbaycana qarşı, № № 74288/14 və 64568/16, 2021-ci il 14 oktyabr tarixli qərarı, § 93). Azərbayan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Qeyd edilənlərə əsasən, Məhkəmə kollegiyası apellyasiya şikayətinin borc məbləğinin tam ödənilməməsi barədə dəlili üzrə bildirir ki, maraqlı şəxsin Dövlət Sosial Müdafiə Fonduna 514,79 manat, İcbari Tibbi Sığorta Fonduna 400 manat ödənilməmiş qalıq borcu məbləğinin olması əsası ilə onun hərəkət azadlığı hüququnun müvəqqəti məhdudlaşdırılması gözlənilən nəticəyə mütənasib olmadığından rayon məhkəməsi ərizəni təmin etməməkdə haqlı olmuşdur, bu baxımdan,apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nizami Rayon Məhkəməsinin 2(007)-851/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar