Məhkəmə qərarları › İş №2(103)-3443/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3443/2022

21.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3443/2022 21.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “ümumi mülkiyyətdəki əmlakdan payın naturada ayrılması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16.03.2022-ci il tarixli, 2(005)-246/2020 nömrəli qərardadından iş üzrə tərəf olmayan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “ümumi mülkiyyətdəki əmlakdan payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Rasim Muxtarov küçəsindəki 51 nömrəli fərdi yaşayış evinə onun paylı mülkiyyətdə olan 1/6 hissədəki payının naturada ayrılmasına, “V” literli tikilinin ümumi paylı mülkiyyətdən ayrılaraq onun ayrıca mülkiyyətinə verilməsinə, onun faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinin “V” literli tikiliyə aid həyətyanı torpaq sahəsi kimi onun istifadəsinə verilməsinə və bununla da paylı mülkiyyət hüququna xitam verilməsinə dair müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Bakı şəhəri, Nərimanov rayonu, Rasim Muxtarov küçəsindəki 51 nömrəli fərdi yaşayış evinə dair İddiaçı 1/6 hissədəki payın naturada ayrılması, sahəsi 33,8 kv.metr olan “V” literli tikilinin ümumi paylı mülkiyyətdən ayrılaraq İddiaçı mülkiyyətinə verilməsi qət olunmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi apellyasiya şikayəti vermişdir. Birinci instansiya məhkəməsi apellyasiya şikayətini mülki işlə birlikdə baxılması üçün 21 yanvar 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 fevral 2022-ci il tarixli 2(103)- 2178/2022 nömrəli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli qətnaməsindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16.03.2022-ci il tarixli, 2(005)- 246/2020 nömrəli qərardadı ilə qeyd edilən mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2(005)-246/2020 nömrəli qətnaməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hansı hissədə maraqlarına toxunması əsaslandırılmadığına görə apellyasiya şikayəti geri qaytarılmışdır. İş üzrə tərəf olmayan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi 29 mart 2022-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16.03.2022-ci il tarixli, 2(005)-246/2020 nömrəli qərardadından şikayət verərək, müvafiq qərardadın ləğv edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilk dəfə icra edilməsi üçün 1 saylı Bakı Ərazi İdarəsinə 21.12.2021-ci il tarixdə daxil olmuşdur. Qətnamə idarənin hüquq və vəzifələrinə toxunduğu üçün qətnamədən apellyasiya şikayəti verilmişdir. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində göstərmişdir ki, iddiaçının iddia ərizəsində “müvafiq fərdi yaşayış evinə dair onun payının naturada ayrılması və müvafiq tikilinin ümumi paylı mülkiyyətdən ayrılaraq onun mülkiyyətinə verilməsi” hissəsində əsaslıdır. Lakin məhkəmə sözügedən daşınmaz əmlakın 1/6 hissədə paya mütənasib olaraq naturada bölünə bilməsinin mümkünlüyünü sübuta yetirməmişdir. Belə ki, məhkəmə tərəfindən təyin edilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən “V" literli tikilisinin naturada ayrılaraq iddiaçının mülkiyyətinə verilməsi metodiki və texniki cəhətdən mümkün hesab edilmiş, ancaq qətnamə ilə iddiaçının ümumi əmlakdan 1/6 hissədə payının naturada ayrılması qət edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16.03.2022-ci il tarixli, 2(005)- 246/2020 nömrəli qərardadı ilə həmin şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi şikayətin dəlillərini ətraflı araşdırmadan, qətnamənin apellyatorun hüquq və maraqlarına toxunması əsaslarına qiymət vermədən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayətini geri qaytarmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi şikayətində iş üzrə tərəf olmasa da, qətnamənin onun hüquq və maraqlarına toxunduğunu bildirir. Bunu həmçinin, onunla əsaslandırır ki, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinin tələbinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Həmin Məcəllənin 364.2-ci maddəsinə əsasən apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16.03.2022-ci il tarixli, 2(005)-246/2020 nömrəli qərardadı ləğv edilərək, mülki iş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti üzrə müvafiq prosesual hərəkətlərin edilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 402, 405-ci maddəsini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16.03.2022-ci il tarixli, 2(005)-246/2020 nömrəli qərardadı ləğv edilsin. Mülki iş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə müvafiq prosesual hərəkətlərin edilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar