Məhkəmə qərarları › İş №2(103)-3431/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3431/2021

06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3431/2021 06.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Rəşad Məhəmməd oğlu Həsənov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6513/2019 saylı, 04 sentyabr 2019cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya qaydasında pul tutulması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, tərəfindən ödənilmiş 4.896,30 manat sığorta ödənişinin və ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 4.926,30 manat məbləğində pulun Cavabdeh tutularaq cəmiyyətə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə PAX**********1 №-li şəhadətnamə ilə “xxxx” sığorta şirkəti tərəfindən sığortalanmış “BMW 320” minik markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” ASC tərəfindən M0270/17 №-li şəhadətnamə ilə “Avtonəqliyyat vasitələrinin kompleks sığortası” üzrə sığortalanmış “Kia Picanto” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2019-cu il tarixində toqquşmuşdur. Bakı şəhəri DYPİ-nin xx.xx.2018-ci il tarixli, İXP ******* saylı İnzibati Xəta haqqında Protokola, xx.xx.2018-ci il tarixli TP ******* №-li Qərarına və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” 046-44316 №-li xx.xx.2018-ci il tarixli Arayışa əsasən “BMW 320” minik markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh baş vermiş yol nəqliyyat hadisəsində təqsirli bilinmiş və AR İXM-in 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Kia Picanto” minik markalı, **- PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. “Kia Motors” tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli Qüsur aktına əsasən dəymiş maddi zərərin ümumi məbləği 10.396,30 (on min üç yüz doxsan altı manat otuz qəpik) manat dəyərində müəyyənləşdirilmişdir. xx.xx.2018-ci il tarixli **********8 saylı sığorta ödəniş tapşırığı aktına əsasən, 500 (beş yüz) manat azadolma məbləği çıxılmaqla 9.896,30 (doqquz min səkkiz yüz doxsan altı otuz qəpik) manat məbləğində sığorta ödənişi zədələnmiş “Kia Picanto” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hesabına köçürülmüşdür. Cavabdeh tərəfindən idarə edilən “BMW 320” minik markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” sığorta şirkətində icbari sığortalı olduğuna görə “İcbari sığortalar haqqında” Qanunun 56.1.2-ci maddəsinə uyğun olaraq ödənilmiş sığorta məbləğinin 5.000 (beş min) manat “xxxx” sığorta şirkəti tərəfindən ödəniləcək və buna görə də, ümumi borc məbləğindən çıxılır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6513/2019 saylı, 04 sentyabr 2019cu il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh 4.896,30 (dörd min səkkiz yüz doxsan altı manat otuz qəpik) manat pul vəsaitinin və 30 (otuz) manat dövlət rüsumunun əvəzinin tutularaq “xxxx” ASC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6513/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia əsassız olaraq təmin edilmiş və aşağıdakı əsaslara görə ləğv olunmalıdır. Belə ki, “Kia Motors” tərəfindən xx.xx.2018-ci il tarixli qüsur aktına əsasən hesablanmış məbləğ həddindən artıq şişirdilmişdir, məhkəmə şişirdilmiş məbləğə fikir verməmiş, iş üzrə məhkəmə ekspertizası təyin edilmədən, iş hərtərəfli araşdırılmadan iddia təmin edilmişdir. Sonradan “xxxx” Sığorta şirkətindən qəza barədə foto şəkillərin alınması və avtomobilin qiymətləndirildiyi qüsur aktının təqdim edilməsi xahiş edilmiş, müraciətinə əsasən “xxxx” MMC-nin qüsur aktı və hadisə barədə foto şəkillər ona təqdim edilmişdir. Həmin akta əsasən ümumilikdə avtomobilə 6.872,50 manat dəymiş ziyan müəyyən edilmişdir. Göründüyü kimi iki sığorta şirkətinin verdiyi qüsur aktları arasında 5.264 manat endirimsiz, 3.524 manat isə endirimli fərq var və yaranmış fərqə görə ziddiyətlər yaranır, lakin iş tam araşdırilmamış, ekspertiza təyin edilməmişdir. Sonra “Kia Motorsa” sorğu göndərərək, Kia Picanto markalı **-PL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin Kia Motors da təmir edilməsi barədə məlumat verilməsi xahiş edilmiş, “Kia Motors” **-PL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin təmir üçün Kia Motorsa məxsus servislərə müraciət etməsi qeydə alınmadığı bildirilmişdir. Halbuki xx.xx.2019-cu il tarixli Kia Motors tərəfindən verilmiş qüsur aktında qeyd edilir: “Avtomobilə servisdə baxış keçirilmiş və nasaz hissələrin siyahısı tərtib edilmişdir. Bu siyahıya əsasən avtomobildə görürülməli olan işlərin aktı tərtib edilmişdir. Yuxarıda göstərilən qiymətlər avtomobilin təmiri üçün qabaqcadan razılaşdırılmış qiymətlərdir”. Göründüyü kimi Kia Motors tərəfindən verilmiş akta əsasən belə qənaətə gəlmək olar ki, İddiaçı ilə Kia Motors birgə saxta qüsur aktı tərtib etmişlər. Bu baxımdan da, Xüsusi Qərar elan edərək işin araşdırılması üçün istintaqa yönəldilməsini xahiş edir. Qətnamə qəbul edilərkən Azərbaycan Respublikasının MPM-nin tələbləri pozmuş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Apelyasiya şikayətində Xətai Rayon Məhkəməsinin 2(011)-6513/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh verdiyi apelyasiya şikayətini müdafiə etdiyini bildirərək, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6513/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X5 Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6513/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, yol nəqliyyat hadisəsinin baş verməsinə və zərərin vurulmasına səbəb olan nəqliyyat vasitəsi “BMW 320” minik markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə edilmişdir və ziyan bilavasitə cavabdeh tərəfindən vurulmuşdur. Buna görə də, mülki hüquq pozuntusu (delikt) onun tərəfindən törədildiyindən vurulmuş ziyanın əvəzi Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir, yəni 4.896,30 manat məbləğində pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə subroqasiya qaydasında tutulmalıdır və gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936, 1096 və 1097-ci maddələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, “xxxx” ASC-nin Cavabdeh və “xxxx” SŞ ASC-yə ünvanladığı 18/576 saylı, xx xxxxxxx 2018-ci il tarixli məktubun surətindən görünür ki, “xxxx” ASC-də sığortalanmış avtomobilə maddi ziyan dəymişdir. Maddi ziyan qiymətləndirilməsində iştirak etmək üçün nümayəndəsinin 3 iş günü ərzində Nizami rayonu, M.Əliyev 24/08 ünvanında yerləşən “xxxx” MMC-nin təmir servisinə göndərilməsi xahiş olunmuşdur. İş materiallarında olan, “xxxx” ASC-nin Cavabdeh ünvanladığı 19/398 saylı, xx xxxx 2019-cu il tarixli pretenziya məktubunun surətindən görünür ki, Cavabdeh 4.896,30 manat məbləğində pulun geri qaytarılması barədə xəbərdar edilmişdir. İş materiallarında olan, **********8 saylı, xx.xx.2018-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, “xxxx” ASC 9.896,30 manat məbləğində pul vəsaitini X4 ödəmişdir. İş materiallarında olan, X1 Şəhadətnaməsinin surətindən görünür ki, “BMW 320” minik markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2014-cü ildən Cavabdeh adına qeydə alınmışdır. İş materiallarında olan, “xxxx” ASC tərəfindən verilmiş MCL-056/18 saylı, xx.xx.2018ci il tarixli sığorta ödənişi aktının surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı “xxxx” MMC-yə məxsus və X6 tərəfindən idarə olunan “Kia Picanto” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə öz yolunda hərəkət edərkən sağından manevr qaydasını pozaraq yoluna çıxan “BMW 320” minik markalı, **- OT-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq zədələnmişdir. “Kia Picanto” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsi zədələnmişdir. “Kia Motors” servis mərkəzinin xx.xx.2018-ci il tarixli qüsur aktına əsasən zərər 10.396,30 manat təşkil edir, müqavilə şərtinə əsasən 500 manat şərtsiz azadolma çıxılmışdır. İş materiallarında olan, “Kia Motors” servis mərkəzinin xx.xx.2018-ci il tarixli qüsur aktının surətindən görünür ki, “Kia Picanto” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsinə 10.396,30 manat məbləğində zərər vurulmuşdur. İş materiallarında olan, xx xxxxxxx 2018-ci il tarixli sazışın surətindən görünür ki, “xxxx” ASC ilə siğortalı “xxxx” MMC arasında sığorta müqaviləsi bağlanılmışdır. İş materiallarında olan, M0270/17 saylı, xx.xx.2017-ci il tarixli Avtonəqliyyat vasitələrinin kompleks sığortası şəhadətnaməsinin surətindən görünür ki, sığortalı “xxxx” MMC-yə məxsus “Kia Picanto” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsi xx.xx.2017-ci il saat 24.00-dan xx.xx.2018-ci il saat 24.00-dək müddətində baş verən daşların dəyməsi və ya əşyaların düşməsi, avtonəqliyyat vasitəsinin hissələrinin oğurlanması, ön və arxa şüşələrin və pencərələrin sınması və üçüncü şəxslərin digər qeyri-qanuni hərəkətləri, avtonəqliyyat vasitəsinin oğurlanma, qaçırılma zamanı avtonəqliyyat vasitəsinə ziyan vurulması, təbii fəlakətlər, yanğın, öz-özünə alışma, yolnəqliyyat hadisəsi (toqquşma, aşma, düşmə) kimi sığorta risklərindən sığortaçı “xxxx” ASC tərəfindən sığortalanmışdır. İş materiallarında olan, İnzibati xəta haqqında İXP ******* saylı, xx.xx.2018-ci il tarixli protokolun surətindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan, İnzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2018-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat cərimə olunmuşdur. Məhkəmə kollegiyası iddia tələbi ilə əlaqədar olaraq ilk öncə qeyd edir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə kollegiyası hesab edir ki, nəqliyyat vasitələrinin toqquşmasının Cavabdeh hüquqa zidd hərəkətləri üzündən baş verməsi və qanunvericiliyin tələbinə əsasən cavabdehin məsuliyyət daşıması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Bakı şəhər DYPİ-nin İnzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2018-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh yol nəqliyyat hadisəsi törətdiyindən xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə olunmuşdur. Bundan başqa, məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin məhkəməəmtəəşünaslıq ekspertizası keçirilməsi ilə bağlı dəlilinə qiymət verərək qeyd edir ki, yol nəqliyyat hadisəsinin törətdiyi vaxtdan üzün müddət keşdiyi ücün ekspertizanın keçirilməsinə zərurət yoxdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apelyasiya şikayətində göstərdikləri dəlilləri əsassızdır. Bundan başqa, məhkəmə kollegiyası Cavabdeh apelyasiya məhkəməsində təqdim etdiyi sənədlərlə bağlı qeyd edir ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. (MPM-nin 78.1-ci maddəsi). Əlavə faktlar və sübutlar apelyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. (MPM-nin 372.2-ci maddəsi). Lakin Cavabdeh həmin sübutları birinci instansiya məhkəməsinə təqdim edə bilməməsini əsaslandıra bilməmişdir. Həmçinin, cavabdehin təqdim etdiyi xx.xx.2018-ci il tarixdə “xxxx” MMC tərəfindən tərtib edilmiş akt isə kserosurət olmaqla lazımi qaydada təsdiq edilmədiyi üçün sübut kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1ci maddəsinə əsasən, yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Cavabdehin təqdim etdiyi digər sənədlər isə mübahisənin mahiyyəti üzrə həlli üçün hər-hansı bir əhəmiyyət daşımadığından qiymətləndirilməsinə zərurət görülmür. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, Cavabdeh apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6513/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, apelyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6513/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar