Məhkəmə qərarları › İş №2(103)-3424/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3424/2022

20.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3424/2022 20.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-288/2022 saylı, 18 mart 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh-ya qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan mənzil üçün artıq alınan 16494.4 manatın, əldən çıxmış faydaya görə 2144.27 manatın, mənəvi zərərə görə 3000 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6634/2021 saylı, 11.11.2021-ci il tarixli qərardadı ilə mülki iş rəy alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş və mülki işin icraatı dayandırılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-288/2022 saylı, 08.02.2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraata təzələnərək, məhkəmə baxış iclası təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh-nın nümayəndəsi X1 məhkəməyə vəsatət təqdim edərək əlavə məhkəmə-tikinti və texniki ekspertizasının keçirilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-288/2022 saylı, 18 mart 2022-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və rəy alınanadək mülki iş üzrə icraat dayandırılmışdır. İddiaçı şikayət verərək qərardadın dayandırılma hissəsini ləğv edərək işin növbəti məhkəmə baxışının təyin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayətdə göstərir ki, mülki iş üzrə məhkəmə-tikinti-texniki ekspertizası təyin edilməklə bərabər digər halların ətraflı araşdırılması zərurəti vardır. Belə ki, icraatın dayandırılması məhkəmə prosessinin lüzumsuz yubadılması və zəruri olan hallarında araşdırılmaması ilə nəticələnə bilər. Qanunvericilikdə icraatın dayandırılması imperativ qaydada nəzərdə tutulmadığından mülki iş üzrə məhkəmə araşdırılması davam etdirilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-288/2022 saylı, 29 mart 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. İddiaçı elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı ərizəsində qərardadın iş üzrə icraatın dayandırılma hissəsində ləğv edilməsini xahiş etmişdir. Cavabdeh tərəf isə sübut, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin məhkəmənin ekspertiza təyin etməsini tənzimləyən normalarını nəzərə tutan 97-103-cü maddələrində tərəflərin ekspertizanın təyin edilməsi barədə qərardaddan şikayət verməsi hüququ müəyyən edilməmişir. Həmin Məcəllənin 395-ci mаddəsinə əsаsən, işdə iştirаk еdən şəхslər qətnаmədən аyrılıqdа birinci instаnsiyа məhkəmələrinin qərаrdаdlаrındаn bu Məcəllədə göstərilən hаllаrdа və məhkəmənin qərаrdаdı işin sоnrаkı hərəkətinə mаnе оlduqdа şikаyət vеrə bilərlər. Birinci instаnsiyа məhkəmələrinin digər qərаrdаdlаrındаn şikаyət vеrilmir. İşdə iştirаk еdən şəхslər bu qərаrdаdlаrdаn nаrаzı qаldıqdа qərаrdаdа оlаn еtirаzlаrını аpеllyаsiyа şikаyətlərinə dахil еdə bilərlər. Göründüyü kimi, Mülki Prosessual Məcəllədə mülki iş üzrə ekspertizanın təyin edilməsi bаrədə qərаrdаddаn şikаyət vеrilməsi nəzərdə tutulmаmışdır. Bununla yanaşı, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılımş vəsatəti və ya öz təşəbbüsü ilə iş üzrə ekspertiza təyin edə bilər.(MPM. mad.97.1) Məhkəmənin bu sahədə xüsusi biliyi olsa belə, bu hal onun ekspertiza təyin etmək hüququnu istisna etmir. Çünki, prosessual qanunvericiliyin tələblərinə riayət etməklə işə baxılması qaydasını məhkəmə özü müəyyən edir. Buna görə də, öz təşəbbüsü ilə ekspertiza təyin edən məhkəməyə bu prosessual hərəkəti etməyi hər hansı bir formada məhdudlaşdırmaq yaxud qadağan etmək prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Bundan əlavə, Mülki Prosessual Məcəllənin 255.0.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən ekspertiza təyin olunduqda işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə iş üzrə icraatı dayandıra bilər. Həmin Məcəllənin 256.0.2-ci maddəsinə əsasən, iş üzrə icraat ekspert rəyi məhkəməyə təqdim edilənədək dayandırılır. Göründüyü kimi, Mülki Prosessual Məcəllənin tələblərinə görə iş üzrə ekspertiza təyin edildikdə məhkəmə öz təşəbbüsü ilə icraatı dayandıra bilər. Bu əsasla icraatı dayandırmaq məhkəmənin vəzifəsi deyil hüququdur. Hazırkı halda birinci instansiya məhkəməsi də həmin hüquqdan istifadə etmişdir. Qeyd olunduğu kimi Mülki Prosessual Məcəllənin tələblərinə riayət etməklə işə baxılması qaydasını, o cümlədən zəruri olan prosessual qərarları məhkəmə özü qəbul edir. Əlbətdə, proses iştirakçılarının da icraatın dayandırılması barədə məhkəmənin qərardadından şikayət vermək hüquqları vardır. Lakin bu şikayət əsaslı olmalıdır. Şikayət verən şəxs şikayət etdiyi qərardadın ləğv olunmasını xahiş edərkən arzu etdiyi nəticəyə bunun nə kimi təsiri olacağını şikayətində açıqlamalıdır. Hazırki, şikayətdə isə şikayət verənin məqsədi anlaşılan deyil. Lakin birinci instansiya məhkəməsi də işə mahiyyəti üzrə baxarkən iddiaçının şikayətində göstərilən, açıq-aşkar əsassız olmayan dəlillərini, mütləq nəzərə almalı, eləcə də iddiaçının apellyasiya instansiyası məhkəməsinə ünvanladığı ərizəyə əlavə etdiyi iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizəsinə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun münasibət bildirməlidir. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-288/2022 saylı, 18 mart 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-288/2022 saylı, 18 mart 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar