Məhkəmə qərarları › İş №2(103)-3449/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3449/2024

06.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3449/2024 06.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər:etibarnamə, müqavilənin etibarlılığı) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh və onun nümayəndəsi (vəkili) X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “ərizə və əvəzləşmə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsində istifadədə olan 0,1307 ha torpaq sahəsində yerləşən 53 nömrəli 1 mərtəbəli binada 62 kv.m. ümumi, 18 kv.m.yaşayış sahəsindən ibarət 1 otaqlı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmışdır.

2. "xxxx" MTK ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə niyyət protokolu bağlanmış, müqavilədə aşağıdakılar göstərilmişdir: “Bu müqavilə üzrə "xxxx" MTK İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən Dövlət Reyestrindən Çıxarış nömrəsi (Seriya MH № 0045058) sahəsi 62 kv.m. mənzil üçün C bloku, 10-cu mərtəbə, 94,4 kv.m. mənzil (təmirsiz və kirayə haqqı olmadan) və 59 000 manat köçürmə yolu ilə 1000 manat avans nağd şəklində ödəyəcək. Bank əməliyyatları zamanı ümumi məbləğin 59 000 manatın 1%i "xxxx" MTK tərəfindən qarşılanacaq (bənd 1.1). ünvan 2-də qeydiyyatda olan oğlu X8, oğlu X2, gəlini X9, nəvəsi X4, nəvəsi X6 “Mülkiyyətçi” İddiaçı 59 000 manat köçürmə yolu ilə ödəndikdən sonra, qeydiyyatda olan şəxslərin imtina ərizəsi və ASAN xidmətdən (forma №1) alıb, "xxxx" MTK-ya təqdim etməlidirlər. Qeyd edilən sənədlər "xxxx" MTK-ya təqdim edildikdən sonra, C bloku, 10-cu mərtəbə 94,4 kv.m. mənzil (təmirsiz və kirayə haqqı olmadan) üçün yeni müqavilə bağlanacaq (bənd 1.2,1.3,1.4,1.5,1.6,1.7). “Mülkiyyətçi” İddiaçı məxsus ünvan 2 ünvanındakı mənzil Dövlət Reyestrindən çıxarışın (Seriya MH № 0045058) Dilarə xanımın şəxsi təşəbbüsü və izni ilə sökülmüşdür. «Mülkiyyətçi» evin sökülməsi ilə əlaqədar "xxxx" MTK ilə bağlı gələcəkdə məhkəməyə heç bir iddia ərizəsi ilə müraciət etməyəcəyini və şikayətinin olmayacağını öz öhdəsinə götürür (bənd 1.8). Dövlət Reyestrindən çıxarışın (Seriya MH № 0045058) əsli müqaviləyə əlavə olunmuşdur və müqavilənin ayrılmaz tərkib hissəsidir.

3. "xxxx" MTK ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə 25 nömrəli əvəzləşmə müqaviləsi bağlanmış, müqavilədə aşağıdakılar göstərilmişdir: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı xx.xx.2016-cı il tarixli Qərarında Bakı şəhəri Suraxanı, Nəsimi, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətində olan binaların sökülərək yerində müasir tələblərə uyğun yeni binaların tikilməsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən təsdiq olunmuş xx.xx.2016-cı il tarixli akta əsasən qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu qərarın icrası ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyəti ilə "xxxx" MTK arasında 196 №-li xx.xx.2016-cı il tarixdə müqavilə bağlanmışdır. Həmin müqavilənin müvafiq bəndinə əsasən "xxxx" MTK Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski, Abbas Səhhət, X16 küçələri və Azadlıq prospektinin kəsişməsində yerləşən yaşayış üçün qəzalı vəziyyətdə olan mənzilin söküntüsü və yerində hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisini həyata keçirir (bənd 2). "xxxx" MTK ünvan 3 ünvanında yerləşən Dövlət reyestrindən çıxarış nömrəsi (seriya MH №0045058) yaşayış üçün təhlükəli vəziyyətdə olan mülkiyyətçiyə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək cəmi faktiki 85 kv.m. (çöl divar daxil) mənzilin sahəsini ümumi sahəsinə əlavə etməklə, C bloku 10-cu mərtəbədə 94,4 kv.m. olan 222 saylı mənzili (təmirsiz və kirayə haqqı olmadan) və xx.xx.2020-ci il tarixdə bağlanılmış “Niyyət Protokolu”na əsasən 59 000 manat köçürmə yolu ilə ("xxxx" ASC-nin Nəsimi filialında AZ37NABZ******************** saylı hesab nömrəsinə), 1000 manat avans nağd şəkildə “Mülkiyyətçi”yə ödənilmişdir (bənd 3.1). Mülkiyyətçi bu müqaviləyə əsasən mülkiyyətində olan mənzilin söküntü üçün "xxxx" MTKya təhvil verməyi bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür (bənd 3.2). Söküntü nəzərdə tutulan evdə “Mülkiyyətçi”yə məxsus mənzilin boşaldılması tarixinədək olan kommunal borcları tam ödəmək şərti ilə mənzillərdə qeydiyyatda olan və 18 yaşı tamam olmuş şəxslərin notarial qaydada təsdiq edilmiş razılıq ərizələrini "xxxx" MTK-ya təhvil verməsini təmin etmək, mənzili tam boşaldaraq, yüklü olmaması haqda arayış təqdim etmək şərtilə "xxxx" MTK-ya təhvil vermək (bənd 4.1.1), söküntü nəzərdə tutulan evdə ona məxsus mənzilin boşaldılmasından sonra 3 gün ərzində müvəqqəti yaşayış yerinin dəqiq ünvanı, əlaqə telefon nömrələrini "xxxx" MTK-nın səlahiyyətli nümayəndəsinə yazılı surətdə təqdim etmək “Mülkiyyətçi”nin hüquq və vəzifələridir (bənd 4.1.2)”.

4. İddiaçı "xxxx" MTK-ya ünvanladığı, Bakı şəhəri 54 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2020-ci il tarixli **********586 nömrəli ərizəsində göstərmişdir ki, "xxxx" MTK ilə xx.xx.2020-ci il tarixli 25 nömrəli əvəzləşmə müqaviləsinə əsasən ünvan 5 ünvanında yerləşən mənzilin əvəzinə veriləcək yeni yaşayış binasının C bloku, 10-cu mərtəbə, 94,4 kv.m. olan 222 saylı (təmirsiz və kirayə haqqı olmadan) mənzilə ehtiyacı yoxdur. Bununla bağlı olaraq qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsinə və həmin mənzilin "xxxx" MTK-nın nizamnaməsinə müvafiq qaydada Cavabdeh adına rəsmiləşdirilməsini xahiş edir. Gələcəkdə bununla bağlı heç bir iddia və tələbi olmayacaq”.

5. "xxxx" MTK ilə mülkiyyətçi qismində Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 25 nömrəli əvəzləşmə müqaviləsi bağlanmış, müqavilədə göstərilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı xx.xx.2016-cı il tarixli Qərarında Bakı şəhəri Suraxanı, Nəsimi, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətində olan binaların sökülərək yerində müasir tələblərə uyğun yeni binaların tikilməsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən təsdiq olunmuş xx.xx.2016-cı il tarixli akta əsasən qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu qərarın icrası ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyəti ilə "xxxx" MTK arasında 196 №-li xx.xx.2016-cı il tarixdə müqavilə bağlanmışdır. Həmin müqavilənin müvafiq bəndinə əsasən "xxxx" MTK Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski, Abbas Səhhət, X16 küçələri və Azadlıq prospektinin kəsişməsində yerləşən yaşayış üçün qəzalı vəziyyətdə olan mənzilin söküntüsü və yerində hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisini həyata keçirir (bənd 2). "xxxx" MTK ünvan 3 ünvanında yerləşən Dövlət reyestrindən çıxarış nömrəsi (seriya MH №0045058) yaşayış üçün təhlükəli vəziyyətdə olan Mülkiyyətçiyə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək cəmi faktiki 85 kv.m. (çöl divar daxil) mənzilin sahəsini ümumi sahəsinə əlavə etməklə, C bloku 10-cu mərtəbədə 94,4 kv.m. olan 222 saylı mənzili (təmirsiz və kirayə haqqı olmadan) “Mülkiyyətçi”yə verilməsini öhdəsinə götürür (bənd 3.1). Mülkiyyətçi bu müqaviləyə əsasən mülkiyyətində olan mənzilin söküntü üçün "xxxx" MTK-ya təhvil verməyi bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür (bənd 3.2). Söküntü nəzərdə tutulan evdə “Mülkiyyətçi”yə məxsus mənzilin boşaldılması tarixinədək olan kommunal borcları tam ödəmək şərti ilə mənzillərdə qeydiyyatda olan və 18 yaşı tamam olmuş şəxslərin notarial qaydada təsdiq edilmiş razılıq ərirzələrini "xxxx" MTK-ya təhvil verməsini təmin etmək, mənzili tam boşaldaraq, yüklü olmaması haqda arayış təqdim etmək şərtilə "xxxx" MTK-ya təhvil vermək (bənd 4.1.1), söküntü nəzərdə tutulan evdə ona məxsus mənzilin boşaldılmasından sonra 3 gün ərzində müvəqqəti yaşayış yerinin dəqiq ünvanı, əlaqə telefon nömrələrini "xxxx" MTK-nın səlahiyyətli nümayəndəsinə yazılı surətdə təqdim etmək “Mülkiyyətçi”nin hüquq və vəzifələridir (bənd 4.1.2)”.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

6. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, tərəfindən ünvan 5 ünvanında yerləşən mənzilin müqabilində yeni yaşayış binasının C blokunun 10-cu mərtəbəsində 94,4 kv.m. olan 222 saylı mənzilin cavabdehin adına rəsmiləşdirilməsi haqqında xx.xx.2022-ci il tarixdə "xxxx" MTK-ya təqdim edilmiş notarial təsdiqli ərizənin və onun əsasında tərtib edilmiş "xxxx" MTK və cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli əvəzləşmə müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı xx.xx.2016-cı il tarixli Qərarında Bakı şəhəri Suraxanı, Nəsimi, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yeni binaların tikilməsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən təsdiq olunmuş xx.xx.2016-cı il tarixli akta əsasən qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuş, bu qərarın icrası ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyəti ilə "xxxx" MTK arasında 196 №-li xx.xx.2016-cı il tarixdə müqavilə bağlanmışdır. Həmin müqavilənin müvafiq bəndinə əsasən "xxxx" MTK Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski, Abbas Səhhət, X16 küçələri və Azadlıq prospektinin kəsişməsində yerləşən yaşayış üçün qəzalı vəziyyətdə olan mənzilin söküntüsü və yerində hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisini həyata keçirir. O, ünvan 6 ünvanında yerləşən evin sökülməsinə notarial razılıq vermişdir. Bununla yanaşı həmin evdə yaşayan və 18 yaşı tamam olmuş Cavabdeh həm öz yerinə, həm də X5 əvəzinə müvafiq razılıq ərizəsini notarial qaydada təsdiq etmişlər. "xxxx" MTK ilə onun arasında xx.xx.2020-ci il tarixdə həmin mənzilin sökülüb yeni binanın tikilməsinə münasibətdə 25 №-li əvəzləmə müqaviləsi imzalanmış, xx.xx.2020-ci il tarixdə MTK-ya notariat təsdiqli ərizə verərək sonuncu ilə xx.xx.2020-ci il tarixli 25 nömrəli əvəzləşmə müqaviləsinə əsasən ünvan 5 ünvanında yerləşən mənzilin əvəzinə veriləcək yeni yaşayış binasının C blokunun 10-cu mərtəbəsində 94,4 kv.m. olan 222 saylı (təmirsiz və kirayə haqqı olmadan) mənzilə ehtiyacının olmadığını və həmin mənzilin "xxxx" MTK-nın nizamnaməsinə müvafiq qaydada Cavabdeh adına rəsmiləşdirilməsini xahiş etmişdir. Bu ərizənin əsasında xx.xx.2020-ci ildə "xxxx" MTK əvəzləşmə müqaviləsi bağlayarkən tərəflərdən biri kimi mülkiyyətçi qismində Cavabdehı qeyd etmişdir. Sözügedən mənzil hələ də onun tam mülkiyyətindədir və mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmışdır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsində istifadədə olan 0.1307 ha torpaq sahəsində yerləşən 53 nömrəli, 1 mərtəbəli binada 62 kv.m. ümumi, 18 kv.m. yaşayış sahəsindən ibarət 1 otaqlı mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 237 nömrəli reyestr kitabının 23568 nömrəli vərəqində xx.xx.2006-cı il tarixdə tam mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Bu fakt daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlarına və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən verilmiş 08A/1607 nömrəli xx.xx.2020-ci il tarixli arayışda da öz əksini tapmışdır. Eyni zamanda "xxxx"dan olan xx.xx.2020-ci il tarixli № DB4 ödəniş tapşırığına əsasən "xxxx" MTK avans məbləğini İddiaçı adına ödəmişdir. Yuxarıda qeyd edilən ərizəni MTK-ya verməsindən sonra onunla cavabdeh oğlu Cavabdeh arasında ailə münasibətləri zəminində münaqişələr yaranmışdır. Belə ki, artıq cavabdeh evdə yaşamasına icazə vermir. Odur ki, cavabdehə münasibətdə MTK-ya verdiyi xx.xx.2020-ci il tarixli ərizədən imtina edərək həmin ərizə və ərizə əsasında MTK ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanan əvəzləşmə müqaviləsinin etibarsız hesab edilməsini tələb edir. İ MTK-ya sözügedən mənzilin cavabdehin adına rəsmiləşdirilməsi barədə ərizəni göndərməsi, indi isə həmin ərizəsinin etibarsız hesab edilməsi tələbini irəli sürməkdə əsası həmin vaxt ərizənin verilməsində vacib əhəmiyyətli yanılmış olmasıdır. Belə ki, yaşlı olduğunu və həmin mənzildə oğlu ilə birlikdə yaşayacağını nəzərə alaraq bir ana kimi mənzilin oğlunun adına rəsmiləşdirilməsini istəməsi olmuş, lakin bu istiqamətdə olan iradə ifadəsinin bəyanından sonra oğlu onunla pis rəftar etmiş, evinə buraxmamış, anasının ona olan hərəkətinə vicdansızlıqla qarşılıq vermişdir. Hal-hazırda cavabdeh onu həmin evə buraxmadığına görə evsiz qalmışdır.

8. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək izahatında həmçinin göstərmişdir ki, mübahisəli ev onun olmuş, həmin evi 1990-1991-ci illərdə öz şəxsi vəsaiti hesabına almışdır. Hamı kimi o, özü MTK ilə danışmış, onlar evin əvəzinə ona 160 000 manat pul və ya 97 kv.m.sahəyə malik yeni mənzil, kirayə və təmir üçün pul təklif etmişlər. O, evin verilməsinə razılıq vermişdir. Həmin razılaşmadan isə ona yalnız kirayə və təmir üçün verilməli olan pul çatmışdır. Həmin pulla Xırdalanda kiçik bir ev almış, daha sonra isə ehtiyacları oldu deyə satmışdır. Həmin evdə onlar ailəlikcə yaşamışlar. Gələbəy rayonunda ev var, ancaq orada digər oğlu yaşayır. Əvvəl oğlu Oskar ilə yaşamışdır. Hesab etmişdir ki, oğludur, evi ona bağışlamaq istəmişdir. Ancaq bu rəsmiləşdirilməmişdir. Sadəcə evdən Oskarın xeyrinə imtina etməsi ilə bağlı ərizə vermişdir. Düşünmüşdür ki, o da bunun qarşılığında ana kimi ona bir gün ağlayar. Lakin sonradan görmüşdür ki, o, buna layiq deyil. Ona görə də evin ona geri qaytarılmasını istəyir. Sökülən evin xərclərini özü çəkmişdir. O, 60 000 manat götürmüşdür. Onlar ona azkvadratlı ev təklif etmişlər, lakin o, qəbul etməmişdir. Bir müddət Xırdalanda yaşamışlar, lakin yoldaşı vəfat etdikdən sonra həmin evi satmışlar.

9. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) də iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir.

10. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, ünvan 7 ünvanında yerləşən həyət evi onun ata mülküdür. Oranı atası alıb, anası heç vaxt işləməyib. Həmin evdə də 17-18 il ailəsi ilə birlikdə o, yaşamışdır. Anası heç vaxt orada yaşamamışdır. Rayonda yaşamışdır və hazırda da rayonda yaşayır. MTK gələndə əvvəl gedib o, danışmış, anası bildirmişdir ki, birotaqlı ev istəyir. O, da MTK ilə bu şəkildə danışmışdır. Belə ki, bir dənə 1 otaqlı və bir dənə də 2 və ya 3 otaqlı ev verilməsi razılaşdırılmışdır. Lakin daha sonra anası ona bildirmişdir ki, ona etibar etmir, gedib özü danışacaq. O, da etiraz etməmişdir. Anası gedib özü danışmış və ona düşəcək olan 1 otaqlı evdən imtina edərək onun dəyəri olan 50 000 manat pul almışdır. Daha sonra demişdir ki, təmir üçün verilməli olan 10 000 manat da ona verilsin və o, özü evi təmir etdirər. O, buna da etiraz etməmişdir. Anası ümumilikdə 60 000 manat pul almışdır. Ona da təmirsiz ev verilmiş, məsələ bununla bağlanmışdır. Anası məhkəməyə müraciət edənə kimi aralarında evlə bağlı mübahisə olmamışdır. Anasına verilən pul 1 otağın əvəzi olmuşdur. Ümumiyyətlə onların MTK ilə razılaşmalarında kirayə haqqı verilməsi nəzərdə tutulmamışdır.

11. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) iddia tələbini qəbul etməyərək izahatında həmçinin göstərmişdir ki, mübahisəli mənzil artıq mövcud deyil. O, sökülüb və yerində bina tikilib. Həmin evdə iddiaçı heç vaxt yaşamayıb, orada cavabdeh yaşayıb və onun bütün xərclərini cavabdeh ödəyib. Həmin mənzil zamanında cavabdehin atası tərəfindən iddiaçının adına əldə olunub. Ev söküldükdə iddiaçıya 60 000 manat verilib və cavabdehlə aralarında əldə olunmuş razılıq üzrə pulu almışdır.

12. Cavabdehin nümayəndəsi iddia tələbinə iddia müddətinin tətbiq olunmasına dair ərizə də vermişdir.

13. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MTK-nın nümayəndəsi X3 iddianın əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, mənzilin sökülməsi və yerində yeni binanın tikilməsi ilə bağlı danışıqlar ilk olaraq iddiaçı ilə olmuş, daha sonra iddiaçı cavabdehin xeyrinə öz haqqlarından imtina etmişdir. Bununla bağlı ona təmir və kirayə üçün 60 000 manat verilmişdir.

14. Birinci instansiya məhkəməsinin 04 mart 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunmaması qət edilmişdir.

15. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı əmlakı oğluna bağışlamış, daha sonradan aralarında yaranmış soyuqluq səbəbindən bağışlamış olduğu mənzili ondan (oğlundan) geri tələb etmişdir. Belə ki, ilk başdan görünür ki, qeyd edilən müqavilə tərəfləri Cavabdeh olmasa da hüquq münasibətinin kökündə oğlunun xeyrinə əmlak bağışlamaq olmuşdur. Lakin qeyd edilən əmlak məhv olduğundan bağışlama müqaviləsinin notarial qaydada rəsmiləşdirilməsi mümkün olmamış və tərəflər öz iradə ifadələrini qarşılıqlı razılıq (bəyənmə) əsasında bu qaydada (əvəzləşdırmə) rəsmişləşdirmişlər. Bu isə onu deməyə əsas verir ki, bağışlanmış əmlakın sonrada peşman olma nəticəsində geri tələb edilməsi mülki qanunvericilikdə (Mülki Məcəllə 673.1) nəzərdə tutulmamışdır.

16. Məhkəmə cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə qeyd etmişdir ki, iddianın özü əsassız hesab edildiyindən iddia müddətinin tətbiqinə də zərurət qalmamışdır. Belə ki, iddia müddəti yalnız iddia tələbi əsaslı olduğu təqdirdə ona tətbiq edilməli olan hüquq olduğundan bu halda tətbiq edilməsi mümkün deyildir.

17. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 329.1-ci, 334.1-ci, 334.2-ci, 334.3.1-ci, 337.1-ci, 337.2-ci, 337.4-cü, 338-ci, 339-cu, 390.1ci, 405.1-ci, 647.1-ci, 673.1-ci, 752.1-ci maddələrinə istinad etmişdir.

18. Qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyini, maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, işin hallarını tam aydınlaşdırmadığını, gəldiyi nəticənin işin hallarına uyğun olmadığını, tərəflər arasında bağışlama müqaviləsi olmadığı halda, bağışlama müqaviləsindən imtina ilə bağlı müddəalara istinad etdiyini, müqavilənin etibarsızlığının sübuta yetirilməsinə baxmayaraq qanunsuz qərar çıxardığını irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, verilən izahatlar

20. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, cavabdeh və onun nümayəndəsi (vəkili) isə şikayətin əsassız olduğunu bildirmişlər.

21. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxs nümayəndəsini məhkəməyə göndərməmişdir.

Tətbiq edilən hüquq

Azərbayca Respublikasının Konstitusiyası

22. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

23. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

25. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

26. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

27. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

28. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

29. Maddə 347.1. Şəxsin razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəməsi, bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etməsi və tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri halların mövcud olmaması vacib əhəmiyyətli yanılma sayılır; vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd isə belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər.

30. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir.

31. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

32. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

33. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

34. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

38. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

43. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

44. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

45. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

46. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hеsаb еdir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

47. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

48. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

49. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.

50. İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, mənzilin oğlu olan cavabdehin adına rəsmiləşdirilməsinə razılıq verməsinə səbəb vacib əhəmiyyətli yanılması olmuş, oğlu ilə birlikdə yaşayacağını və oğlunun ona baxacağını düşündüyü üçün müqavilənin oğlu ilə bağlanmasına razılıq vermişdir.

51. Mülki Məcəllədə əqdə verilmiş anlayışdan (§ 24) görünür ki, əqdin əmələ gəlməsi/bağlanmasının 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyri-mümkündür; ortada hər hansı əqd mövcud deyildir. Mövcud olmama əqdin (müqavilənin) bağlanması ilə bağlı bir anlayışdır. Qurucu ünsürləri ehtiva etməyən bir müqavilə bağlana, meydana gələ bilməz. Bu mənada, əgər bir əqdin qurucu ünsürlərində əksiklik varsa, əqd mövcud deyil/bağlanmayıb; əgər qurucu ünsürlər tam olsa da, əqdin etibarlı hüquqi nəticə doğurması üçün tələb olunan şərtlər və ya ünsürlərdə əksiklik varsa, onda əqd etibarsızdır.

52. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

53. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsində (§ 25-27) əqdlərin etibarsızlığı hallarının iki növü göstərilmişdir: bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir.

54. Mübahisə edilən əqdlər onu formalaşdıran iradə ifadəsinin qüsurlu olması səbəbindən tərəfin mübahisələndirməsi nəticəsində etibarsız hesab edilən əqdlərdir. İradə ifadəsinin zədələnməsinə səbəb olan və nəticədə bağlanmış müqavilənin mübahisələndirilməsi vasitəsilə onun etibarsızlığı ilə nəticələnən hallardan biri isə vacib əhəmiyyətli yanılmadır.

55. İddiaçının bilavasitə özünün bildirdikləri əsasında müəyyən edilən odur ki, mübahisələndirilən ərizəni verərkən və müqaviləni bağlayarkən onun niyyəti mənzilin məhz cavabdehə verilməsi olmuş, razılıq verdiyi əqdin bağlanmasını istəmiş, əqdin məzmunu barəsində səhv etməmişdir.

56. Başqa sözlə, iddiaçının vacib əhəmiyyətli yanılmanın təsiri altında hərəkət etdiyi qənaətinə gəlmək mümkün deyildir.

57. Kollegiya, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə istinadla həmçinin hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-663/2024 saylı iş üzrə 04 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar