Məhkəmə qərarları › İş №2(103)-3412/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3412/2025

23.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3412/2025 23.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X10 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinə qarşı mülki iş (Açar sözlər: «ödənilmiş icra ödənişinin geri qaytarılması») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X5 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı “X10 Kredit Təşkilatı” MMC-nin nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1651/2025 saylı, 01 aprel 2025-ci il tarixli qətnaməsindən cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-2821/2023 nömrəli qətnaməsinə əsasən apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2205/2022 saylı iş üzrə 02 noyabr 2022-ci il tarixli qətnaməsi "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-dən artıq ödənilmiş 25 927,36 manat X2 qaytarılsın hissəsində dəyişdirilməsi, "Kəpəz” Bank Olmayan Kredit Təşkilatı MMC-dən artıq ödənilmiş vəsait qismində 19 149,92 (on doqquz min yüz qırx doqquz manat, doxsan iki qəpik) manat X1 xeyrinə tutulması qət edilmişdir.

2. "xxxx" MMC-nin Nəsimi rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Nəzrin İbişovaya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3033 nömrəli məktubunda göstərilib ki, xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərara əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2821/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu “Kəpəz BOKT" MMC-dən 19149.92 (on doqquz min bır yüz qırx doqquz manat, doxsan iki) manat tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İcraatda olan iş üzrə "Kəpəz BOKT” MMC-dən 25 927 36 (iyirmi beş min doqquz yüz iyirmi yeddi manat, otuz altı qəpik) manat tutularaq tələbkar X1 xeyrinə ödənilmişdir. Əlavə olaraq, "Kəpəz BOKT” MMC tərəfindən icraatda olan iş üzrə apellyasiya şikayəti verilməsinə və bununla əlaqədar məktubla müraciət edilməsinə baxmayaraq, 1814.91 (bir min səkkiz yuz on dörd manat, doxsan bir qəpik) manat məbləğində pul vəsaiti (7% həcmində icra ödənişi) "xxxx" MMC-dən tutulmuşdur. Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən, "xxxx" MMC-dən artıq tutulmuş 6777.44 (altı min yeddi yüz yetmiş yeddi manat, qırx dörd qəpik) manat və 7 % həcmində icra ödənişi - 1814.91 (bir min səkkiz yüz on dörd.91) manat məbləğində pul vəsaitinin geri qaytarılmasını xahiş edir.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3447/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddiaçı “X10 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı ödənilmiş icra ödənişinin geri qaytarılması tələbinə dair iddiasının yolverilməzliyinə görə qəbulundan imtina olunaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmışdır.

4. xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2821/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə xitam verilməsi qərara alınmışdır.

Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı “X10 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı ödənilmiş icra ödənişinin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1814.91 (min səkkiz yüz on dörd manat doxsan bir) manat ödənilmiş icra ödənişinin “X10 Kredit Təşkilatı” MMC-yə geri qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş edib.

6. İddiada göstərilir ki, apellyasiya şikayəti verilməsinə və bununla əlaqədar icra şöbəsinə məktubla müraciət edilməsinə baxmayaraq, 1814.91 manat (7% icra ödənişi) "xxxx" MMC-dən tutulmuşdur. İcra tədbirləri zamanı inkasso sərəncamı əsasında tutulmuş artıq 6783 manat tələbkar tərəfindən xx.xx.2024-cü il tarixdə bank hesabına ödənilmişdir. İnkasso sərəncamı vasitəsilə tutulmuş 1814 manat isə könüllü müddət keçdikdən sonra məcburi icra tədbiri nəticəsində tutulmuşdur. Dəfələrlə icra şöbəsinə müraciət edərək iş üzrə apellyasiya şikayətinin verilməsi bildirilmişdir. Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə icra sənədinin ləğv edilməsinə istinad etməsinə baxmayaraq, icra ödənişi - 1814.91 manatı geri qaytarmır. Cavab məktubunda ləğv edilmiş icra sənədi üzrə ödənilmiş icra ödənişinin geri qaytarılması qanuna müvafiq olmaması göstərilsədə, isitinad olunan normativ hüquqi akt göstərilməmişdir.

7. İddiaçının nümayəndəsi Nümayəndə2 ərizə ilə məhkəməyə müraciət edərək elektron məhkəmə sistemində Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin VÖENi olmadığından cavabdeh qismində Ədliyyə Nazirliyi qoyulduğunu, buna görə də, hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin də cavabdeh qismində cəlb edilməsini məhkəmədən xahiş etmişdir.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1651/2025 saylı, 01 aprel 2025ci il tarixli qətnaməsi ilə (hakim Aydan Oruclu) iddia tələbinin təmin edilərək iddiaçı “X10 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2023-cü il tarixli, 306587/22-5-22-2 nömrəli inkasso sərəncamına əsasən Nəsimi rayon icra şöbəsinin AZ36CTRE******************** nömrəli hesabına (VÖEN **********) ödənilmiş 1814.91 (bir min səkkiz yüz on dörd manat doxsan bir qəpik) manat məbləğində icra ödənişinin iddiaçıya geri qaytarılması qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-2205/2022 nömrəli qətnaməsinə əsasən Bakı şəhəri 9 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 8İ-3415 saylı icra qeydi ləğv edilərək, “Kəpəz" Bank Olmayan Kredit Təşkilatı MMC-dən artıq ödənilmiş 25927,36 manatın X2 qaytarılması qət edilmişdir. Həmin icra sənədi üzrə xx.xx.2023-cü il tarixli 306587/22-5-22-1, 306587/22-5-22-2 nömrəli inkasso sərəncamlarına əsasən "xxxx" MMC tərəfindən X1 hesabına 25927,36 manat və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin hesabına 1814.91 manat məbləğində pul köçürülmüşdür. xx.xx.2023-cü il tarixdə həmin qətnamədən “Kəpəz" BOKT MMC tərəfindən apellyasiya şikayəti verilmiş və Nəsimi rayon icra şöbəsinə ərizə ilə müraciət edilərək apellyasiya şikayətini nəzərə alaraq, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2205/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraatın dayandırılması xahiş edilmişdir. xx.xx.2023-cü il tarixdə X4 tərəfindən onun hesabına artıq ödənilmiş 25927,38 manat məbləğində vəsait "xxxx" MMC-nin hesabına geri qaytarılmış, lakin artıq ödənilmiş 1814.91 manat məbləğində icra ödənişi (7%) geri qaytarılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-2821/2023 nömrəli qətnaməsinə əsasən apellyasiya şikayəti qismən təmin edilərək, "Kəpəz” Bank Olmayan Kredit Təşkilatı MMC-dən artıq ödənilmiş vəsait qismində 19149,92 manat X1 xeyrinə tutulması qət edilmişdir. Hazırda “X10 Kredit Təşkilatı” MMC cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinə qarşı 1814.91 manat məbləğində ödənilmiş icra ödənişinin geri qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-2821/2023 nömrəli qətnaməsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-2205/2022 nömrəli qətnaməsi dəyişdirilmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-2205/2022 nömrəli icra sənədi üzrə inkasso sərəncamına əsasən X1 hesabına köçürülmüş 25927,36 manat geri qaytarılmış, lakin "xxxx" MMC tərəfindən Nəsimi rayon İcra şöbəsinə artıq ödənilmiş 1814.91 manat məbləğində icra ödənişinin geri qaytarılması ilə bağlı dəfələrlə müraciət olunsa da, ödənilmiş vəsait geri qaytarılmamışdır. Belə olan halda, iddia əsaslıdır və təmin edilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi (nümayəndəsi Nümayəndə3 Çakir oğlu) apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə rədd edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

11. Məhkəmə iclasında iddiaçı “X10 Kredit Təşkilatı” MMC-nin nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

12. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlərin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

13. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 78.1. İcra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyriəmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. Maddə 78.2. İcra ödənişi icra sənədi ilk dəfə icraya yönəldilərkən alınır. Həmin icra sənədinin yenidən icraya yönəldilməsi zamanı icra ödənişi alınmır. Maddə 78.3. İcra ödənişinin məbləğinin 25 faizi dövlət büdcəsinə, qalan hissəsi isə icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür. Maddə 78.4. İcra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənəd ləğv edildikdə, icra ödənişi borcluya qaytarılır.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.

16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

18. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

19. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

20. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

21. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə təmin edildiyi hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.

22. Əlbəttə, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

23. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

24. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli, ətraflı və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuş və hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz. Buna baxmayaraq, şikayətin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.

25. Əvvəla, icra məmuru tərəfindən icra sənədi üzrə xx.xx.2022-ci ildə icraata başlamaq haqqında qərar qəbul edilsə də həmin qərarın borcluya göndərilməsi və çatdırılması təsdiq olunmur. Cavabdeh qərarın xx.xx.2022-ci ildə borclu tərəfindən qəbul edildiyini göstərsə də buna dair hər hansı bir sübut işdə mövcud deyil. Ona görə, icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsindən söhbət gedə bilməz. Demək ki, icra məmuru da borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə xx.xx.2023-cü ildə qərar qəbul edə və borcludan 1814,91 manat məbləğində icra ödənişi ala bilməzdi. Çünki ən azından könüllü icra üçün müəyyən edilmiş vaxtda borclunun üzrsüz səbəbdən icra sənədini icra etməməsi təsdiq edilməli idi.

26. Bundan əlavə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2205/2022 saylı iş üzrə 02 noyabr 2022-ci il tarixli qətnaməsi hazırkı iş üzrə iddiaçının apellyasiya şikayəti üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmişdir. Borclu tərəfindən icra məmuruna qətnamədən apellyasiya şikayəti verəcəyi barədə dəfələrlə müraciət edilsə də icra məmuru buna əhəmiyyət verməmiş, qanuni qüvvəsini almamış icra sənədini dərhal icra etmək qərarına gəlmiş, üstəlik 7 faiz həcmində icra ödənişinin alınmasını da əsassız olaraq təmin edib. Ona görə də həm də icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə aktı dəyişdirildiyindən tələb edilən icra ödənişi də borcluya qaytarılmalı idi. Ancaq cavabdeh bu barədə də iddiaçının tələbini yerinə yetirməmişdir.

27. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1651/2025 saylı, 01 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1651/2025 saylı, 01 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar