Məhkəmə qərarları › İş №2(103)-3492/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3492/2025

11.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3492/2025 11.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh Qibləli oğluna qarşı borc tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)-507/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. xx.xx.2007-ci il tarixli kredit müqaviləsinə əsasən “borcalan” İddiaçı “kreditor” "xxxx" Səbail filialından 18 ay müddətinə 35.000 ABŞ dolları məbləğində istehlak krediti əldə etmiş və aldığı məbləği qaytarmağı və ona hesablanmış faizləri bu müqavilədə göstərilən qaydada və müddətdə ödəməyi öhdəsinə götürmüşdür.

2. xx.xx.2007-ci il tarixli girov müqaviləsinə əsasən xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə əldə edilən kreditin təminatı olaraq dəyəri 50.000 ABŞ dolları olan, 2003cü il buraxılış ili, “Lexus GX 470” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx"a girov qoyulmuşdur.

3. İddiaçı ƏN-İİ №177923, xx.xx.2007-ci il tarixli etibarnamə ilə Cavabdeh DİN tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli İİ AB 0İ5770 nömrəli şəhadətnamə əsasında ona məxsus buraxılış ili 2003-cü il, “Lexus GX 470” markalı dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini girovdan çıxdıqdan sonra sürücülük hüququ olduqda idarə etməyi, qeydiyyatdan çıxartmağı, qeydiyyata salmağı, bağışlamağı, ipoteka qoymağı, onun üzərində sərəncam verməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi etibar etmişdir. Etibarnamənin müddəti üç ildir və xx.xx.2010-cu ilə kimi etibarlıdır.

4. “X10 Edilməsi Agentliyi” MMC tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli 3507 nömrəli məktubunda göstərilmişdir ki, "xxxx" ASC tərəfindən "xxxx" QSC-yə güzəşt edilmiş və idarəetməsi “X10 edilməsi Agentliyi” MMC-də olan, İddiaçı xx.xx.2007-ci il tarixli kredit müqaviləsi ilə verilmiş kredit ödənilmişdir və hal-hazırda sözügedən kredit üzrə "xxxx" QSC-yə heç bir borcu yoxdur.

5. “X10 Edilməsi Agentliyi” MMC tərəfindən Bakı şəhəri BPİ-nin İstintaq və Təhqiqat İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 3508 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı "xxxx" QSC qarşısında olan öhdəliklərini xx.xx.2022-ci il tarixində icra etmiş və bu səbəbdən ölkədən çıxışına qoyulmuş məhdudiyyətin götürülməsində köməklik göstərilməsi xahiş edilmişdir.

6. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən ünvanlanan xx.xx.2025-ci il tarixli, 13-7/2-54/2025 nömrəli məktubdan görünür ki, İddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ("xxxx" ASC) olan cəmi 9.921,66 ABŞ dolları (2.951,66 ABŞ dolları əsas borc, 6.970 ABŞ dolları faiz borcu) məbləğində qalıq kredit borcu üzrə tələb hüququ xx.xx.2018-ci il tarixdə "xxxx" QSC-yə keçmişdir. Bundan sonra həmin borcdan 8.450 ABŞ dolları ödənilmiş, yerdə qalan 1.471,66 ABŞ dolları faiz borcuna isə borclunun müraciəti əsasında müvafiq Komissiya tərəfindən güzəşt edilmişdir. Hal-hazırda İddiaçı "xxxx" QSC-yə kredit borcu mövcud deyil.

7. DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli məktubları ilə müəyyən edilir ki, “Lexus GX 470” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2007-ci il tarixdən İddiaçı adında qeydiyyatdadır. Baş Dövlət Yol Polis İdarəsinin mərkəzi informasiya sistemində ”Lexus GX 470” markalı,**-VE-*** dövlət qeydiyyat nişanlı avtomobil barədə etibarnamə və müqavilələrin olmasına dair məlumat qeydə alınmamışdır. Həmçinin, “Daxili İşlər Nazirliyi sistemində istifadə olunan sənədlərin saxlanma yeri və müddətləri haqqında Siyahının təsdiq edilməsi barədə” DİN-nin xx.xx.2015-ci il tarixli mqvafiq əmrinə əsasən yol nəqliyyat hadisələrinə (qəzalarına) dair yazışmalar (arayış, məlumat) 3 (üç) ildən gec olmayan müddətdə məhv edilir.

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdeh Qibləli oğluna qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 14.000 manat pulun və 133 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, bir neçə il öncə “Lexus GX 470” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də girova qoyularaq, həmin maşına görə onun adına kredit rəsmiləşdirilmişdir. Bu avtomobilin sənədində mülkiyyətçi kimi iddiaçının adının qeyd edilməsinə baxmayaraq, “Lexus GX 470” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh X2 istifadəsində olmuşdur. Cavabdeh H.Əlimirzəyev “Lexus GX 470” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilin kreditinin bir hissəsini ödəmiş, lakin sonradan banka olan qalıq kredit borcunu ödəməmişdir. Buna görə həmin kreditin qalıq məbləği yəni, 9.921,66 ABŞ dolları iddiaçıdan tələb edilmişdir. Həmin borc ödənilmədiyinə görə iddiaçının ölkədən çıxışı məhdudlaşdırılmış və digər əmlaklarına həbs qoyulmuşdur. Qalıq kredit borcunun ödənilməsini cavabdeh X1 dəfələrlə xahiş etsə də, o, iddiaçıya bildirmişdir ki, qalıq kredit borcunu iddiaçı ödəsin və sonradan cavabdeh, həmin pulu Elnura verəcək. Cavabdehlə ortada tanış şəxslər olduğuna görə iddiaçı ona inandığı üçün, eləcə də iddiaçının ölkədən çıxmağa zərurət yarandığına görə məcbur olub sözügedən kredit borcunu tam ödədi. Bundan sonra, “X10 Edilməsi Agentliyi” MMC-nin icraçı direktoru Süleyman Bəkirov tərəfindən xx.xx.2022-ci il tarixli 3508 nömrəli məktubla Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinə müraciət edildi, kredit borcunun iddiaçı tərəfindən tam ödənildiyi üçün ölkədən çıxışına qoyulmuş məhdudiyyətin götürülməsi xahiş olunmuşdur. Kredit borcuna görə ödədiyi pulu cavabdehdən dəfələrlə tələb etsə də, bugünədək iddiaçıya ümumilikdə 1.000 ABŞ dolları pul geri qaytarılmışdır. Cavabdeh X2 hazırda iddiaçıya 8.921 ABŞ dolları qalıq borcu olsa da, həmin məbləğdən cəmi 14.000 manat pul ödənilməsi cavabdehdən xahiş olunsa da, o, bu məbləği də ödəməkdən yayınır. Bununla bağlı cavabdehlə “whatsap” yazışmaları və səs yazıları da mövcuddur.

10. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz təqdim edilmiş və bildirilmişdir ki, cavabdeh ümumiyyətlə iddia tələbi ilə razı deyil və iddianı qəbul etmir. Tərəflər arasında dostluq, yoldaşlıq münasibətləri olmuşdur. İddiaçı özü kreditlə avtomobil almışdır. Cavabdehə verilən etibarnamə üzrə cavabdeh 1-2 dəfə cəmi avtomobildən istifadə etmişdir. Cavabdehə avtomobilə etibarnamə verildikdən təxminən 2-3 ay sonra iddiaçının özü avtomobili idarə edərkən qəza törətmiş, avtomobil aşmış, tamamilə yararsız hala düşmüşdür. Bu barədə X13 araşdırılma aparılmış və qəza haqqında iddiaçının adı qeyd olunan protokol tərtib edilmişdir. Bundan sonra uzun müddət iddiaçının sığorta təşkilatı ilə məhkəmə mübahisəsi getmiş, sonra iddiaçı cavabdehə bildirmişdir ki, avtomobil hərracda satılmışdır. Belə olan halda cavabdehin borcunun nədən qaynaqlandığı məlum deyil. Yaxın münasibətləri olduğu üçün cavabdeh iddiaçıya bir yoldaş kimi imkanı daxilində yalnız kömək edə biləcəyini demişdir. Göründüyü kimi, iddiaçı avtomobillə özünün qəza törətməsi və avtomobili tam yarasız hala salması haqqında vacib sübutu məhkəmədən gizlətmiş, iddia ərizəsində bu vacib halı göstərməmişdir. Cavabdehin iddiaçı qarşısında hər hansı bir kredit öhdəliyi olmamışıdr və bunu sübut edən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. İddiaçı məhkəməyə müxtəlif instansiyalara ünvanlanmış məktubların surətini təqdim edir və ya həmin instansiyalardan da bu məktublar məhkəməyə göndərilir. Hesab edir ki, bunların hamısı məhkəməyə təzyiq kimi qiymətləndirilməlidir. İddiaçı məhkəməyə sübut kimi CD disk təqdim etmişdir. Həmin CD disklə xx.xx.2024-cü il tarixində tanış olan zaman məlum oldu ki, nə səs yazılarında, nə də WhatsApp yazışmalarında cavabdehin borclu olduğunu təsdiq edən hər hansı bir sübut mövcud deyildir. Səs yazılarında və WhatsApp yazışmalarında iddiaçı bir dəfə də olsun cavabdehin borclu olduğunu, hansı miqdarda borclu olduğu haqqında bir kəlmə belə demir. Eyni zamanda, cavabdehin səs yazılarında da o, iddiaçıya hər hansı borcu olduğunu etiraf etməmişdir. İddiaçı iddia edir ki, cavabdeh ona borcundan 1.000 manat ödəmişdir. Belə bir şey olmamışdır. Bu faktı sübut edən heç bir dəlil mövcud deyildir. Cavabdehin təqdim etdiyi WhatsApp yazışmasında xx.xx.2022 tarixində 11:03-də cavabdehin belə bir yazısı var: “Salam. Bir azdan şofer ilə göndərəcəklər. Hara gətirsin 1.000?”. Göründüyü kimi, cavabdeh yazmamışdır ki, 1.000 manat göndərirəm, yazıb ki, göndərəcəklər. Cavabdeh bildirir ki, iddiaçı ona borc pul tapmağa kömək etməyi xahiş etmişdi, o da özündə olmadığından başqa bir şəxsdən cavabdehə pul borc verməyi xahiş etmişdir. Buna görə də həmin 3 şəxs iddiaçıya taksi ilə 1000 manat göndərmişdir ki, bunun da cavabdehə heç bir aidiyyəti yoxdur. WhatsApp yazışmasında xx.xx.2023 tarixində 12:28-də iddiaçı yazmışdır: “Qardaş salam necəsən mənə köməklik elə mənim də vəziyyətim yaxşı deyil işdən də dirəniblər ki, pulu bağla, çatdıra bilmirəm, nə verə bilsən aybaay köməklik elə görüm banka pul götürə bilirəm buranın pulun bağlıyım banka ödəyək”. Göründüyü kimi, iddiaçı cavabdehdən hər hansı borcunu qaytarmağı tələb etmir, yalnız ona kömək etməyi xahiş edir. Belə olan halda iddiaçının ödədiyi kredit borcunu cavabdehdən tələb edərək məhkəməyə müraciət etməsi başa düşülən deyil. Eyni zamanda iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Belə ki, cavabdehə verilən etibarnamənin müddəti xx.xx.2007-ci ildən xx.xx.2010-cu ilədək, yəni 3 il nəzərdə tutulmuşdur. Hətta hipotetik fərz etsək ki, cavabdeh iddiaçının kredit borcunu ödəməlidir, onda iddiaçının iddia tələbi irəli sürmək üçün son hüququ xx.xx.2010-cu ildən sonrakı 3 il ərzində, yəni xx.xx.2013-cü ilə qədər olmalı idi. Bu müddətdən hazırda 11 il keçəndən sonra məhkəməyə iddia ərizəsi verilmişdir. Buna görə də məhkəmədən iddia müddətinin tətbiq edilməsini xahiş edir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin tam əsassız olması səbəbindən rədd edilməsini xahiş etmişdir.

11. İddiaçı verilmiş etiraza yazılı münasibət bildirərək qeyd etmişdir ki, həmin avtomobil xx.xx.2007-ci il tarixədək tanışı X4 adına olmuşdur. Bu şəxs həbsdə olduğu üçün qardaşı X9 ondan xahiş etmişdir ki, həmin avtomobili "xxxx" ASC-də girov qoysun, avtomobili onun adına rəsmiləşdirmək şərtilə kredit götürsün. O. Heç bir maddi marağı olmadan bu şəxslə qohum olduğu üçün Sərvanın xahişinə razılıq vermişdir. Kredit məbləğini X9 götürdü və bildirdi ki, hər ay adına olan krediti özü ödəyəcək, həmçinin ”Lexus GX 470” markalı,**-VE-*** dövlət qeydiyyat nişanlı avtomobil onda qalacaq. Sadəcə həmin maşın və kredit onun adına formal rəsmiləşdirilmişdir. Bir neçə ay krediti X9 ödədikdən sonra bildirdi ki, maşını dostu Cavabdeh Qibləli oğluna satacaq və buna görə etibarnamə versin. Bu səbəbdən xx.xx.2007-ci il tarixdə Bakı şəhəri 29 saylı notariat ofisində avtomobilə görə cavabdehə etibarnamə vermişdir. Həmin etibarnaməyə diqqət yetirilsə müəyyən etmək olar ki, bu maşına görə bütün səlahiyyətləri cavabdehə həvalə etmişdir. Avtomobili idarə edən cavabdeh bir neçə ay sonra qəza törətmişdir. Avtomobil onun adına olduğu üçün cavabdeh ondan xahiş etmişdir ki, tanış vəkillər və dostu vasitəsilə sığortadan pul almaq üçün müəyyən qəzanın onun törətməyi barədə sənədləşmə işləri aparılmasına razılıq versin ki, guya qəzanı o törətmişdir. Cavabdehin öz tanış vəkili və Daxili İşlər Nazirliyinin əməkdaşı olan tanışı bu məsələni həll edib, sığortadan alınmış pulu kredit əvəzinə "xxxx" ASC-nə ödədilər. Lakin qalıq borc olduğu üçün həmin bank barəsində məhkəməyə və Bakı şəhəri BPİ-nə şikayət etmişdir. Həmin şikayətlər əsasında onun maşınına həbs qoyulmuş, eləcə də ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Buna görə məcbur olub, xx.xx.2022-ci il tarixdə 8.400 ABŞ dollarını (X10 edilməsi Agentliyi” MMC-nə) və icra ödənişini (Binəqədi rayon icra və probasiya şöbəsinə) ödədikdən sonra üzləşdiyi problemlər öz həllini tapmışdır. Cavabdeh 1.000 ABŞ dollarını xx.xx.2022-ci il tarixdə ödədiyi üçün iddia müddəti 2025-ci ilin iyul ayında bitir (iddia müddəti 3 il olduğu üçün). O isə ötən ilin dekabr ayında cavabdehə qarşı iddia qaldırmışdır.

12. Məhkəmə iclasında videokonfrans əlaqə sistemindən istifadə etməklə şahid qismində dindirilmiş X9 bildirmişdir ki, o, iddiaçı ilə qonşuluq münasibətində olmuşdur. Sözügedən “Lexus”markalı maşın onun qardaşına məxsus idi lakin qardaşı həbs olunduqdan sonra maşın satışa qoyulmuş və cavabdehə satılmışdır. 35.000 ABŞ dolları məbləğində krediti iddiaçının adına götürülmüş, 2-3 ay ərzində krediti ödəniş sonradan ödənişləri həyata keçirdə bilməmişdir. Cavabdeh tərəfindən bu barədə öhdəlik götürülnüş, lakin həmin öhdəliyin götürülməsi ilə bağlı heç bir müqavilə olmamışdır. nin olmadığını qeyd etdi. Kredit üzrə ödənişlərlə bağlı cavabdehə bir neçə dəfə ödənişin edilməsi ilə bağlı xəbərdarlıq edilmiş və o, bir neçə dəfə 500 manat ödəniş etmişdir. Lakin sonradan heç bir ödəniş olunmamışdır. O, cavabdeh ilə danışıqları zamanı maşının qəza keçirtdiyini, yararsız hala düşdüyü üçün sığorta təşkilatı tərəfindən satıldığını cavabdehin ona bildirdiyini qeyd etmişdir. Həmçinin, maşının etibarnaməsi iddiaçı tərəfindən cavabdehə verilmişdir.

13. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)- 507/2025 nömrəli qətnaməsi ilə (hakim M.X.Əfəndizadə) iddia tələbi rədd edilmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında hər hansı öhdəlik münasibətlərinin yaranması öz təsdiqini tapmır. Belə ki, iddiaçı ilə cavabdeh arasında heç bir yazılı müqavilə mövcud deyil. Mülki işin materiallarında olan, tərəflərin arasında danışıqların əks edildiyi CD-diskdə cavabdeh tərəfindən hər hansı şifahi öhdəliyin olduğunu göstərən etirafedici ifadəyə rast gəlinmir. İddiaçı avtomobilin cavabdehin mülkiyyətinə keçdiyini iddia etsə də, bunu təsdiqləyən müqavilə də mövcud deyil. Avtomobilə dair etibarnamənin verilməsi onun özgəninkiləşdirilməsini, yəni satılmasını ehtiva etmir. Digər tərəfdən, yenə də mülki işin materilallarından aydın olur ki, baş vermiş yol qəza hadisəsi nəticəsində avtomobil yararsız hala düşmüşdür. İddiaçı hadisə zamanı avtomobilin əslində cavabdehin istifadəsində olması, lakin sığorta ödənişi ilə bağlı iddiaçının istifadəsində göstərildiyi dəlilini ağlabatan mühakimə əsasında inandırıcı hesab etmir. Beləliklə, iddia tələbinin digər əsası kimi çıxış edə bilən digər əsas - əsassız varlanma da aradan qalxmış olur, belə ki, cavabdehin iddiaçının xeyrinə varlanması halı müəyyən edilmir. Yenə də iddiaçının özünün izahatından görünür ki, kredit müqaviləsi üzrə pul məbləğini cavabdeh deyil, X9 götürmüşdür.

15. Məhkəmə daha sonra qeyd etmişdir ki, iddia tələbinin qanuni əsası kimi mülki delikt çıxış edə bilərdi. Lakin mülki işin materiallarından cavabdeh tərəfindən hər hansı deliktin törədilməsi, bunun nəicəsində iddiaçıya ziyan vurulması, bu ziyanla delikr arasında səbəbli əlaqənin olması müəyyən edilmir.

16. Məhkəmə şahid qismində ifadə verən X3 ifadəsinə münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə həmin ifadəni mötəbər sübut hesab etmir. Belə ki, iddiaçının özünün təqdim etdiyi ərizə və izahatlardan görünür ki, ilkin olaraq avtomobil şahidin qardaşının adına olmuş, daha sonra şahidin təklifi ilə iddiaçı bankdan öz adına kredit götürüb və pulu götürüb. Eyni zamanda şahid özü avtomobil qəzaya düşmə vaxtında orada olmayıb, hadisə barədə başqalarının deməyindən məlumatlıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, şahid ifadəsi mötəbər hesab edilsə belə, iddianın təmin edilməsi üçün kifayət edən əsaslı sübut hesab edilə bilməz.

17. Məhkəmə hesab etmişdir ki, iddia tələbi mahiyyəti üzrə rədd edildiyindən, iddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsinə münasibət bildirilməsinə zərurət yoxdur.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 6.2, 372.1, 377.1, 385.1, 386.1, 389.1, 390.1, 417.3, 442, 448.1, 1091.2, 1092.1, 1096, 1097.1-ci maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli və “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarlarına, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.2, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

19. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti iddiya ərizəsinə uyğun əsaslandırılmışdır, əlavə olaraq qeyd edilmişdir ki, cavabdehlə yazışdığı bütün WhatsApp yazılarını disk şəklində məhkəməyə təqdim etmişdir. Məhkəmə cavabdehin yazılı etiraflarını (WhatsApp yazışmaları), səs yazıları sübut kimi qəbul etməmiş və düzgün qiymətləndirməmişdir. Cavabdeh tərəfindən borcun etiraf edilməsi və öhdəlik götürməsi açıq-aşkar göstərildiyi halda, birinci instansiya məhkəməsinin bu sübutlara hüquqi qiymət verməməsi qətnamənin qərəzli şəkildə çıxarıldığını göstərir. Şahid ifadəsinə düzgün qiymət verilməmişdir. Kredit vəsaitindən iddiaçı maddi fayda əldə etməmiş, əksinə, borcun ödənilməsinə görə 8.400 ABŞ dolları məbləğində şəxsi vəsaiti hesabına icra ödənişləri etmişdir. Bu ödənişlərə dair bank sənədləri işə əlavə edilmişdir. Həmin pulu da cavabdeh ödəməli idi, 1.000 ABŞ dollarını ödəsə də, qalan pul ödənilməmiş qalmışdır. Cavabdehin heç bir sübut təqdim etməməsinə baxmayaraq, onun xeyrinə qətnamə çıxarılmışdır. Onun adına rəsmiləşdirilən kreditin girovu olan avtomobil faktiki olaraq cavabdehin istifadəsində olmuş və ona etibarnamə verilmişdir. Bu hal xx.xx.2007-ci il tarixli notarial qaydada verilmiş etibarnamə ilə sübuta yetirilmişdir. Etibarnamədə avtomobilə dair bütün səlahiyyətlər cavabdehə ötürülmüşdür.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz verərək bildirmişdir ki, baxılan cavabdehə heç bir aidiyyəti yoxdur və ola da bilməz. Çünki birinci instansiyada işə baxılarkən iş materiallarına elektron kabinetlə iddiaçının özü tərəfindən göndərilmiş xx.xx.2025-ci il tarixli izahat, xx.xx.2025-ci il tarixli izahat və xx.xx.2025-ci il tarixli izahatlarda iddiaçı birbaşa özü təsdiq edir ki, xx.xx.2007-ci ildə aldığı avtomobil üçün 35.000 ABŞ dolları kredit götürüb və krediti cavabdehə yox, həbsdə olan X4 qardaşı olan və hazırda ABŞ-da yaşayan X5 vermiş, o da bir neçə ay ödəniş etdikdən sonra ödənişi dayandırmışdır. İddiaçının bu etirafından sonra onun hansı əsasla nümayəndəsi olduğu şəxsi cavabdeh kimi məhkəməyə verməsi başa düşülən deyil. Cavabdehin iddiaçının bankdan götürdüyü kreditə heç bir aidiyyəti yoxdur, cavabdeh nə kredit götürülməsində iştirak etməyib, nə kredit alıb, nə avtomobil alıb, ümumiyyətlə cavabdehin dolayısı ilə də bu işə heç bir aidiyyəti yoxdur. İddiaçı özü ərizə və izahatlarında təsdiq edir ki, avtomobil qəzaya uğramış, rəsmi sənədlərə görə qəza törədən şəxs də özü olmuş, qəzaya görə də sığorta ödənişini iddiaçı özü almışdır. Belə olan halda əgər avtomobil cavadehin mülkiyyətinə keçməyibsə və ya cavabdeh o avtomobili satmayıbsa, rəsmi sənədlərə görə avtomobil iddiaçının özü tərəfindən qəzaya uğradılıbsa və buna görə də iddiaçının özü sığorta haqqı almışsa, bu halda cavabdehin hansı hüquqi məsuliyyəti var ki, o, iddiaçıya kredit borcu da ödəsin? Cavabdehə qarşı iddiaçının məhkəməyə təqdim etdiyi WhatsApp yazışma və səs yazılarında cavabdehin borclu olduğunu təsdiq edən hər hansı bir sübut mövcud deyildir, yəni bu səs və sms yazışmalarında cavabdeh tərəfindən hər hansı şifahi öhdəliyin olduğunu göstərən etirafedici ifadə yoxdur. İddiaçı ABŞ da yaşayan və iddiaçının 35.000 ABŞ dollar krediti verdiyi X9 məhkəmədə WhatsApp vasitəsilə dindirilsə də o, yalnız 3-cü şəxslərdən eşitdikləri, özünün bilavasitə şahidi olmadığı məsələlərdən danışmışdır. Bundan başqa, həmin şahid bu günədək iddiaçıdan aldığı 35.000 ABŞ dolları kredit pulunu geri qaytarmadığına görə işdə bilavasitə maraqlı şəxsdir və buna görə də onun hər hansı ifadəsi özünü müdafiə xarakteri daşıyır və mötəbər sübut hesab edilə bilməz. Cavabdeh və iddiaçı arasında hər hansı alqı-satqı müqaviləsi olmamış, iddiaçı ABŞ da yaşayan və 35.000 dollar krediti verdiyi X6in təkidi ilə cavabdehə 3 il müddətinə etibarnamə (xx.xx.2007 ci ildən - xx.xx.2010-cu ilədək, yəni 3 il nəzərdə tutulmuşdur) versə də, etibarnamə veriləndən sonra keçən qısa müddətdən sonra iddiaçı özü avtomobillə qəza törətmiş, qəza nəticəsində sığorta ödənişini iddiaçı özü almışdır. Belə olan halda iddiaçının avtomobili etibarnamə ilə cavabdehə satmağı haqqında dedikləri məntiqdən uzaqdır. xx.xx.2007 ci ildən - xx.xx.2010-cu ilədək, yəni 3 il müddətinə verilmiş etibarnamənin müddətinin bitməsindən 14 il keçənə qədər iddiaçı cavabdehə qarşı heç bir tələb irəli sürməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, cavabdehlə “Whatsapp” sosial şəbəkəsində olan yazışmada o, xəstə olduğunu, maddi vəziyyətinin yaxşı olmadığını, lakin ödəyəciyini bildirir. Cavabdeh onun bibisinin həyat yoldaşının əmisi oğludur. 2007-2008-ci illərdə qəza baş verdi. Sığortadan pul alındı və banka ödənildi, cəmi 2.259 ABŞ dollar borc qaldı. Bankdan borcla bağlı məktub 2010-cu ildə gəldi. Məhkəməyə müraciət etməzdən bir ay əvvəl cavabdehə yenidən yazmışdır. Cavabdeh bildirdi ki, ayın sonu işə başlayacaq və borcunu ödəyəcək. 1.000 ABŞ dolları ödədikdən sonra hər ay 500 ABŞ dolları ödənilməsi ilə bağlı onunla danışığımız olmuşdu. Lakin, heç bir ödəniş olunmadı. Hər dəfə yazdıqda isə xəstə olduğunu bildirərək, hər şeyin düzələcəyini vəd etdi.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, 15 ildən artıq müddət keşmişdir. İddiaçı o vaxt bildirdi ki, banka 2.259 ABŞ dollar borcu var. Lakin, buna baxmayaraq heç bir tədbir görmür. İddiaçı birbaşa özü təsdiq edir ki, xx.xx.2007-ci ildə aldığı avtomobil üçün 35.000 ABŞ dolları kredit götürüb və krediti cavabdehə yox, həbsdə olan X4 qardaşı olan və hazırda ABŞ-da yaşayan X5 vermiş, o da bir neçə ay ödəniş etdikdən sonra ödənişi dayandırmışdır. Cavabdehin iddiaçının bankdan götürdüyü kreditə heç bir aidiyyəti yoxdur, cavabdeh nə kredit götürülməsində iştirak etməyib, nə kredit alıb, nə avtomobil alıb, ümumiyyətlə cavabdehin dolayısı ilə də bu işə heç bir aidiyyəti yoxdur.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Maddə 522.1. Kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Maddə 522.2. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Maddə 740. Borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Hazırkı işdə iddia rədd edildiyindən, qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı tam olaraq yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin və ona qarşı verilmiş etirazın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir.

29. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları səhv tətbiq edilməklə işin hallarına uyğun gəlməyən qətnamə qəbul edilmişdir.

30. İşdə olan sənədlərlə, iş üzrə dindirilmiş şahidin ifadəsi, habelə iddiaçı tərəfindən təqdim edilmiş tərəflər arasında olan yazışmalar və səs yazılarından müəyyən edilir ki, iddiaçı xx.xx.2007-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən 18 ay müddətinə 35.000 ABŞ dolları məbləğində istehlak krediti əldə etmiş, bank qarşısında öhdəliklərinin təminatı olaraq ona məxsus “Lexus GX 470” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini girov qoymuşdur.

31. Kredit üzrə götürülən məbləğ iddiaçı tərəfindən borc olaraq X5 verilmiş və həmin vaxt qüvvədə olan mülki qanunvericiliyin tələblərinə əsasən bunun üçün məcburi yazılı forma tələb olunmurdu. Onlar arasında əldə edilmiş razılığa əsasən borc üzrə ödənişlər kredit müqaviləsinin şərtlərinə uyğun olaraq aybaay banka ödənilməli idi. S.Şirzadov bir neçə ay borc üzrə ödənişlər etsə də, daha sonra iddiaçının icazəsi ilə sonuncu qarşısında üzərinə götürdüyü öhdəliyi cavabdehə vermişdir.

32. İşdən görünür ki, bank tərəfindən kredit 18 ay müddətinə verilmişdir, yəni sonuncu ödəniş cavabdeh tərəfindən xx.xx.2009-cu il tarixdə həyata keçirilməli idi. İddiaçının məhkəmə iclasında bildirdiklərinə əsasən o, artıq 2010-cu ildə banka 2.259 ABŞ dollar məbləğində borcun qaldığını bilirdi.

33. Mülki qanunvericiliyin tələblərinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Beləliklə, iddiaçının hazırki tələbi irəli sürmək üçün iddia müddətinin axımı həmin vaxtdan başlamış, lakin iddiaçı hazırki iddianı məhkəməyə xx.xx.2024-cü il tarixdə vermiş, bununla da üç illik iddia müddətini ötürmüşdür.

34. Məhkəmə kollegiyası iddiaçının 2022-ci il tarixdə cavabdeh tərəfindən 1.000 ABŞ dolları məbləğində ödəniş edildiyini bildirsə də, həmin məbləğ cavabdeh tərəfindən iddia müddəti bitdikdən sonra həyata keçirildiyinə görə iddia müddətinin axımı kəsilməmişdir.

35. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilməlidir.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2, 392, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)- 507/2025 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar