Məhkəmə qərarları › İş №2(103)-3484/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3484/2020

16.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3484/2020 16.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Sideif-Zadə Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair 2(006)-4995/2019 nömrəli mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sideif-Zadə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mülkiyyət hüququ ilə ona məxsus ünvan 1 mənzil 9 ünvanını qanunsuz zəbt etməsinin (mənzildən çıxmamasının) nəticəsi olaraq xx xxxx 2018-ci ildən hər ay 300 manat hesablanmaqla maddi zərərin əvəzi kimi 3900 manatın, mənəvi zərərin əvəzi olaraq 20000 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 1 mənzil 9 mülkiyyət hüququ ilə ona məxsusdur. 2008-ci il tarixdə oğlu X3 oğlu cavabdehlə rəsmi nikaha daxil olmuşdur. Onlar nikaha daxil olduqdan sonra qeyd edilən mənzildə yaşamışlar. Daha sonra oğlu ilə cavabdehin münasibətləri pozulmuş və buna görə də cavabdeh bir ildən çoxdur ki, qeyd edilən mənzili (mənzilin açarlarını) ona təqdim etmir. İsrarlı tələbinə baxmayaraq, cavabdehin evdən çıxmadığını görüb iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək Sideif-Zadə Cavabdeh və Sideif-X2 əşyaları ilə birlikdə qeyd olunan mənzildən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2018-ci ii tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bununla da, artıq cavabdeh bir ildən çoxdur, ki, mülkiyyət hüququ ilə ona məxsus olan evdən çıxmır və onun mülkiyyət hüququnu kobud şəkildə pozur. Cavabdehin bir ildən artıq mülkiyyət hüququ ilə ona məxsus olan evdən çıxmaması nəticəsində ona həm maddi, həm də mənəvi zərər dəymişdir. Belə ki, bu müddət ərzində evi kirayəyə verib gəlir əldə edə bilərdi. Mənzilin orta kirayə qiymətini 300 manat olduğunu nəzərə alaraq cavabdehdən 3900 (13 x 3 00 = 3 900), mənəvi əzab və iztirabların əvəzi kimi 20000 manat, ümumilikdə 23900 tələb olunsa da, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi qətnamə qəbul edərkən kobud prosessual səhvlərə yol vermiş və iddianı təmin etməmişdir. Aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-4995/2019 saylı qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki. həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi, cavabdeh onun mülkiyyətindən qanunsuz olaraq çıxmamaqla mülkiyyət hüququnu pozmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri, Tağızadə küçəsi, 11/15 saylı evin 9 saylı mənzili iddiaçının xüsusi mülkiyyətidir (ÖM seriyalı 226909 nömrəli Qeydiyyat Vəsiqəsi). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(006)-4943/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlər Sideif-zadə Cavabdeh və Sideif-X2 Bakı şəhəri, Nəsimi rayonu, Tağızadə küçəsiev 11/15, 9 saylı mənzildən çıxarılmaları qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(103)-131/2019 saylı qətnaməsi ilə cavabdeh Sideif-zadə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə cavabdeh Sideif-zadə Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı cavabdehin ona məxsus mənzildən çıxmaması nəticəsində, xx.xx.2018-ci il tarixdən mənzili hər ay 300 manat kirayəyə verəcəyi halda ümumilikdə 3900 manat əldə etmiş olacağını və bu səbəbdən ona 3900 manat maddi zərərin vurulduğunu bildirsə də, bununla əlaqədar sübutları məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda iddiaçı cavabdehin hərəkətləri nəticəsinə ona mənəvi zərərin vurulmasını bildirsə də, bunu təsdiq edənhər hansı sübutu da məhkəməyə təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096 və 1097.1-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddiaçı cavabdeh tərəfindən ona zərər vurulmasını təsdiq edən sübutlar təqdim edə bilmədiyindən iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apelyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. İddiaçı cavabdehin hərəkətləri nəticəsinə ona maddi və mənəvi zərərin vurulmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, cavabdeh tələbə etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənlərə əsasən, hesab edir ki, apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslar olmadığından, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4995/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(006)- 4995/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi olaraq verildiyi vaxtdan 2 ay müddətində kassasiya şikayəti verilmədiyi halda qanuni qüvvəyə minir və ondan Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Emin Mehdiyev Hakimlər imzalar: Şərafət Məmmədova Xəyal Sarıyev Əsli ilə düzdür: Hakim Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar