Məhkəmə qərarları › İş №2(103)-3469/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3469/2023

22.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3469/2023 22.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: təhqiqat, istintaq və ya məhkəmə orqanının səhvi, qanunsuz həbsdə saxlanılma ilə bağlı vurulmuş ziyanın ödənilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı 2004-cü ilin oktyabr ayında Bərdə rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, xx.xx.2004-cü il tarixdə N saylı hərbi hissənin siyahısına daxil edilmiş, xx.xx.2006-cı il tarixdə Azərbaycan Silahlı Qüvvələrindən ehtiyata buraxılmış (tərxis olunmuş), xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixinədək N saylı hərbi hissədə manqa komandiri, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixinədək N saylı hərbi hissədə manqa komandiri, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək sərəncamda, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətdən artıq hərbi xidmət qulluqçusu (MAHXQ) kimi xidmət etmiş, xx.xx.2018-ci il tarixdə Silahlı Qüvvələrdən tərxis olunmuşdur.

2. İddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak etmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2718 saylı Sərəncamı əsasında “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

3. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun HP-02/1095 saylı xx.xx.2018-ci il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunda istintaq olunan ********* №-li cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 274-cü maddəsi ilə təqsirləndirilən şəxs, N nömrəli hərbi hissənin qərargahtəchizat bölüyünün təmir tağımında manqa komandiri vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, əsgər İddiaçı barəsində cinayət təqibi aparılan əməlləri törətməsi sübuta yetirilmədiyindən barəsində aparılan cinayət təqibinə xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən xitam verilmiş və o, Azərbaycan Respublikası CPM-nin 162.2 maddəsinə əsasən həmin tarixdə həbsdən azad edilmişdir.

4. Azərbaycan Respublikası Tərtər Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli 916 №-li məktubunda göstərilmişdir ki, Tərtər Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə İddiaçı barəsində həbsdə saxlama müddətinin əvvəli xx.xx.2017-ci il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.

5. "xxxx" ASC-nin Bərdə rayon filialından təqdim edilmiş çıxarışda əks olunan məlumata görə, 2017-ci ilin mart-aprel ayında İddiaçı maaş kartına 697,70 manat, 2017-ci ilin may ayında 160,53 manat köçürülmüşdür.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

6. İddiaçı (iddiaçı) Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, maddi ziyana görə 7700 manatın, mənəvi zərərə görə 100 000 manatın cavabdeh vasitəsilə Dövlət büdcəsi vəsaiti hesabına ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx xxxxxx 1986-cı il tarixində Bərdə rayonunun Cəyirli kəndində anadan olmuş, 2004-2006-cu illərdə Qazax rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə müddətli hərbi xidmət keçmiş, 2017-ci ilin yanvar ayından etibarən öz müraciəti əsasında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq Müdafiə Nazirliyinin Tərtər rayonu ərazisində yerləşən N saylı hərbi hissəsində xidmət etməyə başlamışdır. Bir müddətdən sonra Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə keçirilmiş, 2020-ci ilin sentyabr ayında başlayan Vətən müharibəsində Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsi uğrunda döyüşlərdə fəal iştirak etmişdir. Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə "Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. 2017-ci ilin may ayında Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin qərargah-təhcizat bölüyünün təmir tağımında manqa komandiri vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətdə olarkən heç bir əsas olmadan hazırda “Tərtər işi” kimi tanınan iş çərçivəsində qanunsuz azadlıqdan məhrum etməyə, sorğu-suala və ağır işgəncələrə məruz qalmış, bu qanunsuz prosesin tərkib hissəsi kimi Azərbaycan Respublikası Hərbi Prokurorluğunda istintaq olunan ********* nömrəli cinayət işi üzrə 04 may 2017-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, sonradan ona Cinayət Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulmuş ittiham elan olunaraq təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Tərtər Hərbi Məhkəməsinin 09 may 2017-ci il qərarı ilə barəsində 4 av müddətinə (04 may 2017-ci ildən hesablanmaqla) həbs qətimkan tədbiri seçilmişdir. Sonrakı tarixlərdə həbs qətimkan tədbirinin müddəti iki dəfə uzadılmış, barəsində cinayət təqibi aparılan əməlləri törətməsi sübuta yetirilmədiyindən cinayət təqibinə xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən xitam verilmiş və Azərbaycan Respublikası CPM-nin 162.2-ci maddəsinə əsasən həmin tarixdə həbsdən azad edilmişdir. Əsassız ittihamlara məruz qalmış, 04 may 2017-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, sonradan təqsirləndirilən şəxs qismində cəlb olunmuş, barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs müddəti bir neçə dəfə artırılmış, həbsinin ilk 1 ayını ağır işgəncələrə məruz qalmış, həbsdən barəsində cinayət təqibinə bəraətverici əsaslarla xitam verilərək 15 mart 2018-ci il tarixdə buraxılmışdır. Bununla da cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində ona ağır maddi və mənəvi zərər vurulmuşdur. Cinayət məsuliyyətinə cəlb edilərkən və barəsində həbs qətimkan tədbiri seçilərkən, yəni 2017-ci ilin may ayında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət etmiş, cinayət məsuliyyətinə cəlb edilməzdən öncə sonuncu dəfə aylıq əmək haqqını tam həcmdə 2017-ci ilin aprel ayında almışdır. "xxxx" ASC-nin Bərdə rayon filialından təqdim edilmiş çıxarışdan görünür ki, onun həmin dövrdə orta aylıq əmək haqqı məbləği 700 (yeddi yüz) manat təşkil etmişdir. Cinayət məsuliyyətinə cəlb edildiyindən 2017-ci may ayından 2018-ci ilin aprel ayına qədər, yəni xx.xx.2018-ci il tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmətə çıxana qədər 11 (on bir) ay - may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr 2017-ci il və yanvar, fevral, mart 2018-ci il tarixləri ərzində faktiki aylıq qazancından məhrum edilmişdir. Bu isə 7700 (yeddi min yeddi yüz) manat edir (700x11=7700). Ona vurulmuş mənəvi zərəri isə 100 000 manat məbləğində qiymətləndirir.

8. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi məhkəməyə iddia ərizəsinə etiraz ünvanlamış, etirazında aşağıdakıları göstərmişdir: “İddiaçı iddia ərizəsində maddi ziyana görə 7700 manat, mənəvi ziyana görə 100 000 manat, cəmi 107 700 manat məbləğində vəsaitin ona ödənilməsini tələb etmişdir. ilk növbədə bildiririk ki, iddiaçı “Tərtər işi” kimi tanınan iş çərçivəsində qanunsuz olaraq azadlıqdan məhrum etmə cəzasına məruz qalmış və 15 mart 2018-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən onun barəsində cinayət işinə xitam verilmişdir. 2021-ci ilin sonunda Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən “Tərtər işi” üzrə cinayət işinin istintaqı təzələnmişdir, bu baxımdan hal-hazırkı iş üzrə yekun qərarın öyrənilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası (konkret dövlət büdcəsi nəzərdə tutulmamışdır) qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Mülki Məcəllənin 1114.3-cü maddəsinə əsasən isə təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanlarının vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır. Bu baxımdan, iddia tələbi dövlət büdcəsinə yönəldiyindən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən edilməsi və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktların məhkəmə qərarında göstərilməsi barədə qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxsin, eləcə də Hərbi Prokurorluğun məhkəmə prosessinə cəlb olunması məqsədəmüvafiqdir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən mənəvi ziyan dedikdə şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr başa düşülür. Qüvvədə olan qanunvericiliyə əsasən şəxsə vurulmuş mənəvi ziyan dedikdə, vətəndaşın fiziki və mənəvi iztirabları, onun şərəf və ləyaqətinin ləkələnməsi, ona böhtan atılması, ictimaiyyət arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayılması, habelə mənəviyyatına, əxlaq normalarına, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 8 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan Qərarına əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bundan başqa, maddi və mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir, (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. İndiki halda isə iddiaçı tələb etdiyi mənəvi zərərin miqdarını heç bir meyara söykənmədən şəxsi istəyi ilə müəyyən etmişdir ki, bu da ağlabatan deyildir. Bu baxımdan onun faktlara və sübutlara deyil şəxsi mülahizələrinə söykənən bu iddiası təmin edilə bilməz. Bununla yanaşı iddia ərizəsində iddaçı bildirmişdir ki, onun barəsində cinayət işi başlayana qədər o. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmuş və əmək haqqısı 700 manat təşkil etmişdir. Sözügedən məsələ əmək mübahisəsi olduğundan qeyd olunan məsələ işçi (hərbi qulluqçu) və işəgötürən (müvafiq hərbi hissə) arasında tənzimlənməlidir.

9. Birinci instansiya məhkəməsinin 16 mart 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 20 000 (iyirmi min) manatın, maddi ziyana görə 7700 manatın İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

10. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində həbs qətimkan tədbiri seçilməsi, iddia ərizəsində qeyd etdiyi kifayət qədər uzun müddət ərzində əsassız yerə həbsdə saxlanılması ilə bağlı işindən bir neçə ay ərzində kənarda qalması və s. doğrudur, qeyd edilən hallarla bağlı ona həm mənəvi, həmçinin işsiz qaldığı dövr ərzində hər ay aldığı əmək haqqı miqdarında maddi ziyan vurulmuşdur.

11. Məhkəmə vurğulamışdır ki, iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 20 000 manat müəyyən edərkən bütün diqqətəlayiq məqamları nəzərə alır.

12. İddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd etmişdir ki, təqdim edilmiş sənədlərə əsasən iddiaçı öncələr əmək fəaliyyəti ilə məşğul olarkən aylıq əmək haqqı 700 manat olmuşdur və 11 ay ərzində gəlirindən məhrum olması nəzərə alındıqda, iddiaçıya vurulmuş maddi ziyan 7700 manat təşkil edir.

13. Gəldiyi nəticənin hüquqi əsaslandırması üçün məhkəmə, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” 29 dekabr 1998-ci il tarixli Qanunun 4-cü, 5-ci, 6-cı, 7-ci, 12-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı, 1010-cü, 1101.1-ci, 1101.2-ci, Cinayət Prosessual Məcəllənin 56-cı, 57.1-ci, 58.1-ci, 58.2-ci maddələrinə, Avropa Məhkəməsinin “Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydalar”a, Avropa Məhkəməsinin qərarlarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına istinad etmişdir.

14. Qətnamədən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələblərinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin iddiaçının heç bir sübut təqdim etmədiyini nəzərə almadığı, həbs olunarkən iddiaçının işləyib-işləmədiyini, eləcə də onun 11 ay həbsdə qalıb-qalmadığını aydınlaşdırmadığı, ümumi ifadələrə əsaslanaraq ona mənəvi ziyanın ödənilməli olması nəticəsinə gəldiyi, ziyanın məbləğini müəyyənləşdirərkən Cinayət Prosessual Məcəllənin 190-cı maddəsinin tələbinə əhəmiyyət vermədiyi, iddiaçının xeyrinə ödənilməsinə qərar verdiyi məbləğin Dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirkar vəzifəli şəxsi müəyyən etmədiyi, bununla bağlı izah vermədiyi arqumentləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinə qarşı etiraz

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

16. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nümayəndəsini məhkəməyə göndərməmiş, məhkəmə iclasında iştirak edən iddiaçı isə iddia ərizəsinin məzmununa uyğun izahat verərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

17. Maddə 28. Hər kəsin azadlıq hüququ vardır.

18. Maddə 68.2. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

20. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

21. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.

“Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanun

22. Maddə 1. Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: 1) barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması; 2) barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8 və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması; 3) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsin barəsində cinayət təqibinə vaxtında xitam verilməməsi və cinayət təqibinin davam etdirilməsi; 4) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsdən buna razılıq alınmasına baxmayaraq, həmin şəxs barəsində cinayət təqibinin davam etdirilməsi; 5) şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması; 6) cinayət təqibi üzrə icraat zamanı şəxsin qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 176-cı və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalması; 7) şəxsin barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi; 8) şəxsin barəsində islah işləri, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir.

23. Maddə 4. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ: 1) bəraətverici hökm çıxarıldıqda; 2) cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda; 3) inzibati xəta haqqında işə xitam verildikdə yaranır.

24. Maddə 5. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.

25. Maddə 12. Bu Qanunun 5-ci maddəsinin 1-ci, 2-ci və 4-cü bəndlərində nəzərdə tutulmuş ziyanın məbləği qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin çıxarılmış qərarla razılaşmadığı hallarda, o, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həmin qərardan yuxarı məhkəməyə şikayət verə bilər. Fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi barədə işlər üzrə ziyan çəkmiş tərəf məhkəmə məsrəflərinin ödənilməsindən azad olunur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

33. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin olunmasına baxmayaraq iddiaçı qətnamədən şikayət verməmiş, cavabdehin nümayəndəsi isə qətnamənin qeyd olunan hissəsini mübahisələndirmişdir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

34. Kollegiya, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır.

35. Belə ki, qanunsuz məhkum edilməsi nəticəsində iddiaçı fəal ictimai həyat tərzindən məhrum olmuş, vətənə xəyanətdə ittiham olunaraq nüfuzuna xələl gəlmiş, azadlıq və digər bir sıra hüquqları məhdudlaşdırılmış, sağlamlığına zərər dəymişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında da izah edilmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

36. Bununla belə qeyd olunmalıdır ki, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir.

37. İşin hallarından aydın olur ki, iddiaçı xx.xx.2017-ci il tarixdə həbs olunmuş, barəsində cinayət təqibi aparılan əməlləri törətməsi sübuta yetirilmədiyindən cinayət təqibinə xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən xitam verilmiş və həmin tarixdə həbsdən azad edilmiş, beləliklə də 10 ay 11 gün gün həbsdə saxlanılmışdır.

38. Kollegiya hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərəri 20 000 (iyirmi min) manat həcmində müəyyənləşdirərkən birinci instansiya məhkəməsi haqlı olmuşdur və bununla bağlı apellyasiya şikayətinin dəlilləri əsaslı deyildir. Çünkü həmin məbləğ iddiaçının mənəvi iztirablarının ağlabatan və mütənasib əvəzi kimi qəbul edilə bilər.

39. Kollegiya birinci instansiya məhkəməsinin iddiaçının maddi ziyan tələbi üzrə gəldiyi nəticəni də əsaslı hesab edir; belə ki, məhkəmə maddi ziyanın məbləğini hesablayarkən iddiaçının həbs olunduğu dövrdə 700 manat əmək haqqı aldığını və həbsdən azad edildikdən sonra xx.xx.2018-ci il tarixdə N saylı hərbi hissədə MAHXQ kimi xidmətə başladığını əsas götürmüşdür.

40. Yuxarıda qeyd olunduğu kimi, həbsə alındığı tarixdə iddiaçının əmək haqqı 697,70 manat olmuşdur; həbsə alındığı tarixdən işə başladığı xx.xx.2018-ci il tarixinədək ötən müddət isə 11 ay 8 gün təşkil edir (697,70 x 11 ay 8 gün = 7861 manat).

41. Gəldiyi qənaətə uyğun olaraq kollegiya, Maliyyə Nazirliyinin apellyasiya şikayətinin digər dəlilləri üzrə əsaslandırma aparılmasına zərurət görmür və bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı dəlillər nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər.

42. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir.

43. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1172/2023 saylı iş üzrə 16 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar