Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3452/2025 08.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “piratçılığın cavabdehə qadağan edilməsi, pozulmuş müəllif hüquqlarının bərpası və vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 mart 2025-ci il tarixli qətnamədən İddiaçı və Cavabdeh ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən işə, İddiaçı özünün, onun vəkili (nümayəndəsi) Vəkil1, Cavabdeh özünün və vəkili (nümayəndəsi) Vəkil3 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onun müəllifi olduğu kitablardan, yol hərəkəti qaydalarına və sürücülük hazırlığına aid fənlər üzrə müxtəlif mövzular əsasında hazırladığı video materiallardan, habelə www.talibov.az və www.dda.az veb-sayt səhifələrindən qeyri-qanuni istifadənin cavabdehə qadağan edilməsi, cavabdehin ona məxsus əsərlərdən qeyri-qanuni istifadə edərək hazırladığı və istifadə etdiyi materialların sosial şəbəkələrdən, internet səhifələrindən, habelə cavabdehə məxsus olan mənbələrdən (resurslardan) silinməsi (məhv edilməsi), cavabdehin müəllifi olduğu yuxarıda qeyd edilən əsərlərdə yerləşdirilmiş materiallardan qeyri-qanuni istifadə etməklə onları müxtəlif sosial şəbəkələrdə, özünə məxsus olan səhifələrdə özününki kimi yaydığına, habelə iddiaçının müəllifi olduğu materiallardan qeyri-qanuni istifadə edərək “Zoom” proqramı vasitəsilə onlayn və distant şəkildə dərslər keçməklə qazanc əldə etdiyinə görə və bunun nəticəsində vurduğu zərərin əvəzi olaraq 40.000 manat kompensasiyanın, vəkil xidmətlərinə görə ödədiyi 300 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi iddia ərizəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi göstərilmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, yol hərəkəti və hərəkət təhlükəsizliyi sahəsində çox sayda kitabların, dərsliklərin, test sualları toplusunun yol hərəkəti qaydalarına və sürücülük hazırlığına aid fənlər üzrə müxtəlif mövzular əsasında hazırlanmıış video materialların, habelə www.talibov.az və www.dda.az veb-sayt səhifələrin müəllifidir. Cavabdeh iddiaçının müəllifi olduğu əsərlərdəki materiallardan, o cümlədən də internet səhifələrində yerləşdirdiyi video materiallardan iddiaçının icazəsini almadan qanunsuz olaraq istifadə edir, proqramlar və toplular hazırlayır, kurslar təşkil edərək repetitor fəaliyyəti ilə məşğul olur. Cavabdeh, hazırladığı materialları özününki kimi təqdim edir. Cavabdehin izahatından da göründüyü kimi cavabdeh küllü miqdarda qazanc əldə etmişdir. Özünün etiraf etdiyi kimi 10 ildir ki, bu fəaliyyətlə məşğul olur (əsas: əlavədə “etiraf 10-12 il iş” adlı səs yazısı - 00.29-00.35 saniyə). Yalnız son iki ildə cavabdehin əldə etdiyi qazancın məbləği 60.000 manat təşkil edib. Belə ki, o, hər ayda 20-25 nəfər oxucudan ibarət olan bir qrup hazırlaşdırıb (əsas: “qrupda 19 və daha cox adam” faylı; “etiraf qrupda 15 dən çox adam” faylı). Cavabdehin verdiyi izahatda isə bu məbləği azaldaraq 36.000 manat olaraq göstərmişdir. b) cavabdehin iddia tələbinə qarşı etirazı barədə məlumat
4. Cavabdehin vəkili (nümayəndəsi) Vəkil2 iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, cavabdehin hərəkətlərində piratçılıq yoxdur, cavabdeh sadəcə olaraq iddiaçının kitablarını öz dərslərində istifadə etmiş, həmin materialların müəllifinin iddiaçı olmasını bildirmiş və tələbələrinə həmin kitabları oxuyub onlardan istifadə etməyi tövsiyə etmişdir. Hesab edir ki, iddia tələbi əsassızdır və rədd olunmalıdır. c) birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə barədə məlumat
5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçının müəllifi olduğu kitablardan, yol hərəkəti qaydalarına və sürücülük hazırlığına aid fənlər üzrə müxtəlif mövzular əsasında hazırladığı video materiallardan, habelə www.talibov.az və www.dda.az veb-sayt səhifələrindən qeyriqanuni istifadə edilməsi cavabdehə qadağan edilməsini, cavabdehin iddiaçıya məxsus əsərlərdən qeyri-qanuni istifadə edərək hazırladığı və istifadə etdiyi materiallar cavabdehə məxsus olan sosial şəbəkələrdən, internet səhifələrindən, mənbələrdən (resurslardan) silinməsini, cavabdehin iddiaçının müəllifi olduğu əsərlərdən qeyri-qanuni istifadə edərək dərs tədris etməklə iddiaçıya vurduğu ziyana görə 10.000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 320 manat pul vəsaiti cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsini qət etmişdir.
5. Rayon Məhkəməsi gəldiyi nəticəni iş materiallarına, o çümlədən cavabdeh tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsində verdiyi izahata, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə verdiyi xx.xx.2024-cü il tarixli rəyə istinadən belə bir nəticəyə gəlmişdir ki, iddiaçının müəlliflik hüquqları cavabdeh tərəfindən pozulmuşdur. İddiaçının tələbi iki hissədən ibarətdir: 1) cavabdehə qeyri-qanuni hərəkətlərin davam etdirilməsinin qadağan edilməsi; 2) iddiaçının müəllifi olduğu materialların məmbələrdən silinməsi, eləcə də, vurulmuş ziyana görə cavabdehdən kompensasiyanın tutulması. Məhkəmə tələbin birinci hissəsini əsaslı hesab edir. Belə ki, artıq qeyd edildiyi kimi, cavabdehin iddiaçının müəlliflik hüquqlarını pozması halı müəyyən edilmişdir. Ona görə də, bu hüquq pozuntusuna son qoymaq üçün cavabdeh tərəfindən iddiaçının müəllifi olduğu kitablardan qeyri-qanuni istifadə (kontrafaksiya) qadağan edilməli, eyni zamanda, cavabdehin iddiaçıya məxsus əsərlərdən qeyri-qanuni istifadə edərək hazırladığı və istifadə etdiyi materiallar cavabdehə məxsus olan sosial şəbəkələrdən, internet səhifələrindən, mənbələrdən (resurslardan) silinməlidir. Tələbin ikinci hissəsinə münasibətdə isə məhkəmə qeyd edilməlidir ki, bu hissədə tələb qismən əsaslıdır. Belə ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanununun 45-ci maddəsi əmlak xarakterli tələblərə zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququ və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması; zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə 110 manatdan 55.000 manatadək məbləğdə kompensasiya ödənilməsini müəyyən etmişdir. Normaların tələblərindən görünür ki, göstərilən tədbirlər yalnız ayrı-ayrılıqda tətbiq edilə bilər, bu və ya digər tədbirin seçilməsi isə müəllifin hüququdur. Hazırkı işdə iddiaçı ona kompensasiya verilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı maddi xarakterli müdafiə vasitəsi kimi kompensasiya tələbi irəli sürməkdə haqlıdır. Tutulmalı olan kompensasiya məbləğinə gəldikdə isə, iddiaçı cavabdehdən 40.000 manat məbləğində kompensasiyanın tutulmasını xahiş edir və xahişini onunla əsaslandırır ki, cavabdeh 10 ildir ki, onun kitablarından qanunsuz istifadə edir və gəlir əldə edir. Cavabdehin izahatlarından məlum olmuşdur ki, onun dərs qruplarında 10-15 arası tələbə olmuş və hər tələbədən də 100 manat ödəniş almışdır. Hətta cavabdehin istintaqda verdiyi ifadəyə inanılsa və onun iki il ərzində bu fəaliyyətlə məşğul olduğu əsas götürülsə onun vurduğu ziyanın məbləği 36.000 manat edir. Bundan əlavə cavabdehin qanunsuz fəaliyyəti nəticəsində onun kitab satışları da əhəmiyyətli dərəcədə azalmışdır ki, bütün bunları toplayanda tələb edilən məbləğ ədalətlidir. Məhkəmə tələbin bu hissəsində iddiaçının dəlilləri ilə qismən razılaşır və işin hallarını, pozuntununun davam etmə müddətini və xarakterini nəzərə alaraq, hesab edir ki, 10.000 manat məbləğində kompensasiyanın müəyyən edilməsi ədalətli və əsaslı olar. Məhkəmə kompensasiya məbləği ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırır ki, cavabdehin 10 ilə yaxın müddətdə bu fəaliyyətlə məşğul olmağı, onun təvəllüdü nəzərə alınsa inandırıcı deyil. Cavabdeh istintaq orqanında verdiyi ifadədə 2 ilə yaxındır ki, iddiaçının müəllifi olduğu kitablardan istifadə etməklə tədris apardığını bildirmişdir. Nə qədər ki, başqa sübutlar yoxdur, məhkəmə cavabdeh tərəfindən iddiaçının müəlliflik hüquqlarını pozmaqla tədrislə məşğul olma müddətinin 2 il civarında olduğunu qəbul edir. Cavabdehin istintaq orqanında ifadəsindən o da müəyyən edilir ki, onun qruplarında tələbələrin sayı dəyişkən olmuş, ara-sıra azalıb çoxalmışdır. Eyni zamanda, cavabdehin fəaliyyətinin iddiaçıya məxsus kitabların satışına birbaşa mənfi təsirinə dair tutarlı sübutlar da yoxdur. Bütün bu halları qiymətləndirməklə, məhkəmə qət edilən kompensasiya məbləğini ədalətli və ağlabatan hesab edir. Qalan hissədə iddia əsassızdır və bu səbəbdə də təmin oluna bilməz. d) apellyasiya şikayətləri barədə məlumat
6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək, qətnamənin vurulmuş ziyana görə kompensasiya tutulması hissəsində dəyişdirilməsi, iddia tələbinin həmin hissədə tam təmin edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbinin əsasları ilə eynilik təşkil edən bu apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, iddiaçı, 40.000 manat kompensasiyanın cavabdehdən tutularaq ona ödənilməsini xahiş etsə də, işə baxmış Rayon Məhkəməsi iddiaçıya vurduğu ziyana görə 10.000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini qət edilmişdir. İşə baxmış Rayon Məhkəməsi qətnamə qəbul edərkən “Müəlliflik hüququ və əlaqəli hüquqlar” haqqında Azərbaycan Respublikası Qanununun 45ci maddəsini düzgün tətbiq etməmişdir. Belə ki, Rayon Məhkəməsi kompensasiya məbləğinin hesablanmasında yanlışlığa yol vermişdir. Rayon Məhkəməsini bu mövqeyi ilə razılaşmaq olmaz. Çünki məhkəmə baxışı zamanı cavabdehin uzun müddət ərzində qanunsuz fəaliyyəti nəticəsində iddiaçıya iddia ərizəsində qeyd edilən məbləğdən daha artıq zərərin dəyməsi sübuta yetirilmişdir. Rayon Məhkəməsi kompensasiya məbləği ilə bağlı mübahisəni həll edərkən sübutlara düzgün qiymət verməmişdir. Məhkəməyə sübut kimi təqdim edilmiş çoxsaylı video materiallar və şəkillər, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyi cavabdehin, onun müəllifi olduğu materiallardan külli miqdarda istifadə etdiyini təsdiqləyir. Cavabdehin fəaliyyətinin təhlili, yəni onun internet səhifələrində, sosial şəbəkələrdə yaydığı materiallar, keçdiyi dərslər zamanı istifadə etdiyi materiallar və hazırlaşdırdığı şəxslərə verdiyi materiallar tamamilə onun müəllifi olduğu kitablardan götürülmüş materiallarla və videolarla eynilik təşkil edir. Cavabdeh verdiyi izahatında bildirib ki, iddiaçının müəlliflik hüquqlarını pozaraq 2 ildir ki, repetitorluq fəaliyyəti ilə məşğuldur, ayda bir qrup olaraq 10-15 nəfərə dərs keçir və onların hər birindən 100 manat məbləğində pul alır. Əgər cavabdehin etiraf izahatında qeyd etdiyi məlumatlar əsasında hesablama aparılsa, görünər ki, 2 il ərzində onun əldə etdiyi gəlir 36.000 manat təşkil etmişdir (hesablama: 2 il x 12 ay = 24 ay, 24 ay x 15 nəfər = 360 nəfər, 360 nəfər x 100 manat = 36.000 manat) Lakin reallıqda bu rəqəmlər tamamilə fərqlidir, belə ki, cavabdeh əldə etdiyi gəliri 2 dəfə az göstərmişdir. Rayon Məhkəməsinə sübut kimi təqdim edilmiş materiallarda “Etiraf” adlı qovluğunda yer alan “etiraf 10-12 il iş” adlı səs faylında cavabdeh özü etiraf edir ki, bu fəaliyyətlə 10 ildən artıqdır ki, məşğul olur. Həmin “Etiraf” adlı qovluqda “etiraf qrupda 15-dən çox adam” adlı səs faylında cavabdeh qrupda adamların çox olduğunu etiraf edir, “qrupda 19 və daha çox adam” video faylında isə qrupda ən azı 19 nəfərin olduğu açıq şəkildə görünür. Bundan əlavə, qrupda iştirak etmiş şəxslər də hər qrupda 20-30 nəfərin olduğunu bildirmişlər.
8. Cavabdeh də həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Bu apellyasiya şikayəti isə onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd olunur ki, piratçılığın cavabdehə qadağa edilməlidir. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanununda “piratçılıq” anlayışı mövcud deyil. Həmin Qanununun 4-cü maddəsində “pirat məhsulu”, yəni hüquq sahibinin razılığı olmadan hazırlanan (istehsal edilən) və yayılan əsər və fonoqram nüsxələri anlayışı qeyd olunur. İddiaçı iddia ərizəsində qeyd edir ki, “cavabdeh onun əsərlərindən qanunsuz olaraq istifadə edir”. İddiaçının tələbinə görə onun dərs vəsaitlərindən onun icazəsi olmadan istifadə etmək olmaz. Lakin iddiaçı cavabdehin hansı hərəkətləri ilə iddiaçının əsərlərindən qanunsuz istifadəsini göstərməmişdir. Rayon Məhkəməsi də öz növbəsində iddiaçının müəllifi olduğu kitablardan, yol hərəkəti qaydalarına və sürücülük hazırlığına aid fənlər üzrə müxtəlif mövzular əsasında hazırladığı video materiallarından, habelə www.talıbov.az və www.dda.az veb-sayt səhifələrindən qeyri qanuni istifadəsi müəyyən etmiş və cavabdehə qadağan etmişdir. Məhkəmənin bu hissədə gəldiyi nəticəsi tam qanunsuzdur. Belə ki, iddiaçının müəllifi olduğu dərsliklər, kitablar, testlər ümumi əlçatandır, açıq satışdadır, hər bir şəxs həmin dərslikləri, kitabları, testləri əldə edə bilər. Bundan əlavə iddiaçı tərəfindən yol hərəkəti qaydalarına və sürücülük hazırlığına aid fənlər üzrə müxtəlif mövzular əsasında hazırladığı video materiallar bütün internet resurslarda əlçatandır, eyniliklə hər bir şəxs “Google” internet-axtarış sistemi vasitəsi ilə həmin video materialları əldə edə bilər. İş materiallarından və cavabdeh tərəfindən təqdim olunmuş fotoşəkillərdən məlum olur ki, cavabdeh açıq şəkildə hansı kitabın (iddiaçı müəllifi olan kitabın) alınmasını tövsiyə edir. Həmin kitablarda müəllifin kim olmasını (yəni iddiaçının) aydın surətdə görsənir. Bundan başqa, iddiaçı tərəfə məxsus internet resurslarında olan video və sair materialların üz şəkilərində müəllifin iddiaçının özü olması aydın görünür, soyad və ad qeyd olunur. Bu hal da iddiaçının iddia ərizəsinə əlavədə təqdim etdiyi flaşkartdakı görüntülərindən də aydın görünür. Lakin Rayon Məhkəməsi qeyd edilən halların heç birisini nəzərə almadan yuxarıda göstərdiyi kimi tam əsassız və qanunsuz olaraq iddiaçının müəllif olduğu dərsliklərdən və s. materiallarından qeyri-qanuni istifadə edilməsini müəyyən edilməsini cavabdehə qadağan etmişdir. Bundan başqa, iddiaçı, www.talıbov.az və www.dda.az saytlarının sahibi özünün olmasını iddia tələbində qeyd etsə də, həmin saytların ona məxsus olması barədə təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə öz növbəsində bu hallarla bağlı heç bir araşdırma aparmamışdır. Daha sonra Rayon Məhkəməsi öz qətnaməsini cavabdeh tərəfindən Binəqədi Rayon Polis İdarəsində verdiyi izahatı ilə əsaslandırmış və belə bir nəticəyə gəlmişdir ki, cavabdeh iddiaçının razılığı olmadan iddiaçının müəllifi olan dərsliklərdən özünün online məşğələlərində istifadə etmişdir. Həmin izahatdan görünür ki, təhqiqatçı cavabdehə məqsədyönüllü suallar vermiş və qanunsuz olaraq ondan izahat almışdır. Mülki Prosessual Məcəlləsinin 76.3-cü maddəsinə görə, qanunu pozmaqla eldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Binəqədi Rayon Polis İdarəsində cavabdehdən alınmış izahat qanunun tələbləri pozulmaqla əldə olunduğu üçün Rayon Məhkəməsi tərəfindən sübut kimi qəbul edə bilməzdi. Bundan əlavə iddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdeh online məşğələlərində onun müəllifi olan dərsliklərdən, kitablardan istifadə etdiyi üçün həmin kitabların, dərsliklərin alınması aşağı düşmüşdür. Halbuki bu hal ilə bağlı iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı tərəfindən həmin dərsliklər üzərində müəlliflik hüquqlarının qeydə alınması barədə hər hansı sübut təqdim edilməmişdir. Bu da öz növbəsində birbaşa subyektiv tələbetmə hüququna aid olan məsələdir. Bundan başqa xüsusilə qeyd olunmalıdır ki, iddiaçı (müəllif) dərsliklərin satışı ilə məşğul deyildir. Əgər müəllif (iddiaçı) kitabları özü dərc edib, özü nəşr edib, özü kitab dükanlarına paylayıb və şəxsən özü satışında məşğul olubsa bu halı təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Lakin, dərsliklərə baxdıqda məlum olur ki, həmin əsərlərin çapı, nəşri və satışı ilə yayılması hansısa nəşriyyat tərəfindən həyata keçirilmişidr. Bu da öz növbəsində o deməkdir ki, nəşriyyat müəlliflə müqavilə bağlamış, ona müəyyən qonorar ödəmiş və müəyyən müddət ərzində (tiraj sayından asılı olaraq bu müddət dəyişir) bu kitabların çapı və yayılması hüququ yalnız müqavilə üzrə bu nəşriyyata aiddir. Yəni əgər cavabdeh şəxs qanunsuz olaraq bu dərslikləri çap edib satışı ilə məşğul olardısa o halda yalnız və yalnız həmin nəşriyyatın subyektiv hüququ yaranmış olur ki, maddi təzminat tələb etsin. Hazırkı işdə isə müəllifin iddia etməsi ki, cavabdehin güya ki qanunsuz hərəkətləri nəticəsində onun kitablarının satışı aşağı düşmüşdür formal mülahizələr və cəfəngiyyatdan başqa bir şey deyildir. Həmçinin qətnamənin cavabdehdən iddiaçının xeyrinə 10.000 manat məbləğində pulun tutulması hissəsi də əsassızdır. Çünki bu məbləğin hansı qaydada formalaşmasını Rayon Məhkəməsi hər hansı şəkildə izah etməmişdir. Əgər bu məbləğ əldən çıxmış fayda kimi tutulmuşdursa bu halda Rayon Məhkəməsi iddia həcmindən kənara çıxmışdır çünki iddiaçı belə bir tələb irəli sürməmişdir. Əgər bu məbləğ maddi zərərin əvəzidirsə bu halda tələb Mülki Məcəllənin 21-ci maddəsinin və müvafiq olaraq Konstitusiya Məhkəməsi Plenumunun bu maddənin şərh edilməsi ilə bağlı qərarlarına əsasən həll edilməli idi. Mülki Məcəllənin 21-ci maddəsinin və müvafiq olaraq Konstitusiya Məhkəməsi Plenumunun həmin maddənin şərh edilməsi ilə bağlı qərarlarından aydın görürük ki, maddi zərərin əvəzi yalnız real zərər üçün nəzərdə tutulur. Yəni cavabdeh hazırkı iş üzrə iddiaçıya hər hansı konkret maddi zərər vurmamışdır və bunun əksi də işə Rayon Məhkəməsi tərəfindən baxılan zaman sübuta yetirilməmişdir. Rayon Məhkəməsi isə “cavabdehin iddiaçının əsərlərdən qeyri-qanuni istifadə etməklə iddiaçıya maddi ziyan vurmuşdur və bu zərərin əvəzini ödəməlidir” kimi mövqeyini əsaslandırmamışdır. Qətnamənin təsviri hissəsində maddi normalara istinad olunsa da zərərlə bağlı hər hansı normaya istinad olmamışdır. Bundan başqa Rayon Məhkəməsi nəzərə almamışdır ki, cavabdehin dərsləri iddiaçının dərsliklərin satılmasına köməklik etmişdir. Çünki cavabdeh öz tələbələrinə iddiaçının kitablarının alıb oxumağı məsləhət görürdü. e) hazırkı iş üzrə apellyasiya baxışının həddi barədə məlumat
10. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra - Məhkəmə) bildirir ki, Rayon Məhkəməsi iddianın vəkil xidmətlərinə görə iddiaçının ödədiyi 300 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsini təmin etməmişdir.
11. İş üzrə tərəflərin heç biri bu hissədə Rayon Məhkəməsinin qətnaməsini mübahisələndirməmişlər.
12. Odur ki, göstərilən halı nəzərə almış Məhkəmə bu hissədə Rayon Məhkəməsinin nəticəsinin əsaslılığını yoxlamamışdır. f) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və apellyasiya baxışı iclasında iştirak etmiş şəxslərin verdikləri izahatlar barədə məlumat
13. İddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, cavabdehin verdiyi apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və özləri tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, bu şikayətin məzmununa uyğun izahat verdilər.
14. Cavabdeh və onun vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, iddiaçının verdiyi apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və özləri tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, bu şikayətin məzmununa uyğun izahat verdilər.
15. İş üzrə üçüncü şəxs olan Əqli Mülkiyyət Agentliyi apellyasiya baxışı iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, iclaslarda nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə Məhkəməyə məlumat verməmişdir.
16. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. g) mülki mübahisənin həlli və apellyasiya şikayətlərinin dəlillərinin qiymətləndirilməsi
17. Məhkəmə, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, hər iki apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
18. Belə ki, iddiaçının tələbi iki hissədən ibarətdir: cavabdehə qeyri-qanuni hərəkətlərin davam etdirilməsinin qadağan edilməsi və iddiaçının müəllifi olduğu materialların məmbələrdən silinməsi, eləcə də, vurulmuş ziyana görə cavabdehdən kompensasiyanın tutulması.
19. Məhkəmə bildirir ki, iddiaçının, yol hərəkəti qaydalarına dair bir neçə dərsliklərin və kitabların müəllifidir. Cavabdeh internet resurslarında sürücülük imtahanlarına hazırlıq məşğələləri təşkil edir. İddiaçı öz tələbində qeyd edir ki, cavabdeh sürücülük təlimi ilə bağlı ona məxsus olan kitablardan onun razılığı olmadan istifadə edir və onun müəlliflik hüquqlarını pozur. Cavabdehə daha əvvəl xəbərdarlıq edib, onun müəlliflik hüquqlarının pozuntusuna son qoymasını və onunla müqavilə bağlayıb əməkdaşlıq etməsini bildirsə də, cavabdeh son nəticədə onun tələblərinə məhəl qoymamışdır. Ona görə də, hesab edir ki, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmalı və ona kompensasiya ödənilməlidir. Cavabdeh iddia tələbini qəbul etmir və etirazını onunla əsaslandırır ki, düzdür o özünün online məşğələlərində iddiaçının müəllifi olduğu kitablardan istifadə etmişdir, lakin bunu qanunsuz hesab etmir. Ona görə ki, həmin kitablar açıq satışdadır və hər kəs onlardan yararlana bilər. Hətta o, ara-sıra tələbələrinə də həmin kitabları almalarını məsləhət görmüşdür. İddiaçıya madi ziyan vurulması da işin halları ilə sübut olunmur, bu yalnız formal mülahizələrdir. Hesab edir ki, onun tərəfindən iddiaçıya aid kitabların istifadəsi müəlliflik hüquqlarının pozuntusu sayılmır.
20. İddiaçı, 40.000 manat kompensasiyanın cavabdehdən tutularaq ona ödənilməsini xahiş etsə də, işə baxmış Rayon Məhkəməsi cavabdehin iddiaçıya vurduğu ziyana görə 10.000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini qət edilmişdir.
21. İş üzrə tərəflərin Rayon Məhkəməsinin bu nəticəsi ilə bağlı apellyasiya şikayətlərinin dəlilləri yuxarıda ətraflı olaraq qeyd edildiyindən, Məhkəmə, həmin dəlilləri qətnamənin bu hissəsində bir daha təsvir edilməsinə lüzum görmür.
22. Apellyasiya şikayətlərinin dəlillərini nəzərə alan Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1 və 88-ci maddələri).
23. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Məhkəmə iddiaçı tərəfin verdiyi apellyasiya şikayətinin Rayon Məhkəməsinin müzakirə edilən bu nəticəsinə aid mövqeyini işin hallarına uyğun hesab etmir. Belə ki, iddiaçı, 10 il müddət ərzində cavabdehin onun dərs vəsaitlərindən istifadə edərək gəlir əldə etməsini sübuta yetirə bilməmişdir.
24. Düzdür, cavabdeh iddia tələbini etiraf etməsə də, iddiaçının dərs vəsaitlərindən istifadə etdiyini bildirmişdir.
25. Bundan başqa iş üzrə cavabdehin Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinə verdiyi xx.xx.2024-cü il tarixli izahatında bildirmişdir ki, təxminən 2 ilə yaxındır ki, o, online qaydada özünə məxsus ‘‘suruculuk.kursu.jn” adlı instagram və tik-tok səhifələrində dərslər keçirdi. Ötən müddət ərzində cəmiyyət içində tanındıqca online kursa dair tələbələri gəlməyə başladı. O, tələbələrinə imtahandan keçənə kimi birdəfəlik olaraq 100 manat məbləği qarşılığında dərs keçirdi. Ay ərzində demək olar ki bir qrupu olardı. Həmin qrupda da ortalama ay üzrə 10-15 tələbə olardı. Adətən tələbərinə dərsləri İddiaçı adlı şəxsə məxsus sürücülük kursu üçün nəzərdə tutulmuş test toplularından ibarət videoroliklər, eləcə də hazırlanmş testləri youtube vasitəsi ilə əldə edərək özünə məxsus sosial şəbəkədə paylaşaraq dərslər tədris edirdi. Həmçinin, “Zoom” programı vasitəsi ilə tələbələrə qrup halında dərs tədris edirdi. Onu da qeyd edir ki, o, izah etdiyi materialın böyük bir qismi hazırkı iş üzrə iddiaçıya məxsus olmuşdur. 2 ilə yaxındır ki, dərs tədris edir. Həmin materiallardan istifadə etməklə bağlı İddiaçıla razılaşmamışdır.
26. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, həmin izahatdan görünür ki, təhqiqatçı cavabdehə məqsədyönüllü suallar vermiş və qanunsuz olaraq ondan izahat almışdır. MPM-in 76.3-cü maddəsinə görə, qanunu pozmaqla eldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Rayon Məhkəməsi Bakı şəhər Binəqədi rayon Polis İdarəsində cavabdehdən alınan izahat qanunu pozmaqla əldə olunduğu üçün sübut kimi qəbul edə bilməzdi.
27. Məhkəmə cavabdehin bu dəlilini əsassız hesab edir. Belə ki, cavabdehdən alınan izahatın qanunsuz olmasının nədən ibarət olması əsaslandırılmamışdır. Ona görə Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi cavabdehin qeyd edilən izahatını etibarlı sübut kimi qəbul etməkdə haqlı olmuşdur
28. Cavabdehin apellyasiya şikayətinin digər dəlilləri bundan ibarətdir ki, iddiaçı cavabdehin hansı hərəkətləri ilə iddiaçının əsərlərindən qanunsuz istifadəsini göstərməmişdir, iddiaçının müəllifi olduğu dərsliklər hamı üçün əlçatandır, iddiaçı www.talıbov.az və www.dda.az saytlarının sahibi olmasına və dərsliklərin satışının aşağı düşməsinə dair sübutlar təqdim etməmişdir, həmçinin qeyd olunmalıdır ki, iddiaçı tərəfindən həmin dərsliklər üzərində müəlliflik hüquqlarının qeydə alınması barədə hər hansı sübut təqdim edilməmişdir.
29. Məhkəmə cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə, müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan və müəllif qonorarı verilmədən, lakin istifadə olunan əsərin müəllifinin adını və götürülmə mənbəyini mütləq göstərməklə aşağıdakı hallara yol verilir: 1) elmi, tədqiqat, polemika, tənqidi və informasiya məqsədi ilə qanuni dərc edilmiş əsərdən, həmçinin qəzet və jurnallardan, sitatın məqsədinə müvafiq həcmdə çap icmalı formasında qısa parçaların orijinalda və ya tərcümədə sitat kimi verilməsinə; 2) qanuni dərc edilmiş əsərlərdən qısa parçaları müəyyən məqsəd üçün lazım olan həcmdə tədris xarakterli nəşrlərdə, radio və televerilişlərdə, səs və vidioyazılmalarda istifadə etməyə; 3) müəllif və ya müəlliflik hüquqlarının digər sahibinin qadağan etdiyi hallar istisna olmaqla, qanuni əsasda dərc edilmiş cari iqtisadi, siyasi, sosial və dini məsələlər üzrə məqalələrin, yaxud efirlə verilmiş eyni xarakterli əsərlərin qəzetlərdə, jurnallarda digər dövri nəşrlərdə çap edilməsinə və ya kütləvi bildirişinə; 4) fotoqrafiya, kinematoqrafiya, efir və ya kabel televiziyası vasitələri ilə cari hadisələr haqqında icmalda hadisələrin gedişində görülənlərin və eşidilənlərin informasiya məqsədi üçün lazım olan həcmdə surətinin çıxarılmasına və ya kütləvi bildirişinə; bununla birlikdə, müəllifin belə əsərləri toplularda dərc etdirmək hüququ saxlanılır; 5) açıq siyasi nitqlərin, mülahizələrin, müraciətlərin, təbliğat xarakterli fikirlərin və məhkəmənin gedişində söylənən nitqlər də daxil olmaqla digər oxşar əsərlərin qəzetlərdə, jurnallarda və digər dövri nəşrlərdə çap edilməsinə və ya kütləvi bildirişinə; bununla birlikdə, müəllifin belə əsərləri toplularda dərc etdirmək hüququ saxlanır; 6) qanuni dərc edilmiş əsərlərin gəlir götürmədən qabarıq-nöqtəli şriftlə və ya digər xüsusi üsullarla görmə qabiliyyəti tam məhdud olan şəxslər üçün surətinin çıxarılmasına (xüsusi olaraq belə üsullarla dərc etmək məqsədi ilə yaradılmış əsərlərdən başqa).
30. Qeyd edilən normanın məzmunundan aydın olur ki, müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan və müəllif qonorarı verilmədən yalnız gəlir götürmədən müəyyən istifadəyə icazə verilmişdir. Lakin işin hallarından görünür ki, cavabdeh özünün etirafına əsasən 2 il müddətində iddiaçının müəllifi olduğu dərs vəsaitlərindən istifadə etməklə iddiaçının razılığı olmadan gəlir əldə etmişdir. Ona görə Məhkəmə cavabdehin apellyasiya şikayətinin dəlillərinin formal mülahizələrə əsaslandığını bildirir.
31. Müəllif hüquqlarını müdafiə edən qanunvericilik normaları əqli mülkiyyət obyektlərindən gəlir əldə etmək məqsədi ilə istifadə zamanı müəllifin razılığının alınması və ya müəllif və ya hüquq sahibi ilə müvafiq müqavilənin bağlanmasını nəzərdə tutur. Qanunvericilik istisna olaraq müəllifin razılığı olmadan əqli mülkiyyət obyektlərindən istifadə hallarını göstərmişdir, bunlara fiziki şəxslər tərəfindən şəxsi məqsədlər üçün istifadə və qanuni dərc edilmiş əsərlərdən qısa parçaları müəyyən məqsəd üçün lazım olan həcmdə tədris xarakterli nəşrlərdə istifadə etmək (“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanununun 17-ci maddəsi və 19-cu maddəsinin 2-ci hissəsi). Hazırkı işdə isə bu istisna hallar yoxdur. Cavabdeh həmin materiallardan şəxsi məqsəd üçün yox, gəlir əldə etmək üçün istifadə etmiş, eləcə də onun iddiaçının müəllifi olduğu kitablardan istifadəsinin həcmi qısa parçalar şəklində deyil, tam şəkildə olmuşdur.
32. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin işə baxmış Rayon Məhkəməsinə verdiyi xx.xx.2024-cü il tarixli, 5/1163 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş yaddaş kartlarında iş üçün zəruri olan cavabdehin yol hərəkəti qaydalarına və sürücülük hazırlığına dair fənlər üzrə istifadə etdiyi materialların hazırlanma üsulunun xüsusiyyətlərinə, görüntülərdə şəkillərin sıralanmasına, rənglərinə, modellərinə, üzərindəki yazılara, mövzuların adına, mahiyyətinə və məzmununa, sualların mətninə və düzülüş ardıcıllığına, cavabların struktur quruluşuna, sözlərin ardıcıllığına, şriftinə, faylların üzərində əlavə olaraq “Talıbov.Ə.M.”, www.talibov.az, və “dda digital driving academy” mətnli xüsusi nişanın əks olması və sair əlamətlərə iddiaçının müəllifi olduğu yol hərəkəti və hərəkət təhlükəsizliyi sahəsində kitabların, dərsliklərin, test sualları toplusunun yol hərəkəti qaydalarına və sürücülük hazırlığına aid fənlər üzrə müxtəlif mövzular əsasında hazırlanmıış video materialların, habelə www.talibov.az və www.dda.az veb-sayt səhifələrində olan vəsaitləri təkrarlamaqla onlarla eynilik təşkil edir. “Əqli mülkiyyət obyektlərinin tədqiqi” ixtisası üzrə ekspertin həll etdiyi məsələlər dairəsinə aid olmadığı üçün həmin suallar cavablandırılmamışdır.
33. Bütün bu halları nəzərə alan Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının müəlliflik hüquqları pozulmuşdur. Eyni zamanda iddiaçı cavabdehə qarşı maddi xarakterli müdafiə vasitəsi kimi kompensasiya tələbi irəli sürməkdə haqlıdır.
34. Ona görə Məhkəmə cavabdehin ziddiyyətli dəlillərini (bir tərəfdən iddiaçının dərs vəsaitlərinin müəllifi olduğunu bildirir, digər tərəfdən müəllif olmasına dair sübutun verilmədiyini bildirir) mülki məsuliyyətdən yayınmağa cəhd kimi qiymətləndirir.
35. Məhkəmə həmçinin qeyd edir ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 45-ci maddəsi əmlak xarakterli tələblərə zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququ və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması; zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə 110 manatdan 55.000 manatadək məbləğdə kompensasiya ödənilməsini müəyyən etmişdir (maddə 45.; bənd 2.).
36. Cavabdehin iddiaçının müəllifi olduğu dərs vəsaitlərindən istifadə etməsinin 10 il ərzində deyil, 2 il müddətində istifadə etməsi və gəlir əldə etməsi sübuta yetdiyindən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, cavabdehin iddiaçıya vurduğu ziyana görə cavabdehdən iddiaçının xeyrinə 10.000 manat məbləğində pul tutulmalıdır.
37. Buna görə də qəbul edilməlidir ki, Rayon Məhkəməsinin bu nəticəsinə dair hər iki apellyasiya şikayətinin dəlili əsassızdır.
38. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə həmçinin qət etmişdir ki, iddiaçının müəllifi olduğu kitablardan, yol hərəkəti qaydalarına və sürücülük hazırlığına aid fənlər üzrə müxtəlif mövzular əsasında hazırladığı video materiallardan, habelə www.talibov.az və www.dda.az veb-sayt səhifələrindən qeyriqanuni istifadə edilməsi cavabdehə qadağan edilməsini, cavabdehin iddiaçıya məxsus əsərlərdən qeyri-qanuni istifadə edərək hazırladığı və istifadə etdiyi materiallar cavabdehə məxsus olan sosial şəbəkələrdən, internet səhifələrindən, mənbələrdən (resurslardan) silinməlidir.
39. Rayon Məhkəməsinin bu nəticəsinin əsaslılığı ilə bağlı Məhkəmə bildirir ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 44-cü maddəsinin tələlərinə görə, müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri, habelə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar müəlliflik hüquqlarını və əlaqəli hüquqları pozan və ya pozmaq təhlükəsi yaradan hərəkətlərin dayandırılmasını tələb etmək hüququna malikdirlər (hissə 1.). İstehsalı (hazırlanması) və ya yayılması müəlliflik hüququnun və ya əlaqəli hüquqların pozulmasına səbəb olan əsər və ya fonoqram nüsxələri pirat nüsxələr sayılır. Gətirildiyi ölkədə heç vaxt qorunmamış və ya qorunma müddəti keçmiş, lakin bu Qanuna müvafiq surətdə qorunan əsərlərin və fonoqramların müəlliflik hüququnun və əlaqəli hüquqlarının sahiblərinin icazəsi olmadan Azərbaycan Respublikasına idxal edilən nüsxələri də pirat nüsxələr hesab olunur (hissə 2.). Əsərlərə və fonoqramlara münasibətdə aşağıdakılara yol verilmir: müvafiq texniki mühafizə vasitələri ilə əsərlərdən və fonoqramlardan istifadəyə qoyulmuş məhdudiyyətlərin müəllifin (və ya digər hüquq sahibinin) və fonoqramın hüquq sahibinin icazəsi olmadan aradan qaldırılmasına yönəldilmiş hərəkətlərə (hissə 3.; bənd “a”.); əsərin və fonoqramın istənilən texniki mühafizə vasitələrinin və ya onun hissələrinin istehsalına, yayılmasına, kirayəyə verilməsinə, müvəqqəti istifadəsinə, idxalına, reklamına, gəlir götürmək məqsədi ilə istifadəsinə, yaxud texniki mühafizə vasitələrinin tətbiqini qeyri-mümkün edən və ya texniki vasitələrlə bu hüquqların lazımi müdafiəsinin təmin edilməsinə yönəldilmiş xidmətlərə (hissə 3.; bənd “b”.). Hüquq sahibinin icazəsi olmadan hüquqların idarə edilməsi haqqında informasiyanın dəyişdirilməsi və ya ləğv edilməsi də hüquq pozuntusu sayılır.
40. Həmin Qanunun 45-ci maddəsinin tələblərinə görə, müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər (hissə 1.). Məhkəmə müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxarkən mülki-hüquqi müdafiənin ümumi vasitələrindən başqa iddiaçının tələbi ilə aşağıdakılar barədə qərar qəbul edə bilər: zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması (hissə 1.; bənd “1”.); zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə 110 manatdan 55 min manatadək məbləğdə kompensasiya ödənilməsi(hissə 1.; bənd “2”.); hüquq pozuntusunun ağırlıq dərəcəsi və digər şəxslərin qanuni maraqları nəzərə alınmaqla məhkəmə qərarına əsasən pirat nüsxələrin surətinin çıxarılması (istehsalı) üçün istifadə edilmiş material və avadanlıqların müsadirə olunması (hissə 1.; bənd “3”.); pirat nüsxələrin hüquqları pozan tərəfə heç bir kompensasiya ödənilmədən məhkəmə qaydasında müsadirə olunması və ya məhv edilməsi (hissə 1.; bənd “4”.). Müəlliflik hüququ və əlaqəli hüquqların obyektlərinin texniki müdafiə vasitələrinin birbaşa müdaxilə yolu və ya dolayısı ilə ələ keçirilməsinə yönəldilmiş hərəkətlər müəlliflik hüququ və əlaqəli hüquqların pozulmasına görə qanunvericilikdə nəzərdə tutulan məsuliyyətə səbəb olur (hissə 3.). Məhkəmə hüquq pozuntusu faktı sübut edildiyi halda vəkilə ödənilən haqq da daxil olmaqla hüquq sahibinin çəkdiyi ağlabatan xərclərin ödənilməsi barədə qərar çıxarmaq hüququna malikdir. Məhkəmə, həmçinin, hüquq pozuntusuna yol vermiş şəxsin bunu bilib-bilməməsindən asılı olmayaraq pozuntulara görə həmin şəxsin müəllifə (digər hüquq sahibinə) və ya əlaqəli hüquqların sahibinə kompensasiya ödəməsi barədə qərar çıxara bilər (hissə 4.). Müəllifin və ya əlaqəli hüquqların sahibinin hüquq pozuntusuna yol verən şəxsdən kompensasiya ilə yanaşı, ona məxsus olan əsərdən və ya digər əqli mülkiyyət hüququ obyektindən normal istifadə zamanı əldə edə biləcəyi qonorarın ödənilməsini də tələb etmək hüququ vardır (hissə 5.).
41. Göründüyü kimi Rayon Məhkəməsinin müzakirə edilən bu nəticəsi qeyd edilən maddi hüquq normaların tələblərinə və işin hallarına uyğundur.
42. Buna görə də qəbul edilməlidir ki, Rayon Məhkəməsinin bu nəticəsinə dair cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. h) apellyasiya baxışının nəticəsi
43. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə qanuni, əsaslı və işin hallarına uyğundur. Hər iki apellyasiya şikayətlərinin dəlilləri əsassız olmaqla yanaşı formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
44. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
45. Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, hər iki apellyasiya şikayətləri təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları isə, MPM-in 119.1-ci maddəsinin tələbinə görə, rüsumları ödəmiş şəxslərin özlərinə aid edilməlidir.
46. Odur ki göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı və Cavabdeh ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 mart 2025-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları onları ödəmiş şəxslərin özlərinə aid edilsin. Hazırkı qətnamədən, qətnamə iş üzrə tələblərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-nin tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilərlər.