Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3442/2024 09.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Bakı şəhəri Xəzər rayonu Şüvəlan Bələdiyyəsi maraqlı şəxs qismində cəlb edilməklə iş üzrə (Açar sözlər: mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, Ərizəçi Bakı şəhəri Xəzər rayonu Şüvəlan Bələdiyyəsi maraqlı şəxs qismində cəlb olunmaqla “mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-424/2024 nömrəli 23 fevral 2024-cü il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə 09 iyul 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi X2 adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır.
2. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışa görə ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi X2 adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır.
3. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışa görə Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi X2 adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır.
4. Bakı şəhəri Xəzər rayonu Şüvəlan Bələdiyyəsi tərəfindən ərizəçiyə verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, DƏDRX tərəfindən qeydə alınmayan 0,06 ha torpaq sahəsinə onları qurumu tərəfindən istifadə hüququnun tanınması qeyri-mümkündür. Çıxarışlardan göründüyü kimi ayrılmış torpaq sahəsi bağ sahələridir. Şüvəlan bələdiyyəsinin vətəndaşların ərizəsinə əsasən istifadəsində olan torpaq sahəsinin və ya fərdi yaşayış evinin onların istifadəsinə ayırmaq və ya istifadə hüququnun tanınması səlahiyyəti yoxdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yerləşən və çıxarışlar əsasında onun mülkiyyətindəki 0,18 ha torpaq sahəsi ilə bərabər eyni hasar daxilində olan, üzərində yaşadığı ev olan onun uzunmüddətli istifadəsində və faktiki sahibliyindəki 0,06 ha torpaq sahəsinin istifadəsində olmaqla ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Ərizə belə əsaslandırılmışdır ki, istifadəsində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan kəndi ərazisində 0,24 ha torpaq sahəsi var. O, həmin torpaq sahəsində 2 ev, üstü örtülü olan 4 avtomobil dayanacağı, 1 hovuz, təsərrüfat damları və s. inşa etdirmiş və adları qeyd olunan əmlaklar uzun müddətdir ki, onun istifadəsindədir. Yuxarıda qeyd olunan 0,24 ha torpaq sahəsinin 0,18 ha hissəsinə dair DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2007-ci il tarixli, MH seriyalı, ******* saylı, xx.xx.2007ci il tarixli, MH seriyalı, ******* saylı və xx.xx.2007-ci il tarixli, MH seriyalı, ******* saylı çıxarışlar mövcuddur. Qeyd olunan evlərdən birinin altında olan və həmin evi ("xxxx" ASC-nin **********90016 saylı abunə kodu və "xxxx" ASC-nin **********47100 saylı köhnə abunə kodu və **********00471 saylı abunə kodu, ***-***-**-** nömrəli telefon qovşağı və s. olan) əhatə edən 0,06 ha torpaq sahəsinin uzun müddət onun istifadəsində olmasını nəzərə alaraq sözügedən 0,06 torpaq sahəsinə dair isifadə hüququnun tanınması zərurəti yaranmışdır.
7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 23 fevral 2024-cü il tarixli 2(003)-424/2024 nömrəli qətnaməsi ilə (hakim Əkrəm Qəhrəmanov) ərizə rədd edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur k, hüquqi əhəmiyyəti olan faktlar ərizənin verildiyi hər bir halda deyil, ərizəçiyə lazım olan faktları təsdiq edən lazımı sənədlərin başqa qaydada alınmasının, o cümlədən itirilmiş sənədlərin bərpasının mümkün olmadığı halda məhkəmə tərəfindən müəyyən edilir. Ərizəçiun ərizəsinin təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsas mövcud deyil. Ərizəçi ərizəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.5-ci maddəsinə istinad etsə də, həmin maddədə daşınmaz əmlakın dövlət reyestrində əsassız qeydə alınmış torpaq sahəsindən bəhs edilir. Ərizəçinin tələbinin irəli sürüldüyü torpaq sahəsi isə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.
9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 178.6, Mülki Prosessual Məcəllənin 4.1, 305.1.1, 307.1, 307.2.6, 308, 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən ərizəçi apellyasiya şikayəti verərək onun ləğv edilməsini, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətində göstərilmişdir ki, 0,06 ha. torpaq sahəsi uzun müddətdir ki, istifadəsindədir, 20 ildən çoxdur ki, həmin bağ evində yaşayır, həmin torpaq sahəsində abadlıq işləri aparıb və həmin torpaq sahəsindən ailəsi ilə birlikdə istifadə edir. Qeyd edilən 0,06 ha. torpaq sahəsinin uzun müddət, 2004-cü ildən etibarən istifadəsində olması nəzərə alınmalı və sözügedən 0,06 torpaq sahəsinə dair onun isifadəsində olmaqla, ona məxsus olması faktını müəyyən edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
13. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
14. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
16. Maddə 305.1.1. Məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır.
17. Maddə 307. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
18. Maddə 307.2.6. Məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır.
19. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
20. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Göründüyü kimi hər biri 0,06 ha olmaqla, ümumilikdə 0,24 ha torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir. 0,18 ha torpaq sahəsi müvafiq Çıxarışlara əsasən mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. 0,06 ha torpaq sahəsinə dair isə Çıxarış əldə edə bilməmişdir. Bu məqsədlə Bakı şəhəri Xəzər rayonu Şüvəlan Bələdiyyəsinə müraciət etmiş və ona bildirilmişdir ki, DƏDRX tərəfindən qeydə alınmayan 0,06 ha torpaq sahəsinə onları qurumu tərəfindən istifadə hüququnun tanınması qeyri-mümkündür. Çıxarışlardan göründüyü kimi ayrılmış torpaq sahəsi bağ sahələridir.
27. Ərizəçi isə hazırda həmin 0,06 ha torpaq sahəsinin onun istifadəsində olmaqla ona məxsus olması faktının müəyyən edilməsini tələb etmişdir.
28. Qanunun mənasından göründüyü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür.
29. Məhkəmə haqlı olaraq göstərmişdir ki, Ərizəçiun ərizəsinin təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsas mövcud deyildir.
30. Ərizəçi Mülki Məcəlləsinin 178.5-ci maddəsinə istinad edərək, sözügedən 0,06 ha. torpaq sahəsinin 20 ildən çoxdur onun istifadəsində olmasının nəzərə alınaraq ərizəsinin təmin edilməsini tələb edir.
31. Mülki Məcəllənin istinad edilən normasının tələbinə görə əgər daşınmaz əmlakın dövlət reyestrində əsassız qeydə alınmış mülkiyyətçi qeydəalmanın əsassız olduğunu bilməyərək, torpaq sahəsinə 10 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, həmin şəxs bu torpaq sahəsinin mülkiyyətçisi sayılır.
32. Birinci instansiya məhkəməsi də göstərmişdir ki, ərizəçinin tələbinin irəli sürüldüyü torpaq sahəsi isə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.
33. Beləliklə, apellyasiya şikayəti əsassız olmaqla qanuni və əsaslı olan qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-424/2024 nömrəli iş üzrə 23 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.