Məhkəmə qərarları › İş №2(103)-3459/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3459/2024

25.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3459/2024 25.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 mart 2024-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun nümayəndəsi (övladı) Nümayəndə və İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Səbail Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, 17.000 ABŞ dolları məbləğində pulun (qətnamə icra ediləcəyi tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən edəcəyi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə), dəyəri 4.500 manat, çəkisi 30 qram olan qara komplekt, dəyəri 7.500 manat, çəkisi 50 qram göy komplekt, dəyəri 4.050 manat, çəkisi 27 qram olan firuzə, dəyəri 4.650 manat, çəkisi 31 qram olan rubin, dəyəri 5.400 manat, çəkisi 36 qram olan skelet, dəyəri 15.000 manat, çəkisi 100 qram olan sırğa sepi və qolbağı ilə dəst, dəyəri 5.400 manat, çəkisi 36 qram olan sep və sırğaların (qarışıq), həmin qızıl-zinət əşyalarının qaytarılması mümkün olmasa dəyərinin, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 117 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh və onun əri X5 iddiaçıya müraciət edərək, X3 Respublikasında müalicəsi məqsədilə borc istəmişlər. İddiaçı, ailə dostu olduqlarından onlara inanaraq 17.000 ABŞ dolları məbləğində pulu və lombarda qoyub pul götürmək məqsədilə qeyd edilən qızıl-zinət əşyalarını onlara vermişdir. İddiaçı pulu və qızıl-zinət əşyalarını şəxsən Bayram Babayevə təqdim etmişdir. Cavabdeh və əri xx.xx.2022-ci il tarixdə sadə yazılı formada müqavilə tərtib etmiş və bir il ərzində borcu qaytaracaqları barədə üzərilərinə öhdəlik götürmüşlər. Lakin borc qaytarılmamışdır. xx.xx.2022-ci il tarixdə Bayram Babayev vəfat etmiş və həmin ərəfədə iddiaçı, borcla bağlı müraciət etməmişdir. Cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirməklə borcu qaytarmaqdan imtina edir və sonuncu dəfə guya evlərini sataraq borcu qaytaracağını bildirmişdir. Borcun qaytarılması barədə ümumi razılıq əldə edilmədiyinə görə iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 117 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İddiaçı hesab edir ki, cavabdeh, həm iddia tələbinə şəxsən cavab verməli olan şəxs kimi, həm də vəfat etmiş borclu Bayram Babayevin vərəsəsi kimi borcu ona qaytarmalıdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.

4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bayram Babayev müalicəsi üçün arvadı olan cavabdeh ilə bilikdə xx.xx.2022-ci il tarixdə iddiaçıya müraciət edərək, iddiaçıdan 17.000 ABŞ dolları nağd pul və 46.500 manat məbləğində qızıl zinət əşyalarının almışlar. Onlar bu barədə sadə yazılı formada müqavilə yazaraq iddiaçıya təqdim etmişlər. Razılığa əsasən borc 1 il ərzində qaytarılmalı idi. Bayram Bayramov xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Razılaşdırılmış müddət ərzində borc qaytarılmayıb. Cavabdeh, həm iddia tələbinə şəxsən cavab verməli olan şəxs kimi, həm də vəfat etmiş borclu Bayram Babayevin vərəsəsi kimi borcu iddiaçıya qaytarmalıdır. c) apellyasiya şikayəti barədə məlumat

5. İş üzrə cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və hazırki işin icraatının Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olan 2(009)-240/2024 saylı mülki işin baxılması yekunlaşana kimi dayandırılmasını xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh və onun əri Bayram Babayev, sonuncunun müalicəsi ilə əlaqədar iddiaçıdan həqiqətən də borc almışlar. Bayram Babayev xx.xx.2022-ci ildə vəfat etmişdir. Mərhuma məxsus olmuş və Bakı şəhəri, Səbail rayonunda yerləşən mənzil miras qalmışdır. Həmin mənzil zamanında orderlə əldə edildiyi üçün cavabdehin mülkiyyətinə keçməli idi, lakin mülkiyyətçinin ölümündən sonra vəziyyət dəyişdi. X4 vərəsələri (arvadı və övladları) arasında miras əmlakın bölünməsi ilə bağlı Səbail Rayon Məhkəməsinin icraatında 2(009)-240/2024 saylı məhkəmə işi mövcuddur. Yəni həmin əmlak mübahisə predmeti olmuşdur. Həmin iş həll edilənədək hazırki iş üzrə icraat dayandırılmalıdır. Çünki borc bütün vərəsələr tərəfindən qaytarılmalıdır. Bundan başqa nəzərə alınmalıdır ki, iddia ərizəsində qeyd etdiyi qızıl-zinət əşyalarının qiyməti hazırki bazar qiymətlərinə uyğun göstərilmişdir. Halbuki, həmin əşyalar iddiaçıdan götürülən zaman onların qiyməti daha aşağı olmuşdur. Buna görə də həmin əşyalar yenidən qiymətləndirilməlidir. d) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

7. Cavabdehin nümayəndəsi (övladı) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və apelyasiya şikayətinin məzmununa uyğun izahat verdi.

8. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsinin əsaslarına uyğun izahat verdi. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

9. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

10. Belə ki, cavabdehin və onun əri Bayram Babayevin, sonuncunun müalicəsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə iddiaçıdan 17.000 ABŞ dolları məbləğində pulu və lombarda qoyub pul götürmək məqsədilə iddia ərizəsində qeyd edilən qızıl-zinət əşyalarının 1 il ərzində qaytarılması şərti ilə iddiaçıdan borc almaları, bu barədə sadə yazılı formada müqavilə tərtib etmələri, Bayram Bayramovun xx.xx.2022-ci il tarixdə vəfat etməsi, borcun bu günə kimi qaytarılmaması işin mübahisəsiz halıdır.

11. İşin bu hallarını nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1.). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (maddə 386.1.). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür. Digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür(maddə 739.). Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır (maddə 740.1.). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (maddə 740.2). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (maddə 442). Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1.). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1.).

12. Qeyd edilən maddi hüquq normalarının tələblərini nəzərə almış Rayon Məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas təşkil edə bilməz.

13. Belə ki, mərhum Bayram Babayevin miras əmlakının vərəsələr arasında bölüşdürülməsi ilə bağlı məhkəmə mübahisəsinin mövcudluğu hazırki iş üzrə icraatın dayandırılmasına səbəb ola bilməz. Cavabdehin mərhum əri Bayram Babayev ilə birgə tərtib etdikləri sadə yazılı müqavilənin məzmunundan bəlli olur ki, onlar həmin borcu birgə götürmüş və borcun qaytarılması barədə kreditor olan iddiaçı qarşısında birgə vəzifə daşıyırlar.

14. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Mülki Məcəllənin tələblərinə görə, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır (maddə 500.1.). Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir (maddə 500.2.). Kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır (maddə 501.).

15. Odur ki, qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdeh birgə borclu olaraq iddiaçıya olan borcu ödəməli, sonra isə mərhum Bayram Bayramovun digər vərəsələrinə qarşı pulu tələbi ilə bağlı müvafiq iddia irəli sürməlidir.

16. Bundan əlavə, tələb edilən qızıl-zinət əşyalarının dəyərinin düzgün müəyyən edilməməsi ilə bağlı cavabdehin dəlili də əsassızdır.

17. Belə ki, Mülki Məcəllənin 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 222.1-ci maddəsinə görə isə, məhkəmə əmlakı natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir.

19. Qeyd edilən maddi və prosessual normaların tələblərindən müzakirə edilən məsələnin həllinə yanaşdıqda müəyyən edilir ki, iddiaçıya qaytarılmalı olan qızıl-zinət əşyaları olmadığı halda həmin əşyaların dəyəri elə qaydada ödənilməlidir ki, iddiaçı həmin əşyaları bərpa edə, yəni satın ala bilsin. Bunun üçün isə həmin əşyaların hazırki real dəyəri iddiaçıya ödənilməlidir.

20. Beləliklə də, göstərilənlərə əsasən müəyyən edilir ki, iddia tələbi əsaslıdır. İşə baxmış Rayon Məhkəməsi tələbi təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. f) apellyasiya baxışının nəticəsi

21. Bu baxımdan apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

22. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

23. Odur ki, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-in 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

25. Məhkəmə həmçinin bildirir ki, iddianın tam təmin olunması barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, iddiaçı hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.

26. Cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən və iddia tələbi qiyməti kassasiya şikayəti verməyə imkan verən həddə ona qarşı təmin edildiyindən cavabdeh MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

27. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 mart 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Cavabdeh hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. İş üzrə iddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar