Məhkəmə qərarları › İş №2(103)-3443/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3443/2023

24.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3443/2023 24.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-3443/2023 (Açar sözlər: maddi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X6 və X4 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-271/2023 saylı 10 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə 24 may 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. “Hyundai Elantra” markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Cavabdeh1dur, o, 20 avqust 2020-ci il tarixli etibarnaməyə əsasən Cavabdeh2 xx.xx.2028-ci il tarixədək həmin avtomobili idarə etmək və s. səlahiyyəti vermişdir. xx.xx.2021-ci il tarixində avtomobil Cavabdeh2 tərəfindən idarə olunarkən baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkən – avtomobilin sahibi Cavabdeh1 “Hyundai Elantra markalı” **-ZF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 5000 manat sığorta ödənişi ödənilmiş, həmin məbləğ sonuncunun razılığı ilə Cavabdeh2 tərəfindən alınmışdır, avtomobil həmçinin etibarnamə əsasında İddiaçı verilmiş və bu məqsədlə də Cavabdeh2 ondan 9500 (500 manat beh, 9000 manat satış) manat pul almışdır, yol nəqliyyat hadisəsi nəticəsində avtomobilin arxa hissəsinə zərər dəymiş və avtomobil belə vəziyyətdə iddiaçıya verilmişdir. İddiaçı tərəfindən avtomobil təmir olunmuşdur. Daha sonra, İddiaçı avtomobili satmaq məqsədilə Coşqun Ləzgiyevdən 13500 manat pul almış, Abşeron Rayon Məhkəməsinin 2(012)-4385/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, həmin 13.500 manat məbləğində pulun İddiaçı alınaraq C.Ləzgiyevə qaytarılması qət edilmişdir. Həmçinin, Salyan Rayon Məhkəməsinin 2(057)-1482/2022 saylı 09 sentyabr 2022-ci il tarixli Qətnaməsinə əsasən, **-ZF-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobilin Cavabdeh2 alınaraq iddiaçı Cavabdeh1 verilməsi qət edilmişdir, Cavabdeh2 iddiaçıdan cəmi 9500 manat məbləğində pul aldığını etiraf edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə aralarında bağlanmış əqd üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi və aldığı pul məbləğini geri qaytarmadığı üçün 9000 manat maddi ziyan, avtomobilin təmirinə xərclənmiş 5000 manat, 132 manat ödənilmiş dövlət rüsumunun əvəzinin cəmi 14132 manat pulun müştərək qaydada cavabdehlər Cavabdeh1 və X1 tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. Daha sonra iddiaçının nümayəndəsi-vəkili tələbin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, öhdəlikləri yerinə yetirmədiyi və aldığı pul məbləğini geri qaytarmadığı üçün 9500 manat, avtomobilin təmirinə 5000 manat, 132 manat ödənilmiş dövlət rüsumunun əvəzinin cəmi 14632 manat pulun müştərək qaydada cavabdehlər Cavabdeh1 və X1 tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. İddianı onunla əsaslandırmışdır ki, özü fərdi qaydada avtomobil təmiri və satışı ilə məşğul olur, 2021-ci ilin noyabr ayında “tap.az” saytında gördüyü elandan hazırki iş üzrə Cavabdeh2 2011-ci il buraxılışlı, **-ZF-*** dövlət qeydiyyat nişanlı qəzalı vəziyyətdə olan “Hyundai Elantra” markalı avtomobili razılaşaraq almışdır, həmin vaxt avtomobil etibarnamə üzrə Cavabdeh2 idi, lakin özgəninkiləşdirmə səlahiyyəti verilmiş baş etibarnamə vermək üçün iş üzrə digər Cavabdeh1 gəlmiş və ona etibarnamə vermişdirlər, qəzalı vəziyyətdə olan avtomobilə 5000 manat xərcləmişdir, belə ki, saytda da avtomobilin arxa hissəsinin qəzalı olduğunu görmüşdür, avtomobil arxadan vurulmuşdur, həmin avtomobili almış, avtomobilin alınması üçün 9500 manat Kürsümə vermişdir, bunu o özü də bildirir, avtomobilə vurulmuş zərər kimi isə 5000 manat istəyir, belə ki, avtomobilin motor hissəsindən səs gəldiyi üçün, motor hissəsini də təmir etdirmiş, motora görə 1200 manat, qalan 3800 manat isə arxa hissəyə dəymiş ziyana görə - disk, təkər, boya, kimyəvi təmizlənmə, usta xidməti və digər hissələrə xərcləmişdir, təmizləməyə görə 100 manat, boyaya görə 300 manat, disk təkərə görə 150 manat, boya ustasına 1000 manat, dəmirçiyə 1000 manat, elektrik işi üçün 50 manat ödəmişdir, bir neçə ay ərzində təmir və bərpa edərək 2022-ci ilin may ayında pul lazım olduğu üçün ona 14.000 manata başa gəldiyi halda dəyərindən aşağı internetdə satışa qoymuş, avtomobili X5 13.500 manata satmışdır, avtomobillə bağlı Coşqun Ləzgiyevə baş etibarnamə vermiş, təxminən 8-10 gündən sonra avtomobili satdığı şəxs mənə zəng edərək həmin etibarnamənin ləğv edildiyini bildirmişdir, o da öz növbəsində avtomobili ona satmış şəxslərə Cavabdeh2 və Cavabdeh1 zəng edərək niyə belə etdiklərini soruşmuşdur, Cavabdeh2 etibarnaməni Əlinin ləğv etdirdiyini və məsələni həll edəcəyini bildirmişdir, hadisənin üstündən nə qədər müddət keçməsinə baxmayaraq onlar yeni etibarnamə verməmişlər, ona dəymiş zərəri ödəməmişdirlər, avtomobili alan şəxs isə özü Abşeron Rayon Məhkəməsinə müraciət edərək avtomobilə ödədiyi 13.500 manatı ondan istəmişdir, onun iddiası təmin olunmuş, bu barədə qətnamə çıxarılmışdır, hazırda avtomobilə görə Kürsümə ödədiyi 9500 manat və avtomobilə görə çəkdiyi xərci digər cavabdehdən istəyir, belə ki, o avtomobili öz puluna təmir etdirmişdir, lakin avtomobil hazırda onda deyildir, ona zərər dəymişdir, həm maşını, həm pulu getmişdir.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli e-2(011)- 271/2023 saylı qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 9.500 manat, Cavabdeh1 3.800 manat alınaraq İddiaçı ödənilməsi, dövlət rüsumu qismində ödənilmiş 93 manat Cavabdeh2 və 37 manat Cavabdeh1 alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, dövlət rüsumunun qalan hissədə iddiaçıya aid edilməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7, 21.1, 21.2, 157.6, 157.7, 386.1, 439.4, 1091.1, 1091.2, 1092.1, 1092.2, 1094-cü madəlləri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 119.1, 124.3, 191.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın ona münasibətdə təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə iddiaçının öz vəsaiti hesabına cavabdehin əmlakının dəyərinin artırdığını və onun çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etməkdə haqlı olduğunu düşünür. Lakin, məhkəmə iddiaçının hüquqlarını müdafiə etməklə yanaşı onun hüquqlarını da pozmuşdur. Çünki, əslinə qalanda iddiaçı heç də onun əmlakının dəyərini artırmamışdır. Belə ki, o, avtomobili Cavabdeh2 etibarnamə əsasında idarə etmək üçün vermişdir. Üstəlikdə, həmin avtomobili yaxşı vəziyyətdə vermişdir. Bundan başqa da, nə o, iddiaçını tanıyır, nə də ki, avtomobili ona satmışdır. Bütün bu olanları bu həddə gətirən elə Cavabdeh2 olmuşdur. O, həm onun etibarından istifadə edərək avtomobilinə ziyan vurmuş (halbuki dəymiş ziyanla bağlı 5000 manat sığorta pulunu alaraq ona vermiş), həm də ki, vurulmuş maşını iddiaçıya onun xəbəri olmadan “turbo.az” internet səhifəsi vasitəsi ilə satmışdır. Hətta, qəzadan sonra X3 həmin avtomobilin onda qalması təklifini etmişdir. Yekunda, atasıyla X3 20000 manata şifahi razılığa gəlmişlər. Lakin, 20000 manatdan cəmi 1650 manat (1000+250+400 manat) X3 tərəfindən ödənilmişdir. Həmin avtomobil X3 tərəfindən bir başqasına satılmışdır. Avtomobil satılsa da, X3 tərəfindən pulun ödənilməsi ilə bağlı addım atılmayınca məcbur qalıb etibarnaməni ləğv etmişdir. Hətta “avtomobilin geri qaytarılması” tələbi ilə bağlı Salyan Rayon Məhkəməsinə müraciət etmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)- 1482/2022 saylı 09 sentyabr 2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 Cavabdeh2 qarşı “avtomobilin geri qaytarılması” tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, **-ZF-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobilin Cavabdeh2 alınaraq iddiaçı Cavabdeh1 verilməsi qət edilmişdir. Nəticə etibarı ilə, həm özünə məxsus olan avtomobildən olmuş, həm də avtmobil onda olmaya-olmaya məhkəmə tərəfindən 3800 manat pulun ödənilməsi qət edilmişdir. Halbuki, məhkəmə ona məxsus olan hüquqları da nəzərə almalı idi. Göründüyü kimi, etibarından sui-istifadə ediləndə o, avtomobili əlindən alınanda o, işlək avtomobili qəzalı vəziyyətə salınanda o, üstəlik 3-cü şəxsin həmin avtomobili təmir etməsi nəticəsində məhkəmə tərəfindən pul ödəyəndə o? Görəsən məhkəmənin ədalət anlayışı harda qaldı bəs? Ona görə də, hesab edir ki, həm 9500 manat, həmdəki 3800 manat Cavabdeh2 tutulmalıdır, ondan deyil.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

10. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərib, məhkəmə iclasını təxirə salınmasını xahiş etmişdir. İşin halları, həmçinin, prosesin təxirə salınmasını xahiş edən nümayəndə-vəkilin ərizəsində qeyd etdiyi halla bağlı hər hansı sübut təqdim etmədiyi, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

11. Maddə 14.2.7 Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir

12. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

13. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

14. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.

15. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

16. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

17. Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.

18. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

19. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

20. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya və əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir.

21. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

22. Maddə 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

29. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək iddianın ona aid hissədə təmin olunmasını mübahisələndirdiyindən, qətnamə həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

31. Belə ki, birinci instansiya məhkəmə iclasında X2 şahid qismində ifadə verərək bildirmişdir ki, ustadır, iddiaçını tanıyır, onunla bir yerdə işləyirlər, onun gətirdiyi metallik rəngli “Hyundai” markalı avtomobil qəzalı vəziyyətdə olmuş, arxa hissəsi əzik olmuşdur, avtomobilin dəmir işini görmüşdür, bufer, stop işığı, panel və s. hissələrini dəyişmişdir, bu hissələri özü alıb gətirmiş, hamısına 2000 manat pul vermişdir, Elşad özünə isə zəhmət haqqı kimi 1000 manat pul vermişdir.

32. Birinci instansiya məhkəmə iclasında X9 şahid qismində ifadə verərək bildirmişdir ki, özü ustadır, motoristdir, Xırdalan şəhərində yanacaq doldurma məntəqəsinin yanında işləyir, iddiaçı onun müştərisi olmuşdur, onun yanına metallik rəngli 502 nömrəli “Hyundai” markalı avtomobil gətirmişdir, avtomobilin motorundan səs gəldiyi üçün onu təmir etmişdir, yağ filterini və s. dəyişmişdir, 1000 manat xərci çıxmışdır, zəhmət haqqı kimi isə 500 manat almışdır, 12 gün avtomobilin üzərində işləmişdir, avtomobil ona gətirilən zamanı vuruğu, əziyi yox idi, yaxşı düzəldilmişdi.

33. AD 851994 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 90ZF502 dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” xüsusi təyinatlı təlim avtomobilin sahibi Cavabdeh1dur.

34. 20 avqust 2020-ci il tarixdə verilmiş ƏN-İV 735932 №-li “nəqliyyat vasitələrinin istifadə edilməsi haqqında” etibarnamədə görünür ki, mülkiyyətçi Cavabdeh1 Cavabdeh2 xx.xx.2028-ci il tarixədək **-ZF-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobili idarə etmək səlahiyyətini vermişdir.

35. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə iddiaçının Cavabdeh1 məxsus avtomobili təmir etdiyi öz təsdiqini tapmışdır. Belə olan halda iddiaçı öz vəsaiti hesabına cavabdehin əmlakının dəyərini artırdığından, o, çəkdiyi xərclərinin əvəzinin ödənilməsini də tələb etməklə haqlı olmuşdur.

36. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 aid hissədə iddianın təmin edilməsinə dair birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

37. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

39. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

40. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

41. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-271/2023 saylı iş üzrə 10 fevral 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar