Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3470/2022 10.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı1 nümayəndəsi İddiaçı2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(006)-5927/2021 saylı qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada onlara dəymiş mənəvi ziyana görə 150000 manat, maddi ziyana görə 150000 manat, həmin məbləğlərdən 200000 manatı Ulu Öndərin adını daşıyan “X13”, 50000 manatını Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “X2” və 50000 manatın onlara verilməsi barədə qətnamə, K.Xələfovun və digər vəzifəli şəxslərin əməllərində Azərbaycan CM-nin 178 (dələduzluq), 290 (təqsiri olmadığını bilə-bilə şəxsi cinayət məsuliyyətinə cəlb etmə), 292 (qanunsuz olaraq tutma, həbsə alma və ya həbs yerində saxlama), 294 (sübutları saxtalaşdırma), 295 (bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və qərar çıxarma), 296 (bilə-bilə yalan xəbərçilik etmə), 297 (bilə-bilə yalan ifadə vermə, yalan rəy vermə və ya yanlış tərcümə etmə), 308 (vəzifəli səlahiyyətlərindən sui-istifadə), 309 (vəzifə səlahiyyətlərini aşma), 313 (vəzifə saxtakarlığı) maddələrinin tərkibi mövcud olduğunundan xüsusi qərardad qəbul edilərək Respublika Baş Prokurorluğuna qanuni tədbir görülməsi üçün göndərilməsini məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının DİN-nin Daxili Qoşunlarının N saylı hərbi hissəsinin keçmiş komandiri X3 şər-böhtanla, hədə-qorxu ilə öz ailə problemini və keçmiş vəzifəli şəxslərin sifarişi əsasında DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin keçmiş əməkdaşları, Kərim Xələfovla əlbir olaraq, axırıncılar öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, vəzifə səlahiyyətlərini aşmaqla və vəzifə saxtakarlığı ilə bilə-bilə qanunsuz olaraq vətəndaşı həbs etdirərək ittiham aktının əsassız olaraq Baş Prokurorluqda təsdiq edilməsinə nail olmalarına baxmayaraq, İddiaçı1 barəsində 11 noyabr 2017-ci il tarixli Ali Məhkəmənin göstərişli qərarına əsasən Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2018-ci il tarixli qərarı ilə bəraət verilmiş və həmin qərar hal-hazırda qanuni qüvvəsini almışdır. İddiaçı1 2014-cü ildə Azərbaycan İqtisad Universitetinin Maliyyə fakultəsini əla başa vuraraq, həqiqi hərbi xidməti (DİN-nin Daxili Qoşunlarında) müvəffəqiyyətlə 2015-ci ildə başa vurmaqla, ATEF Şirkətlər Qrupunda təchizatçı vəzifəsində işləməyə başlamış, istintaq dövründə olduğu üçün işdən azad edilmiş və hal-hazırda heç yerdə işləmir. Bakı şəhəri Xətai rayon prokuroru Yusif İldırımzadənin 17 avqust 2015-ci il tarixli Azərbaycan Respublikasının CMnin 221.3-cü maddəsi ilə qanunsuz və Mirzə Fərəcovun şərlə-böhtanla İddiaçı1 qarşı başlanmış cinayət işi nəticəsində o, həm işlədiyi şirkətdə nüfuzdan düşməklə, gələcəyi heçə endirilərək və 18 aprel 2018-ci il tarixli bəraət hökmü qəbul edilərkən, onun yaşı 25-i ötmüş və onun polisə və digər hüquq-mühafizə orqanlarına işə düzəlmək arzusu puça endirilərək, yaş həddinə görə ona işə qəbuldan imtina edilmişdir. Uzun müddət istintaq dövrü Respublika Prokurorluğu mövqeyi qeyri-obyektiv, qanuna zidd olaraq DİN-in Baş İstintaq və Tədqiqat İdarəsinin rəis müavini Teymur Hacıyevin qanunsuz təqdimatı əsasında sifarişli cinayət işi yuxarıda qeyd edilən idarəyə götürülmüş, cinayət işi üzrə tam şəkildə saxtakarlığa yol verilərək, Respublika Prokurorunun birinci müavini ittihama imza etsə də, məhkəmə qərarlarından və nəhayət bəraət hökmündən Respublika prokurorluğunun protest verməməsi bir daha onu sübut etmişdir ki, cinayət işi DİN-in İstintaq İdarəsinin keçmiş rəhbərliyinin ona qarşı qərəzli mövqeyi açıq-aşkar büruzə verilməsi prokurorluğa cinayət işinin başlanma günündən məlum olmuşdur. Əsas səbəb ondan ibarət olmuşdur ki, İddiaçı1 uzun müddət DİN-də müstəntiq vəzifəsində çalışarkən “adam oğurluqları” ilə əlaqədar cinaət işinin istintaqının aparılması və cinayətkar qrupların ifşa edilməsi onun tərəfindən aşkarlanmışdır. Azərbaycan Respublikasının DİN-nin Baş İstintaq və Tədqiqat İdarəsinin keçmiş rəis müavini X4 31 avqust 2015-ci il tarixli qanunsuz vəsatəti əsasında cinayət işinin qeyd edilən idarəyə götürülməsinin əsas səbəbi ondan ibarətdir ki, saxta zərərçəkmişlə əlbir olaraq, onunla barışmaq adı altında, dələduzluq yolu ilə İddiaçı1 xeyli miqdarda müstəntiq Kərim Xələfovla pul vəsaiti almaq məqsədi olmuşdur və onlar müxtəlif üsullarla, yəni Azərbaycan Respublikasının Baş Prokurorluğunun əməkdaşı Kənan Əliyev 800 manat, Mirzə Fərəcov 16000 manat və Kərim Xələfov 7000 manat alınmasına nail olmuşlar. “Zərərçəkmiş” Fərəcov Mirzə özü Azərbaycan Respublikası CM-nin 127-ci maddəsi ilə cəlb edilərək, keçmiş həyat yoldaşının mütəmadi olaraq təqiblərə məruz qoyulması, 2008-ci ildən məhkəmələrdə və polis orqanlarında müxtəlif aspektli materialların olması bir daha cinayət işinin materiallarında tam şəkildə sübuta yetirilsə də, sadəcə olaraq zərərçəkmişi qondarma cinayət işi üzrə qəsdən saxta ifadə verməyə və hansısa yolla saxta rəy alınmasına və nəticədə İddiaçı1, yuxarıda qeyd etdiyi kimi xeyli miqdarda dələduzluq yolu ilə pul vəsaitinin alınması ona dəlalət edir ki, o,kimlər tərəfindənsə məcbur edilmişdir və bu fakt bəraət hökmündə öz əksini tam şəkildə tapmışdır. İstintaq dövrü yüzlərlə vəsatətlər və ərizələr verilərək Baş Prokurorluğun vəzifəli şəxslərinə cinayət işinin düzgün aparılmaması sübuta yetirilsə də, onlar tərəfindən 2015-ci ilin oktyabrından 2016-cı ilin mart ayınadək mənasız, cinayət-prosessual qanunvericiliyə uyğun olmayan vəsatətlərin rədd edilməsinə dair qərarlar qəbul edilməklə, bir daha DİNnin sifarişinin yerinə yetirilməsində fəal iştirak etmişlər. Cinayət işinin gedişində, yəni 20 fevral 2016-cı il tarixdə İddiaçı1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən bağ evi qəsdən yandırılaraq, illər boyu halal zəhməti ilə toplanmış əmlakını məhv etməklə bir daha İddiaçı1 sübut etmişlər ki, əgər dinc oturmasa bundan da pis olacaqdır. İndiyə qədər cinayət işi üzrə konkret şəxslər tərəfindən cinayətin törədilməsi sübuta yetirilsə də, cinayət işi qanunsuz olaraq dayandırılmışdır. 05 il müddət keçməsinə baxmayaraq, onun ailəsi DİN-nin yüksək rütbəli sahiblərinin girovuna çevrilərək, Fərəcov Mirzədən istifadə edilərək, onu təqib altında saxlayaraq, şantajla və böhtanla, hədə-qorxu ilə, onun ailəsi həbs edilmə ehtimalının yüksək olmasını göstərməklə qorxudan ailəsi müxtəlif xəstəliklərə tutularaq iflic vəziyyətə düşüb və ağır durumda yaşayır. Nəhayət böhtanın-şərin davam edilməsi Mirzə Fərəcov 05 il müddətindən sonra Binəqədi Rayon Polis İdarəsinə ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı1 onun sürücüsü olan zaman yəni beş il bundan öncə onun Bank Kartından 200 manat pul çıxarmış və həmin məbləği qeyri-rəsmi yaşadığı qadınlarla xərcləmişdir. Növbəti böhtan sübut olunmadığı üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində “rədd qərar”ı qəbul edilməsinə baxmayaraq, bu insanın siması gözqabağında olaraq bu günə qədər ondan ayrılmış, qaçmış qadınları qaytarmaq məqsədi ilə müxtəlif instansiyalara şərli ərizələr yazmaqda davam edir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının iclasında şahid qismində dindirilmiş ekspert X8 ifadəsindən məlum olmuşdur ki, o, nəinsə naminə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01 avqust 2014-cü il tarixli 269 nömrəli qərarı ilə təsdiq edilmiş “Ağır, az ağır və yüngül xəsarətlərin növlərinin siyahısının” təlimatını düzgün əməl etməyərək X9 barəsində 04 gün sonra saxta rəy verilməsi açıqaşkar məhkəmədə təsdiq edilmiş və digər dindirilmiş X5 həkimi X11 da ekspertin saxtakarlığa yol verməsini sənədlərlə və arayışla öz ifadəsində vurğulamışdır. İstintaq gedişində qanun pozuntularına Baş Prokurorluq tərəfindən göz yumulması və heç bir tədbir görülməməsi Xətai Rayon Məhkəməsinin 13 iyun 2016-cı il tarixli və Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 mart 2017-ci il tarixli hökmləri ilə tamamlanaraq qanunsuz və əsassız olaraq 08 ay islah işlərinə məhkum edilərək Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə xeyli miqdarda pul vəsaiti ödənilmişdir. Yuxarıda qeyd edilən vəzifəli şəxslərin əməllərində Azərbaycan Respublikası CM-nin 178 (dələduzluq), 290 (təqsiri olmadığını bilə-bilə şəxsi cinayət məsuliyyətinə cəlb etmə), 292 (qanunsuz olaraq tutma, həbsə alma və ya həbs yerində saxlama), 294 (sübutları saxtalaşdırma), 295 (bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və qərar çıxarma), 296 (bilə-bilə yalan xəbərçilik etmə), 297 (bilə-bilə yalan ifadə vermə, yalan rəy vermə və ya yanlış tərcimə etmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309 (vəzifə səlahiyyətlərini aşma), 313 (vəzifə saxtakarlığı) maddələrinin tərkibi mövcuddur və onların yuxarıda qeyd edilən maddələri ilə cəlb edilməsi labüddur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(006)- 5927/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən iddiaçılar İddiaçı2 və İddiaçı1 xeyrinə 1000 (bir min) manat maddi və mənəvi ziyan məbləğində kompensasiya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı2 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini iddia ərizəsində göstərilənlərlə əsaslandıraraq, qətnamənin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdehlərin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında İddiaçı1 nümayəndəsi İddiaçı2 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda iddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Kollegiya apelyasiya şikayətini, apelyatorun məhkəmə kollegiyasının iclasındakı izahatının dəlillərini işin materialları ilə əlaqəli yoxlayıb, məcmu halda qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti qismən əsaslı olduğundan təmin olunmalı, qətnamə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə kollegiyası hüquqi mövqeyini aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İşə baxan birinci instansiya məhkəməsinin yekun məhkəmə aktında qeyd edilən prosessual qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddia ərizəsinin giriş hissəsində iddiaçılar qismində İddiaçı2 və İddiaçı1 göstərilsə də, iddia ərizəsini İddiaçı1 səlahiyyətli nümayəndəsi İddiaçı2 imzalamışdır. Həmçinin iddia ərizəsinin məzmunundan aydın olur ki, iddia tələbi İddiaçı1 qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi ilə əlaqədardır. İddia ərizəsində İddiaçı2 hər hansı tələbi yoxdur. Lakin işə baxan birinci instansiya məhkəməsi yekun məhkəmə aktı qəbul edərkən yuxarıda qeyd edilən mülki prosesual qanunvericiliyin tələblərinə əməl etməmiş, hər hansı bir əsaslandırma etmədən, iddia tələbinin qismən təmin olunması qənaətinə gələrkən, tutulacaq kompensasiya məbləğinin iddiaçılar İddiaçı2 və İddiaçı1 xeyrinə tutulmasını qət etsə də, İddiaçı2 hazırki işdə hər hansı bir tələbinin olmamasını nəzərə almamışdır. Halbuki, işin materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddia tələbini icraata qəbul edərkən yalnız İddiaçı1 iddiasını mümkün saymışdır. Belə olan halda işə baxan məhkəmənin tutulacaq kompensasiya məbləğinin İddiaçı2 xeyrinə tutulması barədə gəldiyi nəticə işin hallarına uyğun olmamaqla, prosessual qanunvericiliyin tələblərinin pozulması ilə nəticələnmişdir. Bundan başqa işə baxan məhkəmə qətnamənin əsaslandırma hissəsində iddia tələbinin qismən təmin edilməsi, maddi və mənəvi ziyana görə 1000 manat məbləğində kompensasiya ödənilməsi qənaətinə gəlsə də, tutulacaq kompensasiya məbləğinin hansı hissəsinin maddi, hansı hissəsinin mənəvi ziyana aid edilməsini əsaslandırmamışdır. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yuxarıda qeyd edilmiş mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığından, qanuni və əsaslı hesab edilmir. Bu səbəbdən də kollegiya hesab edir ki, qətnamə ləğv edilməklə, iş üzrə yeni qətnamə qəbul edilməlidir. Kollegiya iddia tələbinə münasibətdə aşağıdakıları qeyd edir: İş materialları ilə müəyyən edilir ki, İddiaçı1 iddia tələbinin əsasını qanunsuz cinayət təqibinə məruz qalması və bunun nəticəsində də maddi və mənəvi ziyana məruz qalması təşkil edir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı1 barəsində Bakı şəhəri Xətai rayon prokuroru tərəfindən 17.08.2015-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanmış, 10.11.2015-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və həmin tarixdə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham elan edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12.11.2015-ci il tarixli qərarı ilə İddiaçı1 barəsində həbs qətimkan tədbiri seçilməsi barədə DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin müstəntiqi Kərim Xələfovun vəsatəti təmin edilməmiş və barəsində polis nəzarəti altına verilmə qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 iyul 2016-cı il tarixli hökmü ilə İddiaçı1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək, qazancının 15 faizi dövlət nəfinə tutulmaqla, 7 ay 24 gün müddətində islah işləri cəzasına məhkum olunmuş, Bakı Apelyasiya Məhkəməsinin 18.04.2018-ci il tarixli hökmü ilə İddiaçı1 məhkum edilməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 iyul 2016-cı il tarixli hökmü ləğv edilərək, əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verilmişdir. İşin qeyd edilən hallarından mübahisəsiz qaydada müəyyən edilir ki, İddiaçı1 2 (iki) il 8 (səkkiz) ay müddətində əsassız olaraq cinayət təqibinə məruz qalmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Məhkəmənin 18.04.2018-ci il tarixli hökmü qanuni qüvvəsini aldığından, hazırki iş üzrə İddiaçı1 qanunsuz cinayət təqibinə məruz qalması təsbit olunduğundan, həmin hökmlə müəyyən edilmiş hallar hazırki mülki mübahisə üçün predusiallıq kəsb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunvericiliyin qeyd edilən müddəalarından görünür ki, məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi ümumi formada müəyyən edilmişdir. Buraya, hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Qeyd edilən prosessual qanunvericiliyə əsasən İddiaçı1 hazırki tələblə məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə kollegiyası iddia tələbinin əsaslılığı məsələsini qiymətləndirərkən ilk növbədə aşağıdakı hüquq normalarının tələblərini nəzərə alır: Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsində qeyd olunur ki, cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin tələbinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin.Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir.Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən, əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir.Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Həmin Məcəllənin 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999- cu il tarixli qərarının 14-cü bəndinə görə mənəvi ziyanın tutulması bir qayda olaraq vətəndaşın şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində tətbiq edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində qeyd edilir ki, Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya suiistifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsində qeyd edilir ki, Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndində qeyd edilir ki, Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib ilk növbədə iddia tələbinin maddi zərərlə bağlı hissəsini qiymətləndirərək qeyd edir ki, iddia tələbinin həmin hissəsini yalnız ümumi ifadələrlə əsaslandırmış, konkret olaraq məruz qaldığı maddi zərərin məbləğini təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Halbuki, hər bir tərəf öz tələb və etirazlarını təsdiq edən halları sübut etməlidir. (MPM-nin 77.1-ci maddəsi) Kollegiya hesab edir ki, iddiaçı maddi zərərlə bağlı tələbini yerinə yetirə bilmədiyindən, iddia tələbi həmin hissədə rədd edilməlidir. Kollegiya iddia tələbinin mənəvi zərərlə bağlı hissəsini əsaslı hesab edir. Belə ki, kollegiya hesab edir ki, İddiaçı1 2 (iki) il 8 (səkkiz) ay müddətində qanunsuz cinayət təqibinə məruz qalması onun şüuruna təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olmaqla, mənəvi sarsıntı, iztirab keçirməsinə səbəb olmuşdur. Lakin kollegiya iddia tələbinin mənəvi ziyanın məbləği hissəsində ədalətli və vurulmuş mənəvi ziyana adekvat hesab etmir. Kollegiya hesab edir ki, mənəvi zərərin məbləği 2000 (iki min) manat müəyyən edilməklə ədalətli və adekvat hesab edilməli və həmin məbləğdə kompensasiya iddiaçıya ödənilməlidir. İddia tələbinin tutulacaq kompensasiyanın müştərək qaydada Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının DİN-nin müstəntiqi X7 tutulması barədə hissəsini qiymətləndirərək qeyd edir ki, tutulacaq kompensasiya yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə əsasən Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutulmalıdır. Azərbaycan Respublikasının DİN-nin müstəntiqi X10 qarşı hazırki tələb təmin edilə bilməz. Bu səbəbdən iddia tələbi Azərbaycan Respublikasının DİN-nin müstəntiqi X10zərbaycan Respublikasının DİN-nin müstəntiqi X10 münasibətdə rədd edilməlidir. Kollegiya iddia tələbinin K.Xələfovun və digər vəzifəli şəxslərin əməllərində cinayət tərkibinin mövcud olması əsası ilə xüsusi qərardad çıxarılması hissəsi ilə bağlı hesab edir ki, həmin hissədə iddia tələbinin təmin edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin265-ci maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Qeyd edilən prosessual normanın mənasından aydın olur ki, məhkəmə, məhkəmə araşdırması gedişində hər hansı şəxsin əməlində cinayətin əlamətlərini aşkar edərsə, bu barədə xüsusi qərardad qəbul edir. İş materiallarından görünür ki, iddiaçı iddia tələbində xüsusi qərardad çıxarılması üçün göstərilən faktlar barədə 2015-ci ildən hazırki vaxta kimi hüquq mühafizə orqanlarına dəfələrlə müraciətlər etmiş və həmin faktlar araşdırma predmeti olmuşdur. Yəni, həmin faktlar hazırki məhkəmə araşdırmasından öncə məlum olmuş və hüquq mühafizə orqanlarında araşdırıldığından hazırki iş üzrə xüsusi qərardad çıxarılması üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən məhkəmə kollegiyasının yekun hüquqi mövqeyi ondan ibarətdir ki, apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi qismən – mənəvi zərərin tutulması hissəsində qismən təmin olunmalı, mənəvi zərər kimi 2000 (iki min) manat kompensasiya cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən İddiaçı1 xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin olunmamalıdır. Bununla yanaşı kollegiya onu da qeyd edir ki, iddia ərizəsinin giriş hissəsində iddiaçı qismində İddiaçı1 və İddiaçı2 qeyd olunsa da, birinci instansiya məhkəməsi yalnız İddiaçı1 iddia tələbini mümkün saymış, yəni, yalnız İddiaçı1 iddiaçı kimi tanımış, apelyasiya icraatı zamanı da iddiaçının nümayəndəsi İddiaçı2 iddiaçı qismində oğlu Fərhadın olduğunu, özünün isə oğlunun nümayəndəsi olduğunu, iddiaçı olmadığını bildirdiyindən, iddia ərizəsinin giriş hissəsində iddiaçılar qismində iki şəxsin göstərilməsi texniki səhv kimi qəbul edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(006)-5927/2021 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən – mənəvi zərər hissəsində qismən təmin olunsun. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən mənəvi zərər kimi 2000 (iki min) manat kompensasiya İddiaçı1 xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-3470/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3470/2022
10.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver