Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3406/2020 11.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, X7 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh “Bakı Modern Təhsil Kompleksi”nin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-4371/2019 saylı qətnaməsindən iddiaçının vəkili və nümayəndəsi Sadıqov Elçı̇n Əlı̇ oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Bakı Modern Təhsil Kompleksi”nə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Bakı Modern Təhsil Kompleksi”ndən onun xeyrinə 42.000 (qırx iki min) manat maddi və 50.000 (əlli min) manat mənəvi zərər olmaqla, ümumilikdə 52.000 (əlli iki min) manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun oğlu X15 2012-ci il tarixdə “Bakı Modern Təhsil Kompleksi”nin komissiyası tərəfindən yoxlanıldıqdan sonra ikinci sinifə qəbul olunmuşdur. Kompleksdə illik təhsil haqqı 7.000 (yeddi min) manat təşkil edir. Oğlu 6-cı sinifdə oxuyanda təhsil müəssisəsinin verdiyi təhsil səviyyəsini kənardan yoxlatmaq qərarına gəlmiş, övladının təhsilini yoxlayan müəllimələr bunun “yox” dərəcədə olduğunu bildirmişlər. O, bu barədə baş direktor Mina Əliyevaya dəfələrlə xəbərdarlıq etmiş, bildirmişdir ki, övladını bu məktəbə qəbul edəndə söz vermişdir ki, uşaqlar evə tam hazırlıqlı gələcək, sözünə əməl etməsini xahiş etmişdi, məktəbin təhsil səviyyəsinin çox aşağı olduğunu bildirmişdir. Övladını bu məktəbdən çıxarmaq istəyir, amma oğlu uşaqlara çox bağlı olduğundan və başqa məktəbdə təhsil almaq istəmədiyindən çıxara bilmir. Mina Əliyeva və direktor Gülarə Əfəndiyeva ona bildirmişlər ki, narahat olmasın, X15 ilə onların özləri məşğul olacaqlar. Buna baxmayaraq, onlar övladının təhsilində irəliləyiş etməmişlər. Ona görə də oğlu 7-ci sinifdə oxuyanda baş direktor Mina Əliyevaya, direktor Gülarə Əfəndiyevaya, Nigar Əliyevaya, sinif rəhbəri Gülnarə Hüseynovaya demişdir ki, əgər 8-ci sinifdə onun uşağının təhsilində irəliləyiş olmasa, ondan şikayətçi olacaqdır. Bundan başqa, o Gülnarə Hüseynovaya bildirmişdir ki, 2018-ci il sentyabrın 17-də təhsil ilinin açılış günü şikayəti ilə bağlı tribunada çıxış edəcəkdir. Sonuncu bunu rəhbərliyə çatdırmış və nəticədə yay tətilində onu təkidlə Gəncə şəhərindən Bakıya gətirməyə nail olmuşlar. Bazar günü direktor Gülarə Əfəndiyeva və Gülnarə Hüseynova təhsil müəssisəsinə gəlib onunla görüşmüşlər. Gülarə Əfəndiyeva ağlayaraq demişdir ki, əgər o açılış günü məktəbə gəlib şikayət etsə, ona töhmət veriləcək və işdən azad olunacaqdır. Gülnarə Hüseynova və Gülarə Əfəndiyeva and içmişlər ki, Rəsul ilə ciddi məşğul olacaqlar, bu il onun təhsil səviyyəsini irəli gətirəcəklər, o da onlara çox sağ ol deyəcəkdir. O da bir xanım olaraq kiminsə qarşısında göz yaşı tökməsini görməzdən gəlməmiş və onlarla razılaşmışdır. Ödənişlə bağlı ona bildirmişlər ki, bazar günü olduğundan orada kimsə yoxdur, çünki yay tətilidir heç kim yoxdur, o gedib müalicəsini etsin, iki aydan sonra gəlib ödənişi edər. O, Rusiya Federasiyasına getmişdir. Təxminən bir ay sonra telefonla sinif rəhbəri Gülnarə Hüseynova ilə əlaqə saxlayıb övladının təhsili ilə maraqlanmişdır. Güman edirdi ki, sonuncu Rusiya Federasiyasında olduğunu məktəbin rəhbərliyinə çatdırmış və övladına sabahdan məktəbə gəlməməsini, onun məktəbdən çıxarıldığını demişlər. O, bunu eşitdikdən sonra təhsil müəssisəsinin rəhbərliyi ilə əlaqə saxlamış, xahiş etmişdir ki, bunu etməsinlər, çünki onların da övladı var, onlar da anadırlar. O, oğlunun yanında deyil, başını sığallayacaq, ona təsəlli verəcək ana yoxdur. Onlar isə ona əhəmiyyət verməmişlər, oğluna və ona stres yaşatmışlar. Mina Əliyevanın uşaqlara ilk stresi özündən ixrac etdiyi pis oxuyanları bir, orta oxuyanları başqa, yaxşı oxuyanları da digər siniflərə ayırması olmuşdur. Hətta oğlu həmin məktəbdə oxuya-oxuya o, övladını hazırlığa qoymur. Müəllim dəyişikliyi çox edir, bunu etdiklərinə görə dəfələrlə öz etirazını bildirdiyinə görə ona Mina Əliyeva təzyiq göstərmişdir. Oğlu məktəbdən çıxarılanadək ümumilikdə 42.000 (qırx iki min) manat məbləğində pul vəsaiti ödəmişdir. 6-cı sinifdə oxuyandan təhsil müəssisəsinin “rəy kitabı”nı tələb etmiş, lakin ona verməyiblər. Oğlunun təhsilini davam etdirməsi üçün üç məktəbə müraciət etmiş, baş verən problemlərə və bilik səviyyəsi aşağı olduğu üçün məktəblər onu qəbul etməmişlər. Bakı Modern Məktəbi (indiki Bakı Modern Təhsil Kompleksi) ilə bağladığı orta təhsil haqqında 91 nömrəli xx xxxxxxxx 2012-ci il tarixli müqavilənin 3.4-cü bəndində göstərilmişdir ki, bu müqavilənin bitməsinə 30 (otuz) gün qalmış tərəflərdən hər hansı biri bu müqavilənin xitamı barədə yazılı bildiriş göndərməzsə, bu halda müqavilə eyni müddətə uzadılmış hesab olunur. Cavabdeh ona bu müqavilənin xitamı barədə yazılı bildiriş göndərmədən oğlunu məktəbdən xaric etmişdir. Bu günə kimi bu barədə hər hansı bir sübutu da ona təqdim etməmişlər. Bundan əlavə, müqavilənin 6-cı bəndində sadalanmış xitam verilmə əsasları da mövcud olmamışdır. O, Mina Əliyevaya zəng etmiş və sonuncu ona bildirmişdir ki, onun övladını şura çıxartmışdır, nə o, nə də övladı şurada iştirak etməmişdir. Yalnız özləri iştirak etmişlər. Bütün baş verənlər nəticəsində o da, övladı da mənəvi sarsıntı keçirmiş, sağlamlıqları pozulmuşdur. Sözügedən müqavilənin 4.1.1-ci və 4.1.3cü bəndlərinə əsasən, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununa, Beynəlxalq və Dövlət standartlarına uyğun, keyfiyyətli orta təhsil xidmətlərini yerinə yetirməyi, orta təhsili hər bir şagirdin mənəvi və əqli inkişafına hesablanmış yüksək elmi-pedaqoji və beynəlxalq təcrübə əsasında təşkil etmək məktəbin vəzifəsi kimi göstərilmişdir, lakin cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Bakı Modern Məktəbi (indiki Bakı Modern Təhsil Kompleksi) ilə bağladığı orta təhsil haqqında 91 nömrəli xx xxxxxxxx 2012-ci il tarixli müqavilənin 5.2-ci bəndində göstərilmişdir ki, bu müqavilənin tərəflərindən biri digərinin əmlakına, səhhətinə maddi və digər maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurursa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində o və övladı mənəvi sarsıntı keçirmişlər. O, dəfələrlə direktorların və sinif rəhbərinin qəbulunda olsa da, nəticəsi olmamışdır. Kompleksin təhsil səviyyəsi aşağı olduğu halda ona yalan vədlər vermişlər. Sonda isə onun ölkədə olmamağından istifadə edib övladını məktəbdən çıxarmışlar. Buna görə də əsəbləri pozulmuş, əsəb sakitləşdirici dərman preparatları qəbul etmişdir. Oğlu da məktəbdən çıxarıldığı üçün və cavabdehin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (keyfiyyətli təhsil verilməməsi) nəticəsində hazırda da başqa məktəbə qəbul edilmədiyindən iztirab çəkir. Onu psixoloq yanına aparmışdır. Belə ki, oğlunun təhsil müəssisəsindən çıxarılması ilə bağlı keçirdiyi iztirablar bir yana, direktorların qarşısında göz yaşı tökmüş, onların kobud davranışları nəticəsində təzyiqi enmiş, mənəvi və fiziki iztirab keçirmişdir. Sağlamlığının pozulması nəticəsində çəkdiyi fiziki əzab ona əmək funksiyasını icra etməyə belə mane olmuşdur. Ona görə də mənəvi zərərin əvəzi kimi cavabdehdən 20.000 (iyirmi min) manat tələb edir. Bakı Modern Məktəbi (indiki Bakı Modern Təhsil Kompleksi) ilə bağladığı orta təhsil haqqında 91 nömrəli xx xxxxxxxx 2012-ci il tarixli müqavilənin 8.2-ci bəndində göstərilmişdir ki, tərəflər arasında meydana gələn mübahisəli məsələlər qarşılıqlı danışıqlar yolu ilə həll edilə bilmədiyi təqdirdə, mübahisələr Azərbaycan Respublikasının məhkəmələri vasitəsi ilə həll edilir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər “Bakı Modern Təhsil Kompleksi”ndən və Bakı Modern Məktəbindən müştərək qaydada İddiaçı xeyrinə 42.000 (qırx iki min) manat məbləğində maddi və 50.000 (əlli min) manat məbləğində mənəvi zərər olmaqla, ümumilikdə 92.000 (doxsan iki min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-4371/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər “Bakı Modern Təhsil Kompleksi”nə və “Bakı Modern Məktəbi”nə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinin rədd edilməsi qət olunmuşdur. İddiaçının vəkili və nümayəndəsi Sadıqov Elçı̇n Əlı̇ oğlu qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, iddiaçı X1 rayon məhkəməsinə cavabdeh Bakı X9rşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə müraciət edərək bildirib ki, onun oğlu X15 2012-ci il tarixində Bakı X12 2-ci sinifinə imtahanla qəbul olub.Məktəb özəl məktəbdir və illik ödənişi 7000 manat təşkil edir. Cavabdehlə iddiaçı arasında elə həmin il xx.xx.2012-ci il tarixində Orta təhsil haqqında müqavilə imzalanıb və iddiaçının oğlu həmin məktəbdə təhsilini davam etdirib. İddiaçı bildirir ki, cavabdeh onun oğlunun təhsili ilə bağlı aralarında bağlanmış xx.xx.2012-ci il tarixli “Orta təhsil haqqında” müqavilənin şərtlərini sonradann pozaraq iddiaçının oğlu X6 təhsilini müqavilədə öhdəsinə götürdüyü səviyyədə təşkil etməyib. Cavabdeh oğlunun təhsil səviyyəsinin davam etdirdiyi təhsil pilləsinə (ilk dəfə bu fakt müəyyən olunarkən 6-cı sinifə) uyğun olmadığı faktını iddiaçıdan gizlədərək, dəyəri 7000 (yeddi min) AZN məbləğində müəyyən olunan müqavilənin hər il uzadılmasına nail olub. Cavabdehin təmin etdiyi təhsil xidmətinin nəticəsi kimi onun oğlu X15 hazırda elementar səviyyədə biliklərə belə malik deyil. Bu səbəblə iddiaçı məhkəmədən 6 il ərzində ödədiyi illik 7000 manat, cəmi 42.000 (qırx iki min) manat maddi vəsaitin və cavabdeh təqsirli hərəkətləri nəticəsində ona dəymiş mənəvi zərərin əvəzi olaraq 52000 (əlli iki min) manat məbləğində pulun alınaraq ona ödənilməyinin təmini barədə qətnamə çıxarılmağını xahiş edib. Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-4371/2019 saylı qətnaməsi ilə iddiaçının iddia tələbi rədd edildi. Qətnamədə göstərildi ki, iddiaçı X16 ilə Bakı Modern Məktəbi arasında bağlanmış təhsil haqqında 91 nömrəli xx xxxxxxxx 2012-ci il tarixli müqaviləyə əsasən, kompleksə 42000 manat məbləğində pul vəsaiti ödəyib. Lakin NRM müəyyən etdiyi fakta zidd olaraq, iddiaçının göstərilən tələb üzrə əsaslandırmasını həqiqətə uyğun hesab etmədi və hüquqi istinadın əsassız olduğunu bildirdi. Nərimanov rayon məhkəməsinin qətnaməsində göstərildi ki, iddiaçı ilə cavabdeh məktəb arasında hər tədris ili üçün ayrı-ayrılıqda 5 müqavilə bağlanılmışdır. Tərəflər arasında sonuncu müqavilə xx xxxxxxxx 2017-ci il tarixində bağlanılmış ümumtəhsil haqqında 493 nömrəli müqavilədir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı gündən qüvvəyə minir və 1 tədris ili müddətində qüvvədə qalır. Həmin müqavilənin 5.3-cü maddəsinin a bəndinə görə müqavilənin müddəti bitdikdə müqavilə ləğv edilə bilər. Məhkəmə bu qənaətə gəlib ki, tərəflər arasında hər tədris ili üçün ayrıca müqavilə bağlanıb və sonuncu müqavilənin bəndlərinin məzmununa görə bir illik müddət bitdikdə müqavilə ləğv edilir. Məhkəmə qeyd edilən müqavilənin 5.3-cü maddəsinin “a” bəndində yazılan ifadəni “...müqavilənin müddəti bitdikdə müqavilə ləğv edilə bilər” kimi deyil “...bir illik müddət bitdikdə müqavilə ləğv edilir” kimi tövsif etdi və bunun səbəbi ilə bağlı heç bir şərh vermədi. Məhkəmə tərəflər arasında ümumilikdə, 42000 manat dəyərində müqavilə imzalandığını qeyd etsə də bildirdi ki, iddia ərizəsində irəli sürülən maddi zərərin cavabdehin hərəkət yaxud hərəkətsizliyi nəticəsində vurulması, iddiaçının hüquqi vəziyyətinin cavabdehin öz vəzifəsini yerinə yetirməməsi ilə pisləşmiş olması, cavabdehin hərəkəti ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması sübut olunmayıb. NRM iddiaçının mənəvi zərərlə bağlı tələblərini də rədd etdi. Hesab edirik ki, Nərimanov rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)- 4371/2019 saylı qətnaməsi qanunsuzdur və ləğv edilməlidir. İddiaçı bildirir ki, hazırki mübahisə Bakı Modern Təhsil Kompleksi ilə onun arasında oğlu X6 təhsili ilə bağlı bağlanmış xx.xx.2012-ci il tarixli Orta təhsil haqqında müqavilənin şərtlərini pozaraq oğluna keyfiyyətli təhsil verilməməyi və bu barədə valideynə 6 il ərzində heç bir məlumat verilməyərək, müqavilə müddətinin uzadılmağı nəticəsində ona dəymiş zərərin əvəzinin tələb edilməsi ilə bağlıdır. Məhkəmənin diqqətinə çatdırırıq ki, NRM-də baş verən proses zamanı cavabdeh tərəf məhkəməyə gələrək əvvəlcə bildirdilər ki, heç bir halda onlar xx.xx.2012-ci il tarixli müqavilənin tərəfi sayıla bilməzlər. Çünki sözügedən müqavilə iddiaçı ilə Bakı Modern Təhsil Kompleksi arasında deyil, X24 arasında imzalanıb. Bakı Modern Təhsil Kompleksi isə 2016-cı ilin sentyabr ayında təsis edilib. Bundan sonra iddiaçının vəkili məhkəmədə bildirdi ki, Bakı Modern Məktəbi ilə Bakı Müasir Təhsil Kompleksi eyni müəssisədir. Sadəcə Bakı Modern Məktəbi valideynlərə və digər şəxslərə bu barədə xüsusi məlumat vermədən 2016-cı ilin oktyabr ayında yeni bir adla - Bakı Müasir Təhsil Kompleksi adı ilə fəaliyyət göstərməyə başlayıb. Bunu mətəbin internet saytında qeyd edilən məlumatlardan da görmək mümkündür. Digər bir tərəfdən yeni adla fəaliyyət göstərən yeni hüquqi şəxs əvvəlki müqavilələrdə də heç bir dəyişiklik etməyib və eyni qaydada öhdəliyi icra etməyə davam edib. Vəkil bundan sonra dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, 92000 manat məbləğin Bakı Müasir Təhsil Kompleksi və Bakı Modern Məktəbindan müştərək qaydada alınmağını tələb etdi. NRM xx.xx.2019-cu il tarixli qətnamədə, ümumiyyətlə, bu məsələni araşdırmadı və heç bir əsaslandırma olmadan iddiaçının Bakı Modern Məktəbindən də pulun tutulmağı ilə bağlı ərizəsini rədd etdi. NRM qətnaməsində tamamilə eyni tərkibdə fəaliyyət göstərən hüquqi şəxslərlə bağlı nə cür yanaşma qoyulmalı olduğunu şərh etmədi. NRM qətnamədə qeyd etdi ki, xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən iddiaçı cavabdehə 42000 manat məbləğində ödəniş edib. Lakin məhkəmə əlavə heç bir izah vermədən qeyd etdi ki, bu məbləğ iddiaçıya dəymiş ziyan kimi nəzərə alına bilməz. Halbuki iddiaçı məhkəmə prosesi zamanı oğlunu onlarla müəllim yanında yoxlatdığını və heç bir məktəbin oğlunu təhsil almaq üçün qəbul etmədiyini, buna baxmayaraq cavabdehə məxsus məktəbdə təhsil aldığı müddətdə oğlunun qiymətlərinin “4” və “5” kimi yazıldığını bildirdi. NRM xx.xx.2019-cu il tarixli qətnamədə 42000 manat məbləği nə üçün zərər kimi nəzərə almadığına aydınlıq gətirmədi. Nərimanov rayon məhkəməsi xx.xx.2012-ci il tarixli müqavilənin digər illik olaraq bağlanan müqavilələrlə tövsifini etmədi və qətnamədə bunu əsaslandırmadı. İddiaçı bildirir ki, Nərimanov rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-4371/2019 saylı qətnaməsində göstərildi ki, mübahisə predmeti olan müqavilədən sonra tərəflər arasında hər tədris ili üçün ayrı-ayrılıqda 5 müqavilə bağlanılıb. Tərəflər arasında sonuncu müqavilə xx xxxxxxxx 2017-ci il tarixində bağlanılmış ümumtəhsil haqqında 493 nömrəli müqavilədir. Həmin müqavilənin 5.1-ci bəndinə görə bu müqavilə imzalandığı gündən qüvvəyə minir və 1 tədris ili müddətində qüvvədə qalır. Müqavilənin 5.3-cü maddəsinin a bəndinə görə müqavilənin müddəti bitdikdə müqavilə ləğv edilə bilər. İddiaçı qeyd edir ki, onunla cavabdeh arasında bağlanılmış əsas müqavilə xx.xx.2012-ci il tarixli müqavilədir. Bu müqavilə tərəflər arasında münasibətin illik deyil, bütöv razılaşmasını əhatə edir. Həmin müqavilənin 3.4-cü bəndində isə göstərilir ki, bu müqavilənin xitam olunması barədə yazılı bildiriş göndərilməzsə, bu halda bu müqavilə eyni müddətə uzadılmış hesab olunur. Belə olan halda 493 nömrəli müqavilənin tərəflər arasındakı iradə bəyanında həlledici sayıla bilməyi üçün (sonrakı tarixdə imzalandığı səbəbi ilə) bu müqavilənin xx.xx.2012-ci il tarixli müqavilədən tamamilə fərqli şərtlər müəyyən etməyi lazım gəlir. Lakin Nərimanov rayon məhkəməsi nəzərə almayıb ki, xx xxxxxxxx 2017-ci il tarixli müqavilənin 5.1-ci bəndində müqavilənin 1 ilin tamamında ləğv edilməyi zəruri şərt kimi göstərilməyib və deyilib ki, müqavilənin müddəti bitdikdə müqavilə ləğv edilə bilər. Halbuki xx.xx.2012-ci il tarixli müqavilədə açıqca göstərilir ki, tərəflər arasındakı münasibətin xitam olunmuş hesab olunması üçün tərəflərdən birinin digərinə yazılı qaydada bildiriş göndərməsi şərtdir, əks təqdirdə müqavilə həmin müddətə uzadılmış hesab olunmalıdır. İddiaçı qeyd edir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində onun oğlu hal-hazırda yaş səviyyəsinə uyğun məktəbdə əldə edilən zəruri biliklərə malik deyil. Üstəlik, digər məktəblər də oğlunu məktəbə qəbul etməkdən imtina edirlər.İddiaçı təkrar edir ki, X28 Kompleksi tərəflər arasında imzalanan xx.xx.2012-ci il tarixli müqavilənin 4.1.1. bəndində də göstərildiyi kimi, təşkil etdiyi təhsil xidmətini Təhsil haqqında AR Qanununa, Beynəlxalq və Dövlət Standartlarına uyğun həyata keçirməyi öz öhdəsinə götürsə də, azyaşlı uşağın mənafeyini nəzərə almadan, onun məktəbdən dərs ilinin ortasında xaric edilməyinin meydana gətirəcəyi nəticələri bilərək, onun oğlunun 1 ilə yaxın müddətdir təhsil həyatından kənarda qalmağına gətirib çıxarıb. X28 Kompleksi, ümumiyyətlə, öz fəaliyyətini AR Qanunvericiliyində göstərilən dövlətdaxili və beynəlxalq standartlara uyğun olaraq həyata keçirmir və müvafiq attestasiyadan keçmir. Çünki o, oğlunun aldığı təhsilin keyfiyyəti barədə məlumat almaq üçün 2018-ci ildə məktəbə müraciət edərək “rəy kitabı’nı tələb etsə də, ona bir dəfə də olsun həmin kitabça təqdim olunmayıb. Bu da ona görədir ki. məktəb dəyərini illik 6000 AZN məbləğində müəyyən etdiyi təhsilin uşaqlar üzərindəki nəncəiəfi barədə valideynlərin rəylərini bölüşmək istəmir, şəffaflıq prinsiplərinin tələblərini pozur, xüsusi şəkildə ve daha kvalifikasiyalı heyətlə təqdim edəcəyini öhdəsinə götürdüyü təhsili, əslində bu şəkildə təşkil etmir. "X5 Nizamnaməsi"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2011-ci il tarixli Qərarı İlə təsdiq edilmiş X2 Nizamnaməsində də qeyd olunur ki, ümumtəhsil məktəbinin idarə olunması aşkarlıq, şəffaflıq və demokratiklik prinsiplərinə əsaslanır. Həmin Nizamnamənin 3.5-ci maddəsində göstərilir ki, Ümumi orta təhsil şagirdlərin yazılı və şifahi nitq inkişafının, idrak fəaliyyətinin gücləndirilməsini, ölkənin tarixi, ədəbiyyatı, incəsənəti, mədəniyyəti, sosial-iqtisadi infrastrukturu, dünya dövlətləri arasında mövqeyi barədə təsəvvürlərinin genişləndirilməsini, onlarda informativ- kommunikativ, təhlil və tətbiq, problem həlli, əməkdaşlıq, müstəqil təhsillənmək, xarici dildə ünsiyyət qurmaq bacarıqlarının, tolerantlıq, milli-mənəvi dəyərlərə sadiqlik və digər bu kimi keyfiyyətlərin formalaşdırılmasını təmin edir. Həmin Nizamnamənin 8.2-ci maddəsində təhsilverənin vəzifələri içərisində “təhsil proqramlarının mənimsənilməsini təmin etmək” açıqca qeyd olunur. X5 Nizamnaməsi “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 29.0.15-ci maddəsinə uyğun olaraq hazırlanıb və tabeliyindən və təşkilati-hüquqi formasından asılı olmayaraq, respublika ərazisində yerləşən bütün ümumtəhsil məktəblərinin fəaliyyətini tənzimləyir. Qeyd olunan maddələrdən göründüyü kimi cavabdeh istənilən halda orta təhsil səviyyəsində təhsil alan uşağına ən azı bu həddə biliklər aşılamadığı üçün məsuliyyət daşıyır. Halbuki, cavabdeh bu fakt müqavilədə müfəssəl müəyyən edilməmiş olsa belə, özəl təhsil müəssisəsi kimi müqavilə bağlanan zamanbu keyfiyyətlərin ən yüksək səviyyədə təşkil edəcəyini öz öhdəsinə götürüb. Mülki Məcəllənin 436-cı maddəsində də qeyd olunur ki, əgər icranın keyfiyyəti müqavilədə müfəssəl müəyyənləşdirilməyibsə, borclu ən azı orta keyfiyyətli iş görməli və orta keyfiyyətli əşya verməlidir. İndiki halda xeyrinə müqavilə imzaladığı oğlu X15 isə nəinki orta, ən aşağı səviyyədə belə təhsilə yiyələnməyib. Birinci instansiya məhkəməsində iddiaçı bildirdi ki, iddiaçının oğlu X15 təhsil aldığı müddətdə onun olduğu sinifdə çox sıx aralıqlarla müəllim dəyişiklikləri edilib. Bu isə məktəbin təqdim etməyi öhdəsinə götürdüyü xidməti lazımınca icra etməməsi, xx.xx.2012-ci il tarixli müqavilənin 4.1.3-cü maddəsini pozaraq icra etməsi nəticəsini meydana gətirib. Azyaşlı uşaqlar onlara dərs tədris edən müəllimlərlə müəyyən müddət sonra mənəvi bağ qurduqlarından, onların hər dəfə dəyişməsi uşaqların əqli və mənəvi inkişafında problemlər yaradır. Cavabdeh baş verən müəllim dəyişikliklərinin ondan asılı olmayan səbəblərdən baş verdiyini sübut etsə belə, bu dəyişikliklər ərzində iddiaçının oğlunun sinfındəki uşaqlara psixoloq dəstəyinin təmin edilməməsi cavabdehin müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etmədiyini göstərir. Lakin Nərimanov rayon məhkəməsi iddiaçının bu arqumentlərini ümumiyyətlə araşdırmadı. İddiaçı qeyd edir ki, o, oğlu X6 təhsili ilə müntəzəm maraqlansa da ona oğlunun təhsil aldığı sinifə uyğun biliklərə malik olmadığı barədə heç bir məlumat verilməyib. xx.xx.2012-ci il tarixli müqavilədə məktəbin ayda bir dəfə valideyn iclası təşkil etmək öhdəliyi kifayət edir kimi görünsə də, məktəbi təmsil səlahiyyətinə malik rəhbərlik tərəfindən oğlunun təhsil vəziyyəti barədə xüsusi əhəmiyyətə malik bu məlumat ona bildirilməli idi. Mülki Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər vətələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin maddənin 2-ci bəndində əlavə olunur ki, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. İndiki halda cavabdeh X28 Kompleksi tərəfindən xx.xx.2012-ci il tarixli müqavilədə göstərilən öhdəliklər lazımınca yerinə yetirilməyib, üstəlik heç bir xəbərdarlıq edilmədən təqsirli və təktərəfli qaydada müqaviləyə xitam verilib. Halbuki Mülki Məcəllənin 430.1-ci maddəsində birbaşa qeyd olunur ki, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. İddiaçı bir daha bildirir ki, o Nərimanov rayon məhkəməsində dəfələrlə bildirib ki, o, cavabdehin təqsirli hərəkətləri nəticəsində ciddi stres və iztirab keçirib. Belə ki, onun oğlu özü xaricdə ola-ola cavabdeh tərəfindən səhəri gün dərsə gəlməməyi deyilərək məktəbdən kənarlaşdırılıb və hal-hazırda da heç bir məktəbə gedə bilmədiyi üçün oğlunun psixoloji sağlamlığı qənaətbəxş səviyyədə deyil. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarına əsasən, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarda göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilənlənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “Bakı Modern Təhsil Kompleksi”nin nümayəndəsi və vəkili Vəkil2 şikayəti qəbul etməyərək, onun təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanmasının xahiş etdi, izahatında qeyd etldi ki, iddiaçı tələbini əsasən bununla əsaslandırmışdır ki, Bakı Modern Məktəbi ilə onun arasında bağlanmış orta təhsil haqqında 91 nömrəli xx xxxxxxxx 2012-ci il tarixli müqaviləyə əsasən, kompleksə 42.000 (qırx iki min) manat məbləğində pul vəsaiti ödəmiş, lakin müqavilə öhdəlikləri kompleks tərəfindən yerinə yetirilməmiş, övladına “Təhsil haqqında” Qanuna və Beynəlxalq və Dövlət standartlarına uyğun, keyfiyyətli ortatəhsil xidmətləri göstərilməmişdir. Eyni zamanda, övladının təhsildən kənarlaşdırılması və baş verənlər nəticəsində o və övladı mənəvi sarsıntı keçirərək, sağlamlığı pozulmuş və ona mənəvi ziyan dəymişdir. Bildirir ki, göstərilən tələb üzrə İddiaçı əsaslandırması gerçəkliyi əks etdirmir və hüquqi istinadı da əsassızdır. İddiaçı ilə Bakı Modern Təhsil Kompleksi ilə övladının təhsil alması üçün hər tədris ili üçün müqavilə bağlanmışdır. Həmin müqavilə şərtlərinə Təhsil Kompleksi tərəfindən lazımınca əməl edilmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə müvafiq olaraq, “Kompleks” Dövlət və Beynəlxalq standartlara uyğun olaraq hazırlanmış müvafiq təhsil proqramları çərçivəsində Təhsil qanunvericiliyinə əsasən tam orta təhsil xidmətinin həyata keçirilməsi öhdəliyini daşıyır. Müqavilə şərtlərinə müvafiq olaraq “Kompleks” öhdəliyini yerinə yetirərək, standartlara uyğun keyfiyyətli təhsil xidmətini iddiaçının övladına vermişdir. Kompleks tərəfindən bütün şagirdlər kimi, iddiaçının övladına da bərabər təhsil şəraiti yaradılmış, ona verilən təhsil mövcud standartlara və normalara uyğun olmuşdur. Eyni zamanda mövcud təhsil standartları, tədris proqramları və planları əsasında təhsil ilə təmin olunmuşdur. Bakı Modern Təhsil Kompleksində verilən təhsilin keyfiyyəti həmin məktəbin şagirdlərinin ölkə və beynəlxalq səviyyədə göstərdikləri nəaliyyətlər də sübut edir. Keçirilmiş dünya fənn olimpiadalarında və beynəlxalq bilik yarışlarında məktəblilərin medallar qazanması həmin məktəbdə təhsilin keyfiyyət göstəricilərinin yüksək olmasının real sübutudur. Eyni zamanda, 2018/2019-cu tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi-statistik təhlilinə görə 11-ci siniflər üzrə buraxılış imtahanlarında da şagirdləri yaxşı nəticə göstərən 40 təhsil müəssiələri içərisində Bakı Modern Təhsil Kompleksi rus dili fənni üzrə 1-ci, riyaziyyat fənni üzrə 20-ci, ingilis dili fənni üzrə 10-cu yerlə layiq görülmüşdür. Bununla yanaşı 9-cu və 11-ci siniflər üzrə buraxılış imtahanında ayrı-ayrı fənlər üzrə ən yaxşı nəticə göstərən 40 təhsil müəssisəsi içərisində Bakı Modern Təhsil Kompleksi 14-cü sırada yer almışdır. Göründüyü kimi, Bakı Modern Təhsil Kompleksi təhsilin keyfiyyət göstəricilərinə görə seçilən məktəblər sırasında olmuşdur. Bundan başqa, məhkəmənin nəzərinə çatdırmışdır ki, iddiaçının uşağının 2012-ci ildən həmin məktəbdə təsil almasına baxmayaraq 6 il ərzində kompleksə qarşı heç bir tələbi, narazıçılığı olmamışdır. Yəni, iddiaçı iddia ərizəsində göstərdikləri kimi həqiqətən verilən təhsilin keyfiyyətsiz sayırdısa bu barədə ona xəbərdarlıq edə, müsbət nəticə ala bilmirdisə müvafiq iddia tələbi ilə məhkəməyə müracət edə bilərdi. İddiaçı, yəni valideyn kimi müəyyən olunmuş qaydada bir dəfə də olsun övladının biliyinin qiymətləndirilməsini tələb etməmiş və təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etməmişdir. Altı il ərzində bu addımlardan heç biri atılmadan verilən təhsilin keyfiyyətini mübahisələndirmək yalnız və yalnız formal mülahizədir. Əslində iddiaçı təhsil müəssisəsinin işini bəyənərək onunla müqavilə bağlamış, hazırda isə onu keyfiyyətsiz təhsil verməklə ittiham etməsi inandırıcı deyildir. İddiaçı cavabdehin müqavilə üzrə öhdəliklərini yerinə yetirilməsini iddia ərizəsində şifahi olaraq göstərsə də, cavabdehdən lazımi qaydada tələb etməsini və ya vaxtında tələb etməsini sübut edə bilmir. Ümumiyyətlə təhsilin keyfiyyətsizliyinin nədə ifadə olunması iddiaçı tərəfindən iddia ərizəsində əsaslandırılmamışdır. İddiaçı övladının bilik səviyyəsinin aşağı olması səbəbindən, digər məktəblərin onun övladını qəbul etməmələrini əsas gətirərək cavabdehi keyfiyyətsiz təhsilin verməsində günahlandırır. Belə ki, iddia ərizəsində göstərilir ki, “Rəsulun təhsilini davam etdirilməsi üçün 3 məktəbə müraciət etmiş, baş verən problemlərə və bilik səviyyəsi aşağı olduğu üçün məktəblər onu qəbul etməmişlər”. Birincisi, iddiaçı tərəf onun övladının təhsil alması üçün hansı təhsil müəssisələrinə müraciət etdiyini və həmin təhsil müəssisələrinin həqiqətən uşağın bilik səviyyəsinin aşağı olması səbəbindən imtina etdiklərini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. İkincisi, onun övladının bilik səviyyəsinin aşağı olması, tədris edilən dərsləri mənimsəməməsi və dərsləri qavramaması, zəif oxuması verilən təhsilin keyfıyyətsizliyi kimi qəbul edilməməlidir. Bundan başqa iddiaçı iddia ərizəsində cavabdeh tərəfindən müqavilənin qanunsuz xitam edilməsini göstərərək qeyd edir ki, “orta təhsil haqqında 91 nömrəli xx xxxxxxxx 2012-ci il tarixli müqavilənin 3.4-cü bəndinə görə, bu müqavilənin bitməsinə 30 (otuz) gün qalmış tərəflərdən hər hansı biri bu müqavilənin xitamı barədə yazılı bildiriş göndərməzsə, bu halda müqavilə eyni müddətə uzadılmış hesab olunur. Cavabdeh ona bu müqavilənin xitamı barədə yazılı bildiriş göndərmədən oğlunu məktəbdən xaric etmişdir. Bu günə kimi bu barədə hər hansı bir sübutu da ona təqdim etməmişlər. Bundan əlavə, müqavilənin 6-cı bəndində sadalanmış xitam verilmə əsasları da mövcud olmamışdır”. Bununla bağlı bildirmişdir ki, iddiaçı tərəflər arasında başlanmış “orta təhsil haqqında 91 nömrəli xx xxxxxxxx 2012-ci il tarixli müqavilənin 3.4-cü bəndinə istinad edərək belə bir qənaətə gəlmişdir. Məhkəməyə məlumat üçün bildirmişdir ki, qeyd edilən müqavilədən sonra tərəflər arasında hər tədris ili üçün ayrı-ayrılıqda 5 (beş) müqavilə bağlanılmışdır. Tərəflər arasındakı sonuncu müqavilə xx xxxxxxxx 2017-ci il tarixində bağlanılmış ümumtəhsil haqqında 493 nömrəli müqavilədir. Həmin müqavilənin 5.1-ci bəndinə görə bu müqavilə imzalandığı gündən qüvvəyə minir və 1 (bir) tədris ili müddətində qüvvədə qalır. Həmin Müqavilənin 5.3-cü maddəsinin “a” bəndinə görə müqavilənin müddəti bitdikdə müqavilə ləğv edilə bilər. Göründüyü kimi, tərəflər arasında hər tədris ili üçün ayrıca müqavilə bağlanmış və sonuncu müqavilənin sadalanan bəndlərinin məzmununa görə bir illik müddət bitdikdə müqavilə ləğv edilir. İş materialları ilə və iddiaçının iddia ərizəsi ilə müəyyən olunur ki, 2017/2018-ci tədris ilində iddiaçının övladı Kompleksdə təhsil almış, lakin 2018/2019-cu tədris ili üçün müqavilə bağlanılmamışdır. Ona görə də iddiaçının 2012-ci il tarixli müqaviləyə istinad etməklə, müqavilənin qanunsuz xitamı kimi qiymətləndirməsi düzgün deyildir. Həmçinin, 2018/2019-cu tədris ili üçün ümumiyyətlə tərəflər arasında müqavilə bağlanmadığından həmin illərə görə cavabdehdən maddi zivanın ödənilməsi tələb edilə bilməz. İşdə olan sənədlərlə cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçının xəstəlik tapması, iddiaçının gəlirdən məhrum olması və ümumiyyətlə iddiaçıya zərər dəyməsi sübuta yetirilmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. İddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır. Qeyd edir ki, iddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehin hərəkət, yaxud hərəkətsizliyi nəticəsində vurulması, iddiaçının hüquqi vəziyyətinin cavabdehin öz vəzifəsini verinə yetirməməsi ilə pisləşmiş olması, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması sübut olunmur. Tələbin mənəvi zərərlə bağlı hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb də sübut olunmur. Beləliklə, cavabdeh iddiaçının hərəkətləri nəticəsində maddi və mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddia düzgün olaraq təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-4371/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, işdə olan “X24” (məktəb) ilə İddiaçı (valideyn) arasında bağlanmış xx xxxxxxxx 2012-ci il tarixli 91 nömrəli müqavilənin məzmunundan görünür ki, “Məktəb” Dövlət və Beynəlxalq standartlara uyğun hazırlanmış müvafiq təhsil proqramları çərçivəsində Təhsil qanunvericiliyinə əsasən ümumi otra təhsil xidmətinin həyata keçirilməsini, “Valideyn” isə övladına (və ya övladlarına) orta təhsilin verilməsi müqabilində bu Müqavilə əsasında xidmət haqqını ödəməyi öz öhdəsinə götürmüşdür (1.1-ci bənd). Bu müqavilənin 1.1-ci maddəsində nəzərdə tutulmuş orta təhsil xidmətinin (xidmətlərinin) göstərilməsinə görə “Valideyn” “Məktəb”ə təhsil haqqı ödəyir (2.1-ci bənd). Ödəniş “Valideyn” tərəfindən nağd və ya nağdsız qaydada həyata keçirilir. “Valideyn”ə ödənişi təsdiq edən qəbz təqdim olunur (2.2-ci bənd). Bu Müqavilənin dəyəri bazar qiymətlərinin dəyişməsi ilə əlaqədar dəyişdirilə bilməz. Qarşılıqlı razılıq əsasında bu Müqavilənin dəyərinin dəyişməsi barədə Əlavə tərtib oluna bilər. Həmin Əlavə bu Müqavilənin ayrılmaz hissəsi hesab olunacaqdır (2.3-cü bənd). Tam təhsil haqqı sentyabr ayının 05-dək ödənilməlidir (2.4-cü bənd). Təhsil haqqı hissə-hissə ödəndikdə, hər dövrün ilk ayının 25-dək həyata keçirilməlidir. Həmin gün qeyri-iş günlərinə düşdükdə, ödəniş növbəti gün həyata keçirilməlidir (2.5-ci bənd). Təhsil haqqının ödənilməsi bu Müqavilədə nəzərdə tutulan qaydada həyata keçirilmədikdə və yaxud gecikdirildikdə, Valideyn gecikdirilmiş hər gün üçün təhsil haqqının ümumi məbləğinin 0,5% məbləğində cərimə ödəyəcəkdir (2.6-cı bənd). Bu Müqavilənin 6.1-ci bəndinə əsasən münasibətlərə xitam verildikdə, ödənilmiş təhsil haqqı geri qaytarılmır (2.7- ci bənd). Bu Müqavilə bağlandığı andan qüvvəyə minir və xx xxxx 2013-cü il tarixinə qədər qüvvədə qalır (3.3-cü bənd). Bu Müqavilənin müddətinin bitməsinə 30 (otuz) gün qalmış tərəflərdən hər hansı biri bu Müqavilənin xitam olması barədə yazılı bildiriş göndərməzsə, bu halda bu Müqavilə eyni müddətə uzadılmış hesab olunur (3.4-cü bənd). İş materiallarında olan Bakı X12 təsisçisi X10 xx xxxxxxxx 2016-cı il tarixli qərarının məzmunundan görünür ki, müvafiq qərarla Bakı X12 təsis edilməsi, kompleksin nizamnaməsinin təsdiq edilməsi, kompleksin yerləşdiyi yerin Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 218 ünvanının müəyyən edilməsi, kompleksin direktorunun X11 təyin edilməsi, kompleksin nizamnamə kapitalının (X17- 10 (on) manat, hər biri 5 (beş) manat olmaqla 2 (iki) pay, 100%) müəyyən edilməsi, kompleksin dövlət qeydiyyatına alınması üçün sənədlərin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunması qərara alınmışdır. İşdə olan akı X12 xx xxxxxxx 2016-cı il tarixli 01 nömrəli əmrinin məzmunundan görünür ki, Bakı X12 təsisçinin xx xxxxxxxx 2016-cı il tarixli qərarı əsasında xx xxxxxxx 2016-cı il tarixdən Bakı X12 direktoru vəzifəsi üzrə fəaliyyətə başlaması əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Qurumunun Dövlət Qeydiyyatı haqqında Şəhadətnamənin surətindən görünür ki, Bakı Modern Təhsil Kompleksi ********** nömrəli VÖEN ilə xx xxxxxxx 2016-cı il tarixdə qeydiyyata alınaraq, müvafiq qurumun ünvanı ünvan 2 qeyd edilmişdir. İşdə olan Bakı X12 (VÖEN **********) nizamnaməsinə edilmiş xx xxxxxx 2018-ci il tarixli dəyişikliyin məzmunundan görünür ki, kompleksin təsisçisi kimi qeyd edilən bənd “X18-10 (on) manat, 100%, 2 pay pul şəklində” redaksiyada verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun dövlət reyestrindən xx xxxxxx 2018-ci il tarxili çıxarışın surətindən görünür ki, Bakı X3i təmsilçisi X19 qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin İddiaçı ünvanladığı xx xxxxxxxx 2019-cu il tarixli məktubunun surətindən görünür ki, İddiaçı övladının təhsil aldığı Bakı Modern Təhsil Kompleksindən şikayəti barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinə daxil olmuş müraciətinə baxılmışdır. Qeyd olunan ümumtəhsil müəssisəsinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olmadığı və müəssisə rəhbərliyi ilə münasibətlər təhsil xidmətlərinin göstərilməsi barədə müqavilə ilə tənzimləndiyininəzərə alaraq, müqavilə şərtləri pozulduğu halda məhkəməyə müraciət edilməsini məqsədəuyğun hesab edilməsi ilə bağlı məlumat verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx xxxxxx 2019-cu il tarixli məktubunun məzmunundan görünür ki, hüquqi şəxslərin dövlət qeydiyyatı, hüquqi ünvanı, fəaliyyəti, vergi hesabatları və ödənişləri, eləcə də təsərrüfat subyektləri (obyektləri) barədə məlumatların təqdim edilməsi ilə əlaqədar Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin müraciətinə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində baxılmış və bildirilmişdir ki, xx xxxxxx 2019-cu il tarixə olan uçot məlumatlarına əsasən, Bakı Modern Məktəbi xx xxxx 2012-cı il tarixdə ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) ilə vergi orqanında uçota alınmış, xx xxxx 2019cu il tarixdə isə vergi uçotu ləğv edilmişdir. Uçot məlumatlarında vergi ödəyicısi tərəfindən təqdim edilməmiş vergi hesabatı aşkar edilməmişdir. Həmçinin bildirilmişdir ki, Bakı Modern Təhsil Kompleksi xx xxxxxx 2017-ci il tarixdə ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) ilə vergi orqanında uçota alınmış, hüquqi ünvanı AZ 1052, ünvan 2 qeyd edilmişdir. 2017-ci il ərzində fəaliyyəti və digər vergi tutulan əməliyyatları aktiv olmuşdur. Bakı Modern Təhsil Kompleksinə (VÖEN: **********) məxsus ünvan 2 ünvanda yerləşən təsərrüfat subyekti (obyekti) xx xxxx 2017-d il tarixdə **********-15001 kodla, ünvan 3 ünvanda yerləşən təsərrüfat subyekti (obyekti) isə xx xxxxx 2017-ci il tarixdə **********-15002 kodla vergi uçotuna alınmışdır. Eyni zamanda qeyd edilmişdir ki, Bakı Modern Təhsil Kompleksi tərəfindən xx xxxxxx 2016-cı il tarixdən xx xxxxxx 2017-ci il tarixədək dövlət büdcəsinə 14.060,44 (on dörd min altmış manat qırx dörd qəpik) manat məbləğində vergi məbləği ödənilmişdir. İş materiallarında olan ASAN-Gəncə tərəfindən xx xxxxxx 2017-ci il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan X14 müvafiq çıxarışından görünür ki, cavabdeh “Bakı Modern Təhsil Kompleksi”nin hüquqi ünvanı ünvan 6 ünvanıdır. İş materiallarında olan xx xxxxxxxx 2019-cu il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyatakeçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zərur olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə hesab etmişdir ki, İddiaçı cavabdehlər “Bakı Modern Təhsil Kompleksi”ndən və “Bakı Modern Məktəbi”ndən müştərək qaydada tələb etdiyi pul məbləğini şərtləndirən halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı cavabdehlər “Bakı Modern Təhsil Kompleksi”ndən və “Bakı Modern Məktəbi”ndən müştərək qaydada 42.000 (qırx iki min) manat məbləğində maddi zərərin ona qaytarılmasını tələb etsə də, o bu tələbini məhkəmə araşdırması zamanı hər hansı bir mötəbər sübutlarla əsaslandıra bilməmişdir. Belə ki, məhkəmə baxışında müəyyən olunmuşdur ki, iddiaçı X16 ilə “Bakı Modern Məktəbi” arasında bağlanmış orta təhsil haqqında 91 nömrəli xx xxxxxxxx 2012-ci il tarixli müqaviləyə əsasən, kompleksə 42.000 (qırx iki min) manat məbləğində pul vəsaiti ödəmişdir. İddiaçı şəxs iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin müqavilə öhdəlikləri kompleks tərəfindən yerinə yetirilməmiş, övladına “Təhsil haqqında” Qanuna və Beynəlxalq və Dövlət standartlarına uyğun, keyfiyyətli orta təhsil xidmətləri göstərilməmişdir. Eyni zamanda, övladının təhsildən kənarlaşdırılması və baş verənlər nəticəsində o və övladı mənəvi sarsıntı keçirərək, sağlamlığı pozulmuş və ona mənəvi ziyan dəymişdir. Bu baxımdan cavabdehlər “Bakı Modern Təhsil Kompleksi”ndən və Bakı Modern Məktəbindən müştərək qaydada İddiaçı xeyrinə 42.000 (qırx iki min) manat məbləğində maddi və 50.000 (əlli min) manat məbləğində mənəvi zərər olmaqla, ümumilikdə 92.000 (doxsan iki min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Göründüyü kimi, göstərilən tələb üzrə İddiaçı əsaslandırması həqiqəti əks etdirmir və hüquqi istinadı da əsassızdır. İddiaçı şəxs ilə Bakı Modern Təhsil Kompleksi ilə övladının təhsil alması üçün hər tədris ili üçün müqavilə bağlanmışdır. Həmin müqavilə şərtlərinə Təhsil Kompleksi tərəfindən lazımınca əməl edilmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə müvafiq olaraq, “Kompleks” Dövlət və Beynəlxalq standartlara uyğun olaraq hazırlanmış müvafiq təhsil proqramları çərçivəsində Təhsil qanunvericiliyinə əsasən tam orta təhsil xidmətinin həyata keçirilməsi öhdəliyini daşıyır. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı şəxsin uşağının 2012-ci ildən həmin məktəbdə təhsil almasına baxmayaraq keçən müddət, yəni 6 il ərzində kompleksə qarşı heç bir tələbi və narazıçılığı məhkəmə araşdırması zamanı müəyyən olmamışdır. İddiaçı şəxsin iddia ərizəsində göstərdiyi hallar yalnız formal mülahizələrə əsaslanmaqla, bu tələbin əsaslandırılması inandırıcı deyildir. Belə ki, təhsilin keyfiyyətsiz olması konkret olaraq nədən ibarət olması iddiaçı tərəfindən iddia ərizəsində hüquqi cəhətdən əsaslandırılmamışdır. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, qeyd edilən müqavilədən sonra tərəflər arasında hər tədris ili üçün ayrı-ayrılıqda 5 (beş) müqavilə bağlanılmışdır. Tərəflər arasındakı sonuncu müqavilə xx xxxxxxxx 2017-ci il tarixində bağlanılmış ümumtəhsil haqqında 493 nömrəli müqavilədir. Həmin müqavilənin 5.1-ci bəndinə görə bu müqavilə imzalandığı gündən qüvvəyə minir və 1 (bir) tədris ili müddətində qüvvədə qalır. Həmin Müqavilənin 5.3-cü maddəsinin “a” bəndinə görə müqavilənin müddəti bitdikdə müqavilə ləğv edilə bilər. Göründüyü kimi, tərəflər arasında hər tədris ili üçün ayrıca müqavilə bağlanmış və sonuncu müqavilənin sadalanan bəndlərinin məzmununa görə bir illik müddət bitdikdə müqavilə ləğv edilir. Həmçinin, 2018/2019-cu tədris ili üçün ümumiyyətlə tərəflər arasında müqavilə bağlanmadığından həmin illərə görə cavabdehlərdən maddi ziyanın ödənilməsi tələb edilə bilməz. İşdə olan sənədlərlə cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçının xəstəlik tapması, iddiaçının gəlirdən məhrum olması və ümumiyyətlə iddiaçıya zərər dəyməsi sübuta yetirilmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. İddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır. Qeyd olunmalıdır ki, iddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehin hərəkət, yaxud hərəkətsizliyi nəticəsində vurulması, iddiaçının hüquqi vəziyyətinin cavabdehin öz vəzifəsini verinə yetirməməsi ilə pisləşmiş olması, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması sübut olunmur. Məhkəmə İddiaçı mənəvi ziyan tələbi ilə bağlı qeyd etmişdir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X20 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X20 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın müddəaları və X20 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bu baxımdan məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən cavabdehin təqsirli hərəkətlərinin təsirindən onun və oğlunun sağlamlığının pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından, cavabdehlərdən mənəvi zərərin əvəzinin tutulması üzrə iddia tələbi də rədd olunmalıdır. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçının vəkili və nümayəndəsi Sadıqov Elçı̇n Əlı̇ oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-4371/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Vüqar Həsənov Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-3406/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3406/2020
11.03.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver