Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3483/2021 20.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun qaytarılması və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli 2(001)-6305/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 20000 ABŞ dolları məbləğində əsas borcun, borcun vaxtında qaytarılmamasına görə vurulmuş zərərin əvəzi kimi Mərkəzi Bankın uçot dərəcəsi ilə hesablanmış 1300 ABŞ dolları məbləğində pulun (Azərbaycan manatına olan məzənnə ilə cəmi 36210 manat pulun), mənəvi zərərin əvəzi kimi 100000 manat məbləğində pulun, habelə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manatın, cəmi 136240 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı Ekhtibar Mamedov 2019-cu ilin mart ayında Cavabdeh1 10000 ABŞ dolları, həmin ilin iyun ayında isə yenidən 10000 ABŞ dolları məbləğində borc vermiş, Cavabdeh1 borcunu həmin ilin dekabr ayında qaytaracağını vəd vermişdir. Lakin razılaşdıqları vaxtadək borcundan bir hissəsini qaytarmış, 5300 ABŞ dolları borcu qalmışdır. Cavabdeh1 məşğul olduğu ət satışı biznesini genişləndirmək məqsədilə 2020-ci ilin iyun ayında iddiaçıdan yenidən borca pul istəmiş, iddiaçı isə sonuncunun əvvəldən də ona borclu olduğunu bildirərək pul verə biləcəyini, lakin borcu notarial qaydada təsdiqlənmiş müqavilə əsasında verə biləcəyini demiş, Cavabdeh1 iddiaçı ilə razılaşmışdır. Beləliklə, 19 iyun 2020-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı Ekhtibar Mamedov Cavabdeh1 14700 ABŞ dolları, yəni həmin vaxta manata olan məzənnə üzrə 24900 manat borc pul vermiş, cavabdehin iddiaçıya ümumi borcu 20000 ABŞ dolları təşkil etmişdir. Cavabdeh1 borcunu 19 iyul 2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürsə də, həmin öhdəliyini bu günədək icra etməmişdir. Bu dövrdə Cavabdeh1 arvadı, iş üzrə digər Cavabdeh2 iddiaçı ilə əlaqə saxlayaraq ərinin borcunu özünün və valideynlərinin hesabına qaytaracağını vəd etmiş, Cavabdeh1 isə son olaraq evini və qarajını satıb borcunu qaytaracağını bildirmişdir. Bundan sonra iddiaçıya məlum olmuşdur ki, Cavabdeh1 başqa şəxslərə də borcu vardır və o öz qarajını satıb həmin şəxslərə olan borcunu ödəmiş, ona olan borcu isə qalmışdır. Buna görə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehlər iddiaçıya ödəməli olduqları 20000 ABŞ dolları məbləğində pul vəsaitini qanunsuz olaraq qaytarmaqdan boyun qaçırdıqlarından onlardan qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsi əsas götürülməklə faiz borcu da tutulmalıdır ki, Azərbaycan Respublikası Mərkəzi Bankının ən son 18 sentyabr 2020-ci il tarixə məlumatına əsasən bank uçot dərəcəsi hazırda 6,5 faiz təşkil edir. Belə olan halda cavabdehlərdən həm də 20000 ABŞ dollarının 6,5 faizi, yəni 1300 ABŞ dolları da tutulmalıdır. Həmçinin, cavabdehlərin qanunsuz hərəkətləri iddiaçıda mənəvi sarsıntı, əsəb, stress yaratmışdır ki, bunun da əvəzi mənəvi zərər kimi cavabdehlərdən tutulmalıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli 2(001)- 6305/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 20000 ABŞ dolları məbləğində əsas borc, borcun vaxtında ödənilməməsinə görə yaranmış 1300 ABŞ dolları məbləğində faiz borcu olmaqla ümumilikdə 21300 ABŞ dolları məbləğində pul vəsaitinin tərəflər arasında borc münasibətlərinin yarandığı dövrdə Azərbaycan manatına olan məzənnə ilə 36210 manat müəyyən edilməklə Cavabdeh1 tutularaq X2 ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, məhkəmə iclasında iddiaçıdan 20000 ABŞ dolları məbləğində pul götürdüyünü etiraf etməmişdir. Onun iddiaçıya kredit müqaviləsində olduğu məbləğdə, yəni 14700 ABŞ dolları borcu vardır. Borcun ödənilməməsinə görə 1300 ABŞ dolları məbləğində faizin hesablanması isə kredit müqaviləsində nəzərdə tutulmamış, belə bir hal şərtləndirilməmişdir. Borcu isə ölkədə baş vermiş pandemiya ilə əlaqədar olaraq işlərində çətinlik yarandığına görə vaxtında qaytara bilməmişdir. Buna görə də hesab edir ki, qətnamə ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında cavabdehlər apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçı isə şikayətin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli 2(001)-6305/2020 saylı qətnaməsi borcun vaxtında qaytarılmamasına görə vurulmuş zərərin əvəzi kimi faiz borcu hissəsində dəyişdirilməlidir. Belə ki, mülki iş materiallarından görünür ki, Cavabdeh1 iddiaçı Ekhtibar Mamedova ümumilikdə 20000 ABŞ dolları məbləğində borcu vardır. Həmin məbləğdən 14700 ABŞ dolları notarial qaydada 19 iyun 2020-ci il tarixli kredit müqaviləsi ilə rəsmiləşdirilir, qalan 5300 ABŞ dolları isə cavabdehin iddiaçıya əvvəldən ödəməli olduğu borcudur. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddiaçıya 20000 ABŞ dolları məbləğində borcu olduğunu etiraf etmiş (i.v.44), lakin apellyasiya şikayətində yalnız kredit müqaviləsi üzrə borcu olduğunu, 5300 ABŞ dolları məbləğində pulu isə ödədiyini bildirmişdir. Apellyasiya məhkəməsində işə baxılarkən Cavabdeh1 iddiaçıya 20000 ABŞ dolları məbləğində borclu olmasını yenidən etiraf etmiş, birinci instansiya məhkəməsində işə baxılarkən də belə məzmunlu izahat verdiyini bildirmişdir. Digər Cavabdeh2 da həyat yoldaşı Cavabdeh1 iddiaçı Ekhtibar Mamedova 20000 ABŞ dolları məbləğində borclu olmasını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank faizinin uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 iddiaçı X2 20000 ABŞ dolları məbləğində borclu olması iş materialları ilə sübuta yetirildiyindən, birinci instansiya məhkəməsi həmin məbləğdə pulun Azərbaycan manatının ABŞ dollarına nisbətən məzənnəsi ilə Cavabdeh1 tutulub iddiaçı E.Məmmədova ödənilməsi barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi 20000 ABŞ dolları məbləğində pul vəsaiti iddiaçıya qaytarılmadığından, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş 6,5% bank uçot dərəcəsini nəzərə almaqla Mülki Məcəllənin 449-cu maddəsinə uyğun olaraq vurulmuş zərərin əvəzi kimi Cavabdeh1 İddiaçı xeyrinə tutulmalı olması barədə düzgün nəticəyə gəlsə də, vurulmuş zərərin məbləğini 1 illik müddətə hesablamaqla yanlışlığa yol vermişdir. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddətinin 19 iyul 2020-ci il tarixdə bitdiyini, həmin tarixdən məhkəmə qətnaməsinin çıxarıldığı tarixə qədər, yəni 11 noyabr 2020-ci il tarixədək borcun ödənilməsinin 4 aya qədər gecikdirilməsini nəzərə aldıqda məhkəmə kollegiyası hesab edir ki, borcun 4 ay ərzində vaxtında qaytarılmamasına görə vurulmuş zərərin əvəzi kimi Cavabdeh1 İddiaçı xeyrinə 433 ABŞ dolları məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli 2(001)- 6305/2020 saylı qətnaməsi dəyişdirilsin. Borcun vaxtında qaytarılmamasına görə vurulmuş zərərin əvəzi kimi Cavabdeh1 iddiaçı X1 xeyrinə tutulmalı olan faiz borcunun məbləği 433 ABŞ dolları məbləğində (1 ABŞ dolları-1,7 manat ekvivalenti ilə) müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3483/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3483/2021
20.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver