Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3461/2022 12.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-329/2022 saylı, 15 fevral 2022-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 55350(əlli beş min üç yüz əlli) manat və ödənilmiş 30(otuz) manat dövlət rüsumu əvəzi alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbində göstərir ki, o, 2018-ci ildən ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh 70000 manat dəyərində qızıl əşyalar satmış, cavabdeh ona hissə-hissə 12600 manat ödəmiş, 600 manatı o, cavabdehə hörmət etmiş, 2400 manatı bağışlamış, qalan 55350 manatı dəfələrlə tələb etsə də cavabdeh həmin məbləği ona qaytarmaqdan imtina etmişdir. Cavabdeh hər dəfə ondan qızılları aldıqdan sonra ona yazaraq öz imzası ilə təsdiq etdiyi aldığı qızılların dəyərinə dair qəbzlər vermişdir. Həmin qəbzlərdə cavabdeh borclu olduğu pulun faiz olmadığını da yazmışdır. Leylanın başqalarına da borcu olduğundan ondan aldığı qızılları borclarının qaytarılmasına sərf etmişdir. Leyla ondan faizə pul istədiyindən o, faizə pul vermədiyi üçün qəbzlərdəki pulun faiz olmamasını qeyd etməsini Leylaya demiş, Leyla da həmin sözü qəbzlərdə yazmışdır. Cavabdehin ondan qızıl alması və pulunu ödəyəcəyinə dair öhdəlik götürməsi ilə bağlı səs yazıları da vardır. Cavabdeh aldığı qızılların dəyərini və yaxud özünü qaytarmaqdan müxtəlif bəhanələrlə imtina etdiyindən o, pul tələbinə dair məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Leylanın qəbzləri məcbur olub yazması barədə dedikləri həqiqət deyil. Belə ki, Leylanı hər hansı bir hərəkəti etməyə məcbur etmək mümkün deyildir. Satılan qızıllar barədə məlumatları, birkaları, birkalarda qeyd olunan məlumatları qızıllarla birlikdə Leylaya verdiyindən hal-hazırda o, bütün sübutları təqdim etmək imkanında deyildir. O, bəzi qızılların şəkillərini məhkəməyə təqdim etmişdir, həmin şəkillərdə Leyla öz əlində aldığı üzüyü nümayiş etdirir. Həmin qızılları o, Moskva Univermağında işləyən müxtəlif tanışlarından nisyə alıb qazanc əldə etmək üçün Leylaya satmışdır. Ona görə də Cavabdeh 55350 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh tam fəaliyyət qabiliyyəti olmaqla kifayət qədər həyat təcrübəsi, savadı olan qadındır. Ona təzyiq nəticəsində iddiaçı tərəfindən bu sayda qəbz yazdırılması, 1500 manat borca görə 55350 manat borc hesablanması mümkün deyildir. Cavabdeh əvvəl qəbzləri yazmasını, daha sonra yazmadığını bildirsə də, iş üzrə keçirilən ekspertiza tədqiqatı ilə qəbzlərin onun tərəfindən yazılması öz təsdiqini tapmışdır. Yazdığı və imzaladığı qəbzlərdə cavabdeh aldığı qızıla görə iddiaçıya pul borcunun olmasını aydın ifadə etmişdir. Cavabdeh isə iddia ərizəsini qəbul etməyərək bildirmişdir ki, o, 2016-cı ildən İddiaçı ilə tanış olmuş, iddiaçı ona 2016-cı ildə faizlə 1500 manat borc vermişdir. Daha sonra İddiaçı ona borcun faizlə birlikdə 3000 manat olmasını demişdir. Bundan sonra İddiaçı təklifi ilə o, 1500 manat borcunu kombi krediti ilə ödəmişdir. Yəni öz adına kreditə kombi alıb Svetlanaya verib borcunu ödəmişdir. Hər dəfə Svetlana ona qalan 1500 manat borca görə müxtəlif illərə dair qəbzlər yazdırmış, pulu ödəmədiyinə görə onu şantaj etmiş, polisdə qohumlarının işləməsini deyib qəbz yazmasa, onu şərləyəcəyini demişdir. Onun aldığı borca Svetlana aylıq 20% hesablamışdır. O, ailəsinin biləcəyi üçün qorxub hər dəfə qəbz yazıb Svetlanaya vermişdir. Svetlana ona qızıl satmamış, o, Svetlanadan qızıl almamışdır. O, Svetlanadan qızıl almış olsaydı, iddiaçı iddia etdiyi qızılların qəbzlərini, şəkilərini, əyarlarını, qramını təsdiq edən sübutları məhkəməyə təqdim edərdi. 2020-ci il mart ayından sonra o, qəbz yazmadığı üçün Svetlana onun evində olan güldanı götürmüşdür. Onun Svetlanaya borcu olmadığından, Svetlanadan qızıl almadığından, qəbzləri məcbur qalıb yazdığından iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi qəbzlər sübut növü olaraq qəbul edilə bilməz. Belə ki, həmin qəbzlərdə iddiaçının cavabdehə qızıl satmasını təsdiq edən heç bir məlumat qeyd edilməmiş, satılan qızılların adı, əyyarı, qramı göstərilməmişdir. Qəbzlərdə imza yoxdur, qəbzlərdə düzəlişlər edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-329/2022 saylı, 15 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh qızılın dəyərinə görə 41200 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 41230 manatın İddiaçı xeyrinə tutulması; Cavabdeh ekspertiza tədqiqatının dəyərinə görə 124 manatın dövlət nəfinə tutulması və iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin olunmaması hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində göstərir ki, Cavabdeh öz şəxsi xətti ilə yazdığı qəbz onun iradə ifadəsidir. Həmin imzanın ona məxsus olması ekspert səviyyəsində müəyyən olunmuşdur. Bu isə o deməkdir ki, Cavabdeh öz iradəsini şəxsi xətti ilə yazdığı qəbzdə elan etmiş və bu iradə ifadəsinin şəxsən cavabdehdən gəlməsi müəyyən edilmişdir. Sadəcə imzanın olmamasını əsas götürüb bağlanmış əqdin əsassız hesab edilməsi qanunvericiliyin tələbi baxımından və Konstitusiya Məhkəməsinin formalaşdırdığı vahid məhkəmə təcrübəsinə uyğun deyil. İşin halları ondan ibarət olub ki, iddiaçı cavabdehə qızıl-zinət əşyalarını verib ona görə ki, cavabdeh satıb gəlir əldə etsin və iddiaçının pulunu versin. Onlar arasında bu razılaşmanın təminatı kimi cavabdeh hər dəfə qızıl əşyaları götürərkən qəbz yazıb iddiaçıya olan borcunu sadə yazılı müqavilə formasında bağlamış, lakin bəzi qəbzlər olmuşdur ki, həmin qəbzlərdə cavabdeh borc alması və məbləği barədə öz iradə ifadəsini şəxsi xətti ilə göstərsə də, imza çəkməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin bütünlüklə rədd olunmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini bununla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. İddiaçı pul tələbinə sübut kimi heç bir əsası olmayan və dəftər vərəqində qeyd edilmiş hansısa qızıl götürülməsi sözündən ibarət, ümumilikdə özündə 49.600 (qırx doqquz min altı yüz) manat pul vəsaitini cəmləyən uydurma borcun etirafı adı altında verilmiş və özü tərəfindən tərtib edilmiş “borc müqaviləsi” adlandırdığı kağız vərəqləri göstərmişdir. Qeyd edilən vərəqlər ümumilikdə 21 vərəqdən ibarətdir. Bütün vərəqlərdə hansısa mənbəyi, mənşəyi, əyyarı, çəkisi, əlamətləri qeyd edilməyən, qeyri-müəyyən və hansı məqsədlə götürülməsi qeyd edilməyən qızıldan bəhs edilir. Hansı ki, həmin vərəqlərdə əgər həqiqətən hansısa qızıl satışı həyata keçirilibsə (iddiaçı tərəfdən cavabdehə) müqabilində borcun yaranması, hər hansı bir pul vəsaitinin cavabdeh tərəfindən iddiaçıya qaytarılması nəzərdə tutulmamış, mülki qanunvericiliyin tələblərinə uyğun şəkildə nə alqı-satqı müqaviləsi, nə də borc müqaviləsi tərtib edilməmişdir. Tərəflər arasında heç bir borc münasibəti yaranmamışdır. Bundan əlavə, sözügedən vərəqlər yalan və uydurma əqdlərdir. İddiaçı tərəfdən cavabdehə verilmiş 3000 (üç min) manat pul vəsaitini dəyəri 2000 (iki min) manat olan kombi və digər ödənişləri tam şəkildə almasına baxmayaraq müxtəlif hədə-qorxu və yalanlarla sözügedən vərəqləri tərtib etmiş, uydurma əqd formalaşdırmışdır. Sözügedən dəftər vərəqində qeyd edilmiş hansısa qızıl götürülməsi sözündən ibarət, ümumilikdə 49.600 (qırx doqquz min altı yüz) manat pul vəsaitini cəmləyən, uydurma borcun etirafı adı altında verilmiş və özü tərəfindən tərtib edilmiş “borc müqaviləsi” adlandırdığı kağız vərəqləri etibarsız sayılmalı olduğu halda, məhkəmə tərəfindən mötəbər sübut qismində dəyərləndirilmişdir. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Birinci instansiya məhkəməsində icraat: Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı; Mülki Məcəllənin 567, 600.1, 600.5, 385.1, 425.1, 442-ci; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1-ci maddələrinə istinad edərək qənaətini bununla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin 29.12.2021-ci il tarixli 4/1649-9/8274 saylı rəyindən müəyyən olunur ki, müqayisəedici tədqiqat zamanı müəyyən edilmiş uyğunluqlar sabit və dəyərli olub, elə fərdi (təkrarolunmaz) məcmular təşkil edirlər ki, bu da tədqiq olunan yazıların və imzaların Cavabdeh tərəfindən icra olunması fikrinə gəlmək üçün kifayət qədər əsas verir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, tərəflər arasında qızıl-zinət əşyalarının alqı-satqısına dair razılıq olmuş, iddiaçının cavabdehə 2018-2020-ci illərdə satdığı qızıl əşyalarına görə cavabdeh qəbzlər yazıb iddiaçıya vermişdir. Məhkəmə iclasında cavabdeh qəbzləri iddiaçının təzyiqi ilə yazdığını, iddiaçıdan qızıl almadığını, iddiaçıdan borc aldığını, iddiaçının tələb etdiyi pul vəsaiti alınmış borca görə hesablanan faiz olmasını bildirsə də, etirazında istinad etdiyi bu halları təsdiq edə biləcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə cavabdehin vəsatəti əsasında dindirilən şahid Z.M.Əhmədovanın ifadəsinə münasibət bildirib qeyd edir ki, şahid ifadəsində cavabdehin iddiaçıdan borc almasını bildirsə də, cavabdeh tərəfindən qəbzlər yazılmadığı halda iddiaçının borc verməyəcəyini qeyd etməklə əslində öz ifadəsində və cavabdehin izahatında qeyd olunan tərəflər arasında borc münasibətlərinin mövcüd olmasını inkar etmişdir. Belə ki, bir dəfə alınan borca görə cavabdehin 2018-ci ildən 2020-ci ilədək 22 ədəd qəbz yazmasına ehtiyac yox idi. Bundan başqa cavabdeh yazaraq imzaladığı hər bir qəbzdə dəyərini qeyd etməklə iddiaçıdan məhz qızıl almasını etiraf etmiş, hər bir qəbzdə qeyd olunan pul vəsaitinin faiz olmadığını öz xətti ilə qeyd etmişdir. Həmin qəbzlərdə alınan qızılın fərdi xüsusiyyətlərinin qeyd edilməməsi isə cavabdehi öhdəliyini icra etməkdən azad edən hall ola bilməz. Belə ki, cavabdeh sadə yazılı formada tərtib etdiyi sənədlərdə öz iradə ifadəsini aydın qeyd edərək aldığı qızıl əşyalarının dəyərini göstərmişdir. Məhkəmə cavabdehin iddiaçıdan aldığı qızıla görə ödəmədiyi pul vəsaitinin məbləğini müəyyən edərkən hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən cavabdeh tərəfindən yazılan, lakin imzalanmayan qəbzlər üzrə tələb olunan pul vəsaitləri cavabdehdən iddiaçının xeyrinə tutula bilməz, belə ki, cavabdeh həmin qəbzlərdə qeyd olunan qızılları almasını imzası ilə təsdiq etməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, cavabdehin iddiaçıdan 41200 manat (2400 + 1600 + 1000 + 800 + 1500 + 2400 + 2600 + 2400 + 200 + 3800 + 4000 + 4000 + 4200 + 3000 + 3000 + 3000 + 1300 = 41200) dəyərində qızıl alması, lakin aldığı qızılın pulunu iddiaçıya ödəməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından iddia tələbi bu hissədə əsaslıdır, ona görə iddia ərizəsi qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə qızılın dəyərinə görə 41200 manat tutulmalı iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 60. hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1 və 600.5. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və Mülki Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 606.1-ci maddəsinə əsasən əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və(və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Cavabdehin apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi göstərilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi, iddiaçının apellyasiya şikayətinin obyektini də qətnamənin bir hissəsi, yəni iddianın təmin edilməyən hissəsi, (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətlərin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə qismən uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə sübutlarını təqdim etmişdir. Cavabdeh isə iddia tələbinə etiraz edir. Lakin iddia tələbinə etiraz edirsə etirazının əsası kimi istinad etdiyi halları cavabdeh sübut etməlidir. Çünki, həmin halları sübut etmək yükü artıq onun üzərinə düşür. Belə ki, cavabdeh iddiaçı ilə arasında qızıl-zinət əşyalarının nisyə alqısatqısı olmadığını bəyan edirsə bunu özü sübut etməlidir, lakin cavabdeh bu halları sübut edə bilmir. Bu fikirləri səsləndirmək hələ onların həqiqi olması demək deyildir. Göründüyü kimi, hazırki iş üzrə tərəflər, həmçinin analoji işlər üzrə işdə iştirak edən şəxslər öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri təsdiq edən müəyyən sübutları özlərində saxlayırlar. Bu cür nisyə alqı-satqı müqavilələri bağlayan zaman da könüllü olaraq müqavilənin şərtləri ilə razılaşırlar. Lakin sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi ilə əlaqədar bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Bu cür vəziyyətlərdə tərəflərdən biri şifahi qaydada bağladıqları nisyə alqı-satqı müqaviləsinə və iddianın əsasını təsdiq edən sübutlara əsasən digər tərəfdən pul tələb etdiyi halda digər tərəf isə buna etiraz edərək qarşı tərəfə hər hansı bir məbləğdə borcunun qalmadığını yaxud hazırki işdə olduğu kimi qızıl-zinət əşyalarını almadığını bəyan edir. Belə vəziyyətdə isə mübahisənin ədalətli həlli və həqiqətin müəyyən edilməsi məqsədilə məhkəmə tərəflər arasında yaranmış mülki hüquq münasibətləri üzrə sübut edilməli hallarla bağlı sübutetmə yükünün tərəflərdən hansının üzərinə düşməsini müəyyən etməklə düzgün nəticəyə gəlməlidir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayəti üzrə qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə də məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflərin əvvəlki münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Bu mənada hazırki iş üzrə tərəflər arasında həqiqətən qızıl-zinət əşyalarının nisyə alqı-satqı müqaviləsi bağlansa da cavabdeh iddiaçının ona qızıl satmadığını, özünün də iddiaçıdan qızıl almadığını, 1500 manat borc aldığını, borcunu da kombi krediti ilə ödədiyini, qeyd olunan qəbzlərin hədə-qorxu nəticəsində tərtib edildiyini bəyan edir. İstisna etmək olmaz ki, iddiaçı cavabdehi nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə ittiham edərək hüquq-mühafizə orqanlarına şikayət edəcəyini bildirsin. Yəni, cavabdeh həqiqətən də iddiaçıdan hansısa əmlakı(qızıl-zinət əşyasını) almamışdırsa və ya ona borcu qalmamışdırsa, onda niyə və nədən qorxmalı idi ki, bunun da nəticəsi olaraq məcburən 22 adda qəbz yazaraq iddiaçıya qızıl-zinət əşyalarına görə borcu olduğunu etiraf etmiş olsun. İddiaçının hansı hədələri (əslində aldığın qızıl-zinət əşyalarının dəyərini ödəməsən səni tutduracam, cinayət məsuliyyətinə cəlb etdirəcəm. və.s kimi ifadələr həqiqi olsa belə bunlar real hədə kimi qiymətləndirilə bilməz və heç bir halda iradəni zədələyən faktlar kimi qəbul oluna bilməz ) cavabdehi qoxuda bilərdi? Bu ritorik sual olsa da cavabdeh hazırki iddiaya etirazında və apellyasiya şikayətində göstərdiklərinə cavab verməyə hazır olmalı idi. Ancaq cavabdeh nəinki buna hazır olmuş, əslində iddiaçının hədəsi nəticəsində bu qəbzləri yazıb imzaladığını deməklə, iddiaya etirazının da real və tutarlı arqumentlərə söykənmədiyini biruzə vermiş olur. Ona görə də iddiaçının bu cür sözləri istifadə etmiş olması belə onların hədə, təhdid, təzyiq olması və qorxu yaratması ağlabatan olmamaqla yanaşı, cavabdehin iradəsini zədələməsi də qətiyyən inandırıcı və ağlabatan deyildir. Cavabdehin bu qəbzləri hədəqorxu nəticəsində yazdığını sübut etmək vəzifəsi, artıq onun üzərinə düşsə də, o, bu halı sübuta yetirə bilməmişdir. Cavabdehin bu barədə şikayətinin dəlilləri isə iş materiallarında olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, belə bir sübut da onun tərəfindən təqdim edilməmişdir. Demək, tərəflər arasında qızıl-zinət əşyalarının dəyəri yaxud alqı-satqı qiyməti barədə əvvəlcədən razılaşmaları olmuşdur. Əks halda cavabdeh yazdığı qəbzlərdə iddiaçıya başqa bir məbləğdə, məsələn daha az məbləğdə borcunun qaldığını etiraf edərdi. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayəti ilə bağlı qeyd edir ki, bu şikayətdə göstərilən dəlillər də qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi və iddianın həmin hissədə də təmin olunması üçün əsas ola bilməz. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 avqust 2020-ci il tarixli qərarına əsasən Mülki Məcəllənin 407.2-ci maddəsinin “sadə yazılı müvafiq qaydada imzalandığı andan bağlanmış sayılır” müddəasının “müvafiq qaydada imzalanma” tələbi tərəflərin onu şəxsən, mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimelisindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə imzalanmasını nəzərdə tutur. Ancaq iddianın təmin edilməyən hissəsi üzrə cavabdehin yazdığı qəbzlər hər hansı imza formasından istifadə edilməklə imzalanmamışdır. Eyni zamanda xəttin, o cümlədən cavabdehin şəxsi xəttinin imza növü kimi qəbul edilməsinin mümkünlüyü qeyd olunan qərarda müəyyən edilməmişdir. Ona görə də bu hissədə birinci instansiya məhkəməsi tərəfindən hansısa maddi hüquq normasının tələbləri yaxud Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarının məcburiliyi pozulmamışdır. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 329/2022 saylı, 15 fevral 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı və Cavabdeh apellyasiya şikayətləri təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-329/2022 saylı, 15 fevral 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətləri ilə bağlı ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3461/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3461/2022
12.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver