Məhkəmə qərarları › İş №2(103)-3427/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3427/2024

29.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3427/2024 29.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı, İddiaçının vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Qismət-M Construction MMC-yə qarşı “iki otaqlı mənzilin iki otaqla əvəz edilməsinə, yəni əlavə bir otaqlı mənzilində verilməsinə, mümkün olmadığı halda bir otaqlı mənzilin qiyməti olan kompensasiyaya görə 17290 manatın, dövlət rüsumuna görə 121 manatın verilməsi” tələbinə dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 2(001)-1241/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Tikinti şirkəti Cavabdeh MMC ilə əmlak mülkiyyətçisi İddiaçı Raşid qızı arasında notarial qaydada təsdiq olunmaqla xx.xx.2017-ci il tarixdə bağlanmış müqavilənin 1.1-ci bəndinə görə, tərəflər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 saylı qərarının 1.3. maddəsinin tələblərinin və bu müqavilənin icrası ilə əlaqədar olaraq aşağıda göstərilən məzmunda öhdəlikləri üzərilərinə götürmüşlər: Əmlak mülkiyyətçisi bu müqaviləyə əsasən xx.xx.2000-ci il tarixində 30/9095 qeydiyyat və 959 reyestr nömrəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya ÖM 039369 saylı çıxarış ilə öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 6 blokda ümumi sahəsi 46,8 m2 olan 2 otaqlı 79 saylı mənzilini sökmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, bu müqavilə ilə şərtləşdirilmiş müddətdə və qaydada tikinti şirkəti tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binasında onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürür. Tikinti şirkəti Cavabdeh MMC ünvan 1 ünvanında yerləşən əmlak mülkiyyətçisinin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 2 blok, 6 mərtəbədə yerləşən 1 otaqlı ümumi sahəsi oxdan-oxa 61,6 m2 olan 113 saylı təmirli mənzili əmlak mülkiyyətçisinin mülkiyyətinə verməyi öhdəsinə götürür. Tikinti şirkəti inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisi başa çatdırana və əmlak mülkiyyətçisini təmirli mənzil ilə təmin edən günədək onun müvəqqəti yamasını təmin etmək məqsədi ilə əmlak mülkiyyətçisinə kompensasiya şəklində aylıq 350 manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda bir dəfə ödəyir. Əmlak mülkiyyətçisinin kommunal borcları olduğu halda tikinti şirkəti həmin məbləğləri ona veriləsi kirayə haqlarından tutaraq ödənişləri təmin edəcəkdir. Müqavilənin 2.1.2-2.1.3-cü bəndlərinə əsasən, əmlak mülkiyyətçisi mülkiyyətində olan yaşayış sahəsini tikinti şirkətinin vəsaiti hesabına köçmə pulu alındıqdan sonra üç gün müddətində mənzili tam boşaldaraq, yüklü olmaması barədə arayışı (forma 1) və mənzilin açarlarını tikinti şirkətinə təhvil verməyi və sökülməsi üçün tikinti şirkətinə verdiyi əmlaka dair gələcəkdə heç bir iddia tələbi qaldırmayacağını öhdəsinə götürmüşdür. İddiaçı Cavabdeh MMC-yə ünvanladığı xx.xx.2019-cu il tarixli ərizəsinə görə, o, mənzilin təmiri üçün 1 kv.m. üçün 200 manat olmaqla cəmi 12.320 manatın ona verilməsini, gələcəkdə hər hansı bir iddiası olarsa etibarsız sayılmasını xahiş etmişdir. xx.xx.2019-cu il tarixli kassa məxaric orderinə əsasən, İddiaçı təmir xərcinə görə 12.320 manatı qəbul etmişdir. Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 174 saylı evin ümumi sahəsi 55,20 m2 olan 113 saylı mənzili (yeni qaydalarla AZ1122 Bakı şəhəri Yasamal rayonu X3 küçəsi 616, M8, m4) İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Birinci apellyasiya icraatı zamanı ekspertiza təyin edilmişdir.Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/1722-9/1864 nömrəli ekspert rəyinə görə İddiaçı məxsus Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 174 saylı evin ümumi sahəsi 55,20 kv.m olan 113 saylı (yeni qaydalarda: AZ 1122 Bakı şəhəri Yasamal rayonu X3 küçəsi 616, M8, m4) mənzilin oxdan oxa ümumi sahəsi 68 kv.metr təşkil etdiyi müəyyən edilir; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59 cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən, İddiaçı məxsus Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 174 saylı evin ümumi sahəsi 55,20 kv.m olan 113 saylı (yeni qaydalarla AZ1122 Bakı şəhəri Yasamal rayonu X3 küçəsi 616, M8, m4) mənzilin ümumi sahəsinin 55,2 kv.m. təşkil etdiyi müəyyən edilir; İddiaçı məxsus Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 174 saylı evin ümumi sahəsi 55,20 kv.m. olan 113 saylı (yeni qaydalarla AZ1122 Bakı şəhəri Yasamal rayonu X3 küçəsi 616, M8, m4) mənzilin ümumi sahəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 7 saylı 04 dekabr 2012-ci il tarixli “Tikinti obyektlərinin sahəsinin və həmçinin hesablanma qaydalan”nın 2-ci və 3.8-ci bəndlərinin tələbləri nəzərə alınmadan (müvafiq azaltma əmsalları tətbiq olunmadan) 57,5 kv.metr təşkil etdiyi müəyyən edilir; İddiaçı məxsus Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 174 saylı evin ümumi sahəsi 55,20 kv.m. olan 113 saylı (yeni qaydalarla AZ1122 Bakı şəhəri Yasamal rayonu X3 küçəsi 616, M8, m4) mənzilin 20 faiz ölçüsünün 10,94 kv.metr (54,7 x 20):100) təşkil etdiyi müəyyən edilir; Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 174 saylı evin yerləşdiyi ərazidə 1 kv.m. sahənin söküntüyə qədər olan köhnə tikilidəki real bazar dəyəri 2.120 AZN, eləcə də yeni tikilidə olan dəyəri 2.250 AZN-dir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iki otaqlı mənzilin iki otaqla əvəz edilməsinə, yəni əlavə bir otaqlı mənzilin də verilməsinə, mümkün olmadığı halda bir otaqlı mənzilin qiyməti olan kompensasiyaya görə (ona əksik verilən 9,1 kv.m. mənzil sahəsinin hər kv.m. üçün 1.900 manat olmaqla, yəni 9,1x1900=17290) 17.290 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki o, xx.xx.1955-ci ildə Azərbaycan Respublikasında anadan olmuş, subay, tənha yaşayan, xəstə, kimsəsiz, pensiya ilə dolanan xanımdır. Onun ünvan 1, mənzil 79 saylı ünvanında olan iki otaqlı mənzilini xx.xx.2017-ci il tarixdə Cavabdeh MMC-nin işçiləri məcburi şəkildə sökmüşlər. O, yaşlı, kimsəsiz, xəstə, tənha qadın olduğuna görə məcbur olub oradan çıxarılmışdır. Halhazırda cavabdeh tərəfindən ona təhvil verilən bir otaqlı mənzildə məskunlaşmışdır. Bu onu qətiyyən qane etmir. O, qanuni hüquqlarından istifadə edərək iki otaqlı mənzilinin ona verilməsini tələb edir, yəni iki otaqlı mənzilinin iki otaqla əvəz edilməsini, yəni ona əlavə bir otaqlı mənzilin də verilməsini, olmazsa həmin bir otaqlı mənzilin qiyməti dəyərində Cavabdeh MMC tərəfindən ona 17290 manat konpensasiya verilməsini tələb edir. Cavabdeh MMC şirkət tərəfindən ona iki otaqlı mənzilin yerinə sahəsi 61,6 m2 olan bir otaqlı mənzil verilmişdir. Halbuki ona iki otaqlı təmirli mənzil sahəsi 70,7 m2 mənzil verilməli idi. Lakin ona sahəsi 9,1 m2 əksik olan mənzil verilmişdir. Bu gün ona əksik verilən 9,1 m2 bazar qiyməti ilə hesablandıqda hər m2 1900 manat təşkil edir. Ev sökülən zaman o, xəstə olmuş, hazırda da qalxanbənzər vəz xəstəsidir. Əlavə olaraq onda təzyiq, şəkər xəstəlikləri var. Həmin ev köçürülməsi zamanı daha da əsəbləşmiş halı pisləşmişdir. Vəziyyəti ağırlaşmış və özündə olmamışdır. Amma yenə də etiraz etmişdir ki, onun mənzili iki otaqlıdır. İki otaqlı məzillə onu təmin etməyi tələb etmişdir. Cavabdehin işçiləri isə ona yaşlı, kimsəsiz, tək xanım olmasını və bir otaqlı mənzilin ona bəs edəcəyini demişlər. O, narazılığını bildirsə də, heç bir mənası olmamışdır. Hər kəs kimi o da evdən çıxarılmışdır. Bundan sonra Cavabdeh MMC-nin direktoru X2 ilə onun arasında xx.xx.2017-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, ona yeni inşa olunan binada mənzil və mənzilin təmiri üçün ayrılan pul vəsaiti, mənzil təhvil verilənədək kirayə haqqı, mənzildən köşmək üçün müəyyən olunan məbləğ, həmin ərəfədə qolu sındığı üçün yardım olaraq 2000 manat ödənilmişdir. O, hüquqlarından istifadə edərək Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə, Yasamal RİH-nə müraciət etmiş, ona verilən cavab məktublarında məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Onun şirkətlə bağladığı müqavilə şərtlərini şirkət qismən yerinə yetirmişdir. Belə ki, onun iki otaqlı mənzili əvəzinə ona bir otaqlı mənzil verilmişdir. O, şirkətə güvənib xəstə, kimsəsiz bir xanım kimi iki il evsiz, kirayələrdə qalmışdır. Onun mənzili sökülərkən o, özündə olmamış, xəstə olmuş, sağlamlıq vəziyyəti yaxşı olmamışdır. O, cavabdehin ona kirayə haqqı verməsini, mənzilin şirkətin müəyyən etdiyi təmir pulunu almasını inkar etmir. O, şirkətlə müqavilə bağlamış, köçmə pulu almış, kirayə haqqı və təmir pulu almışdır. O, şirkətdən əlavə pul məbləği almamışdır. Şirkətə məxsus inşa etdiyi binanın bukletində iki otaqlı mənzillərin sahəsinin 70,7 m2 olması qeyd edilib. Şirkət ona sahəsi 70,7 m2 olan mənzil verməli idi. Ona görə də, iki otaqlı mənzilinin iki otaqla əvəz edilməsinə, yəni əlavə bir otaqlı mənzilində verilməsinə, mümkün olmadığı halda bir otaqlı mənzilin qiyməti olan kompensasiyaya görə 17290 manatın, dövlət rüsumuna görə 121 manatın cavabdeh tərəfindən ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddia ərizəsinə etiraz verərək qeyd etmişdir ki, iddia tələbi əsassız oluduğundan rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarını və Yasamal rayon İcra Hakimiyyətinin başçısının 22 iyun 2017-ci il 198 saylı sərəncamına əsasən, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 174 saylı binanın və binanın yaxınlığındakı qarajların yerləşdiyi ərazinin təsdiq olunmuş tikinti planlaşdırma sənədlərinə uyğun olaraq, həmin torpaq sahəsində yüksək mərtəbəli yeni yaşayış binasının tikintisinin layihələndirilməsi üçün Cavabdeh MMC-yə icazə verilmişdir. MMC-yə verilmiş icazəyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən, 174 saylı binada yaşayan bütün sakinlərlə (iddiaçı ilə bərabər) müvafiq müqavilələr bağlanmış, onlara aylıq kirayə haqqı ödənilməklə binadan köçürülmüş, həmin bina sökülməklə-yerində yeni yüksək mərtəbəli bina inşa edilmiş, sakinlərə və iddiaçıya təhvil verilmişdir. Cavabdeh MMC iddaçı İddiaçı ilə qarşılıqlı razılaşma əsasında 14 avqust 2017-ci il tarixdə müqavilə bağlanmışdır. Müqavilə bundan ibarətdir ki, “1. 1. “Tərəflər” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı ıl tarixli, 86 saylı Qərarının 1.3. maddəsinin tələblərinin və bu Müqavilənin icrası ilə əlaqədar olaraq aşağıda göstərilən məzmunda üzərilərinə öhdəliklər götürürlər: 1.1.1. “Əmlak mülkiyyətçisi” bu Müqaviləyə əsasən xx.xx.2000-ci il tarixində, 30/9095 qeydiyyat və 959 reyestr nömrəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya ÖM Na 039369 saylı Çıxarış” ilə öz mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 6 blokda ümumi sahəsi 46.8 kv,m olan 2 otaqlı 79 saylı mənzilini sökmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binasında onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürür. 1.1.2. “Tikinti şirkəti” Cavabdeh MMC Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 174 (yeni ünvan 610-624) ünvanında yerləşən “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 2 blok, 6 mərtəbədə yerləşən 1 otaqlı ümumi sahəsi oxdan-oxa 61.6 kv.m olan 113" saylı təmirli mənzili “Əmlak mülkiyyətçısi”-nin mülkiyyətinə verməyi öhdəsinə götürür. 1.2. Tikinti şirkəti inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisi başa çatdırana və “Əmlak mülkiyyətçisi”-ni təmirli mənzil ilə təmin edən günədək onun müvəqqəti yaşayışını,təmin etmək məqsədi ilə “Əmlak mülkiyyətçisi”-nə kompensasiya şəklində aylıq 350,0(üç yüz əlli) manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda 1 (bir) dəfə ödəyir. “Əmlak mülkiyyətçisi”-nin kommunal borcları olduğu halda tikinti şirkəti həmin məbləğləri ona veriləsi kirayə haqlarından tutaraq ödənişlərini təmin edəcəkdir.” Bundan başqa, iddiaçıya mənzildən köçməsinə görə, 15 avqust 2017-ci il tarixdə 300 manat, 21 avqust 2017-ci il tarixdə 3.000 manat (mənzilin 2 otaqdan 1 otaqa), mənzilin təmir olana qədər kirayə haqqı və 30 aprel 2019-cu il tarixdə iddiaçının ərizəsinin əsasında 12.320 manat təmir haqqı iddiaçıya ödənilmişdir. MMC tərəfindən layihəni həyata keçirən zaman sakinlərə 20% artıq sahə verilməsi nəzərdə tutulmuşdur. Buna baxmayaraq, iş üzrə iddaçıya 20 faizdən artıq sahə verilmişdir. Göründüyü kimi, iddiaçı cavabehlə 2017-ci il tarixdə qarşılıqlı razılaşmaya əasasən müqavilə imzalamış, daha sonra köçmə pulu, əlavə pul məbləği, kirayə haqqı və 2019-cu il tarixdə isə mənzilin tamir pulunu almışdir. Belə olan halda, cavabdeh iddiaçını necə aldadıb onunla müqavilə bağladı? İş üzrə iddiaçı iddia ərizəsində qeyd olunanlara görəsən özü inanırmı? Bir daha qeyd edirlər ki, iddia tələbində qeyd olunanlar yalan və özündən uydurulmuş sözlərdən ibarətdir. Cavabdeh qeyd olunanların nəzərə alınaraq İddiaçı Cavabdeh MMC-yə qarşı “Mənzilin və ya Konpensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin əsassız olduğundan rədd olunması barədə qətnamə qəbul edəsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1241/2022 nömrəli iş üzrə qəbul etdiyi 13 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı 4 ildən sonra bağladığı müqavilənin məcbur olub bağlamasını, həmin müqavilə ilə ona mənzil sahəsinin az verilməsini iddia etsə də, məhkəmə tədqiqatı zamanı tələbində istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Belə ki, mənzilin otaqlarının sayının müəyyən edilməsi həmin mənzilin sahibinin öz zövqünə uyğun davranışından asılıdır. Tərəflər arasında bağlanan müqavilədən isə aydın müəyyən olunur ki, iddiaçı mülkiyyətində olan ümumi sahəsi 46,8 m2 təşkil edən, istismar müddəti başa çatmış binada yerləşən mənzilə görə həmin ərazidə yeni inşa olunan binada yerləşən, ümumi sahəsi 61,6 m2 olan tam təmirli mənzil əldə etmişdir. Tərəflər arasında bağlanmış müqavilə şərtləri tərəflərin qarşılıqlı razılaşmasına əsasən müəyyən edildiyindən, bu şərtlər iddiaçının hüquqlarını məhdudlaşdırmadığından, cavabdeh müqavilə şərtlərini vaxtında və tam olaraq icra etdiyindən iddia tələbləri əsassızdır, ona görə də təmin edilə bilməz. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan rayon məhkəməsi tərəfindən ona məxsus olan ünvan 4 ünvan: 610-624), mənzil 79 saylı ünvanında yerləşən və cavabdeh tərəfindən sökülmüş iki otaqlı mənzilin ümumi sahəsinin 54.7 kv.metr olması, cavabdeh tərəfindən isə sökülmüş həmin mənzilin əvəzində ona cəmi 55.20 kv.metr olan (bax: yeni mənzilə dair xx.xx.2021-ci il tarixli Çıxarış) mənzil verilməsi və bununla da verilməli olan mənzilin sahəsinin 10.44 kv.metr əskik olması məhkəmə tərəfindən müəyyən edilməmiş, nəticədə işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Rayon məhkəməsinin qətnaməsinin 2-ci səhifəsinin 2-ci abzasında məhkəmə gedişi zamanı izahat vermiş Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirmişdir ki, “MMC tərəfindən layihəni həyata keçirən zaman sakinlərə 20% artıq sahə verilməsi nəzərdə tutulmuşdur. Sadalananlardan göründüyü kimi, Cavabdeh MMC tərəfindən ona 54.7 kv.metrdən ibarət olan iki otaqlı mənzilinin əvəzində sahəsi 55.20 kv.metr olan 1 otaqlı mənzil verilmişdir. Halbuki, MMC tərəfindən layihəni həyata keçirən zaman sakinlərə 20% artıq sahə verilməsi nəzərdə tutulduğu üçün ona 65.64 kv.metrlik 2 otaqlı mənzil verilməli idi, lakin, iş materiallarından da təsdiq olunur ki, ona 10.44 kv.m əksik mənzil sahəsi verilmişdir. Rayon məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası və məhkəmə mühasibatlıq ekspertizası keçirilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1036/2023 nömrəli iş üzrə 21 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilmiş, iddia qismən cavabdehdən iddiaçının xeyrinə 15.466 manat pul vəsaitinin tutulması hissədə təmin edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “Hazırkı iş üzrə iddiaçının ünvan 5 ünvanında yerləşən 2 otaqlı 79 saylı mənzilin əvəzinə tikinti şirkəti Cavabdeh MMC ilə bağladığı, notarial qaydada təsdiq olunmuş xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən cavabdehin həmin ərazidə inşa etdiyi binada 113 saylı təmirli mənzilin verməsi, iddiaçıya mənzilin ona təhvil verilməsinə qədər aylıq 350 manat kirayə haqqı, evin təmiri üçün nəzərdə tutulmuş 12320 manat pulun, həmin ərəfədə qolu sındığı üçün yardım olaraq 2000 manat, köçmə pulu kimi 300 manat cavabdeh tərəfindən verildiyi hazırkı işin mübahisəsiz halı kimi müəyyən edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və həsab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinə əsasən tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə səthi və formal yanaşmışdır. Belə ki, iddiaçı həm iddia ərizəsində, həm də çoxsaylı dövlət qurumlarına yazdığı ərizələrində yaşlı olmasını, müqavilə bağlanılan vaxt xəstə və əsəbi vəziyyətdə olmasını, özündə olmadığını, özünü pis hiss etdiyini, cavabdehin isə onun bu vəziyyətindən sui-istifadə etdiyini, bu səbəbdən də mahiyyətini bilmədiyi müqaviləni imzaladığını bildirmişdir. Bu baxımdan ilk növbədə qeyd edilməlidir ki, tərəflər arasında bağlanan müqavilədə iddiaçının sökülməli olan köhnə binadakı mənzilinin ümumi sahəsi 46,8 kv.m göstərilmiş, rayon məhkəməsi də həmin mənzilin sahəsinin 46,8 kv.m olması ilə razılaşmışdır. Halbuki mülki iş materiallarında olan 6158/540 inventar nömrəli texniki pasportdan 174 nömrəli binada iddiaçıya məxsus sökülmüş 79 nömrəli mənzilin ümumi sahəsinin 54,7 kv.m olduğu müəyyən edilir (1-ci cild, i/v 24). Belə olan halda məlum olur ki, iddiaçının sökülən mənzilinin ümumi sahəsi mübahisəsiz olaraq 54,7 kv.m olduğu halda, tərəflər arasında bağlanmış müqavilədə (1.1.1- ci bənd) isə bunun (həm də hər hansı əsaslandırma verilmədən) 46,8 kv.m göstərilməsini, heç bir halda, rayon məhkəməsinin yanaşmasında olduğu kimi, müqavilə azadlığı və ya tərəflərin iradə ifadəsi ilə izah etmək düzgün olmazdı və bu hüququn təməl prinsiplərinə aşkar zidd olardı. Çünki sökülən mənzilinin rəsmi sənədlərdə olan ölçüsünün əhəmiyyətli dərəcədə az göstərilməsində iddiaçının həqiqi iradə ifadəsinin olduğunu demək ağlabatan və inandırıcı görünmür. Həm də ona görə ki, iddiaçıya yeni tikiləcək binada veriləcək mənzilin sahəsi də məhz bundan bilavasitə asılı olan məsələdir. Demək ki, tərəflər arasında bağlanmış müqavilədə iddiaçıya sökülmüş evinin müqabilində yeni inşa olunan binada 20% əlavə olunmaqla veriləcək mənzilin sahəsinin müəyyən olunması zamanı iddiaçının sökülən sahəsinin reallıqda mövcud olmuş 54.7 kv.m. əvəzinə 46.8 kv.m göstərilməsi anlaşılmaz, həm də aşkar əsassız olmaqla, bəri başdan etibarsız olmuşdur. Bundan əlavə, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin 1.1.2-ci bəndində iddiaçıya söküləcək mənzilinin əvəzində veriləcək mənzilin ölçüsünün “oxdan oxa” hesablanması qaydası göstərilmişdir. Bununla belə, həmin müqavilədən məlum olur ki, iddiaçının sökülmüş mənzilinə münasibətdə onun sahəsinin hesablanması zamanı eyni qayda tətbiq olunmamışdır. MM-in 420.2-ci maddəsinin tələbinə görə də müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. Demək ki, hazırkı işin müəyyən olunmuş faktiki halları və istinad olunan maddi hüquq normalarının tələbləri baxımından müəyyən olunur ki, tərəflər arasında bağlanmış müqavilənin 1.1.1-ci bəndində iddiacının sökülən mənzilinin ümumi sahəsinin müəyyən olnmasına aid hissədə, eləcə də 1.1.2-ci bəndində iddiaçıya veriləcək mənzilin ümumi sahəsinin müəyyən olunması zamanı nəzərdə tutulmuş “oxdan-oxa” ölçü qaydasına dair müqavilə şərtləri etibarsız olmuşdur. Kollegiya bildirir ki, bu sahədə formalaşmış işgüzar praktika ondan ibarətdir ki, sökülmüş evlərin sahiblərinə onun mövcud sahəsindən 20 faizdən artıq olmaqla yeni tikilmiş binada mənzillərin verilməsi və ya müvafiq pul kompensasiyası ödənilir. Hazırkı iş üzrə cavabdeh MMC də iddiaya etirazında həmin ünvanda sakinlərə 20% artıq sahələrin verilməsinin nəzərdə tutulduğunu bildirmişdir. Məhkəmə Kollegiyası tərəfindən keçirilmiş ekspertiza nəticəsində verilmiş xx.xx.2023-cü il tarixli, 10/1722-9/1864 nömrəli ekspert rəyinə əsasən, iddiaçıya məxsus mənzilin oxdan-oxa ümumi sahəsi 68,0 kv.metr təşkil etdiyi müəyyən edilir. Həmin mənzilin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-na əsasən, mənzilin ümumi sahəsinin 55,2 kv.m təşkil etdiyi müəyyən edilir. Həmin mənzilin ümumi sahəsi Azərbaycan Respublikasının şəhərsalma və tikinti məcəlləsinin 59.2 və 59.3-cü maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının № 7 saylı 04 dekabr 2012-ci il tarixli “Tikinti obyektlərinin sahəsinin və həmçinin hesablanma qaydaları”-nın 2-cı və 3.8- ci bəndlərinin tələbləri nəzərə alınmadan (müvafiq azaltma əmsalları tətbiq olunmadan) 57,5 kv.metr təşkil etdiyi müəyyən edilir. Kollegiya hesab edir ki, iddiaçının iki otaqlı və ümumi sahəsi 54,7 kv.m olan mənzilinin əvəzinə cavabdeh tərəfindən “oxdan-oxa” hesablanması qaydasının tətbiqi istehlakçı kimi iddiaçının hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olur. Bu baxımdan kollegiya belə qənaətə gəlir ki, iddiaçıya verilən mənzilin sahəsi “Tikinti obyektlərinin sahəsinin və həmçinin hesablanma qaydaları”-nın 2-ci və 3.8-ci bəndlərinin tələbləri nəzərə alınmadan (müvafiq azaltma əmsalları tətbiq olunmadan) hesablanmalı, bu qaydaya əsasən hesablandıqda isə iddiaçıya verilmiş mənzilin sahəsinin 57,5 kv.metr təşkil etdiyi müəyyən edilir. Belə olan halda məlum olur ki, iddiaçıya məxsus sökülən mənzilin sahəsinin 54,7 kv.m olduğu müəyyən edildiyindən iddiaçıya həmin mənzilin sahəsindən 20 faiz artıq olmaqla (54,7x20%/100=10,94+54,7=65,64) 65,64 kv.m sahəli mənzil verilməli olduğu halda, 57,5 kv.metr sahəyə malik mənzil verilmiş, başqa sözlə, iddiaçıya (65,64 57,5=8,14) 8,14 kv.m əskik sahəli mənzil verilmişdir. İddiaçı tələbində əskik verilən sahənin 9.1 kv.m. olduğunu və hər kv.m. üçün isə 1900 manat olmaqla, cəmi 17290 manatın cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir. İddiaçıya verilməli sahənin ölçüsünün əskin olan hissəsi 8,14 kv.m. müəyyən olunduğundan, hazırda müəyyən olunmuş həmin sahəyə görə ödənilməli olan kompensasiyanın məbləği müəyyən olunmalıdır.Bununla bağlı Məhkəmə kollegiyası tərəfindən müvafiq araşdırmalar aparılmışdır. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəyi ilə Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 174 saylı evin yerləşdiyi ərazidə 1 (bir) kv.m. sahənin söküntüyə qədər olan köhnə tikilidəki real bazar dəyəri 1710 AZN, eləcə də yeni tikilidə olan dəyəri 1633 AZN-dir. Məhkəmə Kollegiyası tərəfindən keçirilmiş ekspetiza nəticəsində verilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1722-9/1864 nömrəli ekspert rəyinə əsasən, Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 174 saylı evin yerləşdiyi ərazidə 1 (bir) kv.m. sahənin söküntüyə qədər olan köhnə tikilidəki real bazar dəyəri 2120 AZN, eləcə də yeni tikilidə olan dəyəri 2250 AZN-dir. Kollegiya yeni tikilidəki mənzilin hər kvadrat metrinin bazar dəyəri ilə bağlı ekspert rəyləri arasında olan ziddiyyətləri nəzərdən keçirib hesab edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1722-9/1864 nömrəli ekspert rəyindəki Bakı ş. Yasamal rayonu A.M.Şərifzadə küçəsi 174 saylı evin yerləşdiyi ərazidə 1 (bir) kv.m. sahənin yeni tikilidə olan bügünki dəyərinin 2250 AZN təşkil etməsi barədə məlumat hazırkı əmlak bazarı mövcud qiymətləri baxımından inandırıcı və ağılabatandır, buna görə də həmin rəylə razılaşır. Bununla belə, iddiaçı öz iddia ərizəsində hər kv. metr üçün 1900 manat kompensasiya tələb etmişdir. MPM-in 218.3cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, iddiaçıya (65,64-57,5=8,14) 8,14 kv.m əskik verilən mənzil sahəsinin əvəzi kimi hər kv.metr üçün 1900 manat olmaqla, (8,14x1900=15466) 15466 manat cavabdehdən alınaraq iddiaçıya verilməli, iddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir.” Qətnamədən cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, işin yenidən baxılması üçün göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-389/2024 nömrəli, 18 mart 2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1036/2023 nömrəli iş üzrə 21 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılmaq üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilmmiş, Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilmişdir. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “hazırkı iş üzrə tərəflər mülki qanunvericiliyin mülki hüquq subyektlərinin bərabərliyi və iradə sərbəstliyi, habelə müqavilə azadlığı prinsiplərinə müvafiq qaydada öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq mülki hüquqları həyata keçirib, könüllü, azad surətdə öz hüquq və vəzifələrini müəyyənləşdirməklə müqavilə bağlamış, müqavilənin məzmununu və şərtlərini razılaşdırdırmışlar, müqavilə bağlandığı andan qüvvəyə minmiş və tərəflər üçün məcburi olmuşdur. İddiaçı da iddia ərizəsində onunla cavabdeh arasında bağlanan müqavilənin qanunsuzluğuna yaxud etibarsızlığına istinad etmir, sonuncu, cavabdehin müqavilə öhdəliklərini tam icra etmədiyini irəli sürür. Hazırkı iş üzrə də məhz bu məqama hüquqi qiymət verilməklə mübahisə həll edilməli idi. Başqa sözlə, cavabdehin müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam icra edib-etmədiyi, etmişdirsə onun öhdəliyinə Mülki Məcəllənin 528-ci maddəsi mənada xitam verilib verilmədiyi araşdırılmalı idi. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 420.2-ci maddəsini səhv təfsir etmiş, bununla da maddi hüquq normalarını mübahisəyə düzgün tətbiq etməməklə, pozuntuya yol vermişdir. Belə ki, adıçəkilən maddənin tələbindən hərəkətlə müqavilənin hissəvi etibarsızlığı nəticəsinə gəlinməsi üçün ilk öncə Mülki Məcəllənin müqavilənin standart şərtlərinin anlayışı verilən 417.1-ci maddəsinin dispozisiya şərtlərinin iş üzrə yerinə yetirilibyetirilmədiyi təhlil edilməli, ondan sonra 417.2-ci maddənin imperativ göstərişi nəzərə alınmalı idi. Digər deyişlə, tərəflər arasında bağlanmış müqavilənin iddiaçının hansı ölçüdə mənzili qarşılığında ona hansı ölçüdə mənzil veriləcəyi barədə şərtlərin əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan şərtlər, yəni standart şərtlər, yoxsa müqavilənin müfəssəl müəyyənləşdirilmiş şərtləri olduğu müzakirə edilməli idi. apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarının qiymətləndirilməsində prosessual hüquq normalarını pozaraq, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Belə ki, cavabdehin kassasiya şikayətində haqlı olaraq göstərdiyi kimi, məhkəmə mənzillərin sahələrinin ölçülərinin hesablanmasında hər bir tərəfə münasibətdə müxtəlif meyarlardan çıxış etmişdir. Bu anlamda, apellyasiya instansiyası məhkəməsi xx.xx.2000-ci il tarixli texniki pasport adlı materiala istinadən iddiaçının əvvəlki mənzilinin ümumi sahəsinin 54,7 m2 olduğunu qeyd etsə də (sahə müvafiq əmsallar tətbiq edilmədən oxdan-oxa hesablanmışdır), ona verilən yeni mənzilin ümumi sahəsinin ekspert rəyinə əsasən 68 m2 müəyyən edildiyini nəzərə almamış (sahə müvafiq əmsallar tətbiq edilmədən oxdan-oxa hesablanmışdır), 20% əlavəni həmin rəqəmlər əsasında çıxarmamışdır. Əksinə, xx.xx.2000-ci il tarixli texniki pasport adlı materialda iddiaçının əvvəlki mənzilinin ümumi sahəsi bayır və ara divarlarının yerləşdiyi sahələr nəzərə alınmadan 42,2 m2 göstərilmişdi, həmin sahə müqavilədə 46,8 m2 qeyd olunmuşdur ki, sözügedən sahələr xx.xx.2021-ci il tarixli çıxarışda əks olunan 55,20 m2 sahə ilə müqayisə oluna, 20% əlavə də bu rəqəmlərə görə hesablana bilər”. Apellyasiya instansiyası məhkəməsində hazırki icraat: Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili ayrı-ayrılıqda izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş cavabdeh öz nümayəndəsinin məhkəmə kollegiyasının iclasında iştirakını təmin etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə tam yoxlanılmalıdır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 417.1. Müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir 417.2. Əgər tərəflər müqavilənin şərtlərini müfəssəl müəyyənləşdirmişlərsə, bunlar müqavilənin standart şərtləri sayılmır. 417.3. Tərəflərin bilavasitə razılaşdırdıqları şərtlərə standart şərtlərə nisbətən üstünlük verilir. 420.2. Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.

Şəhərsalma və Tikinti Məcəlləsi:

59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.

Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı ünvan 5 ünvanında, istismar müddəti başa çatmış binada yerləşən ümumi sahəsi 46,8 m2 olan 2 otaqlı 79 saylı mənzilini tikinti şirkəti olan Cavabdeh MMC ilə bağladığı, notarial qaydada təsdiq olunmuş xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən cavabdehin həmin ərazidə inşa etdiyi binada 1 otaqlı ümumi sahəsi 61,6 m2 olan 113 saylı təmirli mənzilin əvəzində verməyi, mülkiyyətində olan yaşayış sahəsini tikinti şirkətinin vəsaiti hesabına köçmə pulu aldıqdan sonra üç gün müddətində mənzili tam boşaldaraq, yüklü olmaması barədə arayışı (forma 1) və mənzilin açarlarını tikinti şirkətinə təhvil verməyi və sökülməsi üçün tikinti şirkətinə verdiyi əmlaka dair gələcəkdə heç bir iddia tələbi qaldırmayacağını öhdəsinə götürmüşdür. Göründüyü kimi, tərəflər mülki qanunvericiliyin mülki hüquq subyektlərinin bərabərliyi və iradə sərbəstliyi, habelə müqavilə azadlığı prinsiplərinə müvafiq qaydada öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq mülki hüquqları həyata keçirib, könüllü, azad surətdə öz hüquq və vəzifələrini müəyyənləşdirməklə müqavilə bağlamış, müqavilənin məzmununu və şərtlərini razılaşdırdırmışlar, müqavilə bağlandığı andan qüvvəyə minmiş və tərəflər üçün məcburi olmuşdur. Həmçinin müəyyən edilmişdir ki, tərəflər hər biri ayrı-ayrılıqda xx.xx.2017-ci il tarixli müqavilə üzrə öhdəliklərini icra etmiş, tikinti şirkəti müqavilədə tərəflərin razılaşdıqları kirayə haqqını, mənzili, mənzilin təmir edilməsi üçün pul vəsaitini iddiaçıya vermiş, iddiaçı kirayə haqqını, mənzili, mənzilin təmiri üçün tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən olunan təmir pulunu qəbul edərək mənzilini təmir edib mənzilinə köçmüş, onun bu mənzilə dair mülkiyyət hüquqları qeydə alınmışdır. İddiaçının tələbinin əsası isə cavabdehin müqavilə öhdəliklərini tam icra etməməsi təşkil edir. Məhkəmə kollegiyası iddia tələbinin dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarında olan xx.xx.2000-ci il tarixli texniki pasportdan görünür ki, iddiaçının əvvəlki mənzilinin ümumi sahəsi 54,7 m2 olmuş (sahə müvafiq əmsallar tətbiq edilmədən oxdan-oxa hesablanmışdır), iddiaçıya verilən yeni mənzilin ümumi sahəsinin isə əvvəlki apellyasiya baxışı zamanı təqdim edilmiş ekspert rəyinə əsasən 68 m2 müəyyən edilmişdir (sahə müvafiq əmsallar tətbiq edilmədən oxdan-oxa hesablanmışdır). Bundan başqa, xx.xx.2000-ci il tarixli texniki pasportda iddiaçının əvvəlki mənzilinin ümumi sahəsi bayır və ara divarlarının yerləşdiyi sahələr nəzərə alınmadan 42,2 m2 göstərilmişdir, həmin sahə müqavilədə isə 46,8 m2 qeyd olunmuşdur ki, sözügedən sahələr xx.xx.2021-ci il tarixli çıxarışda əks olunan 55,20 m2 sahə ilə müqayisə olunduqda 20% əlavə öz əksini tapmışdır. Bundan başqa iddiaçı qeyd edir ki, onun şirkətlə bağladığı müqavilə şərtlərini şirkət qismən yerinə yetirmişdir. Belə ki, onun iki otaqlı mənzili əvəzinə ona bir otaqlı mənzil verilmişdir. Məhkəmə kollegiyası bu dəlillə bağlı qeyd edir ki, tərəflər arasında xx.xx.2017-ci il tarixdə bağlanmış müqavilənin 1.1.1-ci bəndindən görünür ki, iddiaçı öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 6 blokda ümumi sahəsi 46,8 m2 olan 2 otaqlı 79 saylı mənzilini sökmək üçün Cavabdeh MMC-yə təhvil verməyi öz öhdəsinə götürmüş, Cavabdeh MMC isə öz növbəsində inşa etdiyi binada 2 blok, 6 mərtəbədə yerləşən 1 otaqlı ümumi sahəsi müqavilə şərtlərinə uyğun olaraq oxdan-oxa 61,6 m2 olan 113 saylı təmirli mənzili əmlak mülkiyyətçisinin mülkiyyətinə verməyi öhdəsinə götürmüş və hazırda müqavilənin qeyd olunan şərtləri mübahisəsiz olaraq icra edilməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Mənzilin ümumi sahəsinə münasibətdə isə məhkəmə kollegiyası bir daha qeyd edir ki, iddiaçının mülkiyyətində olan əvvəlki mənzilin faktiki sahəsi ilə hazırda mülkiyyətində olan faktiki sahəsi arasında 20% əlavə olması işin qeyd olunan halları ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 4 ildən sonra bağladığı müqavilənin məcbur olub bağlamasını, həmin müqavilə ilə ona mənzil sahəsinin az verilməsini iddia etsə də, məhkəmə tədqiqatı zamanı tələbində istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Belə ki, mənzilin otaqlarının sayının müəyyən edilməsi həmin mənzilin sahibinin öz zövqünə uyğun davranışından asılıdır. Tərəflər arasında bağlanan müqavilədən isə aydın müəyyən olunur ki, iddiaçı mülkiyyətində olan ümumi sahəsi 46,8 kv.metr təşkil edən, istismar müddəti başa çatmış binada yerləşən mənzilə görə həmin ərazidə yeni inşa olunan binada yerləşən, ümumi sahəsi 61,6 m2 olan tam təmirli mənzil əldə etmişdir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, tərəflər hər biri ayrı-ayrılıqda xx.xx.2017-ci il tarixli müqavilə üzrə öhdəliklərini icra etmiş, tikinti şirkəti müqavilədə tərəflərin razılaşdıqları kirayə haqqını, mənzili, mənzilin təmir edilməsi üçün pul vəsaitini iddiaçıya vermiş, iddiaçı kirayə haqqını, mənzili, mənzilin təmiri üçün tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən olunan təmir pulunu qəbul edərək mənzilini təmir edib mənzilinə köçmüş, onun bu mənzilə dair mülkiyyət hüquqları qeydə alınmışdır. Başqa sözlə, tərəflər arasında bağlanmış müqavilə şərtləri tərəflərin qarşılıqlı razılaşmasına əsasən müəyyən edildiyindən, bu şərtlər iddiaçının hüquqlarını məhdudlaşdırmadığından, cavabdeh müqavilə şərtlərini vaxtında və tam olaraq icra etdiyindən iddia tələblərinin əsassız olmaqla rədd edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Həmçinin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza xərci olan 100 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1241/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza xərci olan 100 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar