Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3479/2022 10.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Apellyatorun vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Sabunçu Rayon Polis İdarəsinə qarşı vəzifəli şəxsin hərəkətlərindən şikayətə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-2371/2004 saylı, 01 dekabr 2004-cü il tarixli qətnaməsindən iş üzrə Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, arvadı X2, uşaqları X3 və X4 ilə birlikdə Bakı şəhəri, Zabrat-2 qəsəbəsi, X.Vəliyev küçəsində yerləşən 17 «a» saylı evə pasport qeydiyyatına alınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-2371/2004 saylı, 01 dekabr 2004-cü il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, Ərizəçi arvadı X2, uşaqları X3 və X4 ilə birlikdə Bakı şəhəri, Zabrat-2 qəsəbəsi, X.Vəliyev küçəsində yerləşən 17 “A” saylı evə pasport qeydiyyatın alınması qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Maraqlı şəxs apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Zabrat-2 qəsəbəsi, X.Vəliyev küçəsində yerləşən 17 “a” saylı ev mülkiyyət hüququ ilə onun (apellyatorun) mülkiyyətindədir. Lakin, buna baxmayaraq onun xəbəri olmadan məhkəmə qətnamə qəbul etmişdir. Belə ki, 26 fevral 2003-cü il tarixli JN-5945D, KOD-00500026 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 30 iyul 1999-cu il tarixli 886 saylı qərarına əsasən Bakı şəhəri, Sabunçu rayonu İİ Zabrat qəsəbəsi, X.Vəliyev küçəsində yerləşən 0,06 hektar torpaq sahəsində fərdi yaşayış evinin tikilməsi məqsədilə həmin torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 18 fevral 2002-ci il tarixli, 11 nömrəli Sərəncamına əsasən İİ Zabrat qəsəbəsi, X.Vəliyev küçəsində vətəndaş Maraqlı şəxs Yavıx qızı tərəfindən tikilmiş ikimərtəbəli yeddi yaşayış otağından sahəsi – 108,7 kv.m., köməkçi sahə-65,1 kv.m., zirzəmi sahəsi – 94,4 kv.m., həyətdə hamam sahəsi - 15,9 kv.m., ayaqyolu sahəsi – 1,6 kv.m., tövlə sahəsi – 14,4 kv.m., torpaq sahəsi – 600,0 kv.m. olan İİ Zabrat qəsəbəsi, X.Vəliyev küçəsi 17A ünvanı verilməklə, hüquqi qeydiyyata alınmasına icazə verilmişdir. Bundan əlavə, Bakı şəhəri İcra Hakimiyyəti, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin verdiyi 06-05 saylı reyestr kitabında 613-cü səhifədə, 30 613 Sevda alma nömrəsi ilə 07.05.2003-cü il tarixli FM seriyalı, 020056 nömrəli Qeydiyyat Vəsiqəsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X.Vəliyev küçəsi 17A saylı ev onun xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Məhkəmə işi tam, obyektiv və hərtərəfli araşdırmadığı üçün həm maddi, həm də prosessual hüquq normaları pozulmuşdur ki, bu da səhv qətnamənin qəbul edilməsinə gətirib çıxarmışdır. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən apellyatorun vəkili-nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən Ərizəçi 26 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 391-ci maddəsinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərin də göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Bundan başqa, işdən görünür ki, mübahisənin mahiyyətini inzibati hüquq münasibətləri təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Qanunun mənasına görə, hüquqi işləri, yəni hüquq barədə mübahisələri və individual xarakterli digər hüquq məsələləri həll etmək səlahiyyəti məhkəmələrə məxsusdur. İşə səlahiyyətli məhkəmə tərəfindən baxılması mübahisənin ixtisaslaşmış məhkəmə tərəfindən hərtərəfli və obyektiv həll edilməsinə zəmanət yaradır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumu (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanladığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin normanın məzmunundan belə nəticə hasil olur ki, inzibati akt ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən məsələləri nizama salmaq məqsədi ilə qəbul edilir və ünvanlandığı hüquqi və fiziki şəxslər üçün müəyyən hüquqi nəticələr yaradır, müəyyən şəxslər dairəsini bu və ya digər dərəcədə maraqlarına toxunur. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair 06 oktyabr 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biridir və qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə icraatı qaydasında baxılmasına dair qeyri-müəyyənlik yaranmış olar. Belə qeyri-müəyyənlik işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasına çətinlik yarada, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, bu məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2.3-cü və 2.2.5-ci maddələrinə görə, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati-iqtisadi məhkəmələr tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati hüquq mübahisələrinin əsas subyekti qismində inzibati (publik funksiyaları həyata keçirən) orqan çıxış edir. İnzibati prosessual qaydada baxılan mübahisənin tərəflərindən biri mütləq qaydada inzibati orqandır. İnzibati orqanların siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda verilmişdir. Həmin Təsnifatda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqanlar siyahısına daxil edilmişdir. Göründüyü kimi, belə hüquq münasibətlərində tərəflərdən biri kimi mütləq qaydada inzibati orqan çıxış edir. Qeyd olunmalıdır ki, inzibati hüquq münasibətlərinin bu əlaməti dövlət idarəetmə fəaliyyətinin mahiyyətinin təzahürüdür. Nəzərə alınmalıdır ki, inzibati hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyəttabeçilik prinsipi əsasında qurulmasıdır. Bu isə inzibati orqanların inzibati aktların qəbul edilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı fəaliyyəti üzərində məhkəmə nəzarətinin müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3.1-ci maddəsinə əsasən məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi hazırkı mübahisə üzrə tərəflər arasında yaranan münasibət inzibati hüquq münasibətləri xarakteri daşıyır və Sabunçu Rayon Polis İdarəsi inzibati orqanların siyahısına daxildir. Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini də xüsusi vurğulamışdır. Belə ki, Avropa Məhkəməsi Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında bildirir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə o, dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə isə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. Mübahisələrin ümüumi məhkəmələrə aidiyyəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddəsi, inzibati mübahisələrin aidiyyəti isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsi ilə müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Q.A.Bezımyannaya Rusiya Federasiyasına qarşı iş üzrə 22 dekabr 2009-cu il tarixli qərarında bildirmişdir ki, dövlətlərin məhkəmə sistemlərində ayrıayrı məhkəmələr arasında aidiyyət məsələlərini müəyyən edən meyarlar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin təmin edilməsinə xidmət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir. Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini də xüsusi vurğulamışdır. Belə ki, Avropa Məhkəməsi Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında bildirir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırki iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-2371/2004 saylı, 01 dekabr 2004-cü il tarixli qətnaməsi ləğv edilsin. Ərizəçi ərizəsi üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-3479/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3479/2022
10.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver