Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3446/2022 30.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh1 MMC-yə qarşı “sənədlərin verilməsi öhədliyinin qoyulması” tələbinə dair mülki iş üzrə İş № 2(103)-3446/2022 Açar sözlər:(sənədlərin verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı, Cavabdeh1 MTK-nın nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 2(011)-212/2022 saylı qətnaməsindən Cavabdeh1 MTK tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.27 fevral 2014-cü il tarixdə “İcraçı” Cavabdeh1 MMC ilə “investor” İddiaçı arasında 09 saylı müqavilə bağlanmışdır. 2.Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “İcraçı” ünvan 1 ünvanında inşa edilən 20 mərtəbəli yaşayış binasının İ blokunda, X mərtəbədə, 40 saylı mənzili müqavilənin şərtlərinə və inşaat norma və qaydalarına uyğun olaraq “İnvestora” təqdim edir. 3.İddiaçı müqavilə üzrə öhdəliyini 16 iyul 2015-ci il tarixdə artıqlaması ilə yerinə yetirdiyi üçün, mənzili dövlət reyestrindən qeydiyyatdan keçirərək mülkiyyət hüququnun tanınması üçün çıxarış almaq niyyətindədir. Lakin bunun üçün tələb olunan maliyyə arayışı, binanın istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktı və onun MTK üzvləri sırasına qəbul olunmasını təsdiq edən kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarış cavabdeh tərəfindən ona təqdim edilmədiyindən məhkəməyə müraciət etmişdir. a) Birinci instansiya məhkəməsində icraat 4.İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh1 MMC-yə qarşı “sənədlərin verilməsi öhədliyinin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək maliyyə arayışı, binanın istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktı və onun MTK üzvləri sırasına qəbul olunmasını təsdiq edən kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışın ona verilməsinin cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh1 MMC-nin üzərinə öhdəlik qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 5.İddiaçı tələbi onunla əsaslandırmışdır ki, 27 fevral 2014-cü il tarixdə “İcraçı” Cavabdeh1 MMC ilə “investor” onun arasında 09 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “İcraçı” ünvan 1 ünvanında inşa edilən 20 mərtəbəli yaşayış binasının İ blokunda, X mərtəbədə 40 saylı mənzili müqavilənin şərtlərinə və inşaat norma və qaydalarına uyğun olaraq “İnvestora” təqdim edir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən mənzil 3 otaqdan ibarətdir və ümumi sahəsi 163.6 kv.m-dir. Həmin müqavilənin 2.7-ci bəndinə əsasən binanın tam təhvil verilməsi 2016-cı ilin İV rübünədək nəzərdə tutulur. Müqavilənin 3.2 və 3.3-cü bəndinə əsasən mənzilin hər kv.m-nin dəyəri (ƏDV ilə birlikdə) 950 AZN, ümumi 155420 AZN təşkil edir. İlk ödəniş 50000 AZN olmaqla, “İnvestor” tərəfindən müqavilə imzalandığı andan həyata keçirilir. Müqaviləyə əlavə edilmiş cədvəl, Cavabdeh1 MTK tərəfindən ona ünvanlanmış 02 saylı, 23 fevral 2021-ci il tarixli və 07 saylı, 14 aprel 2021-ci il tarixli məktublardan görünür ki, müqavilə üzrə öhdəliyini 16 iyul 2015-ci il tarixdə artıqlaması ilə, yəni 155420 AZN əvəzinə 156557 AZN ödəməklə yerinə yetirmişdir. Hazırda sahiblik və istifadə hüququ əsasında ona məxsus olan ünvan 2 saylı evin, 40 saylı mənzilini dövlət reyestrindən qeydiyyatdan keçirərək mülkiyyət hüququnun tanınması üçün çıxarış almaq niyyətindədir. Lakin bunun üçün tələb olunan maliyyə arayışı, binanın istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktı və onun MTK üzvləri sırasına qəbul olunmasını təsdiq edən kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarış cavabdeh tərəfindən ona təqdim edilmir və müraciətlərinə guya borcunun olması əsası ilə imtina cavabı verilir. Bu səbəbdən də MTK tərəfindən pozulan hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 6.Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 MTK-nın nümayəndəsi X2 izahatında qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış 26 fevral 2014-cü il tarixli 09 saylı müqavilənin 1.2 bəndində göstərildiyi kimi 40 saylı mənzilin ümumi sahəsi 163.6 kv.m-dir. Mənzilin ümumi sahəsinə yaşayış yardımçı və balkon sahələri də daxil edilir. Müqavilənin 3.2-ci bəndinə əsasən mənzil sahəsinin hər kv.metrinin dəyəri 1011 AZN olmaqla, ümumi məbləğ 165400 AZN təşkil etmişdir. Bu məbləğin 50000 AZN-ni müqavilə bağlanan zaman iddiaçı tərəfindən ödənmiş və müqavilənin 3.4 bəndinə əsasən mənzil sahəsinin qalan məbləği 115400 AZN hər ay 19233 AZN olmaqla 6 ay müddətinə, yəni 26 avqust 2014-cü ilədək ödənilməli idi. Lakin müqavilə üzrə ödəniş müddəti bitdiyi zamanadək, yəni 26 avqust 2014-cü ilədək ödədiyi məbləğ cəmi 75000 AZN təşkil etmişdir. Müqavilə üzrə ödəmələrin tamamlanmalı olduğu tarixə qalıq borcu 90400 AZN təşkil etmişdir. Dəfələrlə ona mənzil sahəsinə olan borcunun müqaviləyə uyğun olaraq ödənilməsi barədə xəbərdarlıq edilsə də, ödəmələrin gecikdirilməsi davam etmiş və sonuncu ödəniş 16 iyul 2015-ci il tarixdə edilmişdir. Onun hələ əsas məbləğdən də belə, ödənilməmiş 8843 AZN borcu qalmışdır və bu günədək həmin borc ödəniməmişdir. Həmin borc ödənildiyi təqdirdə iddiaçının tələb etdiyi sənədlər ona təqdim ediləcək. 7.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 17 yanvar 2022-ci il tarixli, 2(011)-212/2022 saylı qətnaməsi ilə (sədrlik edən-Abbasova İlahə) iddia tələbi təmin edilərək, Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış 27 fevral 2014-cü il tarixli 09 saylı müqavilə ilə bağlı maliyyə arayışı, binanın istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktı və İddiaçı MTK üzvləri sırasına qəbul olunmasını təsdiq edən kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışın İddiaçı verilməsi öhdəliyi cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh1 MMC-nin üzərinə qoyulması qət edilmişdir. 8.İş materiallarında olan 27 fevral 2014-cü il tarixli, 09 saylı müqavilədən görünür ki, həmin tarixdə gələcəkdə “İcraçı” adlandırılacaq, Nizamnamə əsasında fəaliyyət göstərən Cavabdeh1 MMC-nin direktoru X3 və digər tərəfdən gələcəkdə “İnvestor” adlandırılacaq İddiaçı arasında bağlanmış müqaviləyə əsasən “İcraçı” ünvan 2 ünvanında inşa edilən 20 mərtəbəli yaşayış binasının İ blokunda X mərtəbədə 40 saylı mənzili müqavilənin şərtlərinə və “İnşaat norma və qaydalarına uyğun olaraq” “İnvestora” təqdim edir, mənzil 3 otaqdan ibarətdir və ümumi sahəsi 163.6 kv.m-dir. Mənzilin qiyməti hər kv.m görə 950 manat olmaqla, cəmi 155420 manat razılaşdırılmışdır. Həmin müqavilədə “Ödənilmişdir” bəndində Cavabdeh1 MMC-nin möhürləri və İddiaçı imzaları mövcuddur. 9.İş materiallarında olan Cavabdeh1 MTK tərəfindən İddiaçı ünvanlanmış 14 aprel 2021-ci il tarixli, 07 saylı məktubun surətindən görünür ki, İddiaçı 09 mart 2021-ci il tarixli sorğusuna cavab olaraq bildirilmişdir ki, ödəmə qrafikinə əsasən mənzil 40 üçün ödədiyi məbləğlər və qalıq borcu aşağıdakı kimidir: mənzilin ümumi məbləği 165399.6, qalıq borc 8.843. 10.İş materiallarında olan Cavabdeh1 MTK tərəfindən İddiaçı ünvanlanmış 27 iyul 2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı 21 aprel 2021-ci il tarixli məktubuna cavab olaraq bildirilmişdir ki, 26 fevral 2014-cü il tarixli 09 saylı müqavilənin 1.2 bəndində göstərildiyi kimi 40 saylı mənzilin ümumi sahəsi 163.6 kv.m-dir. Mənzilin ümumi sahəsinə yaşayış yardımçı və balkon sahələri də daxil edilir. Müqavilənin 3.2-ci bəndinə əsasən mənzil sahəsinin hər kv.metrinin dəyəri 1011 AZN olmaqla, ümumi məbləğ 165400 AZN təşkil etmişdir. Bu məbləğin 50000 AZN-ni müqavilə bağlanan zaman tərəfinizdən ödənmiş və müqavilənin 3.4 bəndinə əsasən mənzil sahəsinin qalan məbləği 115400 AZN hər ay 19233 AZN olmaqla 6 ay müddətinə, yəni 26 avqust 2014-cü ilədək ödənilməli idi. Lakin müqavilə üzrə ödəniş müddəti bitdiyi zamanadək, yəni 26 avqust 2014-cü ilədək ödədiyi məbləğ cəmi 75000 AZN təşkil etmişdir. Müqavilə üzrə ödəmələrin tamamlanmalı olduğu tarixə qalıq borcu 90400 AZN təşkil etmişdir. Dəfələrlə ona mənzil sahəsinə olan borcunun müqaviləyə uyğun olaraq ödənilməsi barədə xəbərdarlıq edilsə də, ödəmələrin gecikdirilməsi davam etmiş və sonuncu ödəniş 16 iyul 2015-ci il tarixdə edilmişdir. Onun hələ əsas məbləğdən də belə, ödənilməmiş 8843 AZN borcu qalmış və həmin borcun 10 gün müddətində ödənilməsi təklif edilmişdir. 11.İş materiallarında olan Cavabdeh1 MTK tərəfindən iddia ərizəsinə etiraz ərizəsindən görünür ki, cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etmədiklərini, iddia ərizəsində göstərilənlərin tamamilə həqiqəti əks etdirmədiyini bildirmişlər. Bununla yanaşı, qeyd edilmişdir ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi ünvanında yerləşən 25 saylı binanın ümumi sahəsi 163.6 kv.m olan 40 saylı mənzilinə görə Cavabdeh1 MTK ilə bağlanan müqaviləni imzalamamış, lakin sonra tərəflərin razılığı ilə dəqiqləşmə aparılaraq yeni müqavilə imzalamış və həmin müqavilənin bir nüsxəsini götürmüşdür. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. 12.Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən müqavilə öhdəliyi tam şəkildə icra edildiyindən və cavabdeh tərəfindən iddiaçının tələb etdiyi sənədlərin təqdim edilməməsi iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasına maneə törətdiyindən, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış 27 fevral 2014-cü il tarixli 09 saylı müqavilə ilə bağlı maliyyə arayışı, binanın istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktı və İddiaçı MTK üzvləri sırasına qəbul olunmasını təsdiq edən kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışın İddiaçı verilməsi öhdəliyi cavabdehlərin üzərinə qoyulmalıdır. 13.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8, 752.1, 752.2, 769, 567, 568.1, 575, 452, 442, 448, 139.1, 139-1.1.6, 144-1.5-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 14.Qətnamədən Cavabdeh1 MTK apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 2(011)-212/2022 saylı qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini, İddiaçı ilə "xxxx" MTK arasında ünvan 2 saylı evin sahəsi-163,6 kv.metr olan 40-cı mənzilinə dair bağlanmış müqavilənin ləğv edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 15.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, İddiaçı iddia ərizəsində göstərir ki, mənzilə görə öhdəliyini yerinə yetirmiş, 155420 manat əvəzinə 156557 manat ödəniş etmişdir. Bildirilir ki, İddiaçı 26 fevral 2014-cü il tarixli ünvan 1 saylı evin sahəsi-163,6 kv.m olan 40-cı mənzilinin Cavabdeh1 MTK-dan alınmasına dair müqavilə üzrə “investor” kimi öz öhdəliklərini vaxtı-vaxtında yerinə yetirməmiş, müqavilənin 3.4-cü bəndinin şərtlərini kobudcasına pozulmuşdur. Belə ki, İddiaçı ilkin ödənişi ödədikdən sonra müqavilənin 3.4-cü bəndində göstərildiyi kimi, hər ay 17570 manat olmaqla, qalan borcu altı ay ərzində ödəməli idi, lakin iddiaçı təqdim etdiyi müqavilədə göründüyü kimi, 2000, 3000, 5000 manat, yəni müqavilədə qeyd olunan məbləği həm cədvəldən kənar, həm də az məbləğdə ödəmiş, bununla da Cavabdeh1 MTK-ya müəyyən miqdarda ziyan vurmuşdur. İddiaçı və digər “İnvestor”ların ödəmədərində gecikmələr nəticəsində Cavabdeh1 MTK-nın Bank qarşısında, həmçinin Vergi borclarının vaxtında ödənilməməsi nəticəsində faiz borcları yaranmışdır. Hal-hazırda yaranmış borclar üzrə müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmaqdadır. Əlavə olaraq bildirilir ki, iddiaçı müqavilə qüvvədə olduğu zaman Cavabdeh1 MTKnın ofisinə dəvət edilmiş və əldə olan müqavilədə dəyişiklərlə bağlı xəbərdar edilmiş və bununla bağlı müqaviləyə öz imzasını atmışdır. Məhkəməyə iddiaçı tərəfindən təqdim olunan müqavilə isə iddiaçı tərəfindən imzalanmamışdır. Nəticədə iddiaçının Cavabdeh1 MTK-ya müqavilənin 3.5-ci bəndində qeyd olunduğu 0,1% gecikmə faizləri hesablanmaqla 24445,46 manat borcu yaranmışdır. Müqavilə üzrə ödəmələrin tamamlandığı müddətdə xx.xx.2014-cü ildə onun ödədiyi məbləğ 75000 manat, qalıq məbləği isə 90400 manat təşkil edirdi. Bundan başqa iddiaçı Ş.Məmmədovun 26 ay kommunal xərclərini ödəməmişdir, nəticədə onun Cavabdeh1 MTK-ya 2135 manat əlavə borcu yaranmışdır. Bununla bağlı tərəflərindən İddiaçı dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilmişdir. Məhkəmə onların qarşılıqlı iddiasını qəbul etməmiş, bununla bağlı ayrıca iddia ilə məhkəməyə müraciət etmək hüququnu izah etmişdir. İddiaçı tərəfə İddiaçı imzaladığı yeni müqaviləni təqdim etmələrini tələb edilmişdir, lakin iddiaçı tərəf məhkəməyə yalnız hüquqi qüvvəsi olmayan, iddiaçı tərəfindən imzalanmayan müqavləni təqdim etmişdir. İddiaçı və Cavabdeh1 MTK arasında bağlanan müqavilənin əsli iddiaçı tərəfindən gizlədilmiş və onun haqlı olmadığını sübut etdiyindən məhkəməyə təqdim edilməmişdir. b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 16.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c)Məhkəmə icraatı iştirakçılarının izahatları 17.Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 MTK-nın nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, onun təmin edilməsini xahiş etdi. 18.Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının əvvəlki-xx.xx.2022-ci il tarixli iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, Cavabdeh1 MMC ilə İddiaçı arasında 27 fevral 2014-cü ildə bağlanmış 09 saylı müqavilədə mənzilin hər kv.m üçün 950 manat ödəniş edilməsi nəzərdə tutulub. İddiaçı həmin müqaviləni qəbul edir. Lakin iddiaçı ilə Cavabdeh1 MTK arasında 26 fevral 2014-cü ildə 09 saylı müqavilə bağlanmışdır ki, həmin müqavilədə mənzilin hər kv.m üçün 1011 manat ödəniş edilməsi nəzərdə tutulub. Təəssüf ki, həmin müqavilənin iddiaçı tərəfindən imzalanmış surətini təqdim edə bilmirlər. Həmin müqavilənin imzalanmış surəti iddiaçının özündədir. Lakin bununla bağlı sübut təqdim edə bilmirlər. 19.Məhkəmə Kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, əlavə olaraq qeyd etdi ki, cavabdeh tərəfindən onun hüquqları kobud şəkildə pozulur. O, özündə olan müqaviləni təqdim etmişdir. Cavabdeh əgər başqa bir müqavilə varsa, sübut kimi təqdim etsin. Ekspert rəyindən də görünür ki, hətta onun artıq ödənişi vardır. 20.Digər Cavabdeh1 MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.Maddə 178.8.Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. 22.Maddə 752.1. Podrat müqavləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 23.Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 24.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 25.Maddə 448. Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 26.Maddə 139-1.1.6.Mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 27.Maddələr 14.2, 77.1, 217.4. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətna¬mə¬sini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 28.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 29.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 30.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın Cavabdeh1 MTK-ya aid təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamədən digər cavabdeh apellyasiya şikayəti verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 31.Kollegiya tərəflərin izahatnı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 2(011)-212/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır. 32.Konstitusiya Məhkəməsi Plenumunun “F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2004-cü il tarixli qərarında Plenum qeyd etmişdir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. 33.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25 oktyabr 2010-cu il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. 34.Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 may 2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyi alınmışdır. 35.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Eskpertiza Mərkəzinin 21 oktyabr 2022-ci il tarixli, 9/6508 nömrəli ekspert rəyinə əsasən, İddiaçı tərəfindən Cavabdeh1 MMC-yə xx.xx.2014-cü il tarixdən son ödəniş tarixinə, yəni xx.xx.2015-ci il tarixinədək 50.000 manat məbləğində ilkin ödəniş məbləği daxil olmaqla ümumilikdə 156.557,0 manat məbləğində ödənişlər edilmişdir. Tədqiqatla mülki işin 39-41-ci səhifəsində olan 27 fevral 2014-cü il tarixli, 09 saylı müqavilə şərtlərinə əsasən (müavilənin 3.5-ci bəndi nəzərə alınmaqla) İddiaçı tərəfindən edilmiş ödənişlər nəzərə alınmaqla müqavilə üzrə borcun tam ödənildiyi və 1137,0 manat məbləğində artıq ödənişin olduğu müəyyən edilir. Eyni zamanda qeyd edilir ki, müqavilənin 3.5-ci bəndinə əsasən “İnvestor” tərəfindən növbəti ödənişlərin gecikdiriləsinə görə cərimənin məbləği 1581,0 manat məbləğində müəyyən edilir. 36.Kollegiya qeyd etməyi zəruri hesab edir ki, müqavilənin 3.5-ci bəndinə əsasən “İnvestor” tərəfindən növbəti ödəniş gecikdirildikdə hər gün üçün “İcraçıya” 0,1% cərimə ödənilməlidir. (90 günədək) 37.Beləliklə ekspert rəyi ilə müəyyən edilir ki, müqavilənin 3.5-ci bəndi üzrə hesablanmış 1581,0 manat cərimə məbləği də daxil olmaqla, İddiaçı tərəfindən müqavilə üzrə borc məbləği tam ödənilmiş və 1137,0 manat artıq ödəniş edilmişdir. 38.Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 39.Bundan başqa kolegiya qeyd edir ki, iş materiallarında qeyd edilmiş Cavabdeh1 MTK tərəfindən İddiaçı ünvanlanmış 14 aprel 2021-ci il tarixli məktubu və İddiaçı 21 aprel 2021-ci il tarixli məktubuna cavab olaraq yazdığı 27 iyul 2021-ci il tarixli məktubu ilə Cavabdeh1 MTK iddiaçının müqavilə üzrə qalıq borcunun olduğu bildirilmişdir. 40.Xətai Rayon Məhkəmənin 12 yanvar 2022-ci il tarixli məhkəmə iclasının Protokoluna əsasən Cavabdeh1 MTK-nın nümayəndəsi X2 izahatında bildirmişdir ki, iddiaçı ilə bağlanmış 26 fevral 2014-cü il tarixli 09 saylı müqavilənin 1.2 bəndində göstərildiyi kimi 40 saylı mənzilin ümumi sahəsi 163.6 kv.m-dir. Mənzilin ümumi sahəsinə yaşayış yardımçı və balkon sahələri də daxil edilir. Müqavilənin 3.2-ci bəndinə əsasən mənzil sahəsinin hər kv.metrinin dəyəri 1011 AZN olmaqla, ümumi məbləğ 165400 AZN təşkil etmişdir. Bu məbləğin 50000 AZN-ni müqavilə bağlanan zaman iddiaçı tərəfindən ödənmiş və müqavilənin 3.4 bəndinə əsasən mənzil sahəsinin qalan məbləği 115400 AZN hər ay 19233 AZN olmaqla 6 ay müddətinə, yəni 26 avqust 2014-cü ilədək ödənilməli idi. Lakin müqavilə üzrə ödəniş müddəti bitdiyi zamanadək, yəni 26 avqust 2014-cü ilədək ödədiyi məbləğ cəmi 75000 AZN təşkil etmişdir. Müqavilə üzrə ödəmələrin tamamlanmalı olduğu tarixə qalıq borcu 90400 AZN təşkil etmişdir. Dəfələrlə ona mənzil sahəsinə olan borcunun müqaviləyə uyğun olaraq ödənilməsi barədə xəbərdarlıq edilsə də, ödəmələrin gecikdirilməsi davam etmiş və sonuncu ödəniş 16 iyul 2015-ci il tarixdə edilmişdir. Onun hələ əsas məbləğdən də belə, ödənilməmiş 8843 AZN borcu qalmışdır və bu günədək həmin borc ödəniməmişdir. Həmin borc ödənildiyi təqdirdə iddiaçının tələb etdiyi sənədlər ona təqdim ediləcək. 41.Qeyd edilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin dəllilləri əsassızdır. 42.Belə ki, iş üzrə keçirilmiş ekspert rəyi ilə təsdiq olundu ki, iddiaçının cavabdehə müqavilə üzrə heç bir borcu qalmamış, hətta 1137,0 manat məbləğində artıq ödəniş edilmişdir. 43.Həmçinin, cavabdeh apellyasiya şikayətində iddiaçı ilə aralarında yeni müqavilə imzalandığını, xx.xx.2014-cü il tarixli, 09 saylı müqavilənin qüvvəsi olmadığını qeyd etsə də, yeni müqavilə ilə bağlı məhkəməyə mötəbər sübutunu təqdim edə bilməmişdir. 44.Qeyd olunanları ümumilərşdirərək kollegiya hesab edir ki, cavabdehin qeyd etdiyi dəlilləri əsassız olmaqla, mənzilə görə pulu artıqlaması ilə ödəyən iddiaçının hüquqlarının kobud şəkildə pozulmasına yönəlməklə, qətnamənin ləğv edilməsinə əsas ola bilməz. 45.Məhkəmə kollegiyası qeyd olunan normalara əsasən hesab edir ki, iddiaçı tərəfindən müqavilə öhdəliyi tam şəkildə icra edildiyindən və bu hal iş materialları və ekspert rəyi ilə öz təsdiqini tapdığından və cavabdeh tərəfindən iddiaçının tələb etdiyi sənədlərin təqdim edilməməsi iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasına maneə törətdiyindən, iddia əsaslı olduğu üçün düzgün olaraq təmin edilmişdir. 46.Buna görə da Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 2(011)- 212/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalı, apellyasiya şikayətii təmin edilməməlidir. 47.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 48.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 49.Birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin qeyd olunan hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 50.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 51.MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 52.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384, 392, 393, 402, 405-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 2(011)-212/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-3446/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3446/2022
30.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver