Məhkəmə qərarları › İş №2(103)-3436/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3436/2022

19.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3436/2022 19.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı və X1 Cavabdeh MTK-ya qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işin icraatına xitam verilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli 2(005)-2351/2021 saylı qərardadından iddiaçılar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilat tərəfindən xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən sahəsi 51,3 kv.m olan fərdi yaşayış evinin qanunsuz sökülməsi nəticəsində iddiaçıya dəymiş 300000 manat dəyərində maddi və 200000 manat dəyərində mənəvi zərərin əvəzinin ödənilməsi barədə qətnamə qəbul edilməsini, eyni zamanda birləşdirilmiş iş üzrə iddiaçılar İddiaçı və X3 Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MTK tərəfindən hüquqazidd şəkildə sökülərək dağıdılmış Bakı şəhəri Nəsimi rayonu Mərdanov qardaşları küçəsində yerləşən 127 nömrəli fərdi yaşayış evinin sökülməsinə görə kompensasiya kimi ******* manat maddi ziyanın əvəzinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və əmlakının dağıdılması nəticəsində mənzildə olan məhv edilmiş 92 adda əşyaların dəyəri olan 148520 manat pulun və 20000 manat mənəvi zərərin əvəzinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən birləşdirilmiş iş üzrə Cavabdeh Mənzil-Tikinti Kooperativi iş üzrə icraata xitam verilməsi barədə ərizə təqdim edərək iddiaçılar İddiaçı və X2 Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair 2(005)-2386/2021 saylı mülki işin icraatına xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli 2(005)- 2351/2021 saylı qərardadı ilə mülki işin icraatına xitam verilmişdir. İddiaçıların nümayəndəsi Vəkil şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli qərardadının ləğv edilməsi və mülki işin mahiyyəti üzrə baxılması üçün təyin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli 2(005)- 2351/2021 nömrəli qərardadı ilə şikayət qanunvericiliklə nəzərdə tutulan müddət ötürülməklə verildiyindən, geri qaytarılmışdır. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi 2(005)- 2351/2021 saylı mülki işin icraatına xitam verərkən tərəflər arasında eyni predmet və eyni əsasla qüvvədə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli 2(006)-479/2018 saylı qətnaməsinin mövcud olmasını göstərmişdir. Halbuki, hazırkı iş üzrə tərəf və predmet fərqlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli 2(005)- 2351/2021 saylı qərardadı ilə həmin məhkəmənin 26 may 2021-ci il tarixli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin edilməklə qərardaddan verilmiş şikayət təmin olunmayaraq mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Ancaq işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, mülki iş üzrə icraata xitam verilməsi haqqında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli 2(005)-2351/2021 saylı qərаrdаdı ləğv edilməli, mülki iş əvvəllər məhkəmə araşdırmasının predmeti olmamış iddia tələblərinə hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə icraata xitam verilməsi qənaətinə gələrkən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə istinad etmişdir. Həmin maddəyə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19.09.2018-ci il tarixli 2(006)-479/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Mərdanov qardaşları küçəsində yerləşən 127 nömrəli fərdi yaşayış evinin həmin MTK tərəfindən qanunsuz sökülməsinə görə ona dəymiş maddi ziyanın əvəzi kimi 500000 manat, mənəvi ziyanın əvəzi kimi 200000 manat pulun cavabdehdən tutulub ona ödənilməsini xahiş etmiş, iddia qismən təmin olunaraq maddi ziyanın əvəzi kimi 549000 manat pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsi qət olunmuşdur. (i.v.42-50) Tərəflər arasında 15 dekabr 2018-ci il tarixdə razılaşma müqaviləsi imzalanmış, tərəflər 549000 manat pulun hissə-hissə ödənilməsi barədə razılığa gəlmiş, həmin pul məbləği hissə-hissə iddiaçıya ödənilmişdir. (i.v.51-59) İş materiallarından görünür ki, İddiaçı Cavabdeh MTK-ya qarşı mülkiyyətində olan evin qanunsuz sökülməsi nəticəsində vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19.09.2018-ci il tarixli 2(006)-479/2018 saylı qətnaməsindən X4 tərəfindən apellyasiya şikayəti verilmiş, Şəhla Hüseynova apellyasiya şikayətindən imtina etdiyinə görə Bakı Apellyasiya Məhkəməsinin 04.06.2020-ci il tarixli qərardadı ilə Ş.Hüseynovanın apellyasiya şikayətindən imtinası qəbul edilərək ona münasibətdə apellyasiya icraatına xitam verilmişdir. (i.v.40-41) Ş.Hüseynovanın apellyasiya şikayətindən imtinası birinci instansiya məhkəməsinin qətnaməsinin tanınmasına səbəb olmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Ş.Hüseynova İddiaçıla birgə mülkiyyətində olan fərdi yaşayış evinin qanunsuz sökülməsi nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə məhkəmədə yenidən iddia qaldıra bilməz. Kollegiya hesab edir ki, Ş.Hüseynovanın qətnamədən verdiyi apellyasiya şikayətini geri götürməsinin apellyasiya şikayətindən imtina kimi qiymətləndirilməməsi və onun yeni tələblə məhkəməyə müraciət etməsini istisna etməməsi barədə apellyasiya şikayətinin dəlili əsassızdır. Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin geri götürülməsi apellyasiya şikayətindən imtinanı ehtiva edir. Hazırkı iş üzrə iddia ərizəsindən görünür ki, İddiaçı və X3 birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri Nəsimi rayonu Mərdanov qardaşları küçəsində yerləşən 127 nömrəli fərdi yaşayış evinin həmin MTK tərəfindən qanunsuz sökülməsinə görə onlara dəymiş maddi ziyanın əvəzi kimi ******* manat, əmlakının dağıdılması nəticəsində mənzildə olan məhv edilmiş 92 adda əşyaların dəyəri olan 148520 manat pulun və 20000 manat mənəvi zərərin əvəzinin cavabdehdən onların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Göründüyü kimi, İddiaçı Cavabdeh MTK-ya qarşı mülkiyyətində olan evin qanunsuz sökülməsi nəticəsində vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi məhkəmə araşdırmasının predmeti olsa da, mənzildə olan 92 adda əşyaların məhv edilməsi nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi araşdırma predmeti olmamışdır. Qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası vurğulayır ki, mənəvi zərər hər şəxsə münasibətdə fərdi xarakter daşıdığından X1 da irəli sürdüyü mənəvi zərər tələbi birinci instansiya məhkəməsi tərəfindən araşdırılmaqla müvafiq qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddia tələbinin İddiaçı Cavabdeh MTK-ya qarşı mülkiyyətində olan evin qanunsuz sökülməsi nəticəsində vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi hissəsi ilə bağlı qüvvədə olan məhkəmə aktının mövcud olması barədə düzgün nəticəyə gəlsə də, hazırkı iş üzrə əvvəllər araşdırma predmeti olmamış iddia tələbləri də olduğundan, mülki işin icraatına bütövlükdə xitam verilməsi barədə qərar qəbul etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçılar İddiaçı və X1 şikayəti qismən təmin edilsin. Mülki iş üzrə icraata xitam verilməsi haqqında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli 2(005)-2351/2021 saylı qərardadı ləğv edilsin. Mülki iş icraatın təzələnib əvvəllər məhkəmə araşdırmasının predmeti olmamış iddia tələblərinə hüquqi qiymət verilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar