Məhkəmə qərarları › İş №2(103)-3475/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3475/2023

06.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3475/2023 06.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 mart 2023-cü il tarixli qətnamədən İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin verdikləri apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsi və barəsində qətimkan tədbiri kimi həbsə alınmanın qanunsuz tətbiqi nəticəsində ona vurulmuş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 100.000 manat, vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi 100.000 manat məbləğində pulun cavabdeh Nazirlikdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Bakı Şəhər Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən qanunsuz olaraq tutularaq barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə istintaq aparılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə qeyd edilən cinayət əməlinin törədilməsində təqsirli bilinərək 7 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, istintaq zamanı 6 ay 11 gün ərzində həbsdə olduğu müddət nəzərə alınmaqla, üzərində 6 il 5 ay 19 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəza 2 il sınaq müddəti ilə şərti hesab edilmişdir. İddiaçının vəkilinin həmin hökmdən verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli qərarla apellyasiya şikayətini təmin etməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü isə dəyişdirmədən saxlamışdır. İddiaçının vəkilinin həmin qərardan verdiyi kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qərarla kassasiya şikayətinin qismən təmin etmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının iş üzrə qəbul etdiyi qərarı ləğv edərək, işi yeni apellyasiya baxışına qaytarmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2018ci il tarixli qərarla iddiaçının vəkilinin hökmdən verdiyi apellyasiya şikayətini təmin etməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü isə dəyişdirmədən saxlamışdır. İddiaçının vəkilinin həmin qərardan verdiyi kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərarla kassasiya şikayətinin qismən təmin etmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qərarı ləğv edərək, işi yeni apellyasiya baxışına qaytarmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2020ci il tarixli hökmlə iddiaçının vəkilinin verdiyi apellyasiya şikayətini təmin etmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü ləğv edərək, hazırki iş üzrə iddiaçıya bəraət vermişdir. Həmin hökm Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır. İddiaçı, 6 ay 11 gün ərzində qanunsuz olaraq həbsdə saxlanılmışdır. İddiaçının barəsində qanunsuz cinayət işinin aparılması və həbsi iddiaçıya mənəvi cəhətdən böyük zərbə vurmuşdur. Buna görə də mənəvi ziyanın əvəzi olaraq Maliyyə Nazirliyindən 100.000 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Polis orqanında istintaq aparılan zaman və cinayət işinə məhkəmələrdə baxılan zaman iddiaçının qohumları özlərinə məxsus qiymətli əşyaları sataraq iddiaçının müdafiəsini təşkil etmişlər. İddiaçı yaranmış borclarını qaytarmaq üçün hesab edir ki, cavabdeh Maliyyə Nazirliyindən onun xeyrinə həmçinin maddi zərər olaraq 100.000 manat məbləğində pul tutulmalıdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçıya dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 6.500 manat məbləğində pul vəsaitinin cavabdehdən Nazirlikdən tutularaq iddiaçıya ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. c) apellyasiya şikayətləri barədə məlumat

4. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam həcmdə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Əsasları iddia ərizəsinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. İddia tam həcmdə təmin olunmalı idi.

6. Cavabdeh Nazirlik də öz növbəsində həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tamamilə rədd edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Nazirlik iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməmişdir. İşə baxmış Rayon Məhkəməsi isə dövlət büdcəsindən iddiaçının xeyrinə pulun tutulması barədə nəticəyə gələrkən iddiaçının əsassız cinayət təqibinə məruz qoyan təqsirkar şəxsləri müəyyən etməmişdir. Nazirliyinin bu iddiaya cavab verməli olan şəxs kimi göstərilməsi əsassızdır. Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Rayon Məhkəməsi Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur. Bundan başqa qeyd edilməlidir ki, mənəvi zərərə görə 6.500 manat məbləğində kompensasiyanın ödənilməsi əsassızdır. Çünki mənəvi zərərin məbləği hesablanarkən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 190-cı maddəsinin tələbləri nəzərə alınmalıdır. Həmin tələblərə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş zərər görə zərərçəkmiş şəxsə cinayətin ağırlıq dərəcəsindən asılı olaraq, müvafiq olaraq 11 manat, 55 manat, 165 manat, 330 manat məbləğində kompensasiya ödənilməlidir. Hüquqi yardıma görə maddi ziyanın tutulması tələbi də əsasızdır. Çünki cinayət mühakimə icraatı zamanı çəkilmiş xərclərin ödənilməsi qaydası hökmlə müəyyən olunmalıdır. d) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı barədə məlumat

8. İddiaçı və cavabdeh Nazirliyin nümayəndəsi işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

9. Belə ki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) hazırki işdə olan sübutlar barədə məlumat

10. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmündən (İş № 1(101)-809/2016) görünür ki, həmin hökmlə hazırki iş üzrə iddiaçı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 7 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İstintaq zamanı 6 ay 11 gün ərzində həbsdə olduğu müddət nəzərə alınmaqla, iddiaçının üzərində 6 il 5 ay 19 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəza 2 il sınaq müddəti ilə şərti hesab edilmişdir. İddiaçı dərhal məhkəmə iclas zalından həbsdən azad olunmuşdur.

11. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli hökmündən görünür (İş № 1(103)-19/2020) görünür ki, iddiaçının vəkilinin həmin hökmdən verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli qərarla apellyasiya şikayətini təmin etməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü isə dəyişdirmədən saxlamışdır. İddiaçının vəkilinin həmin qərardan verdiyi kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qərarla kassasiya şikayətinin qismən təmin etmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının iş üzrə qəbul etdiyi qərarı ləğv edərək, işi yeni apellyasiya baxışına qaytarmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2018ci il tarixli qərarla iddiaçının vəkilinin hökmdən verdiyi apellyasiya şikayətini təmin etməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü isə dəyişdirmədən saxlamışdır. İddiaçının vəkilinin həmin qərardan verdiyi kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərarla kassasiya şikayətinin qismən təmin etmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qərarı ləğv edərək, işi yeni apellyasiya baxışına qaytarmışdır.

12. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli hökmündən həmçinin görünür ki, həmin hökmlə iddiaçının vəkilinin verdiyi apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016cı il tarixli hökmü ləğv edilmiş və hazırki iş üzrə iddiaçıya bəraət vermişdir.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020ci il tarixli qərarından (İş № 1(102)-776/2020) görünür ki, həmin qərarla dövlət ittihamçısının verdiyi kassasiya protesti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

14. Yuxarıda qeyd edilən məhkəmə aktlarından, işdə olan digər sənədlərdən görünür və iş üzrə tərəflər arasında mübahisə doğurmur ki, hazırki iş üzrə iddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilmiş və onun barəsində qətimkan tədbiri kimi həbs tətbiq edilmişdir. Bunun nəticəsində o, 6 ay 11 gün müddətində qanunsuz olaraq həbsdə saxlanılmışdır.

15. İşin müəyyən edilmiş bu halını nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə görə, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş qaydada tam həcmdə ödənilir.

16. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, CPM-nin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə .xitam verilmiş şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir (maddə 56.0.2.). Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir (maddə 57.1.). Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq hüququna bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslər, onların qanuni nümayəndələri, növbə üzrə daha yaxın vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxs öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə pensiya ilə təmin edilməli ölmüş şəxsin ailə üzvləri malikdir (maddə 60.1.). Bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi məsələsi əks olunmayıbsa, bu məsələnin həlli cinayət təqibi üzrə icraat qurtardıqdan sonra həyata keçirilir (maddə 61.2.). Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir (maddə 63.).

17. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinə görə, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

18. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə, Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq müttəhim qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ 1) bəraətverici hökm çıxarıldıqda, 2) cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır (maddə 4.). Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə qanunsuz hərəkətlər nəticəsində onun itirdiyi mənfəətə digər gəlirlər, məhkəmə məsrəfləri ilə bağlı ondan tutulmuş məbləğlər, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər, vurulmuş mənəvi ziyan ödənilməlidir (maddə 5.). Bu Qanunun 5-ci maddəsinin 1, 2, 4-cü bəndlərində nəzərdə tutulmuş ziyanın məbləği qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə müəyyən edir (maddə 12.).

19. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli, 7 №-li qərarına görə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın” 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər (bənd 1.). Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyamın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər (bənd 2.). Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur (bənd 8.).

20. Məhkəmə bildirir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “mənəvi ziyanla” bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə, mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stressləri, əzab və əziyyətləri nəzərə alır.

21. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir.

22. Göründüyü kimi, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər-maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda da kompensasiya edilir.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair” xx.xx.2002-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında Bəyannamə”yə istinad edilərək qeyd edilir ki, Bəyannamənin 4-cü maddəsinə görə, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır.

24. Odur ki, yuxarıda qeyd olunanlara, iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlara, iddiaçının 6 ay 11 gün müddətində azadlıqdan qanunsuz olaraq məhrum olunması faktına əsaslanaraq Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi mənəvi ziyana görə 6.500 manat məbləğində pulun dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya baxışı zamanı həmin məbləğin artırılması və ya azadılması üçün əsas müəyyən edilmədi.

25. Cavabdeh Nazirlik tərəfindən verilmiş apellyasiya şikayətində göstərilmiş qaydada, yəni mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmaqla mənəvi zərərin məbləğinin müəyyən edilməsi, yuxarıda qeyd edilən xarici və ölkədaxili normaların tələblərinə ziddir.

26. İddiaçının verdiyi apellyasiya şikayətində isə göstərilir ki, Rayon Məhkəməsi mənəvi zərərin əvəzini 6.500 manat məbləğində müəyyən etməklə səhv və əsassız nəticəyə gəlmişdir. Həmin zərərin əvəzi iddia ərizəsində qeyd edilən 100.000 manat məbləğində müəyyən edilməlidir.

27. Məhkəmə, yuxarıda qeyd olunanlara əsaslanaraq və iddiaçının dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, Rayon Məhkəməsi mənəvi ziyana görə 6.500 manat məbləğində pulun tutulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Çünki iddiaçının yuxarıda göstərilən müddətdə əsassız olaraq cinayət təqibinə məruz qalması ona narahatlıq, məyusluq hissləri, stresslər yetirsə də bunun qarşılığının iddia edilən məbləğdə (100.000 manat) ödənilməsi ağlabatan deyildir.

28. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, hər iki apellyasiya şikayətinin qətnamənin bu hissəsinə aid dəlilləri əsassız hesab edilməlidir.

29. Cavabdeh Nazirlik tərəfindən qətnamədən verilmiş apellyasiya şikayətində həmçinin göstərilir ki, cavabdeh Nazirlik iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməmişdir. İşə baxmış Rayon Məhkəməsi isə dövlət büdcəsindən iddiaçının xeyrinə pulun tutulması barədə nəticəyə gələrkən iddiaçının əsassız cinayət təqibinə məruz qoyan təqsirkar şəxsləri müəyyən etməmişdir. Nazirliyinin bu iddiaya cavab verməli olan şəxs kimi göstərilməsi əsassızdır. Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Rayon Məhkəməsi Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur.

30. Bu dəlilin əsaslı olub-olmamasının yoxlanılması məqsədi ilə Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin” İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

31. Hazırkı iş üzrə iddiaçı ilə cavabdeh Nazirlik arasında hər hansı hüquq münasibətinin mövcud olmamasından, cavabdeh Nazirliyin iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməməsindən asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən cavabdeh Nazirlik tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur. Məhkəmə, həmçinin nəzərə alır ki, iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsirini müəyyən etmək, dövlətin həmin şəxslərə qarşı reqress hüququndan istifadə edə bilməsi üçün hüquqi faktları qətnamədə göstərmək hazırkı məhkəmə baxışının predmetini təşkil etmir.

32. Bu baxımdan hesab edilməlidir ki, Nazirliyin apellyasiya şikayətinin bu dəlili də əsassızdır.

33. Yuxarıda artıq qeyd edildiyi kimi, iddiaçı tərəfindən cavabdeh Nazirliyə qarşı irəli sürülmüş tələblərdən biri də iddiaçıya vurulmuş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 100.000 manat məbləğində pulun cavabdeh Nazirlikdən iddiaçının xeyrinə tutulması barədədir.

34. Rayon Məhkəməsi bu tələbi rədd etmiş və bu nəticəsini onunla əsaslandırmışdır ki, iddiaçı, ona maddi zərərin dəyməsini təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir.

35. İddiaçının maddi ziyan tələbi ilə bağlı Məhkəmə qeyd edir ki, iddiaçı, ona qarşı qanunsuz olaraq cinayət təqibinin həyata keçirilməsi nəticəsində ona 100.000 manat məbləğində maddi ziyanın vurulduğunu qeyd etsə də, bu məbləğin real olduğunu təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Belə olan halda Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi mənəvi zərərin əvəzinin ödənilməsi barədə iddianı yuxarıda göstərilən əsasla rədd etməkdə haqlı olmuşdur. İddiaçının apellyasiya şikayətinin müzakirə edilən bu dəlili də əsassızdır. g) apellyasiya baxışının nəticəsi

37. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Hər iki apellyasiya şikayətlərinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.

38. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

39. Buna görə də, Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, hər iki apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Hər iki apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 mart 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar