Məhkəmə qərarları › İş №2(103)-3408/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3408/2022

21.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3408/2022 21.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və AR DGKnın Əməliyyat-İstintaq Baş İdarəsinə qarşı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02.03.2022-ci il tarixli, 2(009)-761/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və AR DGKnın Əməliyyat-İstintaq Baş İdarəsinə qarşı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02.03.2022-ci il tarixli, 2(009)-761/2022 saylı qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və AR DGK-nın Əməliyyat-İstintaq Baş İdarəsinə qarşı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbulu, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yolverilməz hesab olunması və iddia ərizəsinin sənədlərlə birlikdə iddiaçıya geri qaytarılması qərara alınmış və iddiaçıya izah edilmişdir ki, o səlahiyyətli orqanın inzibati xəta haqqında qərarından AR İXM-nın 128 və 129-cu maddələrinə əsasən müvafiq məhkəməyə və ya yuxarı səlahiyyətli orqana şikayətlə müraciət edə bilər. İddiaçı şikayət verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02.03.2022-ci il tarixli, 2(009)-761/2022 saylı qərardadının ləğv edilməsini, işə baxılmasına tərəflərin iştirakı ilə davam etdirilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29.03.2022-ci il tarixli, 2(009)-761/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, AR İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi fiziki şəxs səlahiyyətli orqanın inzibati xəta haqqında qərarından məhkəməyə və ya yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) şikayət verə bilər. Digər tərəfdən səlahiyyətli orqanın inzibati xəta haqqında qərarından məhkəməyə verilən şikayətə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılır və həmin qərardan şikayətə mülki mühakimə icraatı qaydasında baxılması qanunla yol verilmir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair 06 oktyabr 2012-ci il tarixli Plenium Qərarına əsasən İnzibati xətalar haqqında işlər üzrə təbii inhisar subyektinin qəbul etdiyi inzibati aktlardan verilən şikayətlərə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 431.1.3-cü maddəsinə əsasən ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən məsələ üzrə düzgün nəticəyə gəlmiş və haqlı olaraq hesab etmişdir ki, iddiaçı tərəfindən səlahiyyətli orqanın qərarından verilmiş şikayətə mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilmədiyindən, iddia ərizəsinin qəbulundan iddianın yol verilməzliyinə görə imtina edilməlidir. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri məhkəmənin qərarının ləğv edilməsi üçün əsas deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02.03.2022-ci il tarixli, 2(009)-761/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar