Məhkəmə qərarları › İş №2(103)-3476/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3476/2023

17.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3476/2023 17.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X4 (sədrlik edən və məruzəçi), oğlu və X1 ibarət tərkibdə, oğlunun katibliyi ilə Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-4692/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumilikdə 22.400 manat pulun və 160 manat ödənilmiş dövlət rüsumunun tutularaq, 17.480 manatın İddiaçı1, 5.080 manatın İddiaçı2 ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı1 aldadaraq 17.400 manat pulunu ələ keçirməsi barədə xx.xx.2022-ci il tarixdə Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə ərizə ilə müraciət edilmişdir və ərizə ilə bağlı araşdırma aparılmaqla toplanmış material Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmiş və material üzrə araşdırmanın davam etdirilməsi İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X3 həvalə edilmişdir. Sonuncu Cavabdeh izahatlarını almaqla kifayətlənmiş, tam, hərtərəfli və obyektiv araşdırma aparmadan, əsassız olaraq toplanmış material üzrə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Qeyd olunan qərardan Yasamal Rayon Prokurorluğuna şikayət etmişlər və qərar ləğv olunaraq yenidən araşdırılma aparılması üçün Yasamal rayon Polis İdarəsinə göndərilmişdir. İzahatında Cavabdeh İddiaçı1 12.509 manat borcunun olduğunu bildirsə də, “whatsapp” mobil tətbiqi ilə olan yazışmalar bunun əksini iddia edir. Cavabdeh özünün də izahatda qeyd etdiyi kimi ilkin olaraq alınan qızılın müəyyən hissəsini İddiaçı1 ödəmiş və onun bu ödəmədə məqsədi İddiaçı1 aldatmaq və etibarından sui-istifadə etmək olub. Belə ki, özünü Rabitə Nazirliyində işləyən şəxs kimi təqdim etməklə özünü etibarlı və imkanlı insan kimi tanıtmış və sonradan İddiaçı1 əmlakını ələ keçirməklə öz əməlini yekunlaşdırmışdır. Göründüyü kimi, olduqca peşəkar davranan Cavabdeh əmlakın alınması zamanı aldadıcı üsullardan istifadə edərək və hesablaşma görüntüsü yaradaraq İddiaçı1 aldatmış və onun əmlakını ələ keçirmişdir. Eyni zamanda, Cavabdeh İddiaçı2 qardaşı qızını işə düzəltmək adı ilə aldadaraq 5.000 manat pulunu ələ keçirməsi barədə xx.xx.2022-ci il tarixdə Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə ərizə ilə müraciət edilmişdir və ərizə ilə bağlı araşdırma aparılmaqla toplanmış material Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmiş və material üzrə araşdırmanın davam etdirilməsi İstintaq Şöbəsinin müstəntiqi, polis polkovnik-leytnantı X2 həvalə edilmişdir. Sonuncu Cavabdeh və şahidlərin izahatlarını almaqla kifayətlənmiş, tam, hərtərəfli və obyektiv araşdırma aparmadan, əsassız olaraq toplanmış material üzrə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2 maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Qeyd olunan qərardan da Yasamal rayon Prokurorluğuna şikayət etmişlər və qərar ləğv olunaraq yenidən araşdırılma aparılması üçün Yasamal rayon Polis İdarəsinə göndərilmişdir. Öz izahatında Cavabdeh İddiaçı2 4.000 manat aldığını bildirir. xx.xx.2022-ci il tarixdə İddiaçı2 Cavabdeh kart hesabına 1.000 manat göndərmiş və bununla da Cavabdeh İddiaçı2 aldığı pul vəsaiti ümumilikdə 5.000 manat olmuşdur. Belə ki, özünü Rabitə Nazirliyində işləyən biri kimi tanıtmış Cavabdeh İddiaçı2 qardaşı qızını Rabitə Nazirliyinin tabeliyində olan poçt şöbələrinə işə düzəldəcəyini deyib onun 5.000 manat pulunu mənimsəmişdir. Son baş vermiş hadisə məhz Cavabdeh tərəfindən məqsədli şəkildə İddiaçı2 etibarından sui-istifadə etməklə onun əmlakını ələ keçirməsini ehtiva edir.

3. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)- 4692/2022 nömrəli qətnaməsi ilə (N.T.Tağıyeva) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh İddiaçı1 xeyrinə 12.509 manat, İddiaçı2 xeyrinə isə 4.000 manat məbləğində pul vəsaitinin tutulması, iş üzrə ödənilmiş 160 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq müştərək qaydada iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

4. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, işin faktiki hallarına və sübutlara uyğun yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə əsalandırmasını sadəcə iş üzrə təqdim olunan polis qərarlarına söykəmişdir, halbuki işə baxılan zaman həmin qərarların heç biri qüvvədə deyildi və ləğv olunmuş idi. İşin faktiki halları isə ondan ibarətdir ki, iddiaçıların tələb etdiyi pul məbləğlərinə dair nə cavabdehlə aralarında hər hansı müqavilə, nə də borcun etirafı var. Həmçinin iddiaçılar bir-biri ilə əlaqəli olmayan ayrı-ayrı hüquq münasibətləri üzrə birgə iddiaçılar kimi çıxış etmişlər.

6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

7. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçılara rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq normaları

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 152.1.7. Bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 259.0.12. Ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Maddə 260.4. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8— 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya bilər. Maddə 387.2.8. İddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

9. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsi və vəkili dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-4692/2022 nömrəli qətnaməsi ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır.

10. Belə ki, qanunvericilik hakimin üzərinə MPM-in 152.1.7-ci maddəsinə əsasən bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə verilmiş iddia ərizəsini geri qaytarmaq vəzifəsi qoyur.

11. İşdən görünür ki, iddiaçılar tərəfindən irəli sürülmüş tələblər bir-biri ilə əlaqədar olmayan tələblərdir. Belə ki, İddiaçı1 tələbi cavabdehlə aralarında olan qızıl-zinət əşyalarının alqı-satqısı ilə bağlı ödənilməyən məbləğlə, İddiaçı2 tələbi isə cavabdehin ondan aldığı pul vəsaitinin geri qaytarılmaması ilə bağlıdır. Hər iki tələbin eyni cavabdehlə bağlı olması özlüyündə tələblərin bir-biri ilə əlaqədar olması kimi qiymətləndirilə bilməz.

12. Buna baxmayaraq, birinci instansiya məhkəməsi iddia ərizəsini icraata qəbul etmiş və işə mahiyyəti üzrə baxaraq yekun məhkəmə aktı qəbul etmişdir.

13. Məhkəmə kollegiyası hesab edir ki, bu hal iddia ərizəsinin baxılmamış saxlanılmasını şərtləndirir.

14. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-4692/2022 nömrəli qətnaməsi ləğv edilsin, iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçılara izah edilsin ki, onlar ayrı-ayrılıqda ümumi qaydada iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə yenidən müraciət etməyə haqlıdırlar. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar