Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3470/2025 03.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3040/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:
1. İddiaçı cavabdeh Bakı 14 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ərizələrin etibarsız hesab edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddiaçının həmin ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılmışdır.
3. İddiaçının həmin qərardaddan verdiyi şikayət rayon məhkəmənin eyni nömrəli, 07 may 2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
6. Məhkəmə işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş materialları həmin məhkəməyə göndərilməlidir.
7. Rayon məhkəməsinin həmin qərardadından verilmiş şikayətə apellyasiya qaydasında baxılarkən iddiaçı şikayətə əlavə vermişdir. İddiaçı şikayətə əlavəsində MPMin 53-cü maddəsinə uyğun olaraq başqa şəxslərin də cavabdeh kimi işə cəlb edilməsi barədə ərizə veriləcəyini bildirmişdir.
8. Hazırkı iş üzrə iddia ərizəsini geri qaytararkən məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, hazırki məsələ xüsusi icraata qaydasında verilməklə “Notariat hərəkətlərindən və ya həmin hərəkətlərinin aparılmasından imtinaya dair şikayətlər” çərçivəsində həll olunmalıdır. Mülki-prosessual qanunvericiliyə əsasən isə tərəflər (iddiaçı və cavabdeh) iddia icraatında (MPM-nin 12-23-cü fəsilləri) mövcuddurlar. Xüsusi icraart qaydasında baxılan işlər (MPM-nin 30-40-1-ci fəsilləri) üzrə isə əsas iştirakçılar ərizəçi və maraqlı şəxslərdir. Bu baxımdan rayon məhkəməsi hesab etmişdir ki, hazırki işə ümumi iddia icraatı qaydasında deyil, xüsusi icraat qaydasında baxılmalı olduğundan iddia ərizəsi geri qaytarmalıdır.Rayon məhkəməsi qərardadını əsaslandırarkən MPM-in 152.1.1-ci maddəsinə istinad etmişdir.
9. Məhkəmə rayon məhkəməsinin mövqeyi ilə razılaşmır və aşağıdakılara əsasən hesab edir ki, həmin mövqe əsaslı olmamışdır.
10. Belə ki, hazırki halda iddiaçının ərizəsindən aşkar şəkildə görünür ki, o ərizəsində notariat orqanının hərəkətlərinin düzgün həyata keçirilmədiyini qeyd etsə də, onu hazırkı halda məhkəməyə müraciət edərkən əldə etmək istədiyi əsas (başlıca) nəticə mübahisələndirdiyi ərizələrin (əqdin) etibarsızlığını nail olmaqdır.
11. Bu baxımdan, ilk növbədə iddiaçının mübahisələndirdiyi həmin ərizələrin mülki qanunvericiliklə müəyyən edilmiş əqd anlayışının tələblərinə cavab verməsi, yəni mülki hüquqi anlamda əqd olub-olmaması aydınlaşdırılmalıdır. Mülki hüquq doktorinasında və mülki qanunvericilikdə hər hansa hərəkətin əqd kimi hüquqi qiymətləndirilməsi üçün dörd əsas xarakterik əlaməti özündə birləşdirməli olduğu qeyd edilir: hərəkət qanuna uyğun olmalı; könüllü iradə ifadəsi olmalı; müəyyən məqsədə istiqamətlənməli (mülki münasibətin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilməli); hüquqi nəticə yaratmalıdır. Mülki qanunvericilikdə əqdə verilmiş anlayışdan da görünür ki, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş iradə ifadəsidir (MM 324).
12. Müvafiq dövlət orqanları və ya səlahiyyətli şəxslərə ünvanlanmış ərizənin onun məzmun və mahiyyəti baxımından mübahisələndirilə bilən əqd olması ilə bağlı da məhkəmə təcrübəsi mövcuddur. Məsələn, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1026/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1668/24 nömrəli, 06 fevral 2024-cü il tarixli qərardaddında şəxsin səlahiyyətli orqanlara ünvanladığı ərizənin birtərəfli əqd olması müəyyən edilmişdir.
13. Məhkəmə hesab edir ki, iddiaçının mübahisləndirdiyi ərizələr MM-in 324-ci maddəsinin tələbləri baxımından birtərəfli əqddir, MM-in 337-339-cu maddələrinə əsasən isə əqdlər, o cümlədən də birtərəfli əqdlər mübahisələndirilə bilər.
14. Yuxarıda da qeyd olunduğu kimi, iddiaçının tələbinin əsas məqsədi və mahiyyəti notariat orqanının hərəkətindən şikayət deyil, həmin orqan tərəfindən təsdiqlənmiş ərizələrin etibarsız hesab edilməsi ilə bağlı olmuşdur.
15. Bundan başqa, iddiaçının şikayətə verdiyi əlavədən görünür ki, iddiaçı MPM-in 53cü maddəsinin tələbinə uyğun olaraq iddianın əsasını, predmetini dəyişə, iddianın həcmini artırıb-azaltmaq hüququndan istifadə edəcək, eyni zamanda cavabdeh qismində A.Klubkovu və G.Arefevin cəlb edilməsi barədə ərizə verəcəkdir. Bununla bağlı da Məhkəmə qeyd edir ki, MPM-in 51.3, 53 və 167.1.4-cü madələri iddiaçı üçün belə bir imkan nəzərdə tutmuşdur.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində nəzərdə tutulmuş “qanunla qorunan maraq'’ anlayışının şərh edilməsinə dair” 23 may 2025-ci il tarixli qərardadında (düzdür, həmin qərardad hazırkı qətnamənin qəbul edilməsindən sonrakı tarixə aiddir) qeyd etmişdir ki, ...subyektiv hüquq obyektiv hüquqa daxil olan konkret qanunvericilik normasına əsaslandığından, subyektiv hüququn sərhədləri, yəni mümkün davranışın çərçivəsi dəqiq şəkildə müəyyən olunur. Digər tərəfdən, hüquq və vəzifələrin qarşılıqlı olması prinsipindən irəli gələrək hər bir subyektiv hüquq müəyyən subyektiv vəzifə ilə, digər şəxs(lər)in müvafiq öhdəlikləri ilə təmin edilir. Maraq anlayışı ilə bağlı qeyd edilməlidir ki, sosiologiya, psixologiya, iqtisadiyyat və digər sahələrin araşdırma predmeti olan, həmçinin bir sıra normativ hüquqi aktlarda öz əksini tapmış bu anlayış hüquq elmində geniş və dar mənalarda nəzərdən keçirilən hüquqi kateqoriyadır. Nəzərə alınmalıdır ki, cəmiyyətdə nizam-intizamın, düzənin yaradılmasına, onun üzvlərinin müxtəlif maraqlarının təmin edilməsinə ictimai ehtiyac hüququn yaranma səbəbidir. Bu məqsədlə müəyyən davranış qaydaları dövlət tərəfindən məcburi hüquqi qüvvə verilməklə qanunvericilik aktlarına daxil edilir. Nəticədə hər bir subyektiv hüquq müəyyən bir marağın ödənilməsinə xidmət edir. Başqa sözlə, subyektiv hüquqlar da özündə qanuni maraqları əks etdirir. Bu baxımdan “qanunla qorunan maraqlar” ifadəsi geniş mənada həm subyektiv hüquqla əhatə olunan, həm də əhatə olunmayan maraqları, dar mənada isə bilavasitə subyektiv hüquqlar vasitəsilə təminat altına alınmayan maraqları özündə ehtiva edir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsində qanunla qorunan hüquq, azadlıq və maraq anlayışlarının hər biri məhkəmə müdafiəsi hüququnun ayrılıqda və müstəqil obyekti kimi müəyyən edildiyindən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, həmin normanın məqsəd və təyinatı baxımından məhz dar mənada “qanunla qorunan maraq” anlayışına aydınlıq gətirilməlidir. Qanunvericinin maraq anlayışı ilə faktiki olaraq eyni mənada istifadə etdiyi “mənafe” anlayışı “mənfəət, fayda”, “bir kəsin rifahını təşkil edən, onun xeyrinə olan, ehtiyac və tələblərinə xidmət edən” mənasını daşıyır. Nəzərə alınmalıdır ki, subyektiv hüququn mövcudluğu müəyyən bir marağın təmin olunmasına xidmət etsə də, hər bir maraq subyektiv hüquqla qorunmur. ... Digər tərəfdən isə bəzi qanunla qorunmalı maraqları konkretləşdirmək, yəni onları konkret çərçivə ilə məhdudlaşdırmaq həm hüququn həddən artıq normativləşməsinə səbəb ola, həm də həmin maraqların daima inkişaf edən və dəyişən ictimai münasibətlərə uyğunlaşmasına və onların müdafiəsinə mane ola bilər. Beləliklə, maraqların qanunla qorunması, həyata keçirilməsi mövcud qanunvericiliyə və digər şəxslərin hüquq, azadlıq və qanuni mənafelərinə zidd olmayan, obyektiv hüquq normalarının mahiyyətindən irəli gələn maraqların hüquqi müdafiə ilə təmin olunmasına imkan yaradır və belə maraqlar Konstitusiyanın 60-cı maddəsi ilə bəyan edilən məhkəmə müdafiəsi hüququnun obyektini təşkil edir. Qanunla qorunan maraq anlayışının qiymətləndirmə tələb edən kateqoriya olduğu nəzərə alınaraq məhkəmələr tərəfindən şəxsin marağının nədə ifadə olunduğu, qanunla qorunubqorunmadığı hər bir işin hallarından asılı olaraq müəyyən edilməlidir.
17. Burdan belə nəticəyə gəlmək olur ki, mübahisləndirilən ərizənin hüququ nəticəsinə iddiaçının qanuni mənafeyi mövcud olduğundan, onun qeyd edilən ərizələri mübahisələndirməklə bağlı məhkəmə müdafiəsi hüququ mövcuddur. Hazırkı halda iddiaçının tələbi ərizələrin- əqdin etibarsızlığına əsaslandığından, məlum məsələdir ki, əqdlərin etibarsızlığı ilə bağlı tələblər də məhz iddia icraatı qaydasında baxılmalıdır. Demək ki, rayon məhkəməsinin iddiaçının hazırkı ərizəsinə xüsusi icraat qaydasında baxılmalı olması və müvafiq olaraq da (buna əsasən) həmin ərizəsinin geri qaytarılmasına dair gəldiyi qənaət düzgün olmamışdır.
18. MPM-in 399-cu maddəsində apellyasiya instansiyası məhkəməsinin göstərişlərinin məcburiliyi təsbit olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin göstərişlərinin məcburiliyi Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir.
19. Yuxarıda qeyd edilənlərə əsasən, Məhkəmə hesab edir ki, şikayət təmin edilməli, rayon məhkəməsinin mübahisələndirilən qərardadı ləğv edilməli və sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş materialları həmin məhkəməyə göndərilməlidir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
21. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
22. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
23. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
qərara aldı:
İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3040/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin və sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş materialları həmin məhkəməyə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.