Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3428/2024 21.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması və torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)-3536/2024 saylı qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 39.748,73 manat pulun və ödənilmiş 240 manat dövlət rüsumunun xeyrinə tutulması, həmçinin cavabdehin onun sahibliyində olan 0,01 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tаriхli, e-2(008)- 3536/2024 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmış, iddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada ərazi aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsindən və iddia ərizəsinə əlavə edilmiş xx.xx.2005-ci il tarixli, 36622 nömrəli müqavilənin, xx.xx.2017-ci il tarixli etibarnamənin, habelə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(103)- 4327/2012 nömrəli qətnaməsinin surətlərindən görünür ki, iddiaçının cavabdehin sahibliyində olan və çıxarılmasını tələb etdiyi 0,01 ha torpaq sahəsi (sahiblikdə olan sahə ümumilikdə 0,12 ha) məhz Bakı şəhərinin Sabunçu rayonunun ərazisinə aid Ləhiş bağ massivində yerləşir. Yəni iddiaçının iddiasının bir hissəsi müstəsna aidiyyət qaydalarının təsiri altına düşür. Cavabdeh də eyni şəxsdir. Belə olan halda sözügedən iddia ərizəsinə məhz Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 151.2-ci maddəsinə əsasən iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxa bilərdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarının əsaslandırıcı hissəsində göstərilir ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, birinci instansiya məhkəməsi formal əsaslarla İddiaçı Cavabdeh qarşı “39.748,73 manat pulun və ödənilmiş 240 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, həmçinin cavabdehin onun sahibliyində olan 0,01 ha torpaq sahəsindən çıxarılması tələbinə dair” iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarmışdır. Yəni birmənalı olaraq hazırkı iddia ərizəsinə Azərbaycan Respublikası MPM-nin həm 35.1, həm də 39.1-ci maddələrinin tələbləri baxımından Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmalıdır. Bakı şəhəri Nəsimi Sabunçu Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 3536/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmişdir. Bundan sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil “Məhkəmə elektron” informasiya sistemi vasitəsi ilə ərizə təqdim edilərək, bildirmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi özünün xx.xx.2024-cü il tarixli, e-2(008)- 3536/2024 nömrəli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024cü il tаriхli e-2(008)-3536/2024 nömrəli qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətin təmin edilməməsi qənaətinə gələrkən qərardadın əsaslandırıcı hissəsində qeyd etmişdir ki, məhkəmə, şikayətin təmin edilməməsi qənaətinə gələrkən, həmçinin nəzərə alır ki, iddiaçı eyni vaxtda cavabdehdən həm xeyrinə pul tutulmasını, həm də, cavabdehin onun sahibliyində olan torpaq sahəsindən çıxarılmasını tələb etməklə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.3-cü maddəsinə (iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır) riayət etməmişdir. Beləliklə, məhkəmə şikayəti, onun dəlillərini və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tаriхli, e-2(008)-3536/2024 nömrəli qərardadı əsaslıdır və məhkəmə haqlı olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarmışdır. Birinci instansiya məhkəməsinin qənaəti onu göstərir ki, məhkəmə, ümumiyyətlə, iddia ərizəsi və ona əlavə olunmuş materiallarla tanış olmamış, yalnız formal olaraq cavabdehin ünvan 1 ünvanında rəsmi qeydiyyatda olmasına əsaslanmış, eyni zamanda Azərbaycan Respublikası MPM-nin 35.1, 39.1 və 149.3- cü maddələrinin tələblərini səhv təfsir etmiş, həmin Məcəllənin 151.1, 151.2 və 152.1.3-cü maddələrinin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 iyun 2021-ci il tarixli Qərarının tələblərini kobud surətdə pozmuşdur. Çünki Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsində göstərilir ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 151.2-ci maddəsinə görə, zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə görə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsindən və iddia ərizəsinə əlavə edilmiş məhkəmə qətnamələrindən və qərarlarından görünür ki, cavabdeh Tərtər şəhərində qeydiyyatda olsa da faktiki olaraq Bakı şəhərində yaşayır, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2008-ci il tarixli sərəncamı ilə fərdi ev tikintisi üçün iddiaçıya Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 9-cu dalan, 5843 saylı bağ sahəsində 0,12 ha həyətyanı torpaq sahəsi kimi verilmiş daşınmaz əmlakı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində mübahisələndirmiş, birinci instansiya məhkəməsi onun iddiasın təmin etməmiş, apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək onun iddiasını təmin etmiş, kassasiya instansiyası məhkəməsi də apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. Yəni Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 9-cu dalan, 5843 saylı bağ sahəsində 0,12 ha həyətyanı torpaq sahəsi hazırda cavabdehin mülkiyyətindədir. İddiaçı da həmin torpaq sahəsində iddiaçı tərəfindən aparılmış işlərin əvəzi olaraq cavabdehdən 39.748,73 pul tələb edir. Məhkəmə araşdırması zamanı yerli baxışa ehtiyac meydana çıxdı. Onda Tərtər Rayon Məhkəməsi hakiminin və məhkəmə iclas katibinin bu qədər məsafənin qət edib bura gəlməsinə hansı lüzum var?! Bundan başqa onların iddiası iki hissədən ibarətdir: pul tələbi və iddiaçının sahibliyimdə olan 0,01 ha torpaq sahəsindən çıxarılma. İddia ərizəsindən və iddia ərizəsinə əlavə edilmiş xx.xx.2005-ci il tarixli, 36622 nömrəli müqavilənin, xx.xx.2017-ci il tarixli etibarnamənin, habelə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(103)-4327/2012 nömrəli qətnaməsinin surətlərindən görünür ki, iddiaçının cavabdehin sahibliyində olan və çıxarılmasını tələb etdiyi 0,01 ha torpaq sahəsi (sahiblikdə olan sahə ümumilikdə 0,12 ha) məhz Bakı şəhərinin Sabunçu rayonunun ərazisinə aid Ləhiş bağ massivində, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 9-cu dalan, 5843 saylı bağ sahəsinə bitişik vəziyyətdə yerləşir. Bundan əlavə Azərbaycan Respublikası MPM-nin 149.3-cü maddəsi iddiaçının bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirmək hüququnu nəzərdə tutur. İddia tələblərinin birləşdirilməsinin məqsədi həmin tələblərə dair işlərin daha tez və düzgün həll olunmasıdır. Bu halda tərəflərin məhkəməyə çağırılması və işin baxılaraq həll edilməsi üçün zəruri olan məsrəflərə qənaət olunur. İddiaçı bir neçə iddia tələbini bir iddia ərizəsində yalnız o halda birləşdirməyə haqlıdır ki, həmin tələblər bir-biri ilə bağlı olsun. Yalnız bir və ya bir neçə cavabdehə qarşı irəli sürülən və bir-biri ilə əlaqədar olmayan bir neçə iddia tələbi bir iddia ərizəsində birləşdirildikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır (MPM-nin 152.1.7-ci maddəsi). Çünki bu halda irəli sürülmüş iddia tələbləri arasında bağlılıq yoxdur. Lakin iddia ərizəsindən və iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının tələbləri bir-biri ilə bağlıdır. Müstəsna aidiyyət qaydalarının tələblərinə əməl olunmalıdır. Həmçinin, şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılan zaman məhkəmə iclasında onların iştirakının təmin edilməsini xahiş etmişdir. Bundan başqa şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Lakin məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına hər hansı zərurət görməmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qeyd edilən qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 36.13-cü maddəsinə əsasən bu Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olunmaqla, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur; 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir; 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır; 152.1.3-cü və 152.1.7-ci maddələrə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə və ya bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Məhkəmə kollegiyası hazırki işin halları baxımından ilk növbədə qeyd edir ki, iddiaçı cavabdehlə aralarında yaranmış məhkəmə mübahisəsi üzrə çıxarılmış və artıq qanuni qüvvəsini almış məhkəmə aktına əsasən uzun illər onun istifadə və sahibliyində olmuş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5843 nömrəli torpaq sahəsinin cavabdehin mülkiyyətinə keçdiyini, buna baxmayaraq, cavabdehin həmin torpaq sahəsi üzərində inşa etdiyi tikililərin və əkdiyi ağacların dəyərini ödəmək istəmədiyini bildirir və onları ümumilikdə 39.748,73 manat məbləğində dəyərləndirərək, bu məbləğin cavabdehdən tutulmasını tələb edir. Eyni zamanda, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən və onun istifadə və sahibliyində olan 5884 nömrəli bağ sahəsinin 0,01 ha hissəsinin cavabdeh tərəfindən zəbt edildiyini iddia edir və onun həmin sahədən çıxarılmasını tələb edir. Bununla belə, iddiaçının iddiası nəticə etibarı ilə iki hissədən - “pulun tutulması”ndan və “daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi”ndən ibarətdir. Hər iki tələb eyni cavabdehə qarşı irəli sürülmüşdür. Başqa sözlə, iddia uğurlu olduğu təqdirdə cavabdeh iddiaçıya müəyyən məbləğdə vəsaitin ödənilməsi və 0,01 ha torpaq sahəsinin boşaldılması ilə bağlı hərəkətlər yerinə yetirməlidir. Bu baxımdan onların bir-biri ilə əlaqədar olmayan tələblər kimi qiymətləndirilməsi üçün hər hansı əsas yoxdur. Belə olan halda, irəli sürülmüş tələblərdən birinin məhz torpaq sahəsinin qeyri-qanuni sahibliyindən götürülməsi ilə bağlı olması müstəsna aidiyyət qaydaları baxımından iddianın həmin torpaq sahəsinin yerləşdiyi yerin məhkəməsinə, yəni Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə verilməsini şərtləndirir. Belə ki, daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, Mülki Prosessual Məcəllənin 151-ci və 152-ci maddələrinin tələblərinə uyğun olaraq iddia ərizəsinin icraata götürülməsinin mümkünlüyü haqqında məsələyə baxılması, o cümlədən iddia ərizəsinin qaytarılması üçün əsasların olub-olmamasının müəyyən edilməsi mərhələsində, həmçinin iddianın (tam və ya hər hansı hissədə) əsaslığının da yoxlanılması nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərazi aiddiyəti əsası ilə iddia ərizəsini geri qaytarmaqda haqlı olmamışdır. Hazırki iddia bu əsasla geri qaytarıla bilməz. Bu səbəbdən İddiaçı şikayəti təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)-3536/2024 saylı qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 3536/2024 saylı qərardadı ləğv edilsin. İddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3428/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3428/2024
21.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver