Məhkəmə qərarları › İş №2(103)-3471/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3471/2020

25.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3471/2020 25.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı, onun vəkili-nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh “X1 Mərkəzi" MMC-yə qarşı (üçüncü şəxs qismində “xxxxxx” İKB göstərilməklə) “hərrac mərkəzinin xx xxxxxx 2017-ci il tarixli protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(009)-919/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X1 Mərkəzi" MMC-yə qarşı (üçüncü şəxs qismində “xxxxxx” İKB göstərilməklə) “hərrac mərkəzinin xx xxxxxx 2017-ci il tarixli protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, “X1 Mərkəzi” MMC-nin xx xxxxxx 2017-ci il tarixli Y-706 nömrəli protokolunun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(009)-919/2019 saylı qətnaməsi ilə iddia ərizəsi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi xx.xx.2019-cu il tarixli 2(103)-8505/2019 saylı qətnaməsi ilə şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işə yenidən bxılması üçün apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-155/2020 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi xx.xx.2019-cu il tarixli 2(103)-8505/2019 saylı qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,qətnamə icraya yönələrək Nərimanov rayon İcra Şöbəsinə yönəldilmişdir. Sonradan isə onun xəbəri olmadan hərraca çıxarılmış və satılmışdır. Bundan narazı qalaraq hərrac protokolunun ləğv olunmasına dair Səbail Rayon Məhkəməsinə müraciət etsə də, Səbail Rayon Məhkəməsinin xx xxxx 2019 cıı il tarixli, 2(009)-919/2019 saylı qətnaməsi ilə iddia tələbi rədd olunmuşdur. İş materiallarından görünür ki, tələbkar hərracın təşkilatçısı tərəfindən xx xxxx 2017-ci il tarixdə qəzetdə sonuncu elan dərc edildiyi gündən xx xxxxxx 2017-ci il tarixədək əldə edə bilərdi. Hərrac isə baş tutub, xx xxxxxx 2017-ci il tarixdə. Qanunvericilik imperativ qaydada müəyyən etmişdir ki, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Hesab edir ki, həmin qətnamə maddi və prosesual hüquq normaları pozulmaqla qəbul edildiyi üçün ləğv edilməlidir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili-nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin vəəsaslılığının tam yoxlanılması təşkil edir. Belə ki, iddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə və iş üzrə yeni qətnamə qəbul edilməsinə yönəlmişdir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2(005)- 746/2016 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilərək, xx xxxxxxx 2014-cü il tarixli 24-A-1-0- 724-14 saylı kredit müqaviləsi üzrə yaranmış kredit borcu - 18204 manat məbləğində əsas borc, 3115 manat məbləğində faiz, və 1800 manat məbləğində cərimə, cəmi 23119 (iyirmi üç min yüz on doqquz) manat, 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat, xidmət haqqı 20 manat pul məbləği cavabdeh İddiaçı müştərək qaydada "xxxxxx” İKB-nın xeyrinə tutulması, tələbin cavabdeh İddiaçı məxsus və ipoteka yüklü, ilkin satış qiyməti 46000 manat olan Bakı şəhəri, Nərimanov rayon, Z.Xəlilov küçəsi 14 saylı evin 1 otaqlı 1 saylı mənzilinə yönəldilməsi və həmin mənzilin açıq hərracda satılaraq əldə edilən vəsaitdən borcun ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qətnamənin icrası barədə xx xxxxx 2017-ci il tarixdə icra vərəqəsi verilmiş və icra olunması üçün Nərimanov rayon İcra Şöbəsinə göndərilmiş, Nərimanov rayon İcra Şöbəsi isə "X1 Mərkəzi” MMC-yə qeyd olunanlara əsasən müvafiq qaydada hərracın keçirilməsinin təşkili ilə bağlı icraata başlamaq haqqında qərar və icra vərəqəsinin surətini məktubla göndərmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il tarixli aktlarında göstərilmişdir ki, “X1 Mərkəzi” MMC tərəfindən İddiaçı ünvanlanmış bildirişin sonuncuya çatdırılması mümkün olmamış, səbəb kimi “kuryer dəfələrlə ünvanına getmiş, lakin qapı bağlı olduğu üçün məktub geri qaytarılmışdır” qeyd edilmişdir. xx xxxx 2017-ci il tarixli 074663 saylı poçt qəbzindən aydın olur ki, “X1 Mərkəzi” MMC tərəfindən İddiaçı ünvanlanmış bildiriş Babayev soyadlı kirayəşin tərəfindən qəbul edilmişdir. “X1 Mərkəzi” MMC-nin hərracın nəticələri haqqında xx.xx.2017-ci il tarixli Y-706 saylı yekun protokol və eyni tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlilov küçəsi ev 14, 1 saylı mənzil 29.325 manat müqabilində “xxxxxx” İKB ASC-nin müıkiyyətinə keçmişdir. Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269-cu maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. (269.5. maddə) “İpoteka haqqında” Azərbaycan Respublikasmın Qanunun 1.0.1-ci maddəsinə əsasən ipoteka-öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Həmin qanununun 34-cü maddəsinə əsasən, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda Həmin qanunun 41.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Qanunun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Həmin qanunun 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Həmin qanunun xx.xx.2018-ci il tarixədək qüvvədə olan 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir.” Həmin qanunun 42.3-cü maddəsinə əsasən, istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. Həmin məcəllənin 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. İş materiallarından da, görünür ki, hərracın keçirilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil edilmiş, hərracın keçiriləcəyi yer və vaxtı barədə tərəflərə bildirişlər göndərilmiş, ünvana çatdırılmış, eyni zamanda qəzetlərdə elanlar verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında göstərilmişdir ki, “işdə, hərracın keçirilməsinə dair bildirişin təsdiq etmə üsulu ilə iddiaçıya şəxsən verilməsini, çatdırılmasını özündə ehtiva edən heç bir mötəbər yazılı sübut yoxdur. Halbüki, ”İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır.Apellyasiya instansiyası məhkəməsi, iddiaçının ilkin və təkrar hərracların keçirilməsi barədə məlumatlı olub-olmamasını kifayət qədər tam, hərtəfli və obyektiv araşdırmadan, xx xxxx 2017-ci il tarixdə iddiaçıya ünvanlanan bildirişi qəbul etmiş Babayev soyadlı şəxsin şəxsiyyətini müəyyən edib onun hazırki mübahisəli məsələyə münasibətini öyrənmək üçün şahid qismində məhkəməyə dəvət etməyi iddiaçıya təklif etmədən, ümumiyyətlə ilkin və təkrar hərracların keçirilməsi zamanı ipoteka predmeti olan mənzildə kimin yaşamasını, “Babayev” soyadlı şəxslə mənzil kirayə müqaviləsinin bağlanıb-bağlanmamasını araşdırmadan, iddianı rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla, əslində iddiaçının, alıcı qismində ilkin və təkrar hərraclarda iştirak etmək, eləcə də onun hərracın vaxtı, yeri, forması, predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumatlandırılmaq hüquqlarını pozmuşdur. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.3-cü maddəsində göstərilir ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.” Həmin qərarda göstərilmişdir ki, “Digər tərəfdən, iddiaçının, ipoteka predmetinə dair ilkin və təkrar hərracların keçirilməsindən məlumatsız olması, işə baxan məhkəmələrin hazırki mübahisəli məsələyə iddia müddətinin tətbiq edilməsinə dair mübahisə tərəfinin, yəni “xxxxxx” İKB ASC ərizəsini nəzərə almamaları ilə də təsdiq olunur. Belə ki, işə baxan məhkəmələr müəyyən etmişlər ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablandığından və “xxxxxx” İKB ASC tərəfindən iddia müddətinin axımını müəyyən edən, yəni “hərracın nəticələri haqqında” xx xxxxxx 2017-ci il tarixli protokol barədə iddiaçının məlumatlı olmasına dair mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, hazırki mübahisəli məsələyə iddia müddəti tətbiq edilə bilməz.” Həmçinin göstərilmişdir ki, “İddia ərizəsindən, apellyasiya və kassasiya şikayətlərindən görünür ki, iddiaçı, ipoteka predmetinə dair qəzetdə dərc edilmiş elanlar barədə məlumatsız olduğunu bildirmişdir.” Kollegiya Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında qeyd olunanlar bağlı qeyd edir ki, hərrac mərkəzi qanunvericiliklə nəzərdə tutulmuş qaydada hərracın keçirilməsi vaxtı və yeri barədə borcluya müvafiq bildirişlər göndərmişdir. Həmin bildirişlərin mənzilin kirayəşinlərinə təqdim edilməsinə görə isə hərrac mərkəzi məsuliyyət daşıya bilməz. Belə ki, qanunvericiliyin tələblərinə əsasən, hərracın vaxtı və yeri barədə təstiq etmə üsulu ilə bildiriş göndərilməlidir ki, hərrac mərkəzidə bunu etmişdir. Qanunvericilikdə bildirişin şəxsən verilməsi nəzərdə tutulmamışdır. Belə ki, “X1 Mərkəzi” MMC tərəfindən xx xxxx 2017-ci il tarixə təyin edilmiş hərrac barədə tərəflərə xx xxxx 2017-ci il və xx xxxx 2017-ci il tarixdə, xx xxxxxx 2017-ci il tarixə təyin edilmiş hərrac barədə xx xxxx 2017-ci il və xx xxxx 2017-ci il tarixdə bildirişlər göndərilmişdir. xx.xx.2017ci il tarixdə isə bildirişlərdən biri xəbərnamədə qeyd olunanlara əsasən, mənzilin kirayəçisi Əli Babayev tərəfindən qəbul edilmişdir. Göründüyü kimi hərrac mərkəzi tərəfindən qanunvericiliyin tələblərinə əməl edilmişdir. Bununlada bildirişin qanunvericilikdə nəzərdə tutulduğu kimi təstiq etmə üsulu ilə bildirişin göndərilməsi həyata keçirilmişdir. Beləliklə, iddiaçı hərrac barədə məlumatlı olmadığına istinad etsə də, məhkəməyə istinad etdiyi halları təsdiq edən hər-hansı sübut təqdim etməmiş, əksinə əmlakın hərracının keçiriləcəyinə dair bildirişi ünvan sahibi poçt xəbərnaməsinə imza edərək qəbul etmiş və bu da onun hərracın keçirilməsi barədə məlumatlı olduğunu sübut edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hərrac qanunveciliyin tələblərinə riayət edilməklə, hər-hansı qanun pozuntusu olmadan təşkil edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, araşdırma zamanı iddiaçı mübahisəli mənzilin kirayəyə verilməsini və Babayev soyadlı şəxsi tanımadığını bildirmişdir. Bununlada Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında nəzərdə tutulmuş göstərişlərin araşdırılması qeyrimümkün olmuşdur. Kollegiya iddia müddətinin tədbiq edilməməsi ilə bağlı birini instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, birinci instansiya məhkəməsi iddia müddətini tədbiq etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddənin məzmununa görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, iddiaçı tərəfin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPMnin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(009)-919/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar