Məhkəmə qərarları › İş №2(103)-3487/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3487/2023

02.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3487/2023 02.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “ümumi əmlakın naturada bölünməsi, bu mümkün olmadıqda açıq hərracda satılması və əldə edilmiş pulun paylara uyğun bölünməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh3 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Tələb və onun həlli: İddia ərizəsində ümumi əmlakın bölünməsi tələb olunub. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunub və aşağıdakılar qət olunub: 1) Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 982 №-li bağ evinin İddiaçı mülkiyyətində olan 1/3 hissədən ibarət payı (ekspert rəyinə uyğun olaraq) naturada ayrılsın; 2) “Renaul Espace” markalı **-ET-*** dövlət nömrə nişanlı avtomobil, “Mercedes S320” markalı **-VF-*** dövlət nömrə nişanlı avtomobil, Bakı şəhəri, Tbilisi prospekti, 49B №-li evin 134 №-li mənzili və Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 15 №-li evin 2 №-li mənzili açıq hərracdan satılsın. Əldə olunan vəsait İddiaçı, Cavabdeh2 və Cavabdeh1 arasında paylarına mütənasib surətdə bölüşdürülərək onlara ödənilsin. 3) Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 15 №-li evin 2 №-li mənzilinin satışından əldə olunan vəsait İddiaçı, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 arasında paylarına mütənasib surətdə bölüşdürülərək onlara ödənilsin. İddianın qalan hissəsi təmin edilməyib. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Şikayət və izahatlar: Qətnamədən yalnız Cavabdeh3 apellyasiya şikayəti verib. Apellyasiya şikayətinin ümumi məzmunundan görünür ki, qətnamənin bir hissəsi – Yasamal rayonu, Hüseyn Cavid prospekti, 501-ci məhəllə, ev № 15-də yerləşən 2 №-li mənzilə aid hissəsi mübahisələndirilib. Azər Hüeynov qətnamənin qalan əmlaklara aid hissəsini mübahisələndirə bilməz, çünki qətnamədə göstərilən əmlaklardan yalnız birinə - həmin mənzilə paylı mülkiyyət hüququ var. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə həmin mənzilə aid hissədə ləğv edilərək bu hissədə iş üzrə icraata xitam verilsin. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 bildirdi ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilənə qədər iddiaçının mənzildəki payının satın alınması ona təklif olunmayıb, qətnamə qəbul edildikdən sonra iddiaçı mənzildəki payını ona satıb, ona görə də apellyasiya şikayəti təmin olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, həmin mənzildəki payını iddiaçıya satıb, ona görə də apellyasiya şikayətinin təmin olunmasına etiraz etmir. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Qətnamənin yoxlanılması: Qətnamənin bir hissəsi – Yasamal rayonu, Hüseyn Cavid prospekti, 501-ci məhəllə, ev № 15-də yerləşən 2 №-li mənzillə (bundan sonra – mənzil) aid hissə mübahisələndirildiyinə görə qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılmışdır. Yoxlanılan hissədə qətnamə ləğv edilməli və tələb rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mənzil 4 nəfərin ümumi paylı mülkiyyətində olub. Birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilənə qədər mənzilin mülkiyyətçiləri və onların payının miqdarı aşağıdakı kimi olub: 1) Cavabdeh3 – payı 1/2 hissə; 2) İddiaçı – payı 1/6 hissə; 3) Cavabdeh2 – payı 1/6 hissə; 4) Cavabdeh1 – payı 1/6 hissə. İddia ərizəsində tələb olunub ki, mənzil naturada bölünsün, bu mümkün olmadıqda hərracda satılsın. Ekspert rəy verib ki, mənzilin naturada bölünməsi mümkün deyil. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsində mənzilin satılması və satışdan əldə olunan pulun 4 mülkiyyətçi arasnda paylara uyğun bölüşdürülməsi qət edilib. Bundan 5 ay sonra - xx.xx.2023-cü ildə alqı-satqı müqaviləsi bağlanıb, İddiaçı mənzildəki 1/6 payını Cavabdeh3 25.000 manata satıb. Həmin müqavilənin əsasında xx.xx.2023-cü ildə mənzilin 4/6 hissəsi Cavabdeh3 mülkiyyəti kimi reyestrdə qeydə alınıb. Hazırda mənzilin mülkiyyətçiləri və onların paylarının miqdarı aşağıdakı kimdir: 1) Cavabdeh3 – payı 4/6 hissə; 2) Cavabdeh2 – payı 1/6 hissə; 3) Cavabdeh1 – payı 1/6 hissə. Mülki Məcəllənin 220-ci maddəsində ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılmasının 3 qaydası nəzərdə tutulub: 1) payın naturada ayrılması; 2) payın dəyərinin ödənilməsi; 3) əşyanın açıq hərracda satılması və satış pulunun bölüşdürülməsi. 1-ci qayda tətbiq edilə bilməz. Belə ki, ekspert rəyi ilə müəyyən olunub ki, mənzilin bölünməsi texniki cəhətdən mümkün deyil. 2-ci qaydanın tətbiq edilməsi mümkündür. Belə ki, Cavabdeh3 birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclasında bildirib ki, iddiaçı mənzildəki payın alınmasını rəsmi şəkildə ona təklif etməyib (cild 2, iş v. 12). O cümlədən xx.xx.2023-cü ildə iddaçının payına dair iddiaçı ilə Cavabdeh3 arasında alqısatqı müqaviləsinin bağlanması onu təsdiq edir ki, 2-ci qaydanın tətbiq edilməsi mümkündür. 3-cü qayda tətbiq edilə bilməz. Belə ki, Mülki Məcəllənin 220.6-cı maddəsindən görünür ki, 3-cü qayda o halda tətbiq oluna bilər ki, 1-ci və 2-ci qaydanın tətbiqi açıq-aşkar məqsədəuyğun olmasın. Eyni mövqe Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında da qeyd olunub. Göründüyü kimi, iddiaçı 2-ci qaydanın tətbiq edilməsini, yəni öz payının dəyərinin digər mülkiyyətçilər tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Lakin iddiaçı həmin qaydanın tətbiqini tələb etməmiş, ardıcıllığı pozaraq 3-cü qaydanın tətbiq edilməsini, yəni mənzilin açıq hərracdan satılmasını və satış pulunun bölüşdürülməsini tələb etmişdir. Beləliklə, qətnamənin mübahisələndirilən hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmadığından və maddi hüquq norması pozulduğundan qətnamə həmin hissədə ləğv edilməli və mənzilə dair tələb rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 501-ci məhəllə, ev № 15-də yerləşən 2 №-li mənzilin açıq hərracda satılması və satış pulunun mülkiyyətçilər arasında bölüşdürülməsinə aid hissədə, habelə ekspertiza xərcinin Cavabdeh3 tutulmasına aid hissədə ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı irəli sürdüyü, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 501-ci məhəllə, ev № 15-də yerləşən 2 №-li mənzilin naturada bölünməsi, bu mümkün olmadıqda açıq hərracda satılması və əldə edilmiş pulun paylara uyğun bölüşdürülməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar