Məhkəmə qərarları › İş №2(103)-346/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-346/2022

16.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-346/2022 16.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiаçının nümayəndəsi və vəkili Vəkil1 iştirаkı ilə İddiaçı Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-83/2021 saylı, 30 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 onun xeyrinə 12700 manat və məhkəmə xərclərinin və 10000 manat mənəvi zərərin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2019-cu il tarixdə İddiaçı Cavabdeh1 əsl Cavabdeh2 ilə əvəz edilməsinə dair ərizə təqdim etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli məhkəmə iclasında Cavabdeh1 əsl Cavabdeh2 ilə əvəz edilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə saat 18:00 radələrində ünvan 1 ünvanında (9 mərtəbəli binanın 7-ci mərtəbəsi) yaşayan və qeydiyyatda olan Cavabdeh1 suyu açıq qoyaraq onun mənzil fonduna daxil olan yaşayış sahəsini (Bakı ş., Nərimanov r-nu Azadlıq pr. 116, mənzil 218 (9 mərtəbəli binanın 6-cı mərtəbəsi)) tamamilə yararsız hala salmışdır. Belə ki, həmin şəxsin səhlənkar yanaşması nəticəsində yaşayış sahəmiz və əmlakımız tamamilə su içində qalmış və nəticədə əmlakıma külli miqdarda maddi zərər dəymiş və onun bu hərəkəti nəticəsində yaşayış sahəsi və əmlakım istifadəsiz hala düşmüşdür. Hadisə baş verən günü saat 19:00 radələrində onların evinə daxil olduqları vaxt 7-ci mərtəbədən mənzillərinə hələ də su axınının davam etdiyini gördülər. Dərhal 7-ci mərtəbəyə qalxaraq hadisəni məlumat vermək üçün qapını döymüşdür, lakin qapını açan olmadı. O, suyun qarşısını almaq məqsədi ilə kooperativ binanın sədrinə (Mübariz Mustafayev) suyun bağlanması üçün müraciət etmişdir. Təxminən 19:30 radələrində 7-ci mərtəbədə yaşayan mənzilin sahibləri Cavabdeh1 və Preston Robertin evə qayıdışını görmüş və onlara məlumat vermişdir. Onlar qapını açan zaman onlara məxsus evin dəhlizini su içində gördü. Aşağı axan suyun tez yığışdırılması üçün kömək etməklərini təklif etmiş, lakin ev sahibi onları içəri buraxmayaraq, küçə söyüşləri ilə təhqir edərək qapını içəridən bağladı. Cavabdeh1 qapının arxasından həyat yoldaşı X5 Britaniya vətəndaşı olduğunu qışqıraraq kimsənin onlara heç nə edə bilməyəcəyini ifadə edirdi. O, məcbur olaraq, 102 xidmətinə məlumat vermişdir. Təxminən saat 20:00 radələrində 2 nəfər polis zabiti (Nərimanov rayonu 16-cı polis bölməsinin əməkdaşları) onların mənzilinə gəldi onlar hadisə barədə polisləri əyani olaraq, məlumatlandırdı. Onların mənzilinə baxış keçirərək mənzilin əşyaları ilə birlikdə tamamilə su içində olduğunun canlı şahidi oldular. Polis zabitləri sonra isə 7-ci mərtəbəyə qalxaraq qapını döyməyə başladılar. Bir müddət qapını açmadılar, polisin təkidi ilə qapı açıldı və polislər mənzilə daxil oldular. Ev sahibləri subasmanın səbəbi kimi su borularında yaranmış nasazlığı göstərsə də polisin müşahidəsi zamanı suyun nasazlıq nəticəsində deyil, ev sahiblərinin səhlənkarlığı nəticəsində su krantının açıq qoyulması səbəbindən yarandığı məlum olmuşdur. Daha sonra onları Nərimanov rayonu 16-cı polis bölməsinə dəvət etdilər. Polis bölməsində onlardan ifadə alınmış, Cavabdeh1 izahatında iddiaçının həyat yoldaşının ona xəsarət yetirdiyini bildirmişdir. Bölmənin tədqiqatçısı tərəfindən Cavabdeh1 tibbi ekspertizadan keçirilməsi təklif edilsə də, həmin şəxs tibbi ekspertizadan keçməkdən imtina etmişdir. Bu da həmin şəxsin məsuliyyətdən yayınmaq üçün şər-böhtan atdığının bariz nümunəsidir. Dəymiş zərərin cari bazar dəyəri 4000 azn olan 4 pm1 -lik mətbəx mebeli, dəyəri 1000 azn olan mətbəxdəki stol-stul dəsti, mətbəxin təmiri dövründə alınan və dəyəri 1500 azn həcmində olan təmir materialları, dəyəri 1000 azn həcmində olan dəhlizin parketi, yataq otağının 1500 azn həcmindəki təmiri və parketin yenilənməsi, hamam və sanitar qovşağın 1200 azn həcmindəki təmiri, elektrik naqillərinin 1000 azn həcmindəki yenidən qurulması və 1500 azn dəyərindəki yataq otağınır təmiri və yatacaq dəstinin tamamilə yararsız hala düşməsini nəzərə alaraq yenilənməsindən ibarətdir. Nərminaov rayon Mənzil istismar kommunal xidmətinin əməkdaşları baş vermiş hadisə ilə əlaqədar hadisə yerinə cəlb edilmiş və baş vermiş hadisə aktlaşdırılmışdır. (Əlavə edilir- MKİS-in əməkdaşlarının tərtib etdiyi Akt) Qeyd edir ki, Cavabdeh1 və onun həyat yoldaşı X4 akademiyası və XXİ əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində müəllimlik edirlər. Onlar əmlakına vurduğu zərərə görə üzr istəyib baş verən hadisəyə görə təəssüflənmək əvəzinə müəllim adına yaraşmayan şəkildə onu və ailəsini qonşuluq və vətəndaş cəmiyyəti prinsiplərinə zidd olaraq etik normalara uyğun olmayan ifadələrlə təhqir etmiş və böhtan atmışlar. Bu təhqirləri ilə o, AR X2 Əsas Hüquqlar Azadlıqlar və Vəzifələr 3-cü fəsli Əsas insan və vətəndaş hüquqları və azadlıqları Maddə 24 İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi İ. İnsan ləyaqəti qorunur və ona hörmət edilir. normasını pozmuşdur. Onun yüksək səs tonu ilə ünvanılarına səsləndirdiyi nalayiq, etik, qonşuluq və ictimai-sosial qaydalara uyğun olmayan ifadələri şəxsiyyətinin, şərəf və ləyaqətinin alçaldılmasına səbəb olmuşdur. Preston X1 qeyd edilən tələbini pozaraq ona məxsus olan ünvan 2 ünvanındakı daşınmaz əmlakını-mülkiyyətini suya basmaqla yararsız hala salmış və dolayısı ilə həmin evdə yaşayış hüququnu və əmlakından təkbaşına və ya başqaları ilə birlikdə istifadə etmək hüququnu pozmuşdur. Cavabdeh1 qanunvericiliyin qeyd edilən tələbini kobud pozaraq onun mənzil hüququnun tərkib hissəsi olan həmin mənzildə yaşayış hüququnun həyata keçirilməsinə və qanuni mənafeyimə zidd hərəkət etmişdir. Cavabdeh1 və onun həyat yoldaşı Preston Robert eyni zamanda Mənzil Məcəlləsinin 15-ci Maddəsinin (Yaşayış sahəsindən istifadə) tələblərinə zidd olaraq həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir prinsipinə zidd olaraq bizim yaşayış sahəsindən istifadə hüquqlarımızı məhdudlaşdırmışdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkyyət hüququnun və əmlakının Cavabdeh1 və onun həyat yoldaşı Preston Robert tərəfindən zədələnməsi ilə əlaqədar ona maddi zərər dəymişdir. Hal-hazırda 6 nəfər ailə üzvü ilə o, həyat yoldaşı, 2 oğlu, 84 yaşlı atası və anası ilə bərabər onun mənzilində yaşayışın mümkün olmadığından çıxılmaz vəziyyətdə qalmışlar. Nərimanov Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 116 saylı evin 218 saylı mənzilə su sızması nəticəsində dəymiş zərərin əvəzi olaraq 7894 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 200 manat məbləğində pulun Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət olunmuşdur. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini bir sıra digər dəlillərlə yanaşı, məhkəmə iclaslarında iştirakının təmin edilmədiyi və ekspertin ona məxsus mənzili ümumiyyətlə gəlmədiyi arqumentləri ilə əsaslandırmışdır. Apellyasiya baxışı zamanı iddiaçı nümayəndəsi-vəkili şikayəti müdafiə edərək qətnamənin ləğv, iddianın tam təmin olunmasını xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış cavabdeh səbəbini bildirmədən məhkəməyə gəlməmiş, buna görə də kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki apelyasiya baxışında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinin məzmunlarına uyğun izahatlar verərək birinci instansiya məhkəməsi tərəfindən iş üzrə keçirilmiş ekspert rəyi ilə razı olmadıqlarını, ekspertiza keçirilən vaxt onlara məlumat verilmədiyini, mənzillərinə baxış keçirilmədiyi bildirmişlər. Eyni zamanda qeyd etmişlər ki, uzun müddətdir ki, Azərsu tərəfindən sayğac qoymaq üçün evin hamam otağında olan borunun ağzına tıxac (probka) vurulmuşdur. Həmin tıxac atdığı üçün aşağı mənzilə su sızmışdır. 15 il ərzində tıxacın çıxarılması barədə "xxxx" ASC-yə müraciət etməmişlər. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunan hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunmuş hallarına əsasən ünvan 3 ünvandakı 224 saylı mənzil isə cavabdehə məxsusdur; iddiaçı cavabdehin mənzilindən onun mənzilinə su axıdılması nəticəsində ziyana məruz qaldığını iddia etmiş, cavabdeh isə iddianın əsassız olduğunu bildirmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən tikinti-texniki ekspertizası təyin olunmuş, ekspertin 10 sentyabr 2020-ci il tarixli, 924 №-li ekspert rəyi ilə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 116 saylı evin, 218 saylı mənzilin döşəməsində, tavan və divarlarındakı su sızma ləkələrini, eləcə də mülki iş materiallarında olan 53 saylı MKİS-in əməkdaşları tərəfindən 218 saylı mənzilə baxış keçirmiş və bu barədə xx.xx.2019-cu il tarixli aktın məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 116 saylı evin. 218 saylı mənzilinə yuxarı mərtəbədəki 224 saylı mənzildən suyun sızması müəyyən olunur. Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 116 saylı evin, 218 saylı mənzilinin tikililərində su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 6564.0 manat məbləğində olduğu müəyyən edilmişdir. Həmçinin, birinci instansiya məhkəməsinin baxışı zamanı məhkəmə əmtəəşünaslıq ekspertizası təyin olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 mart 2021-ci il tarixli, 9/5353 №-li ekspert rəyi ilə ekspert baxışına təqdim edilmiş qismən yararsız vəziyyətə düşmüş əşyaların təmir-bərpa xərci və tamamilə yayarsız vəziyyətə düşmüş əşyaların istifadədə olması nəzərə alınmaqla zədələnməmişdən əvvəl təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə orta bazar qiyməti təxminən 1330,0 manat müəyyən olunmuşdur. Apellyasiya instansiya məhkəmə baxışında mübahisənin mahiyyəti üzrə düzgün həll olunması üçün iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş xx.xx.2021-ci il tarixli ******* nömrəli rəyində göstərilmişdir ki, qərardadın birinci sualı üzrə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 116 saylı evin, 218 saylı mənzilin döşəməsində, tavan və divarlarındakı su sızma ləkələrini, eləcə də mülki iş materiallarında olan 53 saylı MKİS-in əməkdaşları tərəfindən 218 saylı mənzilə baxış keçirmiş və bu barədə xx.xx.2019-cu il tarixli aktın məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 116 saylı evin, 218 saylı mənzilinə yuxarı mərtəbədəki 224 saylı mənzildən suyun sızması müəyyən olunur. Qeyd olunur ki, baxış keçirilən zamanı iş üzrə cavabdeh tərəfindən bildirilmişdir ki, ümümi su xəttindən mənzilə keçən (mənzilin daxilində yərləşən su kranında) su borusunda əmələ gəlmiş nasazlıq nəticəsində iddiaçının mənzilinə su sızmışdır. Qərardadın ikinci sualı üzrə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 116 saylı evin, 218 saylı mənzilinin tikililərində su sızma naticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 6564,0 manat məbləğində olduğu müəyyən edilir. Rəyə tədqiq olunan mənzildə aparılmalı təmir-bərpa işlərinin dəyərinin müəyyən olunmasına dair smeta əlavə olunur. Bundan başqa Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 may 2022-ci il tarixli, 9/2000 №-li ekspert rəyində göstərilmişdir ki, ekspert baxışına təqdim edilmiş qismən yararsız vəziyyətə düşmüş əşyaların təmir-bərpa xərci və tamamilə yayarsız vəziyyətə düşmüş əşyaların istifadədə olması nəzərə alınmaqla zədələnməmişdən əvvəl təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə orta bazar qiyməti təxminən 1330,0 manat müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1111.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Belə ki, yuxarıda qeyd olunduğu kimi, işə birinci instansiya məhkəməsində baxılarkən alınmış ekspert rəyi ilə iddiaçının mənzilinə suyun cavabdehin mənzilindən axdığı müəyyən edilmiş, apellyasiya baxışı zamanı alınmış ekspert rəyi ilə də bu fakt təsdiq olunmuşdur. Əslində bu fakt (suyun cavabdehin mənzilindən iddiaçının mənzilə axması) cavabdeh tərəfindən də təsdiqlənmışdır, lakin cavabdeh bu halın onun təqsiri ucbatından baş vermədiyini bildirmiş və qeyd etmişdir ki, uzun müddətdir (təxmini 15 il) ki, Azərsu tərəfindən sayğac qoymaq üçün evin hamam otağında olan borunun ağzına tıxac (probka) vurulmuşdur. Həmin tıxac atdığı üçün aşağı mənzilə su sızmışdır. Məhkəmə kollegiyası cavabdehin ona məxsus mənzildən iddiaçının mənzilinə su axıdılmasını mübahisələndirmədiyini də nəzərə alaraq sözügedən mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyəti məhz onun daşıması barədə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəldiyini vurğulayır və bununla bağlı əlavə araşdırma aparmayaraq özünün bu mövqeyini prosessual qənaət prinsipi ilə izah edir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, iş materiallarında olan MKİS aktında iddiaçının mənzilinə suyun cavabdehin mənzilindən sızdığı göstərilmiş, ekspert də bu halı müəyyən etmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, cavabdeh özü də əvvəlki apelyasiya baxışı zamanı həmin halın mövcudluğunu etiraf etmiş, lakin təqsirinin olmadığını bildirmişdir. Halbuki, əgər cavabdehin mənzilində su axıntısı (özünün bildirdiyi ki su tıxacının atması) baş vermişdirsə, bu axıntının da məsuliyyətinin məhz cavabdehin daşıması ağlabatan mühakimə əsasında daha qəbulediləndir və bunun əksi nəticəyə gəlmək üçün işdə hər hansı sübut mövcud deyildir. Kollegiya hesab edir ki, ekspertin sözügedən rəyi işin digər materialları ilə birgə qiymətləndirildiyində və iddiaçının mənzilinə su sızmasının mənbəyinin məhz cavabdehin mənzilində olduğunun müəyyən edildiyi nəzərə alındığında, bunun mümkün ola biləcək səbəbləri kimi göstərilmiş bütün hallara görə məhz cavabdehin məsuliyyət daşıdığı qənaətinə gəlinməsi normaldır və bu zaman konkret səbəbin hansı olduğu əhəmiyyətli deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının mənzilinə su sızmasının onun təqsiri olmadan baş verdiyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür, lakin onun bununla əlaqədar irəli sürdüyü mülahizələr heç bir mötəbər sübuta əsaslanmamışdır. Kollegiya apellyatorun məhkəmə iclasında iştirakının təmin edilməməsi arqumentini də əsassız hesab edir; belə ki, iş materiallarından onun məhkəmə tərəfindən lazımi qaydada məlumatlandırıldığı aydın olur və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumu isə apellyatorun özünə aid olunmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının ümumi məbləği olan 200 manat Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, iddiaçının müvafiq tələbinin olub-olmamasına bağlı deyildir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-83/2021 saylı, 30 aprel 2021ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul Cavabdeh2 tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X3, Kod 210005, VÖEN **********, M/h- AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22) keçirilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar