Məhkəmə qərarları › İş №2(103)-3426/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3426/2021

03.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3426/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qzının katibliyi İddiaçı MMC-nin nümayəndəsi və vəkili X3, Cavabdeh1 vəkili Vəkil, Cavabdeh “xxxx” QSC-nin nümayəndələri X4 və Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2521/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC-nin Cavabdeh1 və “xxxx” QSC-yə qarşı məlumatların həvalə olunması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2015, 2016, 2017-ci illər ərzində iddiaçıya vurulmuş maddi və mənəvi ziyanın əvəzi kimi 18.720.000 manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulması və ya həmin məbləğdə neft məhsullarının satışını həyata keçirən yanacaq doldurma məntəqələri barədə məlumatın iddiaçıya təqdim olunmasının cavabdehlərə həvalə edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin direktoru Nümayəndə3 işə mahiyyəti üzrə baxılıb yekunlaşanadək iddianın təmin tədbiri kimi X2 məxsus əmlakların üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsinə dair vəsatət vermişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2521/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı qeyd olunan qərardaddan şikayət verərək ləğv edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən həmin qərardaddan verilmiş şikayət məhkəmənin 2(007)-458/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili E.Məmmədov şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Vəkil şikayətlə razılaşmayaraq, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxx” QSC-nin nümayəndələri E.Əliyeva və Nümayəndə2 məhkəmə kollegiyasının mülahizəsinə uyğun qərardad qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, X1 cavabdeh qismində işə cəlb olunmasına dair iddiaçı tərəfindən vəsatət verilsə də o, rəsmi olaraq işə cəlb olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 158.1. və 158.1.1-ci maddələrinə görə, iddianı təmin etmək üçün cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq təmin etmə tədbiri görülə bilər. Belə olan halda, rayon məhkəməsi iddianın təmin tədbirinə dair hazırkı ərizəni təmin etməməkdə haqlı olmuşdur. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni rədd etməkdə haqlı olmuş, qərardad qanuni və əsaslı, şikayət isə açıq-aşkar əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (xx xxx 2018-ci il tarixdən qüvvəyə minmiş) x xxx 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəllənin 402-ci maddəsinə əsasən mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdur. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2521/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı onun şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar