Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3476/2024 24.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı pul tələbinə dair iş üzrə QƏRARDADİ Açar sözlər: (apellyasiya şikayətinin qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, 2(001)- 738/2024 nömrəli qərardadından Cavabdeh şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 2(001)- 738/2024 nömrəli qətnaməsinə əsasən, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh 7000 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı2 ödənilməsi qərara alınmışdır.
2. Qətnamədən cavabdehin nümayəndəsi Vəkil tərəfindən 17 aprel 2024-cü il tarixdə elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilmişdir.
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, 2(001)- 738/2024 nömrəli qərardadına əsasən, apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361- ci maddəsinin tələblərinə cavab vermədiyi, habelə prosessual müddət buraxılmaqla verildiyi üçün geri qaytarılmışdır.
4. Qərardadın əsaslarına görə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində təsbit edilmiş “Əlavə 2”-də apellyasiya şikayətinin forması müəyyən edilmiş və orada ardıcıl olaraq doldurulması zəruri olan müvafiq başlıqlı qrafalar müəyyən edilmişdir. Apellyasiya şikayətində müəyyən edilən hallar dolayısı ilə maddi və prosessual hüquqların pozulması halında ortaya məhkəmənin hansı halları diqqətə almadan aydınlaşdırılmadığı məsələsi çıxır ki bu da digər qrafalarda münasibət bildirilməli haldır. Cavabdehin nümayəndəsinin qətnamədən verdiyi apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilsə də, müəyyən edilmiş forma və məzmuna riayət edilməmişdir. Belə ki, apellyasiya şikayətində 2 saylı Əlavənin “Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün halların aydınlaşdırılmamasına dair dəlillər” başlıqlı 8-11-ci bəndləri doldurulmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 363.1 və 363.1.3cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə geri qaytarılır. Məhkəmənin qətnaməsi 12 mart 2024-cü il tarixdə elektron kabinetə yerləşdirilmişdir. Belə olan halda, onun qətnamədən apellyasiya şikayəti verməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş son müddət 13 aprel 2024-cü il tarixidir. Hazırki apellyasiya şikayəti isə 15 aprel 2024-cü il tarixdə verilmişdir.
5. Cavabdeh həmin qərardaddan şikayət verərək, ləğv olunmasını xahiş etmişdir.
6. Şikayətin dəlillərinə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” 24 fevral 2024-cü il tarixli 100 nömrəli Qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 12 aprel iş günü ilə 06 aprel istirahət gününün yerləri dəyişdirilmişdir. Belə olan halda, müddətin son günü 12 aprel 2024-cü il tarixə düşdüyündən, həmin gün və ondan sonra 2 gün, yəni 13 aprel və 14 aprel 2024-cü il tarixdəki günlər (şənbə və bazar günləri) qeyri-iş günü olduğundan onlardsan sonrakı iş günü, yəni 15 aprel 2024-cü il tarixdəki gün müddətin qurtarma günü hesab olunmalıdır. Onun tərəfindən apellyasiya şikayəti “elektron məhkəmə” informasiya sistemində şəxsi kabineti vasitəsi ilə 15 aprel 2024-cü il tarixdə göndərilmiş (yerləşdirilmiş), bu da onu göstərir ki, apellyasiya şikayəti üçün nəzərdə tutulmuş prosessual müddət ötürülməmişdir. Birinci instansiya məhkəməsi qeyd edir ki, MPM-nin 361-ci maddəsinin tələblərinə riayət edilmədən apellyasiya şikayətin verilməsi onun 1-ci instansiya məhkəməsi tərəfindən geri qaytarılması üçün əsasdır. Halbuki, apellyasiya şikayətində maddənin məzmununa uyğun zəruri məlumatlar göstərilmiş, həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində təsbit edilmiş “Əlavə 2”- də göstərilmiş apellyasiya şikayətinin formasına uyğun və ardıcıl olaraq doldurulmuş, apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən hansı maddi və prosessual normaların pozulması göstərilmiş, apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə həyata keçirilərək müəyyən edilmiş forma və məzmuna riayət edilmişdir. Apellyasiya şikayətinin məzmununda 2 saylı Əlavədə nəzərdə tutulmuş tələblərə əməl edilmiş, maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və ya prosessual hüquq norması sıralanmaqla göstərilmiş, göstərilmiş hər bir normanın qarşısında isə düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqesi aydın şəkildə ifadə edən izah verilmiş, birinci instansiya məhkəməsi tərəfindən yol verilən pozuntunun nədən ibarət olmasına dair dəlillər qeyd olunmuşdır.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2(001)- 738/2024 nömrəli qərardadı ilə şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır; Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Maddə 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddət keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onu vermiş şəxsə qaytarılır; Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Maddə 133.6. Prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. Maddə 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Maddə 269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır; Maddə 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; Maddə 399. Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
9. İş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 2(001)-738/2024 nömrəli qətnaməsi 12 mart 2024-cü il tarixdə Cavabdeh elektron kabinetinə yerləşdirilmişdir.
10. Həmçinin şikayətin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” 24 fevral 2024-cü il tarixli 100 nömrəli Qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 12 aprel iş günü ilə 06 aprel istirahət gününün yerləri dəyişdirilmişdir.
11. İşin hallarından müəyyən olunur ki, AR MPM-nin 360-cı maddəsinə əsasən məhkəmə qətnaməsindən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qətnamənin rəsmi çatdırılma tarixi 12 mart 2024-cü il hesab edilərsə, 12 aprel 2024-cü il tarixi qətnamədən şikayət verilmə müddətinin sonu günü olmuş olur. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” 24 fevral 2024-cü il tarixli 100 nömrəli Qərarından görünür ki, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 12 aprel iş günü ilə 06 aprel istirahət gününün yerləri dəyişdirilmişdir. Bu da onu göstərir ki, qətnamədən şikayət verilmə müddətinin sonuncu günü 12 aprel 2024-cü il deyil, 15 aprel 2024-cü il tarixidir. Buna görə də birinci instansiya məhkəməsinin müddətin ötürülməsi ilə bağlı gəldiyi qənaət əsassızdır.
12. Bundan başqa birinci instansiya məhkəməsi qərardadın əsaslandırıcı hissəsində forma və məzmuna riayət olunmadığını qeyd etsə də, konkret olaraq şikayətdə nəzərdə tutulmalı olan hansı halın göstərilmədiyini, forma və məzmun baxımından hansı tələblərə riayət olunmadığını qeyd etməmiş və bu hallar araşdırılmadan, şikayətin dəlillərinə qiymət verilmədən təmin olunmaması qənaətinə gələrək apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.
13. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, qərardad qanuni və əsaslı deyildir, şikayətin dəlilləri qərardadın ləğvinə əsas verir. Buna görə də qərardad ləğv edilməli, iş şikayətə yenidən, qərardadın təsviri hissəsində göstərilən xüsusatlar nəzərə alınmaqla baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməli, şikayət qismən təmin edilməlidir.
14. Göstərilənlərə əsasən və MPM-in 263, 264 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, 2(001)- 738/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, 2(001)- 738/2024 nömrəli qərardadı ləğv edilsin və apellyasiya şikayətin mümkünlüyü məsələsinə yenidən baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev